Yataqların neftverimini artıran termiki üsullara lay daxili yanma, neftin buxar ilə çıxarılması, isti suyun laylara vurulması və onların kombinasiyası daxildir. Bu üsullardan əsasən yüksək özlülüklü neft yataqlarının işlənilməsində istifadə olunur. Məlumdur ki, neftin yüksək özlülüyünün olması onun layda zəif hərəkət etməsinə təsir edən əsas amillərdən biridir.
Termiki üsulların geniş tətbiqi nəticəsində müəyyən olunmuşdur ki, neftin özlülüyü temperaturdan əhəmiyyətli dərəcədə asılıdır və nefti 20-250C-dən 100-120 °C qədər qızdırıldıqda onun özlülüyü 100-500 mPa×s-dən 5-20 mPa×s qədər azala bilər ki, bu da onun məsaməli mühitdə hərəkətini əsaslı surətdə artırır.
Aşağıda layların neftverimini artıran ayrı-ayrı istilik üsulları qısa şərh olunur.
Lay daxili yanma üsulu Aparılmış tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, karbohidrogenlərin oksigenlə ekzotermik reaksiyaya girmək qabiliyyətinə (reaksiya nəticəsində istilik enerjisinin yaranması) malik olmasından istifadə etməklə neft laylarından istilik enerjisini almaq olar. Üsulun əsası ondan ibarətdir ki, məsaməli mühitdə olan neftin bir hissəsi yanıb onun yanmayan fraksiyasını hərəkətə gətirir. Xüsusi avadanlığın köməyi ilə quyu dibində müəyyən temperatur səviyyəsi yaradılır. Sonra proses müstəqil rejimdə müntəzəm surətdə quyulara hava vurmaqla davam etdirilir. Nəticədə yanma zonalarının temperaturu su buxarının doyma temperaturundan yüksək olub, 400-600 °C arasında dəyişir. Lay daxilində yanma üsulu əsasən ağır neftli yataqlarda tətbiq edilir.
Üsulun tətbiqi layların yatım dərinliyi 2000 m qədər olan yataqlarda əlverişlidir. Lay daxilində yanmanı aparmaq üçün qalınlıq 3-25 m olmalıdır. Qalıq neftlədoyma 50-60%, sulaşma 40%-dən artıq olmamalıdır. Üsulun tətbiqinə mənfi təsir edən amillərdən layların çatlılığını və yüksək qeyri-bircinsliliyini, qaz papağının mövcudluğunu, süxurların gilliyinin çox və örtük layların qalınlığının az olmasını göstərmək olar. Lay daxili yanma üsulu layların son neftvermə əmsalını 20% qədər artırmağa imkan verir.
Su buxarı ilə təsir üsulu
Bu üsul yüksək özlülüklü (40-50 mPa*s və daha artıq) neftli laylara su buxarının yüksək təzyiqlə vurulmasını nəzərdə tutur. Nəticədə laya külli miqdarda istilik enerjisi daxil olur və onu qızdırır. Bu zaman neftin özlülüyü azalır və onun məsaməli mühitdə hərəkəti artır.
Qeyd etmək lazımdır ki, bu üsulun tətbiqi işlənilmənin ilk mərhələlərində tətbiq olunduqda daha səmərəlidir. Üsul terrigen kollektorlarda layların yatım dərinliyi 2000 m qədər, neftlərin sıxlığı 820-1000 kq/m3, neftin özlülüyü 40-50 mPa×s-dən çox, effektiv qalınlıq 10-40 m, süxurların məsaməliyi 15-35%, süxurların keçiriciliyi 0,5 mkm2, neftlədoyumluluğu 40%-dən çox olduqda daha yüksək effekt verir.
Laylarda qaz papağının mövcudluğu və gilliliyin yüksək olması prosesin effektivliyini azaldır. Müəyyən olunmuşdur ki, laylara buxarın vurulması nəticəsində onların son neftverməsini 20% qədər artırmaq mümkündür.
İsti su ilə təsir üsulu Bu üsul yüksək özlülüklü və parafinli neftlərlə səciyyələnən yataqların işlənilməsində daha çox istifadə olunur. Bu zaman laya vurulan suyun temperaturu layın temperaturundan yüksək olmalıdır. Üsul istismar obyektinin yatım dərinliyi 2000 m qədər, kollektor süxurların keçiriciliyi 0,1 mkm2-dan böyük, məsaməlik 18%-dən çox, layların neftlədoyumluluğu 50%-dən çox, neftin özlülüyü 10 mPa×s çox, layın qalınlığı 10-100 m olduqda daha çox effekt verir. Müəyyən olunmuşdur ki, laylara isti suyun vurulması nəticəsində onların son neftvermə əmsalını 10%-ə qədər artırmaq mümkündür.