ƏMR BE MƏ’RUF PEŞƏ DEYIL
Əmr be mə’ruf, yə’ni müsəlmanın başqalarını yaxşı işlərə
də’vət etməsi təkcə cəmiyyətə yox, fərdin özünə də faydalıdır.
Çünki yaxşılığı təbliğ edən şəxs istər-istəməz özü də yaxşılığa
çalışır. Amma bu o vaxt baş verir ki, əmr be mə’ruf ilahi bir
vəzifə kimi icra olunsun. Təəssüf ki, bə’zən bu dini vəzifə peşə
kimi başa düşülür. Belə olur ki, bir insana əcr, əvəz
müqabilində təbliğ etmək tapşırılır. Allaha yox, əvəzə görə əmr
be mə’ruf edən şəxsin qəlbi həmin hissləri yaşamadığından o,
gördüyü işdən mə’nəvi fayda götürə bilmir. Digər bir tərəfdən,
əmr be mə’ruf edən şəxs özü günahkardırsa, onun sözlərinin elə
bir tə’siri olmayacaq. Çünki bu şəxs əmr be mə’rufa ilahi vəzifə
kimi yox, peşə kimi baxır. Allah-təala belələrini məzəmmət
edir: “Siz insanlara yaxşı işlər görməyi əmr etdiyiniz halda,
özünüzü unudursunuz?” Əmr be mə’rufu şər’i vəzifə bilənlər
isə bu yolda hətta canlarından keçməyə hazır olurlar. Onlar öz
vəzifələrini yerinə yetirmək üçün bütün qüvvələrini işə salırlar.
56
Belə bir əmr be mə’ruf həm cəmiyyətə, həm də fərdə xeyirlidir.
Yuxarıda zikr olunmuş ayə, təbii ki, belə müsəlmanlara şamil
edilmir.
Digər bir nöqtə budur ki, əmr be mə’ruf təkcə dilə aid olan
vəzifə deyil. İnsan bə’zi şəraitlərdə sözünü əmələn təsdiq
etməli olur. Elə məqamlar yarana bilər ki, çirkin bir işin
qarşısını almaq lazım gələr. Amma nəsihət yolu ilə günahkara
tə’sir etmək və ya əmələn günahın qarşısını almaq mümkün
olmadıqda insanın qarşısında bir yol qalır. Həzrət Əli (ə) həmin
yolu göstərərək buyurur: “Pis iş görənlərdən uzaq olmağa
çalış”. Əmr be mə’ruf və nəhy əz münkər gücü olmayan şəxs
günah əhlindən uzaqlaşmalıdır. Əks-təqdirdə onların mənfi
tə’sirinə mə’ruz qalasıdır. Günahkarla yaxınlıq nəticəsində
insanın günaha baxışı dəyişir, pis işlər yaxşı görünməyə
başlayır. Ona görə də belə bir yaxınlıq qadağan olunur.
|