QRUP İŞİNİN TƏŞKİLİNDƏ ƏN ÇOX RAST GƏLİNƏN SƏHVLƏR
İnteraktiv təlim metodları müasir öyrənmə modelləri içərisində sınaqdan keçirilmiş ən uğurlu metodlardır. İnteraktivlik dedikdə sadəcə obyektlərin qarşılıqlı təsir prosesi deyil, öyrənənlərin tədqiqat xarakteri daşıyan xüsusi təşkil olunmuş idrak fəaliyyəti başa düşülür. İnteraktiv təlim prosesində öyrənənlərdə yeni biliklər yaranır. Lakin interaktiv öyrənmə modellərinə fövqəladə bir yenilik kimi baxıb ənənəvi öyrənmə modellərindən tamamilə imtina etmək düzgün deyil. Təlim prosesində klassik öyrənmə modellərindən də yeri gəldikcə istifadə edilməlidir. Yeni öyrənmə metodları ilə iş prosesində müəllimlərin dərsə yaradıcı yanaşması çox önəmlidir. Çünki təlim modelləri standart xarakter daşıya bilməz. Təlim zamanı məqsəddən asılı olaraq hər bir müəllim həmin metodları təkmilləşdirə, onlara hansısa əlavələr edə, yaxud tamamilə fərqli üsullar müəyyənləşdirə bilər. Əsas məsələ odur ki, bu modellər təlimin maraqlı qurulmasına, müvafiq standartların reallaş-masına, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə əhəmiyyətli dərəcədə xidmət etmiş olsun. Məqsədin uğurlu nəticə ilə zəncirvari bağlılığına nail olmaq üçün interaktiv təlimin həyata keçirilməsində onun bütün təşkil formala-rından (fərdi, cütlərlə, qrup) istifadə etmək olar. Həmin proseslərin hər biri özünəməxsus şəkildə həyata keçirilməlidir. İnteraktiv təlim zamanı qrupla iş formasından digərlərinə nisbətən daha çox istifadə olunur. Lakin qrup işinin bəzi çatışmazlıqları və yol verilən ənənəvi səhvlər prosesin ümumi keyfiyyətinə mənfi təsir edir. Baş verən qüsurlar əksər müəllimlərin bu prosesi hələ də elmi şəkildə mənimsəməməsindən irəli gəlir. Onlar bəzən qrup işini bütövlükdə interaktiv təlim metodu ilə eyniləşdirir, «təhsildə dövrün tələbi interaktiv öyrənmə modelləridir» deyib onu qrup işi ilə əvəz edirlər. Nəticə etibarilə bütün məşğələlər qruplarla iş formasında həyata keçirilir.
Bütün dərsləri qrupla iş formasında keçmək də mümkün deyil. Çünki hər bir dərsin özünəməxsus məqsədi, vəzifəsi var.
Yadda saxlamaq lazımdır ki, müəllim yeri gəldikcə fərdi, cütlərlə, bütün siniflə birgə iş üsulundan da istifadə edə bilər. Bu, müəllim-fərd, müəllim-cütlər, müəllim-qruplar, müəllim-sinif, həmçinin fərdlər, cütlər, qruplar, sinif arasında da interaktivliyin baş tuta biləcəyindən irəli gəlir. İnteraktivliyin xarakteri düzgün təşkil olunmuş bütün formalarda özünü göstərə bilər. Müəllimin qrup işi üçün tərtib etdiyi və ya seçdiyi çalışmalar da mahiyyətcə həmin prosesə uyğun gəlməlidir.
Ümumiyyətlə, asandan-çətinə prinsipinə sadiqlik burada da özünü göstərməlidir. Belə ki, ibtidai sinifdən yuxarıya doğru addımladıqca şagirdin həm yaşının, həm də psixoloji-fizioloji xüsusiyyətlərinin dəyişilməsini nəzərə alan müəllim əvvəlcə bəsit, sadə, daha sonra isə getdikcə mürəkkəbləşən çalışma növlərinə müraciət etməlidir. İbtidai sinfə yenicə qədəm qoymuş uşaqla birbaşa qrup işini təşkil etmək və ya ona tamamilə yad kollektivlə birlikdə çalışma həll etməyi tapşırmaq öyrənənin sonrakı inkişaf prosesini kölgə altına salır. Məhz buna görə də müəllim həm qrup işini təşkil edərkən, həm də bu dövrdə veriləcək çalışmaları seçərkən maksimal dərəcədə ehtiyatlı davranmalıdır. İlk dərs günündən etibarən təlim prosesi interaktiv modelin digər təşkil forması olan fərdlərlə iş şəklində həyata keçirilməlidir.
Burada iki istiqamətli öyrənmə baş verir: bir tərəfdən, müəllim şagirdini tanıyır, onu hərtərəfli araşdırır, psixoloji xüsusiyyətlərinə dərindən bələd olur. Digər tərəfdən, öyrənən yeni bilik əldə edir, irəliyə doğru addımlayır. Deməli, şagirdin şəxsiyyət kimi yetişdirilməsi üçün uğurlu zəmin yaranır. Belə bir mühit sonradan cütlər şəklində iş formasından istifadə ilə əvəz olunur. Mühit əvəzlənməsi prosesin eynilə davam etdirilməsinə və ya daha da inkişafına mane olmayacaq şəkildə həyata keçirilməlidir. Hər bir məşğələ spesifik cəhətlərinə görə interaktiv metodun hansı təşkil formasından istifadə zərurətini yaradırsa, seçim də həmin istiqamətdə olmalıdır. Müəllim fərdi iş üsulundan cütlərlə fəaliyyətə keçərkən şagirdlərdə qrupla məşğələ üçün onların özü hiss etmədən zəmin formalaşdırır. Burada bir cəhəti– cütlərə bölərkən şagirdlərin psixoloji xarakteris-tikasını və dərsə ümumi hazırlıq səviyyələrini xüsusilə diqqətdə saxlamaq lazımdır. Müəllim hər bir şagirdini hansı cütlərin tərkibinə daxil edəcəyini əvvəlcədən aydınlaşdırmalıdır. Dəqiqləşdirmə zamanı yuxarıda qeyd etdiyimiz cəhətlər əsas götürülməlidir. Cütlərlə iş formasının düzgün təşkil edilməsi, əslində, qrup işinin başlanğıcı hesab olunur. Necə ki, fərdlərlə iş cütlərlə fəaliyyətə zəmin yaradırsa, eləcə də cütlərlə iş üsulu qrup işinə başlamaq üçün əsas rolunu oynayır. Qruplarla fəaliyyət forması nisbətən mürəkkəb olduğu üçün müəllim mütləq müəyyən mərhələləri əvvəlcə fərdlərlə, sonra isə cütlərlə iş dövrünü keçməlidir. Qrupla iş, bütövlükdə siniflə frontal şəkildə təlim prosesinin həyata keçirilməsində özül rolunu oynayır. Deməli, burada zəncir-vari bağlılıq yaranır və onun hər bir həlqəsi böyük əhəmiyyət daşıyır, biri digərinin mövcudluğunu təmin edir, hamısı birlikdə interaktiv təlimin qarşısında qoyulan məqsədə çatmağa xidmət edir.
Digər təşkil formalarında olduğu kimi, qrupla fəaliyyətin həyata keçirilməsində də müəllim vaxtı dəqiq hesablamalıdır. Konkret şəkildə bilməlidir ki, sinifdə bu cür fəaliyyət üsulu üçün neçə dəqiqə zaman ayırmalıdır. Bundan əlavə, problemin vaxtında qoyulmaması da işin gedişinə mənfi təsir edir.
Müəllimin tələskənliyi və ya ləngiməsi qruplarla iş prosesinə zərbə vura bilər. Deməli, öyrədən vaxtında sinfi qruplara bölməyi bacarmalıdır. Problem qoyulduqdan sonra qruplara ayrılma baş tutmalıdır. Bu proses tədqiqat sualının təqdim edilməsi ilə davam etdirilməlidir. Ardıcıllığa riayət etmək müəllimdən böyük məsuliyyət tələb edir. Qrupların işinin müzakirəsi nəticəyə əsaslanmalıdır, öyrənən nəyi, hansı biliyi əldə etdiyini aydın anlamalı, özü yekun nəticəyə gəlməyi bacarmalıdır. Bəzən öyrənənlərə tamamilə başqa istiqamətlərdə suallar təqdim olunur, bu da hər qrupun ayrıca işləməsinə, digərlərinin fəaliyyətinə diqqətsiz yanaşmasına səbəb olur. Həmçinin sərbəstlik həmin iş üsulunun təlqin etdiyi keyfiyyət kimi qəbul olunsa da, müəllim ondan öz məqamına görə istifadə etməlidir. Yersiz müstəqillik dərsin alınmaması ilə nəticələnə bilər. Müəllim belə qüsurlara yol verməmək üçün prosesə daha məsuliyyətli yanaşmalıdır. Həmçinin qruplara bölmə aparılanda da öyrədən fəal və qeyri-fəal öyrənənləri balans prinsipinə əsasən bölməlidir. Qiymətləndirmə zamanı bütövlükdə qrupa və onun üzvlərinə ayrı-ayrı nəzər yetirməlidir. Bu, öyrənənləri tədris materialını, onun həyatla, cəmiyyətlə əlaqəsini mənimsə-məyə sövq edir, müstəqil iş aparmaqla tədqiqatçıya çevirir, fəaliyyətini stimullaşdırır. Beləliklə, müəllim qarşısına qoyduğu məqsədə çata bilir, dərsin funksiyaları yerinə yetirilmiş olur.
Dostları ilə paylaş: |