Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 1,08 Mb.
səhifə55/72
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#31421
1   ...   51   52   53   54   55   56   57   58   ...   72
S.V. ŞƏRİFOVA
MONOLOJİ VƏ DİALOJİ NİTQDƏ MÜRƏKKƏB CÜMLƏLƏR
Açar sözlər: M.F.Axundzadə, nitq, mətni mürəkkəb cümlə

Ключевые слова: М.Ф.Ахундзаде, речь, контекстное сложное пред­ло­же­ние

Key words: M.F.Axundzadeh, speech, the text of the compound sentence
Tabeli mürəkkəb cümlələrin komponentləri arasındakı asılılıq, tabesiz mü­rək­kəb cümlələrin komponentləri arasındakı məna əlaqəsi vahid sintaktik struk­tu­run formalaşmasında əsas rol oynayır.

Bütöv bir kompleksə çevrilən mürəkkəb cümlələr yeri gələndə tam bir mətni təşkil edə bilir. M.F.Axundzadənin dram əsərlərinin dilində müşahidə olunan bəzi mətnlər bu baxımdan maraq doğurur. Personajın özünəməxsus danışıq tərzi ilə onun fərdi keyfiyyətlərini göstərməyə, xarakterini açmağa çalışan M.F.Axundzadə real şifahi nitqi – monoloji və dialoji nitqi yazıya gətirmişdir.

“Hekayəti - xırsi - quldurbasan” əsərindən bir parçaya nəzər salaq:

Bayram. Ağa, təqsirli mənəm, bir ərzimə qulaq asın!

Divanbəyi. Necə təqsirlisən? Nə danışırsan?

Bayram. Ağa, Tarverdini mən öyrədib quldurluğa göndərdim.

Divanbəyi. Niyə?

Bayram. Ondan ötrü ki, mənim sevgilimi istirdi əlimdən alsın.

Divanbəyi. Yoxsa sənin sevgilin budur? (Pərzada işarə edib).

Bayram. Bəli, budur, başına dönüm!

Tarverdi. Ağa, başına dönüm, məni yoldan çıxartdılar. Mən bir fəqir dinc ada­mam. Mənə dedilər ki, qorxaqsan; mən də qorxumdan ki, mənə ürəksiz de­mə­sin­lər quldurluğa getdim.

Divanbəyi. Axmaq, sənə axmaq deyəndə nə olacaq idi ki, özünü xataya sal­dın?

Tarverdi. A başına dönüm, onda mənə qız gəlmirdi. Bu qız ki, görürsən, mə­nim əmim qızı və mənim deyiklimdir. Mənə dedilər ki, əgər bir qoçaqlıq elə­mə­sən, ad çıxarmasan, heç vaxt bu qız sənə arvad olmayacaq. Mən də yerdən oldum, qul­durluğa getdim, qəzadan köpək oğlunun ayısına rast gəldim.

Semantik-sintaktik əlaqə baxımından Bayram→Divanbəyi dialoqunda tabeli mü­rəkkəb cümlənin komponentlərinin parçalandığını görmək mümkündür. Di­van­bə­yinin dili ilə verilmiş sual cümlələri çıxarılarsa, Bayramın ifadə etdiyi cümlə be­lə alınar: “Ağa, təqsirli mənəm, Tarverdini mən öyrədib quldurluğa göndərdim, on­dan ötrü ki, mənim sevgilimi istirdi əlimdən alsın”. Bu, qarışıq tipli mürəkkəb cüm­lədir. “Ağa, təqsirli mənəm” hissəsi baş cümlədir. Qalan hissə isə baş cüm­lə­yə intonasiya ilə bağlanan səbəb budaq cümləsidir. Budaq cümlənin tərkibində üç kom­ponent birləşmişdir. 1-ci komponent – “Tarverdini mən öyrədib quldurluğa gön­dərdim” baş cümlədir. 2-ci (“istirdi”) və 3-cü (“mənim sevgilimi əlimdən al­sın”) komponentlər isə birlikdə yenə səbəb budaq cümləsi yaradır (mənim sev­g­il­i­mi əlimdən almaq istədiyi üçün). Bu səbəb budaq cümləsinin tərkibində isə in­ver­si­­yaya uğramış tamamlıq budaq cümləsi (mənim sevgilimi istirdi əlimdən alsın − is­təyirdi ki, mənim sevgilimi əlimdən alsın) işlənmişdir.

Deməli, bu dialoqda əsas fikir Bayrama məxsusdur. Divanbəyi isə yardımçı ro­lu oynayır.

Divanbəyi→Tarverdi dialoqunda isə fərqli bir mətnlə qarşılaşırıq. Di­van­bə­yi­nin dilində işlənmiş “Axmaq, sənə qorxaq deyəndə nə olacaqdı ki, özünü xataya sal­dın?” cümləsində əvvəl sual əvəzliyi və köməkçi fellə işlənmiş baş, sonra isə baş cümləyə ki bağlayıcısı ilə bağlanmış nəticə budaq cümləsi işlənmişdir. Di­a­loqun qarşı tərəfini təşkil edən nitqdə isə (Tarverdinin nitqində) “A başına dö­nüm, onda mənə qız gəlmirdi” cümləsi işlənmişdir. Bu cümlənin yarımçıqlığı, bir kom­ponentinin çatmadığı aşıq-aşkar hiss olunur: hansı halda? nə zaman? sualı or­ta­­ya çıxır. Bunun cavabı isə Divanbəyinin “sənə qorxaq deyəndə” ifadəsindədir.

Bayram→Divanbəyi dialoqunda əlaqələndirmə möhkəm olduğu halda, Di­van­bəyi→Tarverdi dialoqunda əlaqələndirmə zəifdir. Bunu müəllifin ob­raz­ya­rat­ma üslubu ilə bağlamaq olar.

Mürəkkəb cümlə komponentlərinin müasir ədəbi dil baxımından yer­də­yiş­mə­si kimi anlaşılma halları da müşahidə olunur:

“Divanbəyi. Bayram, sən çox pis iş eləyibsən! Amma çünki mərdlikdə təq­si­rini iqraq elədin, mən sənin günahından keçirəm. Amma bundan sonra belə iş elə­mə!”

Bu dördkomponentli cümlənin tərəfləri arasında (1-ci və 3-cü, 3-cü və 4-cü kom­ponentləri arasında) qarşılaşdırma əlaqəsi var: Sən çox pis iş eləyibsən, amma mən sənin günahından keçirəm. Mən sənin günahından keçirəm, amma bundan son­ra belə iş eləmə. 2-ci komponentin iki bağlayıcı ilə − həm tabesizlik (amma), həm də tabelilik (çünki) bağlayıcısı ilə başlaması da maraqlıdır. Burada Di­van­bə­yi­nin özünəməxsus ifadə tərzi ilə “amma” deməsi; bir qədər fasilədən sonra mü­a­sir ədəbi dildəki indi ki bağlayıcısının müqabiində işlənən çünki sözünü işlətməsi nə­zərdə tutulan fikri oxucu üçün daha aydın edir: “Çünki (indi ki) mərdliklə təq­si­ri­ni iqrar elədin, mən sənin günahından keçirəm” deməklə Divanbəyi sanki Bay­ra­mın qarşısında şərt qoyur. Belə olduqda birinci tərəf şərt budaq cümləsi, ikinci isə baş cümlə kimi anlaşılır. Halbuki budaq cümlə baş cümləyə çünki bağlayıcısı ilə bağ­lanmışdır. Əgər bu cümlə müasir ədəbi dildəki səbəb bağlayıcısı çünki kimi an­laşılsa və səbəb budaq cümləsi hesab olunsa, gərək cümlə bu şəkildə işlənə: Mən sənin günahından keçirəm, çünki mərdliklə təqsirini iqrar elədin. Halbuki bu cüm­lənin tərəfləri arasında inversiya yoxdur.

Əslində şərt anlayışı yaransa da, cümlədə səbəb və nəticənin olması daha qabarıqdır. Birinci komponentdə səbəb (çünki mərdliklə təqsirini iqrar elədin), ikinci komponentdə isə nəticə (mən sənin günahından keçirəm) olduğu daha aydın görünür. Bunun nəticə budaq cümləsi hesab etmək olmaz, çünki asılı tərəfdə (birinci komponentdə) səbəb var. Müasir ədəbi dildə indi ki şərt bağlayıcısı kimi qəbul edilsə də, hər halda əgər, hərgah bağlayıcıları ilə tam sinonimlik yaratmır. Ona görə də yeri gələndə məna baxımından səbəb anlamı da verə bilir.

Azərbaycan dilinin şifahi xalq ədəbiyyatı nümunələrində də indi ki//çünki paraleli müşahidə olunur. “Koroğlu” dastanının müxtəlif variantlarında indi ki//çünki paraleli bu şəkildədir:



  1. İndi oldıy dəgirmançi,

Hey çağır sən dən, Koroğlu (“Koroğlu”, Bakı, “Folklor İnstitutu”, 2009, səh. 47)

  1. Çünki oldun dəyirmançı,

Çağır gəlsin dən, Koroğlu (“Koroğlu”, Bakı, “Gənclik”, 1982, səh. 125)

M.F.Axundzadənin əsərindən verilən nümunədə olduğu kimi, burada da indi ki//çünki bağlayıcıları sinonim variant kimi çıxış edərək birinci cümlədə səbəb, ikin­ci cümlədə isə nəticə anlayışını yaratmışdır. Asılı tərəf səbəb anlamında ol­du­ğu üçün bu cümlələr səbəb budaq cümləsi hesab olunur.

Bu müqayisəyə nəzər saldıqda M.F.Axundzadənin əsərindəki cümlənin “çün­ki təqsirini iqrar elədin” komponentinin səbəb budaq cümləsi, “mən sənin gü­na­hından keçirəm” komponentinin isə baş cümlə olduğu anlaşılır.

“Tarverdi. Mənə dedilər ki, qorxaqsan; mən də qorxumdan ki, mənə ürəksiz de­məsinlər, qulluğa getdim” – cümləsində 1-ci və 2-ci komponentlər tərəfləri bir-bi­rinə ki bağlayıcısı ilə bağlanmış tamamlıq budaq cümləli tabeli mürəkkəb cüm­lə­dir, baş cümlə əvvəl, budaq cümlə sonra işlənmişdir (mənə dedilər ki, qor­xaq­san). 3-cü, 4-cü komponentlər isə səbəb budaq cümləli tabeli mürəkkəb cümlədir: “mən də qorxumdan ki mənə ürəksiz deməsinlər” komponenti səbəb budaq cüm­lə­si, “qulluğa getdim” komponenti isə baş cümlədir. Tərəflər bir-birinə intonasiya ilə bağlanmışdır. Burada işlənən ki ədatı bağlayıcı vasitə olmasa da, cümlənin oxu­nuşunda və anlaşılmasında xüsusi rol oynayır.

M.F.Axundzadə personajların dili ilə müxtəlif xarakterli obrazlar yarat­mış­dır. Dil, cümlə quruluşu, fikrin ifadə tərzi oxucuya çox mətləbləri, mənəvi keyfiy­yət­ləri aşılamış olur. Bu cəhətdən Pərzadın dili ilə verilmiş cümlələr daha dolğun və tamdır: “Divanbəyiyə ərz elə ki, mən heç vaxt Tarverdiyə getmənəm. Əgər mə­ni ona verməli olsalar, şəksiz özümü öldürrəm!”

Bu cümlə quruluşu müasir Azərbaycan ədəbi dilində işlənən mürəkkəb cümlələrdən heç də fərqlənmir. Birinci cümlə baş cümləyə ki bağlayıcısı ilə bağlanmış tamamlıq budaq cümləsi, ikinci cümlə əgər şərt bağlayıcısı və -sa şərt şəkilçisi ilə baş cümləyə bağlanmış şərt budaq cümləsidir.

Monoloji və dialoji nitqdəki cümlə modellərinin mətni sintaksisi semantik-sintaktik aspektdə daha düzgün anlaşılır. Bu cəhətdən mətni mürəkkəb cümlələrin tədqiqi vacib məsələdir.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin