Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə52/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   48   49   50   51   52   53   54   55   ...   197
TARİXİ ŞƏXSİYYƏTLƏR HAQQINDA
54. İSGƏNDƏR
I mətn

Şah İsgəndər deyilənə görə, çoban oluf, camaatın qoyununa gedirmiş. Bir dağ var imiş, gətirir o dağın kölgəsinə yığırmış, özü də otururmuş qoyunun yanında. Oturuf ha belə baxırdı. Gördü bu keçi... Keçi həmişə yeri dırtmıxlıyır, sora yatır. Bir keçi yeri belə-belə dırnağıynan eşir. Baxdı ki, keçinin dırnağında bir kağız çıxdı. Kağız da saralıf, köhnədən qalıf. Durdu bu kağızı götdü, aşdı ki, mollacan yazı var. Belə yekə kağızdı, mollacan yazı var. Getdi orda mollalar vardı onnarın yanına. Dedi:

– Bu kağızı oxuyun, görəh burda nə yazılıf.

Aldılar oxudular. Oxuya bilirdilər, amma buna demədilər. Dedi:

– Oxuya bilmirəm.

Hara apardı, dedi oxuya bilmirəm. Dedi:

– Oxuya bilmirsən cəhənnəmə oxu.

Bunu götdü getdi İrana. Getdi orda bir axundun yanına. Dedi:

– Axund, bu kağızı oxu görəh burda nə yazılıf. Bizim tərəfin mollalarına apardım, heş birisi oxuya bilmədi.

Bu da oxudu. Gördü ki, kağıza yazılıf ki, bu sirri kim aşsa, ölməlidi. Bildi ki, oranın mollaları bunun dərdinnən demiyif da. Kim isdiyər ki, ölsün. Dedi ki, ay qardaş, sizin mollalar da oxuya biləllər bunu, amma özdəri oxumuyuf. Dedi:

– Niyə?

Dedi:


– İndi dünya tameh dünyasıdı. Kağıza yazılıf ki, bunu açan ölməlidi.

Bura da xəzinədi. Qoyun yatan yer ki var, ora xəzinədi. O vaxt kim isə ora basdırıf, qalıf orda. Deyif:

– Qardaş, mən sənnən gedərəm, bu sirri açaram, amma gərəh mana da verəsən, məni yaxşı yola salasan.

Dünya tameh dünyasıdı da. Deyif:

– Əşi, niyə vermirəm, o nə sözdü. Gəl gedəh.

Bunu götürüf gəlir. Aparır gösdərir. Deyir:

– Bir kisə də götü.

Bir kisə də götürüf gedillər.

– Harda idi kağız?

Deyir:


– Dey, burda idi.

Buranı dırtmıxladılar, dırtmıxladılar ki, sementdən qayrılıf, yekə qapaxdı. Külüngü sal bunun arasına, qaldır baxginən. Kü­lüngü saldı bir az. Bu əyildi baxdı ki, ayə, burda dərya var, qutarası döylü. Xəzinədi ağzına qədər dolu. Dedi:

– Gördün?

Dedi:


– Hə.

Dedi:


– Qardaş, görürsən da nə qədərdi. Buna görə aşmırmışdılar sizin tərəfin mollaları. İndi elə elə, mana da bir şey olsun. Dünya tameh dünyasıdı dana, məni də yaxşı yola sal.

Dedi:


– Əşi, bir belə burda qızıl var, sən nə qədər isdəsən saa mən verəjəm.

Bunu götdü apardı. Dedi:

– Gedəh gejə qalax.

Daa bunu gejə çıxartmax olar da, günüz olmaz. Gejə fikir­rəşdi ki, ə, bu İrannan gəlif. Heş bilən yoxdu bu bura gəlif, gəl­miyif. Yatan kimi baltanı gətdi bunun başını əzdi, yığdı meşoğa, apardı basdırdı.

İndi bu fikirrəşdi ki, mən nətər eliyim bunu yiyə bilim da. Bir gejə getdi bunnan xeylağ çıxartdı. Düşdü kəndin canına, gətdi bir onnuğ qızıl sana, bir onnuğ qızıl ona verdi ki, ə, məni padşah qoyun. Hamınız deyin ki, padşahınız mən olum. Maa nə lazımdı? Maa qızıl lazımdı. O dedi İsgəndər padşah olajax. İclas oldu, camaat İsgəndəri padşah seşdi. İsgəndər oldu padşah. Fikirrəşdi ki, mən bu qızılı nətər eliyim, bu qutarası döyül, çıxası döyül. Fikirrəşdi ki, aparım bunun üsdündə bir ev tikdirim, yığışım ora, yavaş-yavaş xaşdıyaram da qutarınca. Padşah idi dana. Gətdi bunun üsdündə bir yaxşı ev tikdirdi, gəldi yığışdı ora. Camaat da gəldi, böyrü-başı hamısı əv oldu.

Qızıl çoxdu hədinnən artıx, qutarası döylü. İsgəndər bunnan verdi özünə yaxşı saldat yığdı, tüfəng aldı. Çox oldu saldatı. Dedi ki, bu qədər qızılı neyniyəjəm. Bunnan verəjəm dünyanı özümə tabe eliyəjəm. Hamı maa tabe olsun.

Bura – Bərdəyə də gəlif. Bərdədə də Nüşabə xanım oluf. Nü­şa­bə xanım da arvad xeylağıdı da. Gəlif Nüşabə xanıma deyif ki, sən mana tabe olmalısan. Sənin teritoriyanda olan adamlar mana tabe olmalıdı. Bu da deyif ki, İsgəndər, gəl mənə qonax qal bir-iki gün. Saldatın yeməyini-işməyini hamısını verəjəm. Bir gün qonax qal, sora gənə get da.

Bu, qalır buna qonax. Nüşabə heyvan-zad kəsdirir, saldatdara yeməh verir. İsgəndərin də qavağına gətirir bir boşqab qızıl qoyur. İsgəndər deyir:

– Bu nədi?

Deyir:


– Bə onnan ötəri düşməmisən bu çöllərə. Neynirsən bax onu? Yoxundu? Sən düşmüsən ki çöllərə, hamını özümə tabe eliyim. Nəyinə lazımdı? Get bir yerdə padşahlığı elə da.

Bu deyir:

– Yox, hamı maa tabe olmalıdı.

Burdan çıxır, ağzı belə ala-ala gedir. Bir münəccim çıxır bu­nun qabağına. Münəccimə deyir ki, de görüm mən havaxt öləjəm. Bu da baxır, deyir ki, İsgəndər, sən o vaxt öləssən ki, altın polad, üsdün polad olajağ, onda öləssən. Bu da dedi:

– Ə, mənim altım-üsdüm hardan polad olajax. Yatanda yorğan-döşəhdə yatıram.

Nəysə, getdilər. Qoşunnan ala-ala gedirdi. Bir yer olur, orda su olur, dirilik suyu olur. Onu içən adam cavannaşır. Bu isdiyir ki, gedə o sudan içə, cavannaşa. Ora da bərk isdi olan yer imiş. Gedil­lər, bir yerə düşüllər, isdidən dayana bilmillər. İsgəndər əmr eliyir ki, gətirin tüfəhləri baş-başa bağlıyın, üsdünə çadırı salın, girəh altına. Heylə eliyillər. Tüfəh də polatdı dana. Girillər, uzananda görüllər isdi o qədər quma vuruf ki, heş uzanmax mümkün döylü. Bir də gətirif tüfəngi belə çal-çarpaz düzüllər alta, üsdünə ayın-oyunu sərillər, uzanıllar. Elə İsgəndər ora uzanan kimi Azreyil çatdırır buna. Bunun müavini vardı. Çağırır deyir:

– Ə, bir kağız, qələm gətir bura, mən ölürəm. – Bir anası vardı İsgədərin. Var-döylət də, qızıl da ki nə qədərdi. – Yaz mənim anama ki, İsgəndər deyir mənim ehsanımı dərdi olmuyana ver.

Yazır, bu da kağızı götürür. İsgəndəri qoyullar tabuta. Dəvə­nin belinə qoyuf çəkif gələndə bir də baxıllar ki, İsgəndərin sağ əli belə çöldədi. Endirillər yerə, qatdıyıf qoyullar tabuta. Bir az keçir, bir də çıxır. Gəlillər, yolda bir kişiyə rast gəlillər. Bu kişiyə məslahat eliyir. Ağsakqallar bilir də, başına gəlif. Deyir:

– A bala, bu nə karvandı belə?

Deyir ki, Şah İsgəndərindi. Ölüfdü, aparırıx, amma baba, bunun əlini qoyurux tabuta, bir az dayanır, əli çıxır çölə. Dedi:

– Bala, onu qoyun yerə. Mən elə elijəm onun əli çıxmıjax.

Götdülər qoydular yerə. Bu kişi torpaxdan bir xısma götdü basdı bunun əlinə, bərk yumdu belə, qoydu tabuta. Dedi:

– Oğul, onun gözü torpaxdan doymamışdı. İndi çıxmıjax da, qorxmuyun, gedin.

Sürdülər getdilər. Gəldilər çatdılar. Vay-şüvən, ağlaşma. Müa­­vin kağızı verdi arvada ki, oğlun belə-belə yazıf. Deyir ki, anam mənim ehsanımı dərdi olmuyana versin. Arvad gətdi kəsdi cöngələri, bişirtdi-elədi. Darvazaya qaroulçu qoydu. Dedi:

– Gələn adamdan soruş, dərdi varsa, qoyma gələ. Dərdi yoxsa, gəlsin.

Yasoullar durdu orda. Gələnnən xəbər alırdı dərdin var, yox­du? Deyirdilər: “Var”. Qardaşım ölüf, ya atam ölüf, anam ölüf, ya bajım ölüf. Deyirdilər: “Yox, sən gedə bilməzsən, qayıt”. Bu min­valnan bir gün adam getmədi. Ehsan qaldı, yeyən olmadı. Dərdsiz insan var? Yoxdu. Hamının dərdi var. Gördülər ki, ehsan qaldı or­da, yeyən olmadı. Bir ağsakqal kişi vardı, dedi:

Ay arvad, oğlun sana təskinnih verməh üçün heylə yazıf. Dərdsiz adam yoxdu. Heylə yazıf ki, ana, mənim dərdimi çəhmə, hamının dərdi var.

Onnan sora icazə verdilər, hamı getdi yedi.


II mətn

Deyilənə görə, İsgəndər Bərdə şəhərinə gələsi olur. Bərdə də o vaxdı mərkəz imiş. Buna (Nüşabəyə – top.) xəbər göndərir ki, döyüşə hazır ol. Bu da xəbər göndərir ki, mən eşitmişəm sən igid adamsan, cəsur adamsan, sən qadınnarnan döyüşmürsən, kişilər-nən döyüşürsən. İndi gəlginən sənin isdəyin nədisə, arzun nədisə onu mana de, güjüm çatansa mən elijəm. Daa müharibəynən niyə alırsan? Buna da İsgəndər razılaşır. Deyir ki, hə, gəlirik.

Qonax sıfatıynan buları çağırır gətirir. Məclis qurulur. Stol­ların üsdünə yeməh əvəzinə ləl-cəvahirat, qızıl düzülür. İsgən­dər nə qədər gözdüyürsə, görür ki, heş nə gəlmədi yeməyə. Çağırır qulluğ eliyəni. Deyir ki, Nüşabə gələsi olmadı? Deyir:

– Gəlir, gələjəh.

Deyir:

– Onu çağır, gəlsin görəh, nədi bu.



Nüşabə gəlir. Deyir ki, niyə yemirsiniz? Deyir:

– Nə yeyək?

Deyir:

– Dünyanı bunnan ötrü qana çalxamırsan? Yığmışam qaba­ğına da, surfandadı, hazır müftə gəlif, ye dəə.



Orda İsgəndər başa düşür ki, bu nə demək isdiyir. Yanı bu var­dan, puldan ötrü insannarı niyə məhv eliyirsən. Onnan sora de­yir ki, sənin ölkənə əl vurulmuyajax, sənə qarşı heş bir hadisə olası döyül.

Nüşabə həddinnən artıx mülayim təbiyətli, gözəl əxlaqlı bir qadın olur. İndi o Nüşabənin qalası deyillər e... Qavaxda söypət zad eliyirdilər ki, Nüşabə bu qalanı tikdirifmiş ki, hər gələn şəxs onun mərhəmətinnən bir şey əldə eləsin. Dolanışığı azdısa, pul aparsın və yaxud köməyə ehtiyacı var, köməh olunsun. Belə-belə Nüşabənin adı min illərdi çəkilir.



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin