2. Xristianlıq Mənsublarının sayına görə dünyanın ən böyük dini olan xristianlıq bizim eranın I əsrində Fələstində yəhudi cəmiyyətində meydana gəlmişdir. Bu dinin yaranması İsus Xristosun (İsa Məsih) adı ilə bağlıdır. Xristos yunanca “məsh edilmiş” deməkdir. “Xristianlıq” sözünün özü də “xristos” kəlməsindən törəmişdir.
Fələstində meydana gəldikdən sonra xristianlıq Pyotr, Pavel və digər apostolların -İsa Məsihin şagirdləri və ya həvarilər- habelə onların davamçılarının təbliğatı sayəsində qədim Roma imperiyasının nüfuz dairəsinə daxil olan Aralıq dənizi sahilindəki şəhərlərdə yayılır. Erkən kilsələrdən biri Antioxiya şəhərində (indiki Türkiyənin Antakya şəhəri.) təşəkkül tapır. Burada İsa Məsihin davamçılarına ilk dəfə “xristian” adı verilir. Xüsusən apostol Pavelin fəaliyyəti xristianlığın bütpərəst xalqlar arasında yayılmasında böyük rol oynayır.
Zaman keçdikcə xristian təlimi bütün qədim Roma imperiyası ərazisində özünə tərəfdar qazanır. İlk vaxtlar xristianlığı yoxsul və məzlum insanlar qəbul edirdi. Təqiblərə baxmayaraq, xristian dini Roma imperiyasının əyanları və varlıları arasında da yayılırdı. Nəhayət Roma imperatorları I Konstantin və Lisiniy 313-cü ildə Milan şəhərində görüşüb imperiya ərazisində dini dözümlülüyün elan edilməsi ilə bağlı razılaşma sənədi imzaladılar. “Milan edikti” adlanan bu sənəd qəbul edildikdən sonra xristianların təqiblərinə son qoyuldu.
Hazırda Yer kürəsində yaşayan xristianların ümumi sayı 2,2 milyard nəfərdən çoxdur.
Xristian təliminin əsasında “Üç üqnum”, yaxud “Müqəddəs üçlük” əqidəsi dayanır. Bu inanca əsasən, tək və vahid olan Tanrının sifətləri üçdür – Ata, Oğul və Müqəddəs Ruh.
“İncil”dəki rəvayətlərə əsasən, yəhudi cəmiyyətinin nüfuzlu şəxsləri, xüsusən din adamları İsa Məsihin təlimini etirazla qarşılamışlar. Həmçinin on iki həvaridən biri olan Yəhuda İskariotun xəyanəti nəticəsində o, həbs olunmuş və cəzalandırılmaq üçün Roma canişini Ponti Pilatın qarşısına çıxardılmışdır. Yəhudi ağsaqqalları tərəfindən təhrik olunan camaatın tələbi ilə Ponti Pilat İsa Məsihin edamı əmrini vermişdir. Edamdan öncə İsa Məsih müxtəlif ağır işgəncələrə məruz qalaraq Yerusəlim şəhəri (Qüds) yaxınlığında yerləşən Qolqofa adlı təpədə çarmıxa çəkilmişdir. Rəvayətlərə görə, guya İsa Məsih xaçda ölən kimi günəş tutulmuş, Yerusəlim məbədində pərdə cırılmış, zəlzələ baş vermiş və s. hadisələr baş vermişdir. Həmçinin edamdan üç gün sonra İsa Məsih dirilmiş, qırx gün şagirdlərinə moizə etmiş və sonda qeybə çəkilmişdir.
Xristianlar inanırlar ki, İsa Məsihin xaça çəkilməsi əbəs yerə olmamışdır. Bununla Ata Tanrı bəşəriyyətin ilkin günahdan azad olunması üçün öz vahid və yeganə oğlunu, yəni İsa Məsihi qurban vermişdir. Xristianlığa görə, insanlar yalnız İsa Məsihin xilaskarlıq missiyasına iman gətirdikdə bu ilk günahdan azad ola və əbədi həyat qazana bilərlər. Təsadüfi deyildir ki, İsa Məsih “İncil”də “Tanrının Qurbanlıq quzusu” və “Xilaskar” adlandırılır.
Xristian inancına görə, İsa Məsih axır zamanda yer üzünə ikinci dəfə qayıdacaq, məhşərdə bütün insanları mühakimə edərək günahkarları cəzalandıracaq, salehləri isə xoşbəxt əbədi həyatla mükafatlandıracaqdır.
Beləliklə, xristian təliminin əsasında İsa Məsihin Tanrının oğlu olması və insanların xilası naminə özünü qurban verməsi ideyası dayanır.
Xristianlığın dini mətnlər toplusu “Bibliya” və ya “Müqəddəs Kitab” adlanır “Bibliya” yunan dilində “kitab” mənasına gəlir. – Red.). Bu dini kitablar toplusu Əhdi-Ətiq və Əhdi-Cədid adlı iki böyük hissəyə bölünür və özləri də çoxsaylı dini kitablardan ibarətdir. Xristianların inancına görə, Əhdi-Ətiq Tanrı tərəfindən vəhy olunub və buraya Tövrat, Zəbur və digər yəhudi müqəddəs mətnləri daxildir. Ümulikdə 39 kitabdan ibarət olan Əhdi-Ətiq qədim yəhudi dilində e.ə. XIII-V əsrlərdə qələmə alınmışdır.
“Bibliya”nın ikinci hissəsini Əhdi-Cədid təşkil edir Adətən Əhdi-Cədid dedikdə, “İncil” başa düşülür. “İncil”də İsa Məsihin doğulması, həyatı, moizələri, möcüzələri, xaça çəkilməsi, dirilməsi və göyə qalxması haqqında bəhs edilir.
Xristianlıqda əsas dini ayinlər latın dilində “sirr, öhdəlik” mənasına gələn “sakrament” adlandırılır. Bu əsas yeddi dini ayin aşağıdakıdır:
1. Vəftiz. “Vəftiz” kəlməsi yunan dilində “suya batırmaq” mənasına gələn “baptizo” sözündən törəmişdir. Vəftiz və ya xaç suyuna salmaq ayini insanın bütün günahlardan təmizlənərək yeni və pak həyata başlaması və xristianlığa daxil olmasının rəmzidir.
2. Yevxaristiya (yunan dilində “minnətdarlıq”, “şükür” mənasına gəlir). “Əhdi-Cədid”ə görə, İsa Məsih çarmıxa çəkilməmişdən əvvəl sonuncu dəfə 12 həvarisi ilə birgə şam yeməyi yemiş, onlara bir parça çörək və şərab verərək çörəyin onun bədəni, şərabın isə onun qanı olduğunu demişdir. Beləcə, Rəbbin Süfrəsi ayini yaranmışdır.
3. Mirro yağı ilə məshetmə- bu ayin zamanı “miro” deyilən ətirli yağdan istifadə olunur. Belə ki, keşiş Müqəddəs Ruhun nazil olması haqqında dua oxuduqdan sonra yenicə xaç suyuna salınmış şəxsin bədən üzvlərinə (alın, göz, burun, dodaq, qulaq, sinə, əl və ayaqlarına) xaç şəklində “miro” yağı sürtür.
4. Tövbə. Dindar keşişin yanında öz günahlarını etiraf edir və Tanrıdan bağışlanma diləyir. 5. Kilsə nikahı.- dini qaydalara uyğun şəkildə kişi və qadın arasında bağlanan nikah isə “sakrament” sayılır.
6. Keşişlik. Bu ayin vasitəsi ilə namizəd üç keşişlik dərəcəsindən (yepiskop, presviter və dyakon) birinə təyin olunur..
7. Xəstələrin yağlanması. - keşiş tərəfindən cismani və ya psixoloji (qəm, qüssə) xəstəlikdən əziyyət çəkən, eləcə də ölüm yatağında olan insanın bədən üzvlərinə zeytun yağı sürtülür.
Əsas xristian konfessiyaları bunlardır- Katoliklik və ya katolisizm (yunan dilində “ümumdünya.) mənsublarının sayına görə ən böyük xristian konfessiyasıdır. Katoliklərin vahid dini mərkəzi Vatikan şəhər-dövlətində yerləşir. Katoliklərin dini-inzibati mərkəzi rəsmi olaraq Müqəddəs Taxt-Tac adlanır. Pravoslavlıq- Pravoslavlar daha çox mühafizəkardır. Onlar erkən xristianlığın ehkamlarını dəyişdirmir və ya onlara əlavə etmirlər.
Protestantlıq -Mənsublarının sayına görə ən böyük ikinci xristian konfessiyası protestantlıqdır. Dünya üzrə protestantların sayı 800 milyon nəfərdən yuxarıdır.