Konstantin Dmirtiyeviç Uşinskinin pedaqoji fəaliyyəti
“Müəllim sənətkardır, şagird bir sənət əsəri, məktəb bir tanrıya bənzər bir mərmər parçasından yarandığı bir emalatxanadır”. Uşinskiy K.D.
Konstantin Uşinski 1824-cü il martın 2-də çar Rusiyasının Çerniqov quberniyasında Novqorod-Seversk yaxınlığında 30-a yaxın kəndlisi və kiçik təsərrüfata malik olan Dmitri Uşinskinin ailəsində doğulub. Oğlunun doğum günü münasibətilə atası təhkimli kəndliləri azadlığa buraxıb və orduya xidmətə yollanıb. Bir neçə ildən sonra ordudan tərxis olunan atası öz kəndli təsərrüfatına qayıdıb. Konstantin Uşinskinin tələbəsi olmuş L.Mozdalevski müəlliminin həyatı və pedaqoji irsinə həsr olunmuş kitabında yazır ki, 11 yaşı tamam olanda Konstantinin anası Lyubov Stepanovna vəfat edib və o, bu gözəl və qayğıkeş insan barədə ən kövrək xatirələrini bütün sonrakı həyatı boyu qoruyub saxlayıb. Konstantin ilk təhsilini Novqorod-Seversk gimnaziyasında alıb. O, gəncliyindən dərin zəkası və iradəsi, ən müxtəlif maneələri dəf etmək qabiliyyəti ilə digər həmyaşıdlarından seçilib.
İlk təhsilini başa vuran Konstantin XIX (19-cu) əsrin 40-cı illərinin əvvəllərində Moskva Universitetinin hüquq fakültəsinə daxil olub. Moskva Universiteti həmin illərdə özünün çiçəklənmə dövrünü yaşayırdı. Rusiyanın ən məşhur professorları burada çalışırdı. Konstantin Uşinskinin universitet illərində birbaşa elmi rəhbəri hüquq professoru N.Redkin olub. O, Uşinskinin müasir elmi və fəlsəfi ədəbiyyatla yaxından tanış olmasına kömək edib. O dövrün açıq dünyagörüşlü yazıçılarından Gertsen və Belinskinin Uşinskinin mütərəqqi ziyalı kimi formalaşmasında, gələcək pedaqoji və ədəbi yaradıcılığında silinməz təsirləri olub. Universitet təhsilinin son ilində - 1844-cü ildə Uşinski gündəlik yazırdı. Gündəlik onun daxili aləminin xüsusi gərginliyindən xəbər verirdi. O ümid edirdi ki, zalım Nikolay rejimi tezliklə çökməlidir. Əmin idi ki, azadlıq hökmən baş verəcək. Onun gündəliyindəki aşağıdakı sətirlər Uşinskinin gələcək pedaqoji missiyasından xəbər verirdi. 1844-cü il noyabrın 13-də K.Uşinski yazırdı: "Beyinləri səfərbər etməli! İdeyaları işıqlandırmalı... bax, budur bizim məramımız... Xüdpəsəndliyi kənara ataq, gələcək nəsillər üçün çalışaq..." Artıq universitetin son kursunda oxuyarkən Uşinski maarifçi-pedaqoq, maarifçi-demokrat kimi özünün həyat yolunu müəyyən etmişdi. O indi özünün bütün həyati vəzifələrinin icrasına başlamaq üçün bütün qüvvələrini səfərbər edir. Gənc Konstantin qarşısında duran əsas vəzifəni vətənə faydalı olmaqda görürdü. K.Uşinski özü üçün həll etmək istədiyi vəzifəni universiteti bitirdikdən sonra əldə etdi.
"İndi mübarizə meydanına gedək və zəkanın qalib gəldiyi bütün sahələrə baxaq"
Konstantin Uşinski 1845-ci ildə 21 yaşında Moskva Universitetini qızıl medalla başa vurub. Onun elmi rəhbəri professor Redkin tələbəsinə çox gözəl xasiyyətnamə vermişdi. 2 il sonra Uşinski Yaroslavl Kameral Liseyində icraçı professor vəzifəsinə təsdiq olunub. Burada siyasi iqtisad, dövlət hüququ, hüquq tarixi də daxil olmaqla dövlət təsərrüfatı idarəçiliyinə dair bir sıra fənlər tədris olunurdu. Gənc Uşinski özünün elmi və müəllimik fəaliyyətinə xüsusi coşqunluqla başlayıb. O hesab edirdi ki, elmi dar fəlsəfi fərziyyələr əsasında qurmaq olmaz. Elm böyük faktiki material əsasında qurulmalıdır. Uşinski bilirdi ki, istənilən xalqın müasir durumu tarixi inkişafın qanunauyğunluğunın məhsuludur. Lakin o, tarixdə insan cəmiyyətinin qanunlarının şüurlu insan iradəsi olmadan yalnız kortəbii baş verməsini iddia edənlərlə qəti razılaşa bilmirdi. Uşinski pedaqoji fəaliyyətinin ilk illərində cəmiyyət həyatının inkişaf qanunlarını tədqiq edirdi. Uşinskinin o illərdə atdığı cəsarətli addımlardan biri elmin nəzəri müddəalarını praktika ilə uzlaşdırmaq idi. Bu isə çox prinsipial məsələdir. Elm səmərəli olmalıdır və elmi həqiqətlər həyata keçirilməlidir. O öz tələbələrini də bu həqiqət axtarışına dəvət edirdi. "Sizin üzərinizə həyatda hamıdan daha çox elmi harmoniya və elmi həqiqəti qorumaq vəzifəsi düşür. Yalnız gənclikdən müasir tələblərin həllini gözləmək olar". Konstantin Uşinskinin gəncliyə ünvanlanmış çağırışlarından çar hökuməti çox qorxuya düşmüşdü. Liseylərdə kameral fakültələr təşkil edən çar hökuməti elmi tədqiqatçıların, elm adamlarının yetişdirilməsini deyil, yalnız icraedici məmurların hazırlığını nəzərdə tuturdu. Tələbələr isə Uşinskinin rəhbərliyi altında əsl elmi işlə məşğul olurdular. Artıq 1847-ci ildə Uşinskinin tələbələri iki mühüm elmi tədqiqat işini yerinə yetirmişdilər. Bu iş liseyin elmi şurasında qızıl medala layiq görülmüşdü. 1847-ci ildə Uşinski istefa ərizəsini liseyin şurasına təqdim edib. Uşinski öz qərarını liseyin kitabxanasında oxuduğu mühazirələr üzrə lazımi kitabların olmaması ilə izah etmişdi. O, hazırladığı elmi kitabların siyahısını təhsil ocağının rəhbərliyinə təqdim etmişdi. Lakin liseyə rəhbərlik edən qraf Stroqanov Uşinskinin siyahısındakı bir sıra kitabların təhsil müəssisəsinə gətirilməsini qadağan etmişdi. O dövrdə Qərbdə inqilabi hadisələr gözlənilirdi. Nikolay hökuməti bu hadisələri əsəbiliklə izləyərək dövlət hüququ və bir sıra mühazirə kurslarının oxunmasına şübhə ilə yanaşırdı. Tədris proqramları getdikcə daralırdı. Direktorlara oxunan mühazirələrə ciddi nəzarət etmək tapşırılmışdı. Müəllimlərdən isə mühazirələrinin müfəssəl konspektləri tələb olunurdu. Müəlilmlərin mühazirələrdə istifadə etmək istədiyi bütün ədəbiyyatlar və sitatlar göstərilməli idi. Konstantin Uşinski isə liseyin elmi şurasında bir müəllim vicdanı ilə bu qadağalara etiraz edirdi: "Canlı pedaqoji işi bu cür formallıqlarla bağlamaq olmaz". O əlavə etmişdi ki, heç bir vicdanlı müəllim bu qərarla razılaşmayacaq. Gənc professorun bu çıxışı liseydə görünməmiş cəsarət və sərbəst düşüncə təəssüratı yaratmışdı. Uşinskinin tələbələrinə yoldaşlıq münasibəti liseydə tələbə intizamının və lisey rəhbərliyinə etimadın pozulması kimi qiymətləndirildi. Liseydə təftiş aparan hökumət məmuru Uşinskiyə "böyük istedad və əla dünyagörüşə sahib professor" kimi qiymət vermişdi. Lakin o, Uşinskinin bir qədər qürurlu olmasını da qeyd edirdi. O bildimişdi ki, Uşinskinin tələbələrə böyük təsiri var. Məmur Uşinskinin gənclik illərindən professor vəzifəsinə təyin olunmasını səhv qərar adlandırmışdı: "O, əvvəlcə gimnaziyada bir neçə il işləməli, rəhbərliyin əmrlərinin icrasına ciddi əməl etməyi öyrənməli idi". Dövlət məmuru liseydə daxili intizam qaydalarının bərpası üçün professorlardan birinin işdən azad olunmasını təklif etmişdi. Sonda Uşinski və onun həmkarı Lvovskinin işdən kənarlaşdırılması barədə qərar qəbul olundu. Qəbul olunmuş daxili qaydalara müvafiq olaraq hər iki müəllim istefa ərizəsi yazmışdı. Uşinskinin elmi və müəlimlik karyerası bu cür başa çatıb.
İşsiz qalmış keçmiş lisey professoruna hər yerdə şübhə ilə yanaşırdılar.
Konstantin Uşinski atasından çoxdandır ki, maddi yardım almırdı və hələ universitetdə verdiyi fərdi dərslər hesabına yaşayırdı. Lakin 1849-cu ilin qışında o, Peterburqda heç bir maddi vəsait olmadan sıxıntılarla üz-üzə qalmışdı. Ancaq tam qətiyyəti ilə onun statusuna cavab verə biləcək iş tapacağına inanırdı. Bu iş hədsiz dərəcədə çətin bir vəzifə oldu. İşsiz qalmış keçmiş lisey professoruna hər yerdə şübhə ilə yanaşırdılar. Hətta yerli qəza məktəbində də Uşinskiyə müəllim yeri tapılmadı. O, tam ümidsizliyə qapılmışdı. Lakin özünün həyat amalı olan elmi işlərini təşkil etmək üçün bütün qüvvəsini səfərbər etməyə çalışırdı. 1849-cu il dekabrın 19-da Uşinski yazırdı: "Yenidən özüm üzərimdə, öz xarakterim və qabiliyyətim üzərində sərt nəzarət... Taleyin xırda təkanı mənim bütün fərziyyələrimi, daxilimdə uzun müddətdən bəri intişar tapmış yeni bir dünyamı dağıtdı... Və əgər mən möhkəm iradə göstərməsəm, onda bu tör-töküntülər arasında məhv olacam. Özünü məşğul olmağa məcbur etməyi bacarmaq lazımdır... Doğrudanmı mən tamamilə batmışam?...Yox, bu ola bilməz... İş başına! İş başına!..". Uşinski yenidən özündə güc və iradə toplayaraq vətənə xidmət kimi qarşısına qoyduğu müqəddəs missiyanın yerinə yetirilməsinə başlayıb. 1852-ci ildə o, "Sovremennik" jurnalının idarə heyətinə qəbul olunur. 50-ci illərin əvvəllərində jurnal hələ demokratik ruhdan uzaq idi. Buna görə də jurnalın fəaliyyəti Uşinskini qane etmir. Jurnal xırda yurnalist yazıları dərc edirdi. Uşinski 3 xarici dildə sərbəst danışdığından əsasən tərcüməçiliklə məşğul olur, xarici jurnalların icmalını yazırdı. Lakin o daha müstəqil və daha məsul iş istəyirdi. İki il sonra Uşinski öz xidmətlərini "Biblioteka dlya çteniya" jurnalının redaktoru A.Starçevskiyə təklif edir. Lakin burada da iş şəraiti arzu olunan deyildi. K.Uşinski yenə də yuxusuz gecələr və çox cüzi mükafatlar verən tərcüməçi və icmalçı kimi tər tökməli oldu, baxmayaraq ki ailə qurması ilə əlaqədar onun maddi tələbatları artmışdı. 50-ci illərin ortalarında Rusiyada daxili siyasi vəziyyət kəskin dəyişdi. Krım müharibəsi bütün dünya qarşısında Nikolay rejiminin üzünü nümayiş etdirdi. I Nikolayın vəfatından sonra artmaqda olan gərginlik üzə çıxdı. Hökumət bir sıra liberal islahatlar aparmağa məcbur oldu. İctimai mühit bir qədər yaxşılaşdı. Bütün bu proseslər fonunda Uşinskinin problemləri də öz həllinə yaxınlaşırdı. Artıq onun arzu etdiyi çox ciddi yaradıcı tərbiyə işini tapmaq mümkün olmuşdu. Uşinskinin istefasından sonra işdən azad olunmuş lisey direktoru ona tövsiyə məktubu verir. Uşinski əvvəlcə valideyn himayəsindən məhrum və yetim uşaqlar üçün nəzərdə tutulmuş Qatçinsk İnstitutuna rus dili müəllimi, daha sonra isə sinif müfəttişi vəzifəsinə təyin olunur. Beləliklə də Uşinski bütün pedaqoji və tədris işinə rəhbərlik edir.
"...Bu gündən öz həyatımı yalnız pedaqoji məsələlərə həsr etməyi qərara almışam"
Qatçinsk İnstitutu xeyriyyəçilik xarakterli təhsil ocaqlarından hesab olunurdu və imperatriça Mariyanın nəzarəti altında idi. Uşinski bu təhsil ocağına təyinat alanda onun 50 yaşı vardı. İnstitut bir neçə dəfə yenidən qurulmuşdu. XIX əsrin 30-cu illərinin əvvəllərində çiçəklənmə dövrünü yaşayan institut demokratik məktəb kimi diqqəti cəlb edirdi. Buraya yetim oğlan uşaqları qəbul olunur və onlar orta məktəbə daxil olmaq üçün ibtidai hazırlıqla təmin olunurdular. İnstitutda çalışan görkəmli pedaqoq E.Quqel müəssisə nəzdində Pestalotsinin elementar məktəbini xatırladan hazırlıq məktəbi yaratmışdı. Lakin 1834-cü ildə son yenidənqurmadan sonra Quqelin bütün işləri, eləcə də elementar təhsil arxa plana keçir, əsas ağırlıq mərkəzi isə orta siniflərin üzərinə düşür. Bu isə Quqelin nəzərdə tutduğu bir sıra pedaqoji yenilikləri həyata keçirməyə imkan vermir. Onu tədricən pedaqoji işdən uzaqlaşdırırlar. Lakin o, təslim olmaq istəmir, öz ideyalarının həyata keçməsində israr edir. Onu təhqir edir, ələ salır və işdən kənarlaşdırırlar. Əsəb xəstəliyi keçirən Quqel nəticədə vəfat edir. Tezliklə Quqelin ideya varisi olacaq Uşinski bu hadisə barədə yazırdı: "Yazıq-xəyalpərəst uşaqlar, məktəb və pedaqoji ideyalar arasında dolaşaraq dəlilər evində intihar edib". İnstitut rəhbərliyi Quqelin ölümünü onun pedaqoji nəzəriyyəyə kifayət qədər aludə olması ilə izah edib və onun çox qiymətli pedaqoji kitabxanasını təhlükəli ədəbiyyat kimi institutun zirzəmisinə atıb. Uşinski təhsil ocağına işləməyə gələnə qədər 15 il ərzində bu pedaqoji irs zirzəmidə qalıb. Uşinski isə dərhal Quqelin pedaqoji irsini çap etdirib. Klassik Avropa pedaqogikası Uşinskinin üzünə belə açılıb. Pedaqoji fəaliyyətinin ilk günlərindən institutda hökm sürən bürokratizm, tərbiyə məsələlərinin formal qoyuluşu və uşaqların daxili aləminə etinasız münasibət Uşinskini hiddətləndirirdi. Əsas pedaqoji funksiyalar - tərbiyə, təlim və idarəçilik mexaniki olaraq bir-biri ilə əlaqəsi olmayan müxtəlif şəxslər arasında bölünmüşdü. Bunun sayəsində də tərbiyənin ən vacib məsələləri, Uşinskinin dediyi kimi, "çox vaxt inzibatçılığa qurban verilirdi, administrasiya üçün xarici tərtibat, parlaqlıq daha vacib idi". Əsas funksiyaların bu cür mexaniki bölüşdürülməsi şəraitində təlim-tərbiyənin nəticələrinə görə heç kim məsuliyyət daşımırdı, hərə günahı digərinin üstünə atırdı. Müəllim tərbiyəçini bunda ittiham edirdi ki, şagirdlər dərs öyrənmir, tərbiyəçilər deyirdi ki, əksinə, şagirdlər kitablara diqqətlə baxırlar, günah isə müəllimdədir, o, dərsi pis izah edir. Bəzən isə hər iki tərəf birləşərək institut rəhbərliyini ciddi cəza tədbirləri görməməkdə ittiham edirdi. Uşinski yazırdı ki, bu cür məktəbdə bütün tərbiyə işi "qadağalar, xarici intizam, məhdudiyyətlərlə" ifadə olunurdu. O qeyd edirdi ki, bu cür müəssisədə uşaq həyatı hansısa formal, ehtiyatlı xarakter alır, bunun isə mənəvi tərbiyə ilə heç bir əlaqəsi yoxdur. Uşağın həyatı bütünlüklə əvvəlcədən yazılmış daimi mərasimə çevrilir. Lakin uşaqlar məktəbdə hardasa, hansısa qaranlıq küncdə öz yoldaşları ilə sakit pıçıltı içində tərbiyəçidən, onun baxışlarından uzaqda yaşayır və özlərinə məxsus inkişaf edirlər. "Bu fəlakətli vəziyyəti bir neçə sözlə ifadə etmək olar: dəftərxana və iqtisadiyyat yuxarıda, administrasiya ortada, təlim ayaqlar altında, tərbiyə isə müəssisənin qapısının o tayında. O vaxta qədər ki, bu paltarı əks üzünə çevirməyəcəyik, hansısa dəyərli bir şey baş verməyəcək. İctimai tərbiyədə təlim və tərbiyə ona layiq olan yerdə, birinci planda, administrasiya ikinci yerdə, dəftərxana isə üçüncü yerdə dayanmalıdır". Aydındır ki, Uşinski onda israr edirdi ki, məktəbin mərkəzi və əsası pedaqoji heyəti olmalıdır. Müəllim yadda saxlamalıdır ki, tədris və tərbiyə işi bir-birindən ayrılmazdır. Öz növbəsində, tərbiyəçi də müəllimlik işi aparmalıdır; bunsuz o, tərbiyəvi təsirin başlıca və əsas vasitəsini itirir. Çünki təlim çox güclü tərbiyə orqanıdır. Və təhsil ocağının rəhbəri də təkcə inzibatçılıqla məşğul olmamalı, o, həm tərbiyəçi və həm də müəllimlə birlikdə olmalıdır. Uşinskinin irəli sürdüyü əsas pedaqoji tələb bilavasitə pedaqoq şəxsiyyətinin uşağa təsiri ilə bağlıdır. "Körpə tərbiyə alır, əqli və mənəvi cəhətdən birbaşa insan şəxsiyyətinin təsiri altında inkişaf edir və heç bir forma, heç bir intizam, nizamnamə və məşğələ cədvəli ilə insan şəxsiyyətinin təsirini dəyişmək mümkün deyil. Bu, gənc könüllər üçün səmərəli Günəş şüasıdır". İngilis jurnallarında dərc olunmuş məqalələrdə Amerikanın təlim-tərbiyə sistemindəki yeniliklər barədə məlumat alan pedaqoq amerikalıların xalq təhsilinə üstünlük verdiklərini görərək Rusiyada xalq təhsili, xalq məktəbləri konsepsiyasını həyata keçirməyə qərar verib. Uşinski bu barədə "Biblioteka dlya çteniya" jurnalının redaktoru Starçevskiyə ünvanladığı məktubunda yazırdı: "Mən bir neçə gecə yata bilmədim. Jurnalda çap olunmuş məqalə başımda, mənim düşüncələrimdə, fikirlərimdə dəhşətli çevriliş təsiri yaratdı. Məqalə mənim ağlımda tərbiyə və təhsilə dair bir sıra məsələlər, tamamilə yeni fikirlər oyatdı. Mən nə edəcəyimi, başıma nələrin gələcəyini bilmirəm, lakin mən bu gündən öz həyatımı yalnız pedaqoji məsələlərə həsr etməyi qərara almışam". Sonralar Starçevski bu məktubu xatırlayaraq yazırdı: "Məktub mənə elə təsir etdi ki, özüm bir anlığa hər şeyi atmaq və müəllim olmaq üçün Qatçinsk İnstitutuna daxil olmaq istədim". F.Brokqauz, İ.Efron "Ensiklopedik lüğət" kitabında yazırlar ki, xüsusi pedaqoji hazırlığı olmayan Konstantin Uşinski çox qısa vaxt ərzində pedaqoji ədəbiyyatla tanış olaraq artıq 1857-ci ildə "Jurnal dlya çteniye" dərgisində pedaqoji məqalələrlə çıxış etməyə başlayıb.
Dostları ilə paylaş: |