Азярбайжан милли елмляр академийасы


İlyas Əfəndiyevin dram dilinin frazeologiyası



Yüklə 1,58 Mb.
səhifə46/78
tarix05.01.2022
ölçüsü1,58 Mb.
#111920
1   ...   42   43   44   45   46   47   48   49   ...   78
2.4. İlyas Əfəndiyevin dram dilinin frazeologiyası
Frazeoloji vahidlər dilimizin milli-mədəni özünəməx­susluğu ilə xarakterizə olunur. Hər bir dilin milli keyfiyyətlərindən asılı olaraq frazeoloji vahidlər spesifik əlamətlərə malikdir və bu, təbiidir. Frazeoloji vahidlər hər hansı bir dilin üslubi çalarlarının verilməsində, fikirlərin ifadə olunmasında ən qabarıq, aydın və özünəməxsus vasitədir. Frazeologiya təkcə dil hadisəsi deyil, sanki bir “bədii əsər”dir, xalqın düşüncəsinin estetik məhsulu, obrazlı təfəkkürün nəticəsidir. “Frazeologizmlər dil və təfəkkürün əlaqəli abstraksi­yasının məhsulu olmasaydı, dilin müdrikliyinin və milli təbiətinin, xalqın etnik psixologiyasının timsalına çevril­məzdi” [67, s.10-11]. Tarixən sərbəst birləşmə modelləri əsasında meydana gəlmiş frazeoloji vahidlər ekspressivlik, metaforiklik və emosionallıq keyfiyyətlərini özündə birləşdirir. Belə keyfiyyətlər frazeoloji birləşmələrə yüksək obrazlılıq verir. Frazeoloji vahidlər nitq prosesində tammənalı sözün daşıdığı vəzifəni yerinə yetirir.

M.Mirzəliyeva dilin frazeoloji sisteminin daim inkişafda olduğunu göstərir və yazır ki, elə buna görə də hər bir frazeoloji vahiddə müasirliklə keçmişin çulğalaş­dığını, tarixin ən qədim laylarına məxsus xüsusiyyətlərin əks olunduğunu görürük [111, c.1, s.177].

Dram dilinin formalaşmasında frazeoloji ifadələrin müstəsna rolu vardır. “Frazeoloji vahidlər bədii ədəbiyyatda müxtəlif vəzifə daşıyır: personajların dilini fərdiləşdirib tipikləşdirir; portretini, mənəvi keyfiyyətlərini səciyyələndirir, daxili həyəcanlarını əks etdirir; yazıçının təhkiyə dilini ümumxalq dilinə yaxınlaşdırır; əsərə milli kolorit gətirir; təsvir zamanı canlı bədii lövhələr yaradır; əsərin süjetinin maraqlı qurul­masında, ideyanın təsirli çıxmasında mühüm rol oynayır; oxucunun, tamaşaçının marağını artır” [24, s.139].

İ.Əfəndiyevin dram əsərlərinin frazeologiyasının özünə­məxsus üslubi çərçivəsi var. “Onun frazeoloji vahidləri, hər şeydən öncə, lakonikliyi, estetikliyi ilə seçilir. İ.Əfən­diyevin novatorluğunun müəyyən olunmasında dram­larının frazeoloji materialı da geniş imkanlar yarada bilir” [125, s.64]. Frazeoloji materiallar içərisində tutarlı aforizmlər, hikmətli kəlamlar xüsusi yer tutur.

İlk dəfə İslam Salmanov yazıçının dram dilindəki frazeoloji vahidləri semantik-üslubi aspektdə öyrənmişdir (1985-ci ildə). O, ədibin işlətdiyi frazemləri ismi və feili olmaqla iki qrupa ayırmış və hər birinin linqvistik-poetik təbiətini müəyyənləşdirə bilmişdir [208]. Amma bununla belə, tədqiqatçıya bəzi iradlarımız da vardır. O, İ.Əfəndiyevin yaratdığı deyimləri xalq deyimlərindən ayıra bilməmiş, bununla da yazıçının fərdi şəkildə yaratdığı frazeologizmlər, əsasən, müəyyən edilməmişdir. Bundan savayı, İ.Salmanov məcazlaşmış I, II və III növ ismi söz birləşmələrinin bədii mühitdəki (dialoji mühitdə) üslubi keyfiyyətlərini də düzgün təyin edə bilməmişdir. Həmçinin frazeoloji tərkiblərin dialoq mətnlərində yaratdığı intensivlik də üzə çıxarılmamışdır.

Bəzi dramlarda eyni frazeoloji birləşmə dialoqda təkrar olunur: Xanmurad (əlində vedrə tələsik gələrək onları görür). Ürəyim qopdu. Adamın qabağına qəfil elə çıxırsan ki...Turac. Nə cür oğlansan ki, ürəyin qopur? Xanmurad. Niyə gec gəldiniz. Səhərdən gözüm qalıb yollarda. Turac. Qızsan, gözün yolda qala? [53, c.2, s.272].

Dialoq nitqinin aydınlığı, dəqiqliyi və ekspressivliyi ayrı-ayrı replikalarda sözlərin, ifadələrin məqsədəuyğun və qanunauyğun şəkildə konstruksiyaların tərkibində işlədil­məsindən asılıdır. Həmin tərkibdə sözlərlə yanaşı, tam bir mənanı ehtiva edən frazeoloji birləşmələrdən də istər-istəməz istifadə olunur. Bu cəhət, əlbəttə, frazeologiya ilə leksikanın nitqin qurulmasındakı birgə fəaliyyətini göstərir. Belə ifadələr daha çox milli səciyyəlidir. Hər dilin özünəməxsus milli ifadələri vardır.

İ.Əfəndiyev digər əsərlərində olduğu kimi, dram dilində də frazeoloji deyimlərin aşağıdakı üslubi imkanlarından bacarıqla istifadə etmişdir:



1. Bədii ifadə və təsvir vasitəsi kimi: Onun dumanlı baxışları səyridi [49, c.2, s.10]. “Dumanlı baxışlar” frazeoloji birləşməsi epitetdir.

2.Obraz və personajların nitqini fərdiləşdrmə və tipikləşdirmə məqsədilə: – Gəlinimdən qara xəbərmi gətirmişəm? [49, c.2, s.13]. “Qara xəbər” frazeoloji birləşmədir, personajın nitqini tipikləşdirir.

3.Bədii priyom kimi: Hər igidin bir eybi var [49, c.2, s.62]. Bu cümlə frazeoloji novatorluq yaratmaq məqsədilə işlənmişdir. Dramaturq mövcud frazeologizmlərdə yeni dəyişmələr edir. Məs.: Dadaş Rəhimoviç “Acığım gələr su içərəm” əvəzinə “acığım gələr pivə içərəm” deyir və beləliklə, yeni çalarlı bir ifadə yaradır. Həkimlər haqqında “Ömrə ömür qatanlar”, “əlavə ömrün müəllifləri” frazeologizmləri İlyas Əfəndiyevin dram dilində də yeni vahidlər sayıla bilər.

4.Alliterasiya frazeoloji vahidlər vasitəsilə də yaradıla bilir: Əhmədcan (eyhamla). Deyirlər, dava-dalaşdan sonrakı qohumluq şirin olur. Onun çiçəyi çırtlayır [49, c.2, s.43]; Dadaş (gülərək). Cındırından cin ürkür, dəlidən doğru xəbər [49, c.2, s.65].

5.Frazeoloji vahidlər üslubi baxımdan rifm və ritm yaradır: Nərmin. Əlisi dəli, vəlisi dəli, qırılmışın hamısı dəli [52, c.1, s.67]. Ərsiz arvad, yüyənsiz at deyiblər, yəni başı tuşuna gedər [52, c.1, s.123].

6.Frazeoloji vahidlər evfemistik xarakter daşıyır: Fəridə (həqarətlə). Bacım...ayının, gününün içindədir [52, c.1, s.43].

7.Frazeoloji vahidlər söz-cümlə şəklində personajların nitqində əzizləmə semantikası yaradır. Məs.: başına dönüm, baş üstə, gözüm üstə və s.

Bu məqsədlə İ.Əfəndiyev frazeologizmin ifadə tərzinə yenilik gətirir, məzmuna isə toxunmur, formasında bəzi “əməliyyatlar” aparır: a) tərkibin biri digər sözlə əvəzlənir; b) tərkibin formasındakı sözün, elementin biri işlədilmir; c) tərkibin birinə əlavə qüvvətləndirici element verilir. Bunun nəticəsində frazeoloji vahidin ekspres­sivliyi çoxalır, ifadəlilik təsiri genişlənir.

İlyas Əfəndiyev xalqın yaratdığı frazeologizmin məzmu­nunu bəzən personajın nitqində dəyişdirir. Bu, yüksək üslubi təsirlə əlaqədardır. Təsir yeni məna çaları ilə bağlıdır. Bəzən elə olur ki, dramaturq ifadənin həm şəklini, həm də məzmununu dəyişir, yeniləşdirir. “Frazeoloji vahid üzərində aparılan istənilən əməliyyatlar bir neçə məqsəd güdür, situasiya ilə əlaqədar olaraq dramatik komizm yaranır, tənqid hədəfini satira atəşinə tutmaq üçün dəyişdirir, müsbət surətlərə xas olan keyfiyyətləri açmaq üçün də frazeoloji vahidin forma və məzmunu dəyişdirilir, dramaturq frazeoloji vahidin tərkibini tamamilə sərbəstləşdirir” [24, s.182-183].

Frazeoloji birləşmələrin əsas funksiyalarından biri də dram əsərlərindəki personajların dilinin daha da zənginləşməsinə kömək etməkdir. Ballı arvadın (“Bahar suları”nda) nitqində xalq ifadələri üstünlük təşkil edir: kirpiklərimlə od götürmüşəm, evimə haram tikə qoymamışam, birçəklərimi namusla ağartmışam, mən sənin qabağına yaylıq atmıram. Üç oğlanla aslanının yurdu kor qaldı. Şirin balasını güllə ilə vurmaq olar, ancaq onunla zarafat etmək olmaz. Anası səni parça-parça edər və s.

Ümumiyyətlə, araşdırmalar göstərir ki, frazeoloji ifadələrin dialoqda bir sıra vəzifələri vardır: 1) frazeoloji ifadələr personajların nitqini, xarakterini, emosiyasını, şəxs və hadisələrə münasibətini, həyat təcrübəsini və s. obrazlı şəkildə əks etdirir; 2) frazeoloji ifadələr replikaları bir-birinə bağlayan vasitəyə çevrilir.

İ.Əfəndiyevin dram əsərlərindəki frazeoloji vahidlərlə bağlı yeniliklərdən biri sərbəst leksik mənanın bərpa edilməsi ilə əlaqədardır. Bu, mühüm məsələdir. Çünki bədii əsərlərdəki leksik məna ilə frazeoloji məna polisemiya baxımından üst-üstə düşərsə, o zaman yazıçının xalq dilinin məna qaynaqlarını daha dərindən öyrəndiyi təsdiqlənə bilər.

Frazeoloji birləşmələr obraz və personajların replikalarında müxtəlif məqsədlər üçün işlədilir. Belə ki, frazeoloji ifadənin gücü istənilən qədərdir. Bəzən qarşılıqlı münasibətlər frazeoloji ifadələrin köməyi ilə yumşalır, yəni frazeoloji tərkib bir personajı o biri personaja güzəştə getməyə çağırır. Necə deyərlər, dialoji şərait münbitləşir, frazeoloji vahid vasitəsilə ətə-qana gəlir. Replikalar rəngarəng semantik çalarlar ətrafında birləşir, əlaqə yaranır və möhkəmlənir.

İdiom şəklində olan frazeoloji vahid (bir personajın dilində) o biri həmsöhbətin nitqində ibarə formasında olan frazeoloji vahidlə canlandırılır. Üçüncü replikaçı bu frazeoloji formanı məna cəhətdən qiymətləndirir. Beləliklə, dialoji mühit başdan-başa frazeoloji dona bürünür. Diqqət edək:

Babadayı (daxil olur). Salam...Nə olub, müdir yoldaş, qanın qaradır. Vasilyev. Dünənki müşavirədə müdirimizə yaman döşədilər, Babadayı... Babadayı. Nə olar, “İgidin başı qalda gərək”. Necə deyirlər, “Dəmir döyüldükcə saflaşar, amma şüşə bir zərbədə toz olar” [49, c.2, s.57].

Birinci və ikinci replikalarda “qanı qara”, “yaman döşədilər” frazeoloji vahidlərinə münasibət sonrakında atalar sözü ilə ifadə olunur. Yəni müşavirədə müdirin tənqid olunması məsələsi onun işçilərinin replikalarında başdan-başa frazeologizmlərlə təsdiqlənir. Qeyd etdiyimiz frazeologizmlər dalbadal işlənmiş replika­ları bir-birinə struktur-semantik cəhətdən bağla­mışdır. Sanki frazeoloji mühit karkas şəklində əhatə olunmuşdur.

Personajların nitqində atalar sözü vasitəsilə məsələyə fərqli münasibət bildirilir. Amma frazeoloji təbəqə eyni atalar sözündən ibarət olur:

Səlim. Nə olar.. “Hər igidin bir eybi var” deyirlər... Yaxşı, mən gedim trestdəki işlərimi qurtarım, sağ olun. Gülarə. “Hər igidin bir eybi var”, amma mən istərdim ki, igid eyibsiz olsun! [49, c.2, s.62].

Göründüyü kimi, atalar sözü personajın nitqində dəyişdirilir.

Replikanın birində idiom, o birində atalar sözü və zərb-məsəl. Bu frazeoloji sıra İlyas Əfən­diyevin dramaturgiya dili üçün səciyyəvi xüsusiyyət­lərdəndir. Yenə misallara müraciət edək:

Lalə - Kərim dialoqunda:

Kərim. Deyirəm axı, bu əmioğlu niyə gecə səhərəcən kitabdan əl çəkmir. Lalə (gülümsəyir). Çox oxuyur? Kərim. Yaman tünd xasiyyətdir, bir şeydən ki, yapışdı, deyir, “öldü var, döndü yoxdur” [49, c.2, s.74].

“Əl çəkmir” – frazeoloji birləşməsi ilə “öldü var, döndü yoxdur” atalar sözü dialoqda rabitə yaratmışdır.

Yaxud, əksinə, dialoqun birinci replikasında atalar sözü, ikincisində isə frazeoloji vahid qapama funksiyasını yerinə yetirir:

Gülarə – Elmar replikasında:

Gülarə. Onu bilməsən də olar... “Hər dəqiqənin bir hökmü var!” Elmar. Anlayıram...Son vaxtlar adı dilindən düşmür [49, c.2, s.77].

Frazeoloji birləşmə ilə aforizm dialoqları bağlayır, replikaların potensial mənalarını gücləndirir. Məs.:

Vasilyev. Gülarə ilə münasibətiniz yenə də gözümə birtəhər dəyir...Başa düşmürəm, sizin ulduzunuz niyə barışmır? Elmar. Bunun tarixi uzundur, İvan Sergeyeviç. Vasilyev. Ola bilər...Cavanlıq çoşqun bir bahar romanıdır. Səhifələdikcə, bir-birindən qəribə mənzərələrə rast gəlirsən. [49, c.2, s.89].

Dramaturq “Bahar suları” dramında bu ənənəni davam etdirir. Bir sıra replikalarda frazeoloji mənalar qarşılaşır.

Nəcəf. Nə...Belə de... Yaxşı, bəs, sən niyə belə əl-ayağa düşmüsən? Xanmurad. Niyə düşməyim? Kişi ilə dostam, bir yerdə günlər keçirmişik. Nəcəf (bərkdən gülərək). “Qırqovul başını soxub kola, amma quyruğundan xəbəri yoxdur”. Yoxsa deyirsən heç nə bilmirik? [49, c.2, s.101].

Dilimizdə “şırımını çəkib çıxarmaq” və “gəliş gəlmək” frazeologizmləri sinonim təsiri bağışlayır. Demək olar ki, ikisi də eyni mənanın daşıyıcısı kimi çıxış edir. “Bahar suları” dramında eyni personajın həmin frazeologizmi işlətməsi təsadüfi deyil və eyni hədəfə yönəlmişdir. Diqqət edək:

Narıngül. Mən müxbir-zad tanımıram! And olsun Allaha, adamın şırımını çəkib çıxardaram!.. Vallah, o Gülzardı, nədi, ona bir gəliş gələrəm, babası dəli Xankişinin toyu yadına düşər! [49, c.2, s.104].

Personajın nitqində işlənən frazeoloji vahidlər xatırlama xarakteri daşıyır. Bir surətin ona əvvəllər yaxın olmuş digər bir obraza qarşı fikrini obrazlı, ifadəli şəkildə təqdim edir. Məs.:

Turac. Ay Sədəf, sən Allah, bircə de görüm, bir belə vaxt keçəndən sonra onu yenə də istəyirsən? Sədəf. O nə sözdür, Turac? Sən onu soruş ki, heç bir gün, bir saat yadından çıxıbmı? O gedəndə mənim on yeddi yaşım vardı. İndi isə iyirmi üçə keçirəm. İki il könlümü onun məktublarına bağladım. Axırda onlardan da əlim üzüldü. Üç il bilirsən ki, ondan xəbər-ətər olmadı. Mən onun iyini ayağı dəyən yerlərdən aldım. Hər açılan sabahda, hər gələn baharda onu gördüm. Uzun qış gecələrində onun xəyalı ilə diz-dizə oturub sevinc və dərdlərimdən danışdım...[49, c.2, s.104].

Sədəfin danışığı başdan-başa frazeologizmlərdən ibarətdir. Bu, onun ifadə tərzidir, başqasına münasibətidir. Bu mətni frazeoloji kontekst adlandırmaq olar.

Personaj nitqində bir-birinin ziddini təşkil edən antonim frazeoloji vahidlər də münasibət bildirməyə xidmət edir. “Bahar suları” pyesində Nəcəfin sədrə münasibəti antonim frazeoloji vahidlə ifadə olunur:

Nəcəf. Balam, cındırından cin ürkürdü. Alxan səni gətirib adam elədi, ağzını çörəyə çatdırdı [49, c.2, s.106]. “Çındırından cin ürkmək” - kasıb olmaq, “ağzını çörəyə çatdırmaq” varlanmaq məzmununu ifadə edir.

Digər bir dialoqu başdan-başa “ürək” sözünün iştirakı ilə əmələ gəlmiş frazeoloji ifadələr zənginləşdirir. Məs.: Sədəf (kədərli bir təbəssümlə). Mən ona olan sevgimi çoxdan unutmuşam. Turac. Yalançının gözü çıxmasın, yazıq­san... Gör­mürsən ki, ürəyim çıraq kimi yanır? Sədəf (gülümsəyir). Nə olar, ürəyin yanıb-yanıb bir gün sönəcək ki... Turac. Yaxşı təsəllidir... [49, c.2, s.127].

Frazeoloji vahid müəllifin mötərizə içərisində verilmiş cümlələrində də işlədilir. Burada personajın fiziki-psixoloji durumu göstərilir. Məs.: Gülarə (onun ardınca baxır, gözləri yol çəkir) [49, c.2, s.62]. “İşıqlı yollar” dramında mötərizə içərisində aşağıdakı frazeoloji vahidlər işlənmişdir: Babadayı (boruya qulaq verərək); Cəfərqulu (özünü itirir), (dərhal yumşalır); Xudaverdi (sözünü kəsir); Vasilyev (Elmar şiddətli böhran keçirir) və s. Bu əsərdə ayrı-ayrı personajların dilində “Biz hər çalınan havaya oynaya bilmərik” (Elmar), “Qorxan gözə çöp düşər” (Babadayı), “Öz aramızdır, dost, bərkdə əlin yoxdur!” (Ağadayı), “Sözü azdırırsan, eybi yoxdur...” Çəkişməsən, bərkiməzsən..”, “Mübarizədən doğan sevgi fırtınadan sonra çıxan günəş kimi gözəldir” (Səlim), “Lalın dilini anası bilər” (Babadayı), “Qozqoz oynamırıq» (Babadayı), “Qız ağacı-qoz ağacı...Hər keçən bir salba atar” (Kərim), “Diş yox ikən dodaq var idi» (Xudaverdi), “Şam alovu fırtınaya davam gətirməz” (Vasilyev), ‘Papaq altında oğlanlar da var...(Potuş), “Qırqovul başını soxub kola, amma quyruğundan xəbəri yoxdur” (Nəcəf), “Təzə Ay çıxanda, köhnəsini doğrayıb ulduz edərlər” (Xanmurad) və s. kimi maraqlı frazeologizmlər diqqəti cəlb edir. Dramaturq xalq dili frazeologiyasından üslubi məqsəd­lər üçün istifadə etmişdir. Müxtəlif forma-məzmuna malik frazeologizmlər dialoji nitqi daha canlı edir; obraz və personajların dilini fərdiləşdirir, ekspressiya yaradır.

İ.Əfəndiyevin dram əsərlərinin frazeologiyası üçün variantlılıq da başlıca əlamətlərdəndir. Eyni məna onun personajlarının nitqində frazeoloji variantlarla ifadə olunur. Frazeoloji vahidlər bir-birindən tərkibindəki ayrı-ayrı elementlərə və üslubi çalarlara görə fərqlənir. Frazeoloji vahidlərin variantlılığı sinonimliyə çox oxşayır, hətta onlar bir-biri ilə qarş­ılaşdırılır. Sinonimlərlə variantlar, əsasən, onunla fərqlənir ki, frazeoloji sinonimlərdə qismən də olsa, məzmun müxtəlifliyi olur. Frazeoloji vahidlərin fonetik variantlılığı onlardakı fonetik transformasiya ilə bağlıdır [102, c.2, s.197]. Məs.: ağza alası deyil // ağza alınası deyil.

Frazeoloji ifadələr dialoji nitqdə iki şəkildə istifadə olunur:

1) replikalarda heç bir dəyişiklik edilmədən xalqın yaratdığı kimi işlənənlər: Elin ağzını yummaq – Ballı. Elin ağzını yummaq olmaz, bala. Gördüyünü deyəcək [49, c.2, s.134]; Kirpikləri ilə od götürmək: Ballı. Kirpiklərimlə od götürmüşəm, ancaq hər kəsə boyun əyməmişəm! [49, c.2, s.135].

2) formal cəhətdən dəyişiklik edilərək işlənənlər. Frazeoloji birləşmələrdə dəyişiklik iki cür olur: 1) dramaturq tərəfindən edilən dəyişiklik; 2) personajın nitqində baş verən dəyişiklik. Məsələn, “Bahar suları”nda Alı kişinin replikasında həmin dəyiş­iklik açıq-aşkar görünür: Bədəl (hirslənir) Heç bir qarış da artıq yerimiz yoxdur. Adam gərək ayağını yorğanına görə uzatsın! Alı kişi. Nə vaxtacan ayağımızı yorğana görə uza­dacağıq, ay Bədəl? Gəl bir az da yorğanı ayağımıza görə uzadaq [49, c.2, s.132].

Buradakı söz sırasının pozulması, sintaktik paralelizm hadisəsi dialoqların ekspres­siyasını son dərəcə yüksəltmişdir.

Tədqiqat göstərir ki, frazeoloji vahidlər İlyas Əfəndi­yevin dramlarının semantik strukturunda bədii-ifadəlilik vasitəsi kimi çıxış edir. Onun müxtəlif formaları (tipləri) poetik, kontrast, alleqorik, ənənəvi, metaforik müqayi­sələrə də geniş yol açır. Dialoq nitqi personajların münasibətlərini ifadə edir, bu nitqdə işlənən frazeolo­gizmlər dominant xarakter daşıyır. Frazeoloji ifadələrin işləndiyi polemik dialoqlar hər bir replikada konturlar yaradır.

İ.Əfəndiyevin dram dilində frazeoloji vahidlərin aşağı­dakı semantik tipləri işlənmişdir:

Frazeoloji çoxmənalılıq. Frazeoloji vahidlərdə çoxmənalılıq xarakterik haldır. N.Seyidəliyevə görə, “dilin frazeoloji fondu sübut edir ki, çoxmənalılıq leksik vahidlərdə olduğu kimi, frazeolo­gizmlərə də aiddir. “Baş”, “dil”, “əl”, “göz” kimi leksik vahidlərdə çoxmənalılıq olduğu kimi, həmin sözlər frazeoloji ifadələrin tərkibində də çoxmənalılıq yaradır” [139, s.175-176]. Məsələn:

Turac. Nə barədə. (Yenə də hirslənir) Gözünü yolda qoyub getdiyi bir qız barədə!.. [49, c.2, s.118]; Uğur. Canım, siz mənim başıma nə iş gətirirsiniz? (Həyəcanlı çıxır) [49, c.2, s.120]; Nəcəf. Sən elə bilirsən camaat öz xeyir-şərini başa düşmədi? Dayan, başlarına bir oyun açsın ki, yüz il dadı damaqlarından getməsin [49, c.2, s.121]. Yaxşı, bircə məni başa sal görüm, mədəniyyət sarayı bizim nəyimizə lazımdır? [49, c.2, s.121]; Nəcəf. Başımız kəsildi. Qulu. Sən öləsən, dərimizə saman təpəcək [49, c.2, s.123]; Alxan. Rəhmətlik həmişə deyərdi: “Alxan, bu sənətdən əl çəkmə, səndə böyük qabiliyyət var” [49, c.2, s.129]; Alı kişi. Yala deyirəm? O qədər dünyagirsən ki, gözün doymur...[49, c.2, s.129].

Çoxmənalı frazeoloji birləşmələrin meydana gəlməsində əsas kimi götürülən “baş”, “əl” və s. sözlər omonim frazeoloji vahidlərin də yaranmasında müəyyən rol oynayır. Həmin sözlərin iştirakı ilə yaranan omonim frazeoloji vahidlərdə isə dil vahidlərinin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Məsələn, “gözünü yolda qoyub”, “gözü yol çəkir” ifadələri eyni mənanı ehtiva edir. Omonim mənalar arasında isə semantik rabitə yoxdur.

Dramların dilinin frazeoloji çoxmənalılığı leksik çoxmənalılıqla müqayisədə güclü inkişaf etmişdir. Bunu faktik materiallar sübut edir. Leksik çoxmənalılıqda iki-üç məna olduğu halda frazeoloji çoxmənalılıqda ən azı yeddi məna aşkar edilmişdir.

Frazeoloji sinonimlik. “Sinonim ifadələr dedikdə, üslubi boyasına, leksik tərkibinə görə fərqlənən və mənaca bir-birinə yaxın olan müstəqil ifadələr nəzərdə tutulur” [136, s.172]. Frazeoloji sinonimlər semantik cəhətdən bir-birinə yaxın, müstəqil ifadələrdir. Çünki onlar üslubi boyalarına və leksik tərkibinə görə fərqlənsələr də, mənaca bir-biri ilə adekvatlıq təşkil edir. Frazeoloji sinonimlər bədii dilə uyğunluğu ilə xarakterizə olunur. İlyas Əfəndiyevin dramlarının dilində sinonimliyin bu tipi dialoq nitqində personajlar tərəfindən daha geniş miqyasda işlədilir, bir-biri ilə rabitə yaradaraq emosionallığı və ekspressivliyi artırır.

İlyas Əfəndiyevin dram dilində frazeoloji sinonimləri struktur-semantik xüsusiyyətlərinə görə 2 yerə ayırmaq olar: 1) mətni-kontekstual frazeoloji sinonimlər (Məni lağa qoyursan? Yox, mən səni ələ salmıram); 2) struktur-semantik frazeoloji sinonimlər (Sözünün axırını dedi, sözünün sonunu de!).

Dram dilində frazeoloji sinonimlərin komponent­lərindən biri eyni sözdən, digəri isə müxtəlif məfhumlardan ibarət olur. Məsələn, ətrafına toplamaq mənasında “başına yığmaq - başına toplamaq” frazeoloji sinonimi zənginlik yaradır. Dramların dilində frazeoloji sinonimlik, leksik sinonimliklə müqayisədə güclü inkişaf prosesi keçirmişdir. Əgər leksik sinonimlikdə bir yuva özünü göstərirsə, frazeoloji sinonimlik ona qədər sinonimliyi özündə birləşdirir. Məsələn, dramların dilində «ölmək» leksik vahidinin beş sinonim variantı mövcuddur. “Kasıb” sözünü ifadə etmək üçün on beşə yaxın frazeoloji sinonim yara­dılmışdır: kasıb düşmək – var-yoxunu itirmək və s.; dünyasını dəyişmək – gəbərmək – vəfat etmək və s..

“Ürək” sözü ilə bağlı frazeologizmlər: Ana – Ondan sonra heç kəsə ürəyim yapışmadı [46, s.70]. Ürək qızdırmaq: Cahangir. Təəssüf ki, siz mənə ürək qızdırıb gəlişinin əsl səbəbini açıb söyləmədiniz (AA, s.50).

Frazeoloji sinonimiyanın dramların dilindəki xarakterik əlaməti onun leksik sinonimlikdən daha zəngin olmasıdır. İlyas Əfəndiyevin dram dilində personajların nitqində işlənmiş sinonim frazeologizmlər hiperbolik (işi başdan aşmaq – macal tapmamaq), metaforik (dil tapmaq – yola vermək), metonimik (əl tutmaq – köməyə çatmaq), müqayisə (boynuna qoymaq – üstünə yıxmaq) və s. xüsusiyyətlər də kəsb edə bilmişdir.

Frazeoloji antonimlik ifadələrin əks, zidd mənada işlənməsidir. Məsələn: Söz almaq – söz vermək: Dilşad: Söz alıb söz vermək istəyirəm [49, c.2, s.110].

Frazeoloji variantlıq. “Frazeoloji variant daxili qrammatik dəyişikliyə uğramış və ya sinonimlə əvəz olunmuş komponentdən ibarət frazeoloji ifadədir” [172, s.4]. Frazeoloji variantda bir məfhum digər bir məfhuma oxşadılır, lakin sinonim kimi bir-birinin yerinə işlədilmir, yəni bir-birini əvəz edə bilmir, bir sıra vəziyyətlərdə bir-birindən seçilir, amma obrazlılıq eynihüquqlu olur. Fra­zeoloji sinonimlərdə belə xüsusiyyət mövcud deyildir.

Mənaları olduğu kimi qalan, tərkibində leksik, leksik-qrammatik dəyişiklik aparılan ifadələr frazeoloji variant adlandırılır. Məsələn, ürəyini açmaq – könlünü açmaq, ürəyi qırılmaq – ürəyi qopmaq.

Dram dilində frazeoloji variantlar iki formada özünü göstərir: leksik, qrammatik.

1) leksik variantlar. Məs.: Ürəyinə dəymək – ürəyinə toxunmaq; sarı simə toxunmaq – sarı simə baş vurmaq və s. Ballı. Elin ağzını bağlamaq olmaz, bala [49, c.2, s.134]; Uğur. Camaatın ağzını necə bağlayaq, nə deyərlər? [49, c.2, s.143]; Gözləri eyzən yol çəkir… Gözlərindən yol çəkənə oxşayır [46, s.92].

2) qrammatik variantlar. İ.Əfəndiyevin dramlarının dilində frazeoloji vahidlərin qrammatik variantının müxtəlif tipləri ilə qarşılaşmaq olur: Şahzadə xanım – Niyə qaşqabağın yernən gedir? (qaşqabağı yerlə sürünür – qaşqabağı yerlə getmək) və s.

İlyas Əfəndiyev personajlarının dilində ürəyi təmiz – qəlbi təmiz, ürəyi açıq – qəlbi açıq, ağır gün – çətin gün, xoş danışmaq – şirin danışmaq; ürəyi getmək – ürəyin getmək və s. qəbildən olan frazeoloji variantlar işlənmişdir.

Frazeoloji omonimlik. Omonim frazeoloji vahidlər formaca eyni olsalar da, onlar arasında heç bir məna əlaqəsi olmur. Ona görə ki, məna çalarları arasında ümumi semantik rabitə yoxdur. H.Bayramov omonim frazeoloji mənaların əmələ gəlməsində üç əlaməti göstərir: “1) təkmənalı frazeoloji vahid əvvəlki mənasından əlavə olaraq yeni bir məna qazanır; 2) çoxvariantlı frazeoloji vahidlərin variant­larından biri omonimləşir; 3) bir sıra frazeoloji vahidlərin omonim mənası kalka yolu ilə alınan frazeoloji vahidlərin mənası hesabına yaranır” [27, s.160-162].

İ. Əfəndiyev dram əsərlərində frazeoloji vahidlərdən ən çox üslubi məqsədlər üçün istifadə etmişdir. Onun işlətdiyi frazeoloji ifadələr yüksək milli koloritə, dərin mənalara malikdir. Yazıçının istifadə etdiyi atalar sözləri, müdrik məsəllər, kəskin aforizmlər, gözəl ibarələr dilimizin son dərəcə bədii və obrazlı olmasını göstərir. Obrazların nitqində əlvanlıq yaradan frazeoloji ifadələr çox hallarda danışığı daha emosional edir. Nitqi fərdiləşdirmək, tipikləşdirmək üçün frazeoloji ifadələr əsas vasitələrdən birinə çevrilir. Məsələn:

Reyhan (ciddi) – Sev, Mehrican! Sevgisiz könül günəşsiz bağça kimidir [49, 2 c., 234]. Bu məsəl müqayisə yolu ilə yaradılmışdır.

Dramaturq dram əsərlərinin dilində “dil yetirmək”, “ah çəkmək”, “acığı tutmaq”, “ağlı gözündə olmaq”, “ürəyi açılmaq”, “bağrı çatlamaq”, ”sıxıntı çəkmək”, “qulağını doldurmaq”, “ürəyi qırılıb ayağının altına düşmək” və s. ifadələrdən gen-bol istifadə etmişdir.

Dilşad xanım (güzgünün qabağına keçib saçlarını düzəldir) Eh, qızlar… Sizə dil yetirmək çətindir [49, c.2, s.236]; Dilşad xanım – Eh, Liliya, biz qadınların bəzən ağlımız gözümüzdə olur. Ona görə də Sadığa getmək istəməyib deyəndə ki, “qocadır, sir-sifəti xoşuma gəlmir”, mənim acığım tuturdu [49, c.2, s.236]; Sadıqov – Sıxıntı çəkməkdən bağrım çatladı. Dedim yığışaq, bir az ürəyim açılsın [49, c.2, s.255]; Sadıqov – Kişinin qulağını yaman doldurublar [49, c.2, .255]; Sədəf – Kefsiz bir adama rast gələndə ürəyim qırılıb ayağımın altına düşürdü [49, c.2, s.184].

İ.Əfəndiyevin dram dilində ismi frazeologizmlər çoxdur: iti yaddaş, ağıllı ifadə, ağır xatirə, ağır dərd, ağır yara, xoşbəxt yuxular, soyuq bir ifadə və s. Məsələn: Üzündə bir sərt görünən açıq və ağıllı ifadə var [49, c.2, s.243]; Mehrican – Mən səkkiz il bundan qabaq sizin başınıza gələn əhvalatı eşitmişəm. Ona görə də mənə elə gəlir ki, dünən sizin xoşbəxtlik haqqında dediklərinizlə bu ağır xatirə arasında bir münasibət vardır [49, c.2, s.252]; Reyhan – Sevdiyin bir adamın uçuruma doğru getdiyini görüb, ona bir kömək edə bilməməkdən də ağır dərd varmı? [49, c.2, s.285]; Reyhan – O, bu ağır yaraya qatlanacaq [49, c.2, s.294]; Həsənzadə. Bəzən adam elə xoşbəxt yuxular görür ki… [49, c.2, s.324]; Nargilənin üzü soyuq bir ifadə alır [49, c.2, s.326].

Dram dili feili frazeologizmlərlə də zəngindir: zəhmət çəkmək, ürəyi yanmaq, fikir çəkmək, haqq-hesab çəkmək, gözünə birtəhər dəymək, işin üstünü vaxtında açmamaq, aləmi bir-birinə qatmaq, beli bağlı olmaq, gözə gətirmək, aya-günə dönmək, baş qarışmaq, qan qaraltmaq, ürəyini köyrəltmək, dost yolun­da can qoymaq, əl aparmaq, ağlını başına yığmaq və s. Məsələn:

Şahsuvarov – Nə zəhmət çəkirsiniz… Dilşad xanım – Təki sizin kimi dostlar üçün zəhmət çəkək [49, c.2, s.248]; Xosrov Atayev – Ürəyim yanır [49, c.2, s.249]; Bağban dedi: heç nəyin fikrini çəkmirəm [49, c.2, s.253]; Dilşad xanım – Nəyi gizlədəcəyəm? Qardaşın mənimlə keçmişlərin haqq-hesabını çəkməyə başlayıb. Nədir, Ziyad, gözümə birtəhər dəyirsən?.. [49, c.2, s.257]; Şahsuvarov – Guya mən niyə Sadıqovgilin işinin üstünü vaxtında açmamışam [49, c.2, .257]; Şahsuvarov – Gələn kimi bütün aləmi qatıb bir-birinə [49, c.2, s.257]; Dilşad xanım – Müstəntiqin beli sizə bağlı olmasa, gəlib məni evimin içində təhqir etməz! [49, c.2, s.259]; Lətafət – Sevən adam heç nəyi gözə gətirməz, Ziyad! [49, c.2, s.261]; Dilşad xanım – Zabitə, xoş gördük…Aya-günə dönmüsən. Zabitə – Vallah, üç-dörd gündür başımız yaman qarışıb… Sadıqov – Qədəhləri doldurun, canım. Qan qaraltmaq vaxtı deyil [49, c.2, s.263]; Xuduş – Sizin sədaqətiniz lap mənim ürəyimi köyrəltdi; Ağasəlim – Dost yolunda gərək can qoyasan… [49, c.2, s.265]; Nəzakət. Ailə sirrinə əl aparmaq çətindir [49, c.2, s.329]; Nəzakət. Ağlını başına yığ, cavanlığın, gözəlliyin qədrini bil [49, c.2, s.329].

Yazıçı birinci tərəfi “söz” leksik vahidi ilə düzəlmiş bir çox frazeoloji ifadədən istifadə etmişdir. Bu ifadələr, demək olar ki, onun yaradıcılıq məhsulu kimi dəyərləndirilə bilər. Məs.: Həsənzadə. Söz düşdü, dedim… Nargilə. Mən həmişə bu barədə söhbət salanda siz araya söz qatırsınız… Nargilə. Yaxşı adamlar yaxşı hissləri söz-həkət eləməzlər [49, c.2, s.332].

Frazeoloji ifadələrlə obrazın daxili aləmi açıla bilir. Məsələn, Dilşad xanım Sadıqovun xasiyyətini aşağıdakı frazeoloji ifadə ilə açıqlayır: …Özünüz bilirsiniz ki, Sadıqov suyu üfürüb içən adamdır [49, c.2, s.259].

Sinonim frazeoloji ifadələrdən istifadə bədii dilin zənginliyini nümayiş etdirir. Məsələn, xalq arasında “gözünün ucu ilə baxmaq” ifadəsi Dilşad xanım obrazının nitqində dəyişdirilmiş şəkildə verilir ki, bu da fərdi fraza yaradıcılığında dramaturqun bacarığını göstərir: Sənin çətin günlərinə mən dözmüşəm…(Ağlayır) Mən səndən savayı bir kişiyə gözümün quyruğu ilə baxmamışam [49, c.2, s.281].

Leksik vahidlə frazeoloji birləşmənin sinonimliyi fikrin məna zənginliyini bildirir. Məs.: evlənmək (leksik vahid) – təzə həyat qurmaq (frazeoloji birləşmə). Həsənzadə. Bəlkə də mənim yerimə bir başqası olsaydı, sənin vəfatından bir-iki il sonra evlənərdi… Sən deyən kimi, özünə təzə həyat qurardı… [49, c.2, s.298].

İ.Əfəndiyevin dram dilində replikaların məna zənginliyini aşağıdakı frazeoloji ifadələr də artırır. Məs.: Belini sındırmaq: Sadıqov. Liliçka belimi sındırdı…(AA, s.54); Dərdini götürmək: Dərdimi götürüb sizin yanınıza qaçmışam, sevirəm, əl çəkə bilmirəm… (AA, s.53); Hirsindən çatlamaq: Dilşad. Mən deyəndə Reyhan xanım az qalırdı hirsindən çatlaya (AA, s.55); Əli böyüklərin ətəyindədir…(AA, s.56); Dağı dağ üstünə qoymaq: Mehrican. Mənə elə gəlir ki, bu saat dağı dağ üstünə qoya bilərəm (AA, s.58); Dilşad. Ayağımın altından yer qaçır (AA, s.69); Gözləri yol çəkmək: Nargilənin gözləri sanki yol çəkir!… (SHM, s.73); Dünya gözündə qaralmaq: Nəzakət….dünya gözümdə qaralırdı. Elə bil ki, bu evdə hər şey…divarlar da, stullar da dil açıb mənə deyirdi… (SHM, s.75); Nargilə. Qulluqçuluğun daşını daha atmışam…(SHM, s.86).

Dramlarda rəngarəng frazeoloji ifadələr işlənir: araya söz qatmaq, gününü qara eləmək, yoldan çıxarmaq, analıq haqqını itirmək, ulduzu barışmamaq və s. (SHM, s.102, 105, 110). “Qan” sözü ilə bağlı frazeologizmlər: Bayandur – Görünür, qan çəkdi, dayı qızı, görən kimi hiss elədim ki, sənsən dayı qızım [46, s.75]. “Çəkmək” sözü ilə bağlı frazeologizmlər: Ağahüseyn – Onunla cavanlıqda çox kasıblıq çəkmişik [46, s.77]; Alxas bəy. Oğlum! Qambay, bu xəbər atanın sinəsinə çalın-çarpaz dağ çəkdi...Ürəyim od tutub yanır [49, c.2, s.28].

İlyas Əfəndiyev bir yazıçı kimi dərin biliyə, zəngin dünyagörüşə malik, xalq ifadələrini, müdrik kəlamları hələ uşaq ikən babalardan mənimsəyən və onları əsərlərindəki müxtəlif hadisələrlə, şəxslərlə uzlaşdıran böyük bir sənətkar olmuşdur. Fikrimizcə, onun dramaturgiyası ibrətamiz mənalar ifadə edən dramaturgiyadır. Bu məna, şübhəsiz, onun yaradıcılığında xəlqi, demokratik keyfiyyətləri ilə seçilir. Xalqa arxalanan, onun hikmətli kəlamlarını yaratdığı obraz və personajlarının nitqinə gətirən İlyas Əfəndiyev özü də dərin mənalı aforizmlər yaradan ustaddır. Yazıçı aforizmlər vasitəsilə obraz və personajların müəyyən məsələlərə müsbət və ya mənfi münasibətlərini ifadə edir.

Hikmətli sözlər (aforizmlər) istər öz mənası və istərsə də quruluşu etibarilə sabit söz birləşmələrinin (frazeoloji birləşmələrin) başqa növlərindən, xüsusilə idiom­lardan və ibarələrdən fərqlənir. Belə ki, əgər idiom və ibarələrdə müəyyən məf­hum­lar, əsas etibarilə feili birləşmələr və ya ismi söz birləşmələri şəklində ifadə edilirsə, aforizmlərdə belə məfhumlar cümlələr şəklində ifadə edilir” [3, s.113]. Çətin anlarda aforizmlər həyatda insanların, bədii ədəbiyyatda isə obraz və personajların məsləhət yeri və yol göstərəni olur, qaranlıq, dumanlı mətləblərə aydınlıq gətirir. Aforizmlər də atalar sözü, qanadlı sözlər və sitatlar kimi frazeologiyaya aid ola bilər.

Aforizmlər öz məna dərinliyi ilə cəmiyyət və onun üzvlərinə aid olan mürəkkəb hadisələrin, proseslərin mahiyyətini açır. İ.Əfəndiyevin dram dilindəki aforizmlər müəyyən ictimai hadisələrlə əlaqəsi ilə fərqlənir və oxucular, tamaşaçılar tərəfindən tez bir zamanda kütləviləşir, eləcə də mənimsənilir. Bunların hər birində bir vahid məna birləşir və üzvlərinə ayrılmayaraq müəyyən bir fikir bildirir.

Aforizmlər dramaturqun yaradıcılığı boyu qazandığı zəngin həyat təcrübəsinin, həyat fəlsəfəsinin məhsulu kimi ortaya çıxmışdır. Aforizmlər həyatın müxtəlif sahələrinə aid olur. Dünya və həyat, vətənpərvərlik və azadlıq, valideyn məhəbbəti, qadın gözəlliyi, uşaqlıq, gənclik, xoşbəxtlik, iş, vəzifə və s. haqqında yaradılmış aforizmlərin kökü cəmiyyətin ilkin dövrlərinə gedib çıxır. İlyas Əfəndiyevin, şübhəsiz, personajlarının nitqinə gətirdiyi həmin məzmunlu aforizmlər onun vaxtilə dədə-babasından, müdrik el ağsaqqallarından, ağbirçək nənələrdən eşitdiyi, qədim Şərqin müdrik alim və söz sənətkarlarından oxuduğu kəlamlardır. Bu müdrik kəlamlar xalqın həyat yolunu mayak kimi işıqlandırır.

Tədqiqatçı H.Hüseynova yazır ki, dilimizin hikmətli ifadələri – aforizmləri insanların həyat və fəaliyyətinin bütün sahələrini əks etdirir, ümumən bütün insanlara aid olan ibrətamiz fikirləri ifadə edir. Aforizmlər elə ifadələrdir ki, yazıçı bu ifadələr vasitəsilə bəzən həyat hadisələrinə müəyyən münasibət bildirmək məqsədilə onları obrazların dilində işlədir. Bəzən də mənfi tipləri o biri surətlərin dililə tənqid edərkən aforizmlərdən istifadə edir [79, s.11].

İ.Əfəndiyevin yaratdığı aforizmlər personajların nitqini həm tipikləşdirir, həm də fərdiləşdirir. Məsələn, Dilşad xanımın nitqindəki aforizmlərin müxtəlifliyinə nəzər salaq: Dilşad xanım – Söhbət dananı qurda verər [49, c.2, s.250]; Dilşad xanım – Borclu borclunun sağlığını istər [49, c.2, s.250]; Dilşad xanım – Kor atlanar öz kəndini çapar [49, c.2, s.256].

Yazıçı çox zaman müdrik ifadələrə yaradıcı yanaşır, onun komponentlərini, qismən də olsa, dəyişdirir. Məs.: Xosrov Atayev – Bu daşın haradan atıldığını bilirəm. Sən Reyhanın sözlərinə çox da əhəmiyyət vermə. Özün bilirsən ki, ögey ana ilə övladın ulduzu çətin barışır [49, c.2, s.252]; Dilşad xanım – Siz çox “mən-mən” deməyin, dəvədən böyük fil var [49, c.2, s.258].

Aforistik ifadələr, atalar sözü və məsəllər surətlərin intellektual səviyyəsini də göstərir. Məsələn, obrazların cəsarət haqqındakı kəlamları: İldırım – Cəsarət mərdlik deməkdir! [49, c.2, s.252]; Sadıqov – İnsanın ən güclü müdafiə vasitəsi cəsarətdir! [49, c.2, s.272]; İldırım – Mənim gəmim bir dəfə daşa toxunub [49, c.2, s.274]; Şahsuvarov – Çünki bu əhvalatı indi bütün şəhər danışır…Ona görə də xışı dərindən götürmək lazımdır [49, c.2, s.276]; Sadıqov – Yıxılana gülməzlər, Reyhan xanım!.. Reyhan – Nə üçün yıxılırsınız, sizin ki, əliniz böyüklər ətəyindədir…[49, c.2, s.284]; Mehrican – Kədər – məğlubiyyət əlamətidir [49, c.2, s.286]; Xanmurad – Ancaq, əminəvəsi, bir məsəl var, deyirlər: “Təzə ay çıxanda köhnəsini doğrayıb ulduz edərlər” [49, c.2, s.174].

Aforizmlər İlyas Əfəndiyevin yaradıcılığının əsas xəttini təşkil edir. Aforizmli dialoqlar dərin mənası ilə, qısa və konkretliyi ilə diqqəti cəlb edir. Obraz və personajlar aforizmlərlə danışmağı çox sevirlər. Məsələn: Şahsuvarov. Ot kökü üstə bitər. Bülbül ol, amma qəfəsdə olma! (AA, s.38); Reyhan. Yara nə qədər tez üzə çıxsa, bir o qədər yaxşıdır (AA, s.46).

Biz aforizmləri iki qrupa bölə bilərik: kinayəli və nəsihət xarakterli aforizmlər. Hər iki aforizm növü İ.Əfəndiyevin dram dili üçün xarakterikdir. Kinayəli aforizmlər mənaca alleqoriya yaradır. Alleqoriya yaratmayan aforizmlər nəsihət səciyyəlidir. Bəzi aforizmlər sevgi, məhəbbət haqqındadır: Həsənzadə. Sevgi də canlı bir orqanizm kimi qocalır…və bir gün ölür… (SHM, s.102).

Dram dilində məsəllər təsvir olunan hadisələrlə uzlaşır. Şahsuvarov. Di tərpən. Unutma ki, boran nə qədər tez gəlsə, çanağın işi o qədər asan olar (AA, s.49).

İlyas Əfəndiyevin dram dilində müşahidə olunan aforizmlərin təhlili belə bir nəticəyə gətirir:

1. İlyas Əfəndiyevin qurduğu dialoqlardakı aforizmlər geniş mənalıdır və qeyri-adidir. Obrazlar öz nitqlərində aforistik ifadələrdən istifadə edərək həyata fəal münasibət bildirir, fikirləşir və yeni həyat uğrunda mübarizə aparırlar. Aforizmlərin leksik-semantik tutumu müəllifə imkan verir ki, o, bütün sözişlətmələrini işə sala bilsin, müxtəlif müqayisələr aparsın, mətləbləri aydınlaşdırsın.

2. İlyas Əfəndiyevin dialoqlarındakı aforizmlərin xarakterik cəhətlərindən biri də onun xalq danışıq üslubuna son dərəcə yaxınlığı və özündən əvvəlki sələf­lərinin personajlarının dilinə oxşarlığıdır. O, Cəfər Cabbarlı ənənələrini davam etdirir, onun emosional fikirlərinə özünün lirik-psixoloji və ritmik frazalarını uyğun­laşdırır (insan, həqiqət, yalan, azad, xoşbəxt, qürurlu). Beləliklə, İlyas Əfən­diyevin dram dilindəki aforizmlərində əsrin ən görkəmli dramaturqlarının ənənələri özünəməxsus şəkildə davam etdirilir.

3. Aforizmlərin qeyri-adiliyi həm dialoji kontekstlərdə təsvir olunan cəmiyyətin, həyatın əsas şərtləri ilə, həm də dialoqların qurulma mexanizmi ilə bağlıdır.

4. İ.Əfəndiyevin dialoq aforistikası müxtəlif illərdə bəzi dəyişikliyə məruz qalmışdır. Son yazılmış dramlarda, xalqa dair aforizmlər işlənir, kitab səciyyəli aforizmlər isə yoxa çıxır.

Dialoqlarda müdrik ifadələr nəsihətamiz məqamda işlənsə də, burada obrazların fikir və düşüncələrinin əsaslanma nöqtələri də görünür. Məsələn: Mehrican. Qorxuram mənim sualım sizə həddindən artıq cəsarətli görünsün. İldırım Atayev. Cəsarət – mərdlik deməkdir! Rica edirəm danışın! [49, c.2, s.26]; Tofiq. Qambay, əziz dostum!. Son bir xahişim var: Gülyazı əfv et... Sən haqlısan, günəşi az tapan insanların inanmağa haqqı var... [55, c.2, s.45].

Beləliklə, böyük sənətkar aforizmlərdən dialoq şəraitində üslubi manevr etmək üçün istifadə etmişdir: 1) obraz və personajların nitqini tipikləşdirmək məqsədilə; 2) həyat hadisələrinə müəyyən münasibət bildirmək məqsədilə; 3) müəllif təhkiyəsinin rəngarəngliyini təmin etmək məqsədilə. Semantik cəhətdən İlyas Əfəndiyev aforizmləri dünya və həyat, vətənpərvərlik və azadlıq, gənclik və xoşbəxtlik, iş, vəzifə və s. anlayışları haqqında dəqiq, lakonik və elmi informasiya ötürür. Dramaturqun əsərlərində aforizmlər həyatın müxtəlif sahələrini əks etdirmək gücünə malikdir.

Atalar sözü və məsəllər xalqın həyat tərzini, adət-ənənəsini, düşüncəsini obrazlı şəkildə ifadə edən bütöv sintaktik vahiddir. “Atalar sözləri və məsəllər mənaca öyüd, ibrət, əxlaq, tərbiyə səciyyəli olur. Müəyyən bir hədəfə işarəetmə xüsusiyyəti bunlarda qabarıqdır” [77, s.215-216].

Atalar sözləri obrazların nitqində işlənərək, onların istək, niyyət və mətləb­lərinin üzə çıxmasına müəyyən şərait yaradır: Nəzakət. Onu bil ki, ananın üzünə ağ olanın qəbirdə də sümüyü od tutub yanar [49, c.2, s.316]; Atalar yaxşı deyib: “İt qursağı yağ götürməz!” [49, c.2, s.225]; Nəcəf – “Arxalı köpək qurd basar», yoldaş Niyaz [49, c.2, s.223]; Qırqovul başını soxub kola, amma quyruğundan xəbəri yoxdur [49, c.2, s.172].

İ.Əfəndiyev klassik irsə dərindən bağlı olan yazıçılarımızdandır. Hər hansı bir məsələnin həllində klassik sənətkarlarımızın fikir və mülahizələrini xatırladır, bununla obrazın dünyagörüşünü açıqlayır: Sadıqov – Eh, Liliçka, gülməyib nə edəcəyəm…Beş günlük dünyadır, ye, iç, kef çək! Atam Məşədi Kərimin də pulu çox idi, axırı nə oldu? İnsan bu fani dünyaya bir dəfə gəlir. Ömər Xəyyam demişkən, sabah yıxılıb ölsən, yeddi min il bundan qabaq ölənlərlə sənin heç bir fərqin olmayacaq! [49, c.2, s.262].

Xalq ifadələri də bəzən aforizmi xatırladır: “üzümə itin sözünü demək”, “kefimizə soğan doğrama”, “dəryada balıq sevdası’, “sən dəryaya getsən, suyu quruyar..”, “kəfəni yırtıb qəbirdən çıxmaq” və s. ifadələr də böyük təsir gücünə malikdir.

“Bahar suları” dramında personajın – Mədədin nitqində atalar sözləri tez-tez işlənir: Özümüzə umac ova bilmirik, özgəyə əriştə kəsəcəyik! Səni çox istəyirəm, özümü səndən də çox istəyirəm [53, c.2, s.282-283].

Digər personajların nitqində də bunlara rast gəlmək olur: “Keçəl suya getməz”, “İlanı yaralayıb buraxmaq olmaz”, “Yaxşılıq elə, evinə salamat getmə”, “Dəvədən yıxılıb, höt-hötü əldən qoymur” (Nəcəfin nitqində), “Getmə gözümdən, gedərəm özümdən”, “Bir daş, bir quyu”, “ulduzları bir də barışmaz”, “ay arası, gün arası” (Turacın nitqində), “Cücəni payızda sayarlar” (Bədəlin nitqində),”İt qursağı yağ götürməz” (Alxanın nitqində), Subaylıq sultanlıqdır (Bənövşənin nitqində).

Dram əsərlərində folklordan gələn elementlər güclüdür. İ.Əfəndiyev hadisə və münasibətləri nağıllardakı hadisələrlə əlaqələndirir. Məs.: Cəfər. Vallah, nə deyim, xanım. Hə...bir də görürsən ki, neçə gündü düşmən səni üzük qaşı kimi alıb ortaya, yaralı yoldaşın da böyründə uzanıb, “su” deyə-deyə zarıyır...Su quyusu da qalıb onun əlində. Sürəyya. O.. kimdi? Cəfər. Düşmən də... Hə, nağıllarda yəqin eşitmisiniz də. Üçbaşlı əjdaha yatıb bulağın başında...yaxına gedərsən, səni çəkər kamına, getməzsən, yoldaşın susuzluqdan yanar... Adamın ürəyi tab gətirmir. Necə də gətirsin? Bəs, yoldaş yoldaşına nə gündə lazım olar... Gərək ona su gətirəsən, ya yox?

Sürəyya. Əsl iş də elə burasındadı də...Oğul istər ki, burada Məlikməmməd kimi qılıncını çəkib düşsün əjdahanın üstünə... [53, c.2, s.39].

Atalar sözü və məsəllər personajların nitqində replikalararası əlaqə yaradır və eyni zamanda, fikirləri möhkəmləndirir: Gövhər. Eybi yoxdu. İgidin başı qalda gərək!...[53, c.2, s.10]; Tofiq. Hər qəzəbin bir əqilli səbəbi olsaydı, dünya cənnət olardı...[53, c.2, s.11]; Zeniş əmi. Şərti şumda kəsək ki, xırmanda yabalaşmayaq [53, c.2, s.14]; Alxas bəy. Yolçu yolda gərək. Bizim igid düz yarım saatdan sonra vağzalda olmalıdır [53, c.2, s.15]; Xaspolad. Atalar yaxşı deyib, qarın qardaşdan irəlidi... [53, c.2, s.18].

Dramaturq atalar sözü və məsəllərdən üslubi məqsəd üçün istifadə edir. Obrazlar atalar sözləri və məsəlləri öz düşüncəsinə uyğun olaraq dəyişdirərək işlədir. Məsələn, “Büllur sarayda” dramında Qönçə “Sonrakı peşmançılıq fayda verməz” əvəzinə belə deyir: “Həqiqi məhəbbət fədakarlıq, mərdlik istəyir, gözəl qız, sonrakı peşimançılıq nəyə dəyər?” [46, s.97]; Həbib. Nə olub, dünən bizə gedəndən sonra kosmik sürətlə dəyişmisən. Aynur. Bilirsən, Həbib, bizim aramızda gərək örtülü söz olmasın. Həbib. Əlbəttə, örtülü bazar dostluğu pozar [46, s.72]. Ataxan - Eybi yoxdur, sirkə nə qədər tünd olsa öz qabını çatladar! [46, s.212]; Zara – Görürsən, xanımın yenə də oxunu atıb yayını gizlətdi [46, s.177]; Reyhan. Adını çək, qulağını bur! [54, s.17]; Sadıqov. Axı, məndə nə təqsir var, Liliçka? Evimizdə bişməyib, qonşudan gəlməyib [54, s.34]; İldırım Atayev. Səhv etmək bir günahdırsa, onu düzəldə bilməmək daha böyük dərddir! Atalar deyib: İgid odur atdan düşə atlana! İgid gərək hər əzaba qatlana! [54, s.65].

Dramaturq digər xalqlara məxsus atalar sözlərini də obrazların nitqində işlədir. Məs.: Fəriş – Sənə yüz dəfə deyirdim ədə, xərclə, ye, iç, kef elə, amma ağ eləmə. Qarğa məndə qoz var eləmə. Fars deyib ki, kəm-kəm bexor, həmişə bexor [46, s.207].

Atalar sözləri və məsəllərə müəllif tərəfindən dəyişdirilmiş formada da təsadüf olunur.
Dil­şa­dın nitqində xalq ifadələri çox işlənir: “Bircə öldüyüm günü bilmirəm”, “nə yuvanın quşudur” və s.

Dilşad (Xosrov Atayevə). Mən sənin əkdiklərini biçirdim. Əgər Şahsuvarov, Sadıqov sənin qapını tanımaya layiq deyildirlərsə, niyə hərəsini oturdurdun bir idarənin başında? [54, s.63].

Dramaturqun yaratdığı frazeologizmlərin tipləri oxucunu heyrətə gətirir və eyni zamanda, həmin vahidlər orijinallığı ilə seçilir. İ.Əfəndiyevin dram dilində frazeoloji variantlar, əsasən, iki formada özünü göstərir: a) frazeoloji ifadənin tərkibində leksik dəyişiklik aparmaqla ifadənin leksik variantı əmələ gəlir; b) frazeoloji ifadənin tərkibində komponentlərdən birinin qrammatik formasını dəyişməklə ifadənin qrammatik variantı formalaşır. Bununla əlaqədar olaraq, dram dilində üslubi variantlar yaranır və üslubi məqsədlərə xidmət edir. Leksik və qrammatik dəyişkənlik frazeoloji ifadənin tərkib hissələrindən biri və ya ikisinin sinonim ya da sinonim olmayan sözlə əvəz edilməsi ilə səciyyələnir. Bu cür hallarda ifadənin mənasına xələl gəlmir, incə məna çaları yaranır. Qrammatik formalaşmada da dəyişkənlik müşahidə olunur. Eyni ifadənin ad komponenti müxtəlif qrammatik formalarda çıxış edir. Frazeologizmlər İ.Əfəndiyevin dram dilində yeni bədii keyfiyyətlər doğurur. Onların hesabına dram dili, obraz və personajların nitqi aydın, canlı və ifadəli olur, eyni zamanda, məna əhatəliyi yaranır.

Beləliklə, dissertasiyanın bu fəslində dram dilindəki leksik vahidlər mövcud sahələr üzrə qruplaşdırılmış, kəmiyyətindən və istifadəsindən asılı olaraq İ.Əfəndiyevin hansı məzmuna malik söz qrupundan istifadəetmə bacarığı müəyyənləşdirilmişdir. Biz real dil faktlarına (dramlardakı obraz və personajların nitqində işlətdiyi söz və ifadələrə uyğun) istinadən bu bölgünü aparmışıq. Sözdən dramaturqun istifadə uğuru bu təsnifata uyğun qiymətini tapır. Sözün sərbəst mənasından və ya söz birləş­məsindən frazeologizmə keçid məqamları İ.Əfəndiyevin dram dilindəki ustalığı sayıla bilər. Bu keçid onun quru sxematizmdən, təsvirçilikdən obrazlı düşüncə vahidlərinə üstünlük verməsi ilə səciyyələnir. Yəni fikrin frazeologizmlərlə verilməsi daha məqbuldur, əsəri sevdirən ən ümdə cəhətlərdəndir.




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin