Tədqiqatın nəzəri və praktik əhəmiyyəti: onunla izah olunur ki, burada danışıq prosesində prosodik vasitələrdən istifadə edilməsi mexanizminə dair ümumiləşdirmələr aparılmış və nəzəri fikirlər irəli sürülmüşdür. Əldə edilmiş nəticələr, şübhəsiz ki, dildə prosodika ilə bağlı ümumi dil universalilərinin nəzəri cəhətdən işlənib hazırlanması baxımından əhəmiyyətlidir. İşdə irəli sürülmüş nəzəri fikirlərdən ümumi nəzəri dilçilikdə, eləcə də müqayisə olunan ingilis və Azərbaycan dillərində nəzəri fonetikanın prosodika bölməsinin yenidən işlənib hazırlanmasında istifadə oluna bilər. Tədqiqat işi praktik cəhətdən də əhəmiyyət kəsb edir, çünki işin nəticələrindən düzgün tələffüz vərdişlərinə yiyələnmədə, nitqin tanınmasında geniş şəkildə bəhrələnmək olar. Əldə edilən nəticələrdən fonetika dərslərində prosodikanın müxtəlif aspektlərinə həsr olunmuş seminar və mühazirələrin təşkilində, metodik vəsaitlərin hazırlanmasında da istifadə oluna bilər.