Kurikulum üzrə qiymətləndirmə (şagird fəaliyyətinin təlim standartlarına uyğunluğunun müəyyənləşdirilməsi)
Kurikulum üzrə qiymətləndirmə şagirdin təlim nəticələrinin məzmun standartlarına uyğunluğunu müəyyənləşdirmək məqsədi ilə aparılır. Qiymətləndirmənin bu növü Milli Kurikulum çərçivəsi kontekstində hazırlanmış məzmun standartları və fənn kurrikulumları ilə yaxından əlaqəlidir.
Kurikulum üzrə daxili qiymətləndirmə dərs ilinin sonunda hər bir sinifdə şagirdin fəaliyyətinin milli standartlara uyğunluğunu müəyyənləşdirmək məqsədi ilə müəllimlər tərəfindən aparılır.
Kurikulum üzrə xarici qiymətləndirmə şagirdin fəaliyyətinin milli standartlara uyğunluğunu müəyyənləşdirmək məqsədi ilə tam standartlaşdırılmış formada, ibtidai (4-cü sinfin sonunda), əsas (9-cu sinfin sonunda) və orta (11-ci sinfin sonunda) təhsil pillələrinin sonunda müəllim və məktəb rəhbərləri tərəfindən aparılır (II yarımil üzrə yekun qiymətləndirmə ilə birləşdirmək olar).
Kurikulum üzrə qiymətləndirmə vasitəsilə hər ilin sonunda şagirdin fərdi nailiyyətləri ölçülür, təlim-tədris prosesinin hədəfləri təyin olunur və bu hədəflərə doğru irəliləyişlər qiymətləndirilir, məktəblərin, siniflərin və şagirdlərin fəaliyyətləri arasında müqayisələr aparılır. Kurikulum üzrə imtahanların əhəmiyyətinin və etibarlılığının artırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bütün sinifləri əhatə edən təhsil standartlarına əsaslanmış testlər toplusunun və standartlaşdırılmış imtahanlar sisteminin yaradılması, müvafiq təlimatların hazırlanması nəzərdə tutulur.
Dostları ilə paylaş: |