F. H. Zeynalov


II.3. Semiotikanın sahələri



Yüklə 1,55 Mb.
səhifə15/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   11   12   13   14   15   16   17   18   ...   83
II.3. Semiotikanın sahələri
Aşağıda semiotik sahəyə daxil edilən tədqiqat istiqamətləri son dövrlərin nailiyyətləri hesab olunmalıdır:

Müasir tədqiqatlara əsaslanaraq semiotika sahələrini belə qrup­laşdırmaq olar:



Zoosemiotika: bu semiotikanın aşağı səviyyisidir, burada kommunikativ davranış insan cəmiyyətindəki mədəni davranışdan aşağıda olanlardır. Heyvanlar arasındakı ünsiyyəti öyrənməklə biz insan ünsiyyətinin bioloji və təbii komponentlərini üzə çıxarda bi­lərik. Heyvan səviyyəsində də davranışlar içərisində “mədəni” və sosial davranış növlərini üzə çıxartmaq olar. Hansı heyvanların “ün­siyyət” davranışının insanlara ən yaxın olanını müəyyən etmək olar. Bu davranış üçün mühüm kodlar içərisində iy bilmə, toxunma və dad bilmə kodları mühüm rol oynayır. İy emosional mənada kon­notativ dəyər kəsb edirsə, deməli, dəqiq referensial xarakterli qo­xular var. Ç.Pirs bunları “İndices” adlandırırdı.14

Bunlara kimyəvi kvalifikatorlar kimi indikatorlar deyirlər. Qeyd edək ki, zoosemiotikanın inkişafında T.Sebeokun (1920-) xid­mətləri böyükdür.

Korların ünsiyyəti, sosial vəziyyətlərin ifadəsində (öpüş, qu­caqlaşma, şillə vurma, çiyninə toxunma) ünsiyyətə xidmət edən va­sitə­lərdir. Dadbilmə yemək bişirmə sənətində çox vacib fak­tordur.

Paralinqvistik vasitələrə jestlər, mimikalar, bədən hərəkətləri və s. dillə və dilsiz ünsiyyətdə köməkçi vasitələr kimi çıxış edirlər. Bu zaman aydın dil strukturu olmayan vasitələri xüsusi fərqlən­dirməliyik:

a) səs növləri yaş, səhhət, əhval-ruhiyyədən asılı olaraq müx­təlif olur. Yaşlı adamın çox soyuq su içəndə səsi batır, o, güclə da­nışır;

b) səsin keyfiyyəti, tonun yüksəkliyi, artikulyasiya üzvlərinə nəzarət; səsin çıxması (gülmək, ağlamaq, hönkürmək, pıçıldamaq, bağırmaq, fəryad qoparmaq); tonun gücü və yüksəkliyi; səsin seqre­qasiyası (dilin və dodaqların marçıldaması, partlayışlı, burunda da­nışmaq, fısıldamaq və nəfəs alanda çıxarılan səs, xorultu və s.), fit çalmaq və dəfdə işarə vermək də buraya aiddir.

Tibbi semiotika. Simptomla xəstəliyin əlaqəsi. Təzyiq artanda əhval-ruhiyyə aşağı düşür. Dəridə qaşınma və ya qızartı allergiyanın əlaməti ola bilər.

Kinetika və proksemika. Jestlərlə və gediş növü ilə nəyisə bildirmək, pantomim teatrında tez-tez rast gəldiyimiz oyun növləri buna misal ola bilər.

Musiqi kodları. Musiqi ilə ünsiyyət bura aiddir. Təbil çalınanda əsgərlər meydana toplaşır və ya həbsxanada yeməyə işarədir: müharibəyə səsləyən musiqi, gərginliyi götürən musiqi, şən musiqi və s.

Formalaşdırılan dillər. Cəbr, riyaziyyat, kimya və s. ümumi semiotikaya aiddir. Morze və Brayl əlifbaları, elektron kalkul­yator­lar üçün formal dillər (pin kod və s.) bu qəbildəndir.

Yazılı dillər. Naməlum əlifbalar, gizli kodlar, kriptoqramlar və krossvordlar buraya aiddir.

Təbii dillər. Bu, fonologiyadan qram­ma­tikaya və semantikaya qədər dilçiliyin sahəsidir.

Təbii dil insanın fikri fəaliyyətinin nəticəsi və vasitəsidir. Yalnız təbii dildə göndərilən informasiya insan tərəfindən başa düşülür. Bugünki təbii dillər cəmiyyətlərin tarixi inkişafının məh­su­ludur. İxtisas (məs.; kimya, riyaziyyat) və süni dillər (esperanto, ido və s.) müstəqil razılaşmaların konvensiyaları və ya sistemləridir. Ancaq onlar da təbii dilə söykənir.

Bu gün sözün yaranması ilə bağlı iki fikir mövcuddur: ya əşya ilə onu göstərən söz arasında kauzal əlaqə mövcuddur (bu o de­məkdir ki, əşya sözün yaranması üçün səbəb rolunu oynayır), ya da söz əşyanın bildirilməsi üçün insan tərəfindən müəyyənləşmiş təmiz razılığa söykənir. Elə Platonun dövründə məsələ belə qoyulurdu. Bu yanaşmaların hər ikisində həqiqət qismən də olsa var. SSRİ döv­ründə kosmosa uçan peyk düzəldi, ona əşyanın yaranması nəticəsi olaraq rusca /sputnik/ adı verdilər.

Ancaq Azərbaycanda bunu /peyk/ adlandırırlar. Görünür şərq aləmində vaxtilə buna bənzər cihaz olub və ərəb dünyası onu /peyk/ adlandırıb. Başqa bir misal. Azərbaycanda alim /limonu/ və /por­tağalı/ calaq edib yeni meyvə növü əldə edəndən sonra onu /limpart/ adlandırmağı təklif edib Əslində bu sözün yaranma üsulu Azər­baycan dilində məlumdur. Sözlərin ilk hecaları götürülür və yeni söz yaradılır. Ancaq bu /limpart/ /Azneft/ kimi qısaltmalara bən­zəyir. /Azərenerji/-nin də yaradıcısı yəqin ki, konkret bir adam olub, sonralar isə o söz geniş işlənməyə başlayıb.

Filosoflar birinci alternativi qəbul etmirlər, onların fikrincə əşya ilə söz arasında əlaqə kauzal deyil, ümumiyyətlə insan şüu­rundan asılı olmayan əlaqədir. Sözlər öncə obyektlərlə bağlanır. Dil işarəsi olan söz bilavasitə maddi ünsürlə deyil, şüur elementi ilə bağ­lıdır. Bu bağlılıq tarixən yaranır. Müəyyən mənada bu ikinci alternativə aiddir. O mənada konvensiallıqdan danışmaq olar ki, sözlər əks etdirdikləri, bildirdikləri obyektlərdən yaranmır, hətta heç onlara oxşar da deyil. Əks təqdirdə müxtəlif dillərdə müxtəlif sözlər eyni anlayışlar ifadə edə bilməzdi. Ancaq onlar müəyyən konstruk­siyalar mənasında konvensial deyildir. Sözlər bir dəfə yaranır, öz nisbi həyatını qazanır, artıq onlar ayrı-ayrı insanların iradəsindən asılı olaraq deyil, cəmiyyətin inkişaf mübarizəsində formalaşır.

Azərbaycan xalqı XX əsrin axırlarında müstəqilliyi uğrunda mübarizəyə atılanda dildə də müəyyən dönüş yaranması ehtiyacı vardı. Bu zaman XIX əsrin axırlarına qədər malı-mülkü olan kişilərə müraciət forması olan /bəy/ sözündən geniş istifadə olunmağa baş­lanır. Sovet dönəmində cəmiyyət /yoldaş/ sözündən bezmişdi, tezliklə /bəy/ sözü lek­sikona daxil oldu və cəmiyyətdə sosial tarazlığı bildirən /xanım-bəy/ qarşılaşmasının tamhüquqlu tərəfi kimi qəbul edildi. Sonralar bunu çıxardıb əvəzində ərəb mənşəli /cənab/ sözünü qəbul etdir­məyə çalışsalar da, bu uğur qazanmadı. Düzdür, bu gün rəsmi dairə­lərdə /cənab/ işlənir, amma dil baxımından o, /xanım-bəy/ qarşı­laşmasının hüdudlarına sığmır.

Təbii dildə yüksək dərəcədə abstraksiya və müxtəlif tarixi inkişaf yolu keçmiş ifadələr var. Onların yanbayan işlənməsi dilin zənginliyi baxımından üstünlük kimi götürülə bilər. Eyni zamanda onlar insanın şüurlu və fiziki fəaliyyətinin bütün sahələrini ifadə etmək gücündədir. Ancaq bu yanbayan mövcudluq bəzən çətin­liklərə, anlaşilmazlıqlara, hətta ziddiyyətlərə gətirib çıxardır.

Bəzən deyirlər ki, dil formaları ifadə etdikləri fikirlərdən qə­dimdir. Burada müəyyən həqiqət var. XX əsrin sonlarına qədər dil hər şeyi ifadə etməyə qadir idi. Ancaq kompyuter texnologiyası və internet şəbəkəsi yarananda dillərin çoxu bu yeniliyi adekvat ifadə etməkdə çətinlik çəkirdi. Bu gün /kompyuter/, /internet/, /mobil/, /mesaj/ v. s. kimi yeni sözlər dediklərimizə bariz nümunədir. Bəzən bizdə /kompüteri/ bilgisayar kimi vermək istəsək də, redaksiyalarda orfoqrafiya lüğətlərini göstərib deyirlər ki, dildə olmayan sözü necə işlədə bilərik. Odur ki, müasir lüğətlər ciddi şəkildə nəzərdən keçirilməli, yeni sözləri əks etdirməlidir.

Bəs sinonimlər? Bəs çoxmənalı sözlər? Hətta bəzən sözün tam məna sərhədi dəqiq olmadığından ünsiyyətdə çaş-başlıq yara­nır. Tələbənin imtahandakı cavabını “yaxşı” qiymətləndirəndə bu­nun aşağı və yuxarı həddi bilinməlidir. Ancaq əksər hallarda yuvar­laq, ortaq məxrəc əsas götürülür. Bütün bunlar hamısı təbii dillərin mən­tiqi-idrak nəzəriyyəsi baxımından dərindən təhlil edilib öyrə­nilməsini zəruri edir.

Əlbəttə, müxtəlif dövrlərdə bu çətinlikləri aradan qaldırmağa cəhd göstəriblər. Məsələn, Q.V. Laybnis istəyirdi ki, dillə gerçəklik ara­sında izomorfluq olsun, yəni sözlərin mənası həmişə sabit qalsın və bununla da ideal dil yaransın. Belədə sinonimlikdən və omo­nimlikdən söhbət gedə bilməz. Dialektika özü dildə təmsil olunursa, o zaman ondan danışmaq olar. Düşüncənin müxtəlif formaları üçün dilin imkanı varsa, deməli, o dil zəngindir.

Peşə dilində biz izomorfluğu, qismən də olsa, görürük. Peşə dili deyəndə, konkret bir elm və ya sənət, peşə sahəsində işlənən adi dil başa düşülür. Əlbət ki, burada məntiqi və idraki terminlər olmalıdır. Məsələn, fiziklərdə /kütlə/ və /qüvvət/ sözlərini tez-tez işlə­dirlər. Bunlar adi dildə də işlənir. Ancaq fizikada çox dəqiq bilinir ki, bu sözlər nə deməkdir. İxtisas sahəsində sözün mənası çox konkret və birmənalı olmalıdır. Bu zaman əvvəllər işlənmiş söz sənaye və istehsalın yeni tələbinə uyğun olaraq yeni məna kəsb edir. Məsələn, alm. dilində /Wagen/ indi maşın mənasında işlənir. Ancaq onun ilkin mənası /vaqon/ olub. Yanbayan işlənən köhnə və yeni sözlər çoxmənalılığın yaranmasına səbəb olur. Elə /sahə/ sözü əvvəllər əkin sahəsini, indi isə fizikada elektromaqnit sahəsini, riyaziyyatda isə vektorlar sahəsini bildirir.

Əvvəllər atom bölünməz kimi götürülürdü. Onda o, elementar hissəcik idi. Ancaq XIX əsrin sonlarında məlum oldu ki, atom elek­tron­lara, protonlara, neytronlara və s. bölünür. Deməli, sözün mə­na­sın­da ciddi yenilik yarandı. Peşə sahəsində yeni məfhum köhnənin in­karı üzərində qurulur.

Yeni yaranan termin məntiqin çərçivəsinə sığmalı, bir də ona həqiqi elmi tələbat olmalıdır.

Adi dildən peşə dilinə keçid empirik yarımelmi istehsalın nəzəri cəhətdən düşünülmüş və sınaqdan keçirilmiş istehsala keçidi de­məkdir. Təbii dillə ixtisas dilinin münasibətinin çözələnməsi bir­başa fəlsəfi məsələdir. Fəlsəfə mücərrəd elmdir. Bu əlaqələrə fəlsəfənin münasibətini bir misalla açaq.

Adi dildə /hərəkət/ sözü var. Fizikada da, başqa elm sahə­lərində də bu söz işlənir.

Fəlsəfə isə onu fəlsəfi mənada işlədir. Adi dildəki və ixtisas dilindəkiləri abstraktlaşdırır. Fizikada yalnız fiziki hərəkətdən söhbət gedirsə, fəlsəfədə fiziki, bioloji, tarixi və s. formalardan söh­bət gedir. Eyni şeyi biz başqa terminlər haqqında da deyə bilərik. Fəlsəfə tarixi həm də fəlsəfi terminlərin yaranması tarixidir. Məs., /şey, zərurət, təsadüf, qanun/ və s.

Süni dil də müəyyən bir elm sahəsi üçün ideal dildir. Süni dildə əsas işarələr verilir və onlardan yeni mürəkkəb işarələr dü­zəltmək üçün qaydalar müəyyənləşir. Məsələn, məntiqdə tətbiq olunan dil. Əsas işarələrdən düzgün və yanlış ifadələr tətbiq olunur. Süni dil elmin müəyyən sahəsində ideal ifadə vasitələri yaratmaq üçündür. Q.V. Laybnis və B. Rassel (1872-1970) bunun tərəfdarı olmuşlar. Arqumentləri isə bunlardır:

a) təbii dildən fərqli olaraq bir sıra anlayışlara dəqiqlik vermək üçün simvollar götürülür və stenoqrafik qısalıqla müəyyən bir elm sahəsi böyük ifadə imkanı qazanır. Redundantlığı aradan qal­dırır. Uzun cümlələr qısa və yığcam formalarda verilir. Şərhdə səhvləri istisna edir. Deməli, dəqiqlik və yığcamlıq əsas şərtdir;

b) süni dil alqoritmik əməliyyatla forumllar düzəltməyə imkan verir. Burada çoxmənalılıq da aradan qalxır.

Məsələn, /Bakı Azərbaycanın paytaxtıdır/ (eyniyyət) simv. x≡y simv.

/Bakı milyonçular şəhəridir/ (elementlər əlaqəsi). xєA

/Balina məməli heyvandır/ (mövcydluq əlaqəsi). simv. AB

Süni dil hərtərəfli ideal dil deyil. Süni dil konkret obyekt sahəsinə aiddir. O, bu sahədə yoxlanıla bilər. Emosiya-filan burada mümkün deyil. Süni dil bəzi sahələrə tətbiq olunur: riyaziyyat, fizi­ka, kimya, məntiq və s. Təbii, peşə və süni dillər arasında keçilməz sədd yoxdur.

Təbii dillər hər bir süni dil üçün metadil rolunu oynayır. Onlar süni dilsiz mövcuddurlar, süni dillər isə təbii dillərsiz mövcud ola bilməz. Süni dillərin təhlilindən alınan nəticələri təbii dillərə şamil etmək düz deyil. Ancaq süni dillər avtomatikanın və kibernetikanın əcasını təşkil edir. Avtomatik tərcümə də buna misal ola bilər. Çün­ki maşın bir dilin işarələrini başqa dilə çevirməlidir-simvollara və onların əlaqəsinə. Riyazi dilçilik bir məsələni həll etməlidir: “təbii və süni dillərin qarşılıqlı əlaqəsi hansı məhdudiyyətləri aradan qaldır­malıdır sualına?” cavab verməlidir. Proqramlar, kibernetik maşınlar süni dillərin tətbiqinə gözəl nümunədir. Burada olanın təsviri yox, dəyişməsi nəzəriyyəsi lazımdır.

Həyat özü süni dillərin tətbiqini əsaslandıracaq.

Burada metadil haqqında da bir neçə soz demək lazımdır. Dillərdə (alman, ingilis, rus və s.) bir dildən söhbət gedirsə, məsə­lən, Azərbaycan dilindən, bu dilə obyekt dili deyilir. Obyekt dil haqqında hansı dildə danışılırsa ona metadil deyilir. Əgər alman dilin­də Azərbaycan dilinin sistem və struktur məsələləri araş­dırılırsa, alman dili metadil, Azərbaycan dili isə obyekt dil kimi çıxış edir.




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin