TAHİR MİRZƏNİN NAĞILI
Əli Rəhim oğlu
Qazax- 1926
Qaramanlı şəhrində iki qardaş var idi. Birinin adı Hətəmsultan, o birinin adı Əhmədvəzir idi. Bunların var-döləti həddən ziyada idi. Yarı sinləri keçmişdi, amma hələ öladları yox idi. Mal-dölətdən fəqir-füqaraya payladılar. Hər ikisinin öladı oldu. Hətəmsultanın qızı, Əhmədvəzirin oğlu olmuşdu. Qızın adını Zöhrə, oğlanın adını Tahir Mirzə qoydular. Ataları bunları məktəbə qoydu.
Hətəmsultanın qızı Zöhrəyə mollanın gözü düşüb bir gönüldən min gönülə aşıq oldu. Əmi qızı əmi oğlunu biri-birindən ayırmaq fikrinə düşdü: ona görə onları ayrı-ayrı hücrəyə qoydu. Dedi: – Siz bir yerdə oxumayın, çünki aşıqana sözlər ilə vaxtınızı keçirib dərs öyrənə bilmirsiniz.
Hər iki əmi qızı, əmi oğlu o günü mollanın dediyi kibi ayrı hücrədə dərs oxuyub axşam evlərinə getdilər. Sabah dərsə gələndə yolda Zöhrə əmisi oğlu Xan Tahirə dedi:
– Əmi oğlu! Bu kafir molla axırda bizi biri-birimizdən ayrı salacaqdur. Ona görə gəl bir saat bu xarabalıqda oturub söhbət edək. Onlar bu fikir ilə xarabaya gedib bir qədər söhbət etdilər. Xan Tahir başını məşuqəsi Zöhrənin dizi üstə qoyub yuxuya getdi. Haradan isə bunlara dərs verən molla yoldan mədrəsəyə gedirdi. Bunları görüb oradan birbaşa Hətəmsultanın yanına getdi. Əlindən gəldiyi qədər qandırdı.
Yazıq Zöhrə mollanın getdiyini görmüşdü, bildi ki, atasına xəbər verəcək, ona görə Xan Tahiri oyatmağa başladı:
Zöhrə:
Xəbərin yoxdur xəbərdən
Getdi işləri dəbərdən
Nə əmirsən ləb şəkərdən
Nə qanırsan əmim oğlu!
Başımdakı tirmə şaldan
Üzümdəki qoşa xaldan
Nə əmirsən ləbi baldan
Nə qanırsan əmim oğlu!
Mən Zöhrəyəm qələm qaşlı
Gərdanım da qarğı saçlı
Mən yazığı gözü yaşlı
Sən qoyarsan əmim oğlu!
Zöhrə bu sözü deyib ağlayırdı. Gözündən bir damcı yaş Tahirin üzünə düşdü, Tahir yuxudan bidar oldu. Soruşdu:
– Əmi qızı! Nə üçün ağlayırsan?
– Evin yıxılsın, nə yatmısan.
Mollamız Hətəmsultana xəbərə getdi, bu saat bizi biri-birimizdən ayrı salacaqlar. O yazıqlar sultanın qorxusundan oradanca biri-birindən ayrılıb evlərinə getdilər.
Hətəmsultan qızı evə gələndə yanına çağırıb soruşdu:
– Ay çəpəl! Nə üçün dərs oxumuyursan əmin oğlu ilə söhbətə məşğul olursan?
– Ay baba! Mollanın sözünə inanma, o bizi biri-birimizdən ayırmaq istəyir. Biz yaxşıca dərsimizi oxuyuruq.
– Mən çox yaxşı bilirəm. Daha bu gündən məktəb üzü görməyəcəksən.
Zöhrə xanım atasının hökmü üzrə səhər dərsə getmədi. Məyus evlərində oturdu. O yandan əmisi oğlu Tahir Mirzə heybəsini götürüb məktəbə rəvan oldu. Məktəbdə əmisi qızını görməyib, qızlardan bu dillər ilə Zöhrənin gəlməməsini sual edir.
Dostları ilə paylaş: |