Əli Kərim üslubu, yaxud


Zülfünü xaki-rəh kimi saldı ayağı altına



Yüklə 207,54 Kb.
səhifə6/22
tarix03.01.2022
ölçüsü207,54 Kb.
#36098
1   2   3   4   5   6   7   8   9   ...   22
Zülfünü xaki-rəh kimi saldı ayağı altına,

Gör neçə xəlqi aləmin ömrünü payimal edər.
Heç də təsadüfi deyil ki, Əli Kərimin şeirlərinin əksəriyyəti söz haqqındadır. Bununla o, sözün yuxarıda göstərilən funksiyasının konsepsiya halında ifadəsinə çalışırdı. "Azərbaycan poeziyası" adlı MƏTN öz təkamülündə elə bir həddə gəlib çatdı ki, Əli Kərim qaçılmaz şəkildə sözdən, onun dünyaya və müəllifə münasibətindən, insan ömrünün içində kəsb etdiyi mənalardan və daha çox mənalar arasında gedən ölüm-dirim savaşından bəhs etməli oldu. Mətn daxilində mənalararası savaş gerçəkliyə yeni münasibət tipinin formalaşmasını bəlləyir. Diqqət yetirin: Füzuli "Söz" qəzəlində milli ədəbiyyat kontekstində bu şəkildə və qaydada YENİLƏŞMƏNİN əsasını qoydu... İstənilən ədəbiyyatda yeni tendensiyalar yarandıqda bu, qaçılmaz şəkildə onun əsas istiqamətlərini bəlirləyən mənalar arasında savaşla müşayiət edilir. Əli Kərimdə söz həm də dünyaya tən tutulur, dünya ilə bərabərləşir, burada sözün yamacına baş qoyub uzanmaq, göylə yeri bir nöqtədə - söz paralelində birləşdirmək çox asandır. Sözün dünya ilə tən tutulması ideya kimi klassik ədəbiyyatdan gəlir, - ancaq ifadə, sitat mənasında yox, yüz illərin böyük təcrübəsinin nəticəsi kimi. Bu kimi poetik “sitatlar” Əli Kərimin poetik sistemində vahid kontekst təşkil edir. Borxes yazırdı ki, “ümumdünya tarixi bəlkə də bir neçə əsas metaforanın tələffüzündə fərqli intonasiyanın tarixidir”8. Borxesin istinad edilən hekayə-essesində “kürə” metaforasından söz açılır. Aləmi, dünyanı dərk etmək üçün insan yer üzündə gördüyü hər şeyə məhz bu metaforanın gözü ilə baxır, bu nəsnələri bir ovuc içində dərk edən kimi, özünü onların cəminə tən tutur. Bu keyfiyyət klassik poeziyada xüsusən Nəsimin poetik sistemində açıq şəkildə görünür. “Məndə sığar iki cahan, mən bu cahan sığmazam” deyimindən qabaq, şübhəsiz ki, bu xətt gəlir. Borxes sözünə davam edərək yazırdı ki, “XIII əsrdə kürə obrazı bir daha “Roman de la Rose” alleqoriyasında meydana çıxdı, burada kürə Platonun təsvirinə və “Speculum Trixplex” (“Üçqat güzgü”) əsərinə uyğun şərh edilir; XVI əsrdə “Panteqrüelin son kitabının sonuncu fəslində “mərkəzi hər nöqtədə olan, ancaq heç bir yerində qapanmayan, Allah adlandırdığımız intellektual kürəyə” istinad edilmişdi. Orta əsrlərdə bunun mənası aydın idi: Allah yaratdığı bütün şeylərdə var, ancaq onların heç biri onun üçün son hədd deyil. “Səma və səmalar səması sənə sığmır”, - Solomon demişdi (Aləmlərin üçüncü kitabı)”; bu sözləri izah edəndə göz önündə həndəsi metafora canlanır”. Bu metafora, poetik mətni yaradan həndəsin obraz bütün Nəsimi sisteminin özülünü təşkil edir. Kürənin səthindəki nöqtələr mərkəzdən eyni məsafədə olduğundan “harada” sualı aktuallıqdan çıxır, harda olursansa-ol - mərkəzdəsən, həm burda, həm də heç yerdəsən, yəni laməkansan. “Başqa bir insan - Cordano Bruno üçün göy qübbəsindəki çat azadlıq olub. “Yüksək postun ilk mühitində çıxışda” bəyan edirdi ki, dünya sonsuz səbəblərin sonsuz izlənməsidir və allah yaxındadır, “çünki o, bizim içimizə o qədər dolub ki, heç burada özümüz o qədər deyilik”. O, Kopenik məkanını insanlara izah edə bilmək üçün sözlər axtarırdı və səhifələrin birində qeyd etmişdi: “ əminliklə təsdiq edə bilərik ki, dünya hər bir nöqtəsiynən mərkəzdir, yaxud kainatın mərkəzi ixtiyarı götürülən nöqtədir, ancaq o, heç bir nöqtəsində qapanmır” (“Səbəb, başlanğıc və vahid olan haqqında”). Bu sözlər böyük sevinc hissi ilə 1584-cü ildə, belə demək olarsa, İntibah şəfəqlərinin şöləsi altında yazılmışdı; yetmiş ildən sonra bu külün əsəri belə qalmamışdı və insanlar özlərini zaman və məkanda itmiş kimi hiss edirdilər. Zamanda - çünki gələcək və keçmiş sonsuzdursa, onda heç bir “nə zaman?” yoxdur, məkanda - çünki hər bir varlıq sonsuz böyükdən və sonsuz azdan eyni məsafədədirsə, belə çıxır ki, heç bir “harada?” da yoxdur. Hər hansı gün içində, hər hansı bir yerdə heç kəs yaşamır; heç kəs hətta öz sifətinin ölçüsünü belə təsəvvürə gətirmir.” Əli Kərimin poetik sistemində bu ideyalar klassik poeziyada ifadə olunan ideyalardan “montaj edilir”, yığılır, məlum olur ki, “insanın içində tanrı onun özündən artıqmış” və bu tənasübsüzlük, bu qeyri-bərabərlik, əslində insanın, həm də hər bir poetik sistemin mövcudluq formasıdır. Əli Kərim şeirində bu ideyalar bəlli məqamlarda güclü şəkildə oyanır, hər şeyi eyni anda və eyni məkan koordinatında çevrələmək istəyir. “Üçüncü atlı” poemasında bir neçə belə məqam var.

Yüklə 207,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin