Döldüşdü dövrü (Büt.ş.) – mart-aprel ayları. Qazax dialektində “döl vaxtı” adlanır [94, s.330].
Dağ dövrü (Büt.ş.) – may-sentyabr ayları.
BİTKİ ADLARI
Naxçıvanın bitki örtüyü olduqca zəngindir. Təbii şəraitdə heyvandarlıq üçün zəngin yem ehtiyatı vardır. Bundan başqa rayonda becərilən yem bitkiləri də yetişdirilir ki, həmin bitkilərə aid olan sözlər (yonca, Kuban yantarı, xaşa) ədəbi dillə müştərəkdir. Təbii şəraitdə bitən ot, çiçək, kol və ağac növlərinin əksəriyyətinin adı dialket xüsusiyyəti daşıyır. Aşağıda həmin söz və terminlər verilmişdir.
a) Ot və çiçək adları
Ayıçaşırı (Büt.ş.) – düz qalxan zoğlara malikdir. Zoğların üstündə cərgə ilə nazik yarpaqcıqlar düzülmüşdür. May ayında göyərir, əvvəlcə kiçik, iyun-iyul aylarında böyük zoğları olur. Əsasən qumlu yerdə bitir. Yemlik üçün yararsızdır.
Boyaxbaşı (Büt.ş.) – boyaq kimi istifadə edilən otdur.