F. H. Zeynalov



Yüklə 1,55 Mb.
səhifə42/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   38   39   40   41   42   43   44   45   ...   83
Dil işarələri eyni dil kollektivində böyümüş insanların tələffüz etdikləril səs(yazılı) obrazlarının ünsiyyətdə iştirak edən tərəflərin beynində yaratdığı təsəvvürlərlə qarşılıqlı əlaqəsinə deyilir. Bu ob­raz­lar strukturca çox müxtəlif olur. Onlar dildə bir sistem yaradır. Deməli, dil işarələri eyni dil kollektivində insanlar arasın­dakı ün­siy­yətdə meydana çıxır. Heyvanların dilində belə şeyə yalnız məcazi mənada rast gəlmək olur. İşarələr öz funksiyalarını bir dil daxilində həyata keçirə bilirlər. İnsanların digər üzvlərilə hiss etdiyi təbiət hadisələri, təbii proseslər dil işarələri kimi çıxış edə bilmirlər.

Dildəki işarə sistemləri signifikant baxımından müəyyən prin­sip­lərə əsasən üzvlənə bilir.

Deməli, kiçik elementlər kimi dəyərləndirilən işarənin özü de­yil, yalnız onun siqnifikantının səsli ya da yazılı elementləridir. Ancaq təəssüflər olsun ki, dil işarələri bəziləri tərəfindən sözlə eyni­ləş­dirilir. Məs., A. Şaff yuxarıda adını çəkdiyimiz əsərində yazır: “Bu mənada mən irəlidə “dil işarəsi”ni qrammatik anlamda səsli di­lin xüsusi elementi olan “sözlə” (yəni müvafiq dilin qram­mati­ka­sında söz kimi tanınanla) eyniləşdirirməklə bilərəkdən situasiyanı sadələşdirirəm, məni buna qarşıdakı təhlilin məqsədi vadar edir”.5 Daha sonra müəllif fonemdən və morfemdən imtina etməsini əsas­landırmağa çalışır. Çünki onun fikrincə, söz dilin ən kiçik vahidi kimi morfologiya, sintaksis və semantikanın qaydalarına rəğmən müstəqil məna vahidi kimi çıxış edə bilir. Bunda işimiz yoxdur. A.Şaf­fın sonrakı fikri müəllifin işarə ilə bağlı nə qədər dolaşıq möv­qedə olduğunu sübut edir. O yazır: “Mən mənaca “söz” termi­nini “dil işarəsi” terminilə eyniləşdirməklə həmçinin “dil işarəsi” ter­mi­nini dil mənasının maddi daşıyıcısının adı üçün işlənə bilməsi prob­le­mini həll edərək (yəni verilmiş sözün yalnız səs və ya yazı­dakı rənglı izini) dar anlamda başa düşürəm və ya geniş anlamda maddi varlığı onunla nəzərdə tutulan vəhdəti əmələ gətirən bütövü başa düşürəm. İndiyə qədər deyiləndən belə çıxır ki, mən “dil işarəsi” anlayışının bu ikinci mənasını nəzərdə tuturam. Bununla da mən mü­vafiq mənanın daşıyıcısının maddi daşıyıcısı terminilə “səsli sözü” və ya “yazılı şəkil” göstərirəm (dil işarəsinin səslən­mədə və ya transkripsiyada işlənməsindən asılı olaraq)”.6

Biz yuxarıda işarəni siqnifikat və siqnifikantın vəhdəti kimi başa düşdüyümüzü vurğulamışıq. Elə isə söz işarə olursa, bəs onun işarələyəni harda qaldı. Hətta burada dillə təfəkkürün vəhdətdə olma­sı fikri də kömək etmir. Doğrudan da, verbal ünsiyyətdə bunun belə olduğunu heç kəs inkar edə bilməz, çünki bütün əqli fəaliyyət və fikirlərin ötürülməsi qarşılıqlı ünsiyyət vasitəsilə həyata keçir. Lal-karların ünsiyyətində də söhbət ya öyrənilmiş dildən, ya da səsli dilin əl-qol hərəkətləri şəklində transpozisiyasından gedir. Bu axı­rın­cı normal dil daşıyıcısının lal-karla ünsiyyətində müşahidə olu­nur.

Rus alimi V.Zveginsev (1910-1988) dilin işarəvi xarakterdə olmasını aşağıdakı kriteriyalarla inkar edir. O, işarələrin qeyri-məh­sul­darlığını (işarə işarələnən predmetin inkişafına yardımçı ola bilmir, başqa işarələrlə yaradıcı kombinasiyaya girə bilmir), işarə ilə onun mənası arasında məzmun əlaqəsinin olmamasını, işarə və onun mənasının avtonomluğunu, işarənin birmənalılığını və işarədə emosional – ekspressiv elementlərin çatışmazlığını əsas götürərək dili işarələr sırasına aid etmir. O, müstəsna hal kimi terminoloji ba­xımdan sözlərin işarələrin xüsusi kateqoriyasına aid edilə biləcəyini istisna etməsə də, danışıq dilinin saözlərini qəti şəkildə işarə kimi qəbul etmir.7

Fikrimizcə, alman alimi V.Porsiqin (1896-1961) işarə ilə bağlı fikirləri daha düzgündür. O israr edir ki, dilin sözlərini biz sadəcə olaraq işa­rə kimi götürə bilmərik, çünki onlar, birincisi, konvensional deyil­dir, ikincisi, çünki insan danışığa işarələrdə olduğundan fərqli reaksiya verir, çünki danışıqda qıcıqlanmaya işarələnəndən gələn qıcıqdan başqa həmsöhbətdən gələn qıcıq da əlavə olunur.8

Dili xüsusi işarələr sistemi kimi götürən alimlər həm də onu əsas gətirirlər ki, dil işarələri dildənkənar işarələrlə xüsusi müna­sibətdə olurlar (dil işarələri dildənkənar işarələr üçün mühümdürsə, bu hökmün əksi düzgün deyildir), onda dil işarələrinin xüsusi əlamətlərə malik olması fikrinə bəraət qazandırmalı və onların dildənkənar işarələrdən fərqini ayırd etməliyik. Dil işarəsini asso­siativ əlaqə hesab etməklə biz bu əlaqənin işarələyənini, yəni siqnifikantın spesifik əlamətlərini araşdırmalıyıq.

Dil işarələrinin arbitrerliyini biz yuxarıda nəzərdən keçirdik. İşarənin maddi tərəfi dil baxımından səslidir. F.de Sössür haqlı olaraq işarəni kağız parçası ilə müqayisə edəndə işarəni signifiant və signifienin vəhdəti kimi götürməklə onları bir-birindən ayrılmaz bir şey hesab edərək məhz onu işarə adlandırırdı. Sözün səs obrazı işarə kimi götürülür, ona görə də onun mənaya münasibətindən danışır. Deməli, burada işarə tamam başqa cür başa düşülür. Bunu A.Şaff da qeyd edir.9

Ixtiyarilikdən danışanda iki suala cavab vermək lazımdır: birincisi, sözdə səslə mənanın birliyi təbii xarakter daşıyır ya yox? İkincisi, ayrı-ayrı fərdlər və ya cəmiyyət istədikləri vaxt öz dillə­rinin işarələrində dəyişiklik və ya öz iradəsilə seçim edə bilərmi?

Birinci suala yuxarıda qismən cavab vermişik. Bunu təsdiq etmək çox sadəlövhlük olardı, yəni biz dağa ona görə dağ deyirik ki, o, dağdır. Digər tərəfdən, belə bağlılıq olsaydı eyni referent bütün dillərdə eyni siqnifikanta malik olardı. Nəhayət, uşaq vaxtı oda, lampaya /cızza/ adını veririksə, deməli, böyüyəndən sonra onları belə adlandırmalı olmalıyıq. Bu cür danışmaq istəyən uşaqlar dilin təbii inkişafından məhrum olub homo atala düzəldə bilərlər. Alman yazıçılarından biri ixtiyari olaraq bütün sözləri dəyişib onlara yeni ad verməklə kitab yazıb. Sonradan özünün də yazdıqlarını başa düşmək üçün xüsusi lüğətə ehtiyacı olduğunu o, açıqca bəyan edib. Deməli, biz fərd olaraq dil yarada bilmərik, nə də seçimimizdə müs­təqil deyilik, yəni ətrafımız hansı dildən istifadə edirsə, cümlələri necə qurursa, biz də o cür edirik. Yeganə köməyə gələn şey onomo­topeya ola bilər. Ancaq burada da xoruzun banı və ya qurbağanın vaqqıltısı bütün dillərdə eyni cür olmur. Rus itin hürməsini /qav-qav/, alman /vau-vau/, azərbaycanlı isə /ham-ham/ kimi ifadə edir.

Deməli, dil çox mühavizəkar bir instrumentdir. Bunun bariz nümunəsini biz bəzi imperiyalarda görürük. Məsələn, İranda zor gücünə böyük bir millətin dilini unutdurmağa çalışırlar. Elə keçmiş sovetlər birliyində də rejim ideoloqları dəridən–qabıqdan çıxıb azlıqda olan millətlərin dillərini cürbəcür bəhanələrlə unutdurmağa çalışırdılar. Amma bunlar nəticəsiz qalır. Digər tərəfdən millətçi puristlər neolo­gizmlər sayəsində hər cür təsiri və alınmanı yaxına burax­mırlar. An­caq dil öz müqavimətini göstərə bilir. Düzdür, radikal konver­sionalizm aksiomatik sistemlərin dillərinin konstruksiyası prakti­ka­sını səhvən ümumiləşdirir və faktiki olaraq dilin, hətta mıəntiqin də seçiminin ixitiyari omasını qəbul edir.10

Dilçilik baxımından bu, fəlsəfi spekulyasiyadan başqa bir şey deyildir və F.de Sössür və ardıcıllarının arbitrerlik tezisinin bununla heç bir əlaqəsi yoxdur.

Əslində, işarənin arbitrerliyi məsələsi təkcə dil işarələrinə de­yil, ikonik işarələr istisna olmaqla (burada işarə ilə onun təmsil etdiyi predmet arasında təbii yaxınlıq var, baxmayaraq ki, bu fikir də ayrıca tədqiq olunmalıdır) bütün işarələrə şamil edilməlidir. An­caq mütəxəssislər çalışırlar ki, dil işarələrinin differentia specifi­casını üzə çıxarsınlar, yəni işarənin maddi gestaltı ilə mənası arasın­dakı bağlılığı ayırd etsinlər.

A.Şaff işarələyənlə işarələnin qarşılıqlı əlaqəsini araşdıraraq çox qəribə bir nəticəyə gəlir:

a) işarə deyəndə o mənanın maddi daşıyıcısını başa düşür;

b) verilmiş işarəyə münasibətdə məna avtonomdur (məna daşı­yıcısı anlaşma nəticəsində dəyişdirilə bilər, yol hərəkəti qay­da­larında olduğu kimi);

c) məna az və ya çox mürəkkəb firkin göstərilməsinə xidmət edə bilər (riyaziyyatda sonsuzluğu bildirən simvol), bu fikir verbal ifadə oluna bilər (verbal ifadənin forması və anlaşılması müxtəlif olsa da).

Deməli, bütün işarələrin mənası dilə söykənir, çünki onsuz heç bir məna nə bildirilə bilər, nə də düşünülə bilər, başqa sözlə, heç mövcud ola bilməz.

Maddi məna daşıyıcısı ilə məna arasında buna bənzər əlaqə müəyyənləşdirə bilərikmi? Yuxarıdakı 3 bəndi bura aid etmək olar­mı?

Bu suala müsbət cavab vermək olmur. Qeyri-verbal işarədə məna avtonomdur və “hazırdır”, çünki o, dil işarələrinin köməyilə reallaşan fikirdir, elə bir fikir ki, verilmiş maddi daşıyıcı ilə əla­qədar olsa da, öz daşıyıcısını dəyişə bilər, hətta onsuz, eksplisit şəkildə sözlərsiz, fikirlərdə ifadə oluna bilər.

Dil işarələrinin mənası fikir olsa da, o heç vaxt avtonom və hazır deyildir, çünki onun maddi substansiyası (səs və ya qrafik forma) vardır. Burada da “dil işarəsi “ maddi qabığı ilə mənanın (fikrin) vəhdəti kimi götürülürsə, bu o deməkdir ki, səs tərəfi məna ol­masa sadəcə səs kompleksi kimi eşidiləcək (məs., /fşı/), məna tərəfi isə müvafiq səs tərəfi olmasa mövcud ola bilməz. Sino­nim­lər­də sadəcə olaraq eyni və ya oxşar mənalar müxtəlif səs forması ilə ifa­də olunur. Ancaq bu sinonomləri səs qabığı olmasa təsəvvür et­mək belə mümkün deyildir. Bunu əsas götürərək bəzən dil işa­rə­lərini məna üçün transparent, şəffaf hesab edirlər. Yəni biz müəyyən səs qabığını deyiriksə, tələffüz ediriksə, başqa sözlə sözün müvafiq fonetik cildi varsa, onu dil işarəsi kimi o zaman işlədirik ki, onun arxasında ondan asılı olmayan məna tərəfi olsun. Mənasız səs kom­pleksi, səs yığımı dil işarələrinin elementləri kimi qəbul edil­mir. Bu bağlılıq o qədər təbiidir ki, fonetik cild mənadan ayrı mövcud ola bilməz, bu, orqanik bağlılıqdır.Müxtəlif cilddə eyni mənalı sözlər bu bağlılığı şübhə altına almır. Dil işarəsi maddi məna daşıyıcısı ilə mənanın spesifik vəhdətinin adıdır. Maddi daşıyıcını dəyişmək qeyri-verbal xarakterli işarələrdə mümkündür. Hazır olması da mad­di qabıqsız düşünmək olur, yəni psixoloji cəhətdən dil işa­rə­sin­də sırf mənanı qəbul edirik, digər işarə kateqoriyalarında isə işarə özü-özlü­yündə dərk olunur, müvafiq məna ilə birgə götürdüyümüz mad­di formasında təzahür edir.

Dil işarəsinin özümlüyünün təsviri onun şərhindən fərqli ol­malıdır. Təsvir pis və ya yaxşı, çox və ya az dəqiq ola bilər, ancaq bu­rada məcazi mənada təsvir üçün geniş meydan qalır, bunu məna üçün bildirmənin transparent olması sübut edir. Şərhdə biz “nə üçün” sualına cavab verməliyik. Dil işarəsində maddi və ideya aspektlərinin qəribə üzvü vəhdətinin səbəblərini axtarırıq Bu zaman biz fəlsəfədən və semiotikadan kənarada olan sahələrə əl atmalı oluruq. Neyrofizioloji, psixoloji, habelə struktur dilçilik baxımından məsələyə yaxınlaşdıqda, xeyli yeni cəhətlər üzə çıxır. Məsələn, ikin­ci siqnal sistemi ilə bağlı mülahizələri və ya struktur dilçilikdə fonem təhlili və s. təsvirə yeni çalarlar gətirir.

Bu fərqlər göstərir ki, dilin işarəviliyinə və sözlərin işarə kimi gö­türülməsinə qarşı irəli sürülən arqumentlər bu müqayisədən sonra yer­siz görünür. Fərqlər kifayət qədər əsaslıdır. Onları aşağıdakı ki­mi ümumiləşdirmək olar:

1. Maddi daşıyıcısının mənaya münasibətdə avtonom və hazır vəziyyətdə olduğu qeyri-verbal işarələrdən fərqli olaraq dil işarə­lə­rin­də işarələyənlə (səs cildi, yazılı forma) işarələnən (məna, ideya) üzvü surətdə bir-birilə bağlıdır və biri digərindən ayrı mümkün de­yildir. A.Şaff bunu nədənsə yalnız sözə şamil edir.

2. Qeyri-verbal işarələr məhsuldar deyil (Zveginsevin dediyi kimi), onlar öz mənalarını inkişaf etdirə bilmirlər. Ancaq dil işa­rə­ləri məhsuldardır.

3. Qeyri-verbal işarələr prinsip etibarı ilə təkmənalı, dil işa­rə­ləri isə əsasən çoxmənalıdırlar. Dil işarələrinin nəinki mənası var, onlar həm də nəyisə bildirir, adlandırır.Bu mənada indekslər yal­nız gös­tərirlər, işarələyirlər, adlandırmırlar. Dil işarələri anla­yış­larla dü­şünməni təmin edir, abstrakt təfəkkür prosesində fəal iştirak edir. Bu da insanla bağlıdır, insan yalnız abstrakt düşünməyə qadir­dir. De­məli, insan dilin işarələr sisteminə malikdir. Yalnız insan­lar­da bil­dirmə və anlayışlarla düşünmə səsli dillə üzvü surətdə bağ­lıdır. Göstərilən fərqlər dili işarələr sisteminə daxil etmək üçün kifa­yət qədər yetərlidir. Dil işarələrinin bu cür fərqli əlamətlərə malik ol­ması onları ümumi işarənin tərifindən kənarda qoymur. Ona görə də dil işarələri bütün işarələrin sisteminə daxildir.




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin