AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTU
əlyazması hüququ
HƏMİDOVA ELYANƏ EYVAZ qızı
Ibtidai siniflərdə praktik məsələ həlli vasitəsi ilə riyaziyyat təliminin həyatla əlaqələndirilməsi
MM 010004 “İbtidai təhsilin pedaqogikası və metodikası ”ixtisaslaşması üzrə
MAGİSTR DİSSERTASİYASININ
REFERATI
BAKI- 2010
REFERAT
Mövzunun aktuallığı - Azərbaycan cəmiyyətinin müasir inkişafı məktəb qarşısında müstəqil və tənqidi düşünən faktları qarşı-qarşıya qoymaqla təhlil etmək, müstəqil həll variantlarını tapmaq və onların ən yaxşısını seçmək bacarığına malik şəxsiyyətin tərbiyə edilməsi vəzifəsini qoyur. Məhz buna görə də müasir mərhədə ümumtəhsil məktəblərinin modernləşdirilməsi şagirdlərin nəinki müəyyən biliklər toplusunu mənimsəməyə, həm də onu şəxsiyyətin inkişafına cəlb etməlidir. Onun idraki və yaradıcı imkanlarını inkişaf etdirməlidir. Bu tələblər baxımından riyazi təhsilin prioritet xətti ciddi dəyişikliyə uğrayır. Beləki, hazırda şagirdlərin şəxsiyyət kimi formalaşmasında riyazi biliklərin rolu ön plana çəkilir.
Ümumtəhsil məktəblərində, xüsusiylə də ibtidai siniflərdə riyaziyyat təliminin məzmununun modernləşdirilməsinin əsas istiqamətlərindən biri nəzəri biliklərin praktik istiqamətlərinin gücləndirilməsidir. Bu tələb riyaziyyat proqramına həm praktik baxımdan daha əhəmiyyətli olan bölmələrin daxil edilməsi, həm də mövcud proqramın tələbləri çərçivəsində təlimin praktik istiqamətinin gücləndirilməsi yolu ilə ola bilər. Lakin təlim materialının məzmununun nəzəri aspektinin azaldılması hesabına praktik məzmunun gücləndirilməsi ciddi səhvlərə gətirə bilər. Beləki, şagirdlərin məntiqi təfəkkürünün və məntiqi savadının zəifləməsinə yol vermək olmaz. Praktik məzmunlu təlim materialının seçilməsini elə didaktik tələblər çərçivəsində etmək lazımdır ki, şagirdlərin məntiqi savadının yüksəlməsinə mane olmasın. Lakin başlıca metodiki priyom mövcud proqramın tələbləri çərçivəsində fənnin praktik istiqamətinin gücləndirilməsidir ki, bunu da müəllimin metodik ustalığı hesabına etmək olar. Müəllimin iş sistemi elə istiqamətlənməlidir ki, öyrədilən nəzəri biliklər həyatla, real proseslərlə şagirdlərin gündəlik əməli fəaliyyətləri və təcrübələri ilə sıx bağlı olsun.şagirdlər riyaziyyatın bütün qanunauyğunluqlarının həyatda, real proseslərdə cərəyan etdiyini dərk etməlidirlər. Riyazi mücərrədləşmə isə riyaziyyatın həyatla əlaqəsini aradan qaldırmır, sadəcə aşkar əlaqələri qeyri-aşkar şəkildə təqdim edir ki, bu da əlaqənin sanki olmaması təəssuratını yaradır. Riyaziyyat təlimin praktik iatiqamətinin daimi gücləndirilməsi mücərrəd anlayışlarının həyatla qeyri-aşkar ələqələrini bərpa etmək bacarığını yaratmağa xidmət edir. Deməli, aşkar əlaqədən mücərrədləşmə, ümumiləşmə yolu ilə keçid və tərsinə mücərrəddən konkretə keçid bacarıqları yalnız riyaziyyatın tədrisi prosesində riyazi qanunauyğunluqların real proseslərlə,həyatda və istehsal prosesində cərəyan edən hadisələrlə əlaqələndirilməsi prosesində formalaşır.
Bu baxımdan praktik məzmunlu məsələ anlayışlarından tədris prosesində geniş istifadə edilməsi tələbi ön plana çəkilməlidir.
Təqdim edilmiş magistr işində məhz praktik məzmunlu və praktik məsələlərdən istifadə edilməsinin metodik işlənməsi tədqiqata cəlb edilir. Işdə məsələ anlayışı, praktik məzmunlu məsələ anlayışı və praktik məsələ anlayışı geniş metodik təhlilə cəlb edilir. Məsələ anlayışının həm geniş, həm də dar mənada tərifi verilir. Belə məsələlərin tipləşdirilməsi metodikası təklif edilir, onların hər birinin həll üsulları metodik təhlil edilir, tövsiyələr irəli sürülür və tipik məsələ nümunələrinə baxılır.
Təqdim edilmiş magistr mövzusunun aktuallığı məhz bu şərh edilən məsələlərdən çıxır.
Riyaziyyat tədrisinin praktika və real proseslərlə əlaqəli tədrisinə imkan verən praktik məzmunlu məsələlər həm də təlimin tərbiyəvi funksiyasının realizə edilməsinə geniş imkan yaradır. Belə məsələlər şagirdlərin dünyanın müasir mənzərəsi ilə tanış olması, dünyanın dərk edilməsi kimi dünyagörüşünün formalaşmasına da ciddi təkan verir.
Mövcud pedaqoji ədəbiyyatda təhlilinin nəticələri göstərmişdir ki, praktik məzmunlu məsələlərin tədris prosesinə daxil edilməsi şagirdlərin riyazi biliklərindən əməli fəaliyyətlərində istifadə etmək imkanını artırır. Beləliklə, magistr işinin aktuallığı aşağıdakı kimi izah edilə bilər.
Riyaziyyat tədrisi prosesinin praktik məzmunlu məsələlərdən istifadə etmək yolu ilə modernləşdirilməsi tələbi;
İbtidai riyaziyyat kursunun tədrisində praktik məzmunlu məsələ tiplərindən zəif istifadə edilməsi şagirdlərin həyat təcrübələrinə uyğun, özləri və valideynlərinin əməli fəaliyyətləri ilə bağlı məsələ tərtib etmək bacarığı və s. istiqamətdə metodiki işlərin və tədqiqatların müəyyən dərəcədə zəif olması;
Məktəb təcrübəsində məzmunu və şərti bilavasitə istehsalatdan, həyatı məlumatlardan götürülmüş məsələlərdən istifadə edilməsinə olan ehtiyac;
İbtidai riyaziyyat kursu ilə yuxarı siniflərin riyaziyyat kursu arasında varislik əlaqələrinin yaradılmasında, həmçinin ibtidai riyaziyyat kursu ilə digər təbiət fənləri arasında fənlərarası əlaqələrin realizə edilməsinin zəruriliyi.
Dostları ilə paylaş: |