Əng sümüyünün sınıqları
Əng sümüyü sınıqları, əsasən, bilateral olur və sərt damağı da əhatə edir. Sınığın ən çox əmələgəlmə səbəbi nəqliyyat vasitələrində baş verən qəzalardır. Bu cür qəzalarda bu travmaların səbəbi arxa tərəfdə oturan sərnişinlərin üzlərinin orta 1/3 hissəsinin ön tərəfdə oturanların arxa tərəfinə çırpılmasıdır. Nisbətən az rast gəlinən səbəblər isə yumruq zərbəsi və istehsalat qəzalarıdır.
Təsnifat. Əng sümüyü sınıqları Le Fort I, II və III olmaqla 3 yerə bölünür.
Le Fort I: Bu sınığa köndələn maksillyar sınıq və ya Querin sınığı da deyilir. Bu zaman əng sümüyü bilavasitə dişlərin üzərindən köndələn formada sınır. Sınığın seqmenti alveolyar çıxıntıları maksilyar sinus divarlarının bir hissəsini, sərt damağı, əsas sümüyün qanadabənzər çıxıntılarının alt şöbələrini də əhatə edir.
Le Fort II: Bu sınığa piramidal sınıq da deyilir. Bu sınıq xətti burun sümüklərini, əng sümüyünün alın çıxıntılarını, göz yaşı sümüklərini, göz yuvasının aşağı kənarını, göz yuvası əsasını, almacıq-əng bitişməsini əhatə edir, yaxud onun yanından keçərək əngin yan divarından arxaya doğru gedərək qanadabənzər səth ilə qanad-əng çuxurunda başa çatır.
Le Fort III: Buna kraniofassial qopma da deyilir. Üz sümükləri kəllə əsasına bitişdikləri yerdən ayrılırlar. Almacıq-alın, əng-alın, burun-alın bitişmələri qopmuş olur, göz yuvası əsası, əsas və xəlbir sümükləri sınır.
Simptomlar - ağrı, anormal dişləm, hipersalivasiya, disfagiya, epistaksis (burundan qanaxma).
Dostları ilə paylaş: |