PLAN-KONSPEKT
Mövzu-5: Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanmasının təşkili,
MM biliklərinin təbliği.
Tədrisin məqsədi: Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması üsullarının tələbələrə öyrədilməsi.
Məşğələnin keçirildiyi yer: BDU- nun auditoriyası.
Vaxt: 2 saat.
Tədris sualları və təxmini vaxt bölgüsü:
Giriş hissə: Tələbələrin davamiyyətinin və mühazirəyə hazırlığının yoxlanılması – 10 dəq.
1-ci tədris sualı: Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlığının təşkili - 40 dəq;
2-ci tədris sualı: MM təbliğatının məzmunu və vəzifələri- 35 dəq;.
Məşğələyə yekun vurulması - 5 dəq.
Ədəbiyyat: 1. Azərbaycan Respublikasının 30 dekabr 1997-ci il tarixli 420-1Q saylı “Mülki Müdafiə haqqında” qanunu.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 193 saylı qərarı.
Əyani vəsait: -videoproektor;
-plakatlar;
-prezentasiya.
1-ci tədris sualı: Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlığının təşkili.
Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması mülki müdafiənin əsas vəzifələrindən biridir.
Fövqəladə hadisələrdən müdafiəyə respublikanın bütün əhalisi hazırlanır.Bu zaman 6-16 yaşlı şəxslərə-fövqəladə hadisələrdən müdafiə üsulları, 17 yaşdan yuxarı şəxslərə isə, bundan əlavə belə halların nəticələrini aradan qaldırmaq üzrə fəaliyyət qaydaları da öyrədilir.
Mülki müdafiənin əhaliyə öyrədilməsi respublikanın bütün ərazisindəki nazirlik, komitə, idarə və müəssisələrin, təşkilatların rəhbərləri tərəfindən təşkil edilir, kadrların hazırlanması sistemində əsas vəzifələrlə yanaşı mülki müdafiə üzrə vəzifələr də nəzərə alınmaqla həyata keçirilir.
Obyektlərdə mülki müdafiənin öyrədilməsi, tədris qruplarında məşğələ keçməklə və ya mühafizə məsələlərini müstəqil surətdə öyrənmək üsulları ilə həyata keçirilir.
Məşğələlərin mövzuları, keçirilmə qaydası və vaxtı (iş vaxtı və ya işdən sonra) yerli şərait, istehsalın xüsusiyyətləri və öyrədilən şəxslərin hazırlıq dərəcəsi nəzərə almaqla müəyyən edilir.
Kollektiv və ya fərdi əmək müqaviləsi bağlanarkən, mülki müdafiəyə hazırlığın təşkili üzrə işə qəbul edənin və əmək kollektivinin vəzifələri müəyyən olunur.
Dövlət və qeyri-dövlət təhsil müəssisələrində şagirdlərin, tələbələrin və dinləyicilərin mülki müdafiə hazırlığı üzrə mövzuları, proqramları və tədris saatlarının miqdarı müvafiq nazirlik, dövlət komitələri, baş idarələr tərəfindən yerli xüsusiyyətlər nəzərə alınmaqla işlənib hazırlanır və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılır.
Mülki müdafiə təlimləri və məşqləri fövqəladə hadisələr dövrlərindəki mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi üzrə bütün əhali qruplarını hazırlamağın əsas forması hesab edilir.
Respublikanın əhalisinə mülki müdafiə biliklərinin öyrədilməsində təbliğatın bütün formalarından istifadə olunur.
İstehsal və sosial təyinatlı obyektlərin rəhbər heyətinin hazırlanması.
Rəhbər heyətin hazırlığı bilavasitə təsərrüfat obyektlərində, ərazi və sahə Mülki Müdafiə orqanları tərəfindən keçirilən tədris-metodik toplanışlarda, kadrların ixtisasartırma üzrə təhsil müəssisələrində və mülki müdafiə kurslarında yerinə yetirilir. Rəhbər heyətin hazırlığı qüvvədə olan proqramlara müvafiq həyata keçirilir. Onlar həmçinin tədris ili ərzində 3-5 gün istehsalatdan ayrılmaqla keçirilən məşğələlərdə, məşqlərdə, toplanışlarda hazırlanır, yeni vəzifəyə təyin olunandan sonra isə hər 5 ildən bir MM kurslarında hazırlıq keçirlər.
İşçilərə MM biliklərinin öyrədilməsi.
İdarə, müəssisə, təşkilat və digər obyektlərdə işləyən, lakin MM qüvvələrinin, xidmətlərinin heyətinə cəlb olunmayan əhaliyə MM bilikləri hər il iş yerində, istehsalatdan ayrılmadan öyrədilir. Bu əhali qrupu üçün hazırlığın aşağıdakı növləri müəyyən edilmişdir.
– MM məsələlərini müstəqil surətdə öyrənmək və hər ay sex, şöbə və digər bölmə rəhbərlərinin keçirdiyi MM məşqlərində iştirak etməklə.
– tədris qrupunun tərkibində, xüsusi hazırlanmış qrup rəhbərlərinin yaxud bilavasitə öz rəhbərinin başçılığı ilə müntəzəm məşğələ keçməklə.
Obyektin ştatlı MM işçiləri, məşğələ rəhbərləri və ya təlimatçılarla tədris ilinin əvvəlində 1-2 günlük metodik toplanış keçirilir. Ştatlı Mülki Müdafiə işçiləri olmayan obyektlərdə belə toplanışlar regional şöbələrdə, şəhər, rayon icra orqanlarının nəzdindəki MM kurslarında təşkil edilir.
İşləməyən əhaliyə MM biliklərinin öyrədilməsi.
İstehsalat və xidmət sahələrində məşğul olmayan (işləməyən) əhaliyə mülki müdafiə bilikləri mənzil - təsərrüfat idarələrində yaradılan məsləhət məntəqələrinin yardımı ilə müstəqil surətdə və ya MM hazırlığı üzrə keçirilən təlimlərə (məşqlərə) cəlb edilməklə öyrədilir.
Dövlət və qeyri-dövlət ali, orta ixtisas məktəbi tələbələrinə, texniki peşə və ümumtəhsil məktəbləri şagirdlərinə MM-nin öyrədilməsi.
MM və tibbi biliklərin əsasları – ali məktəblərin bütün tələblərinə öyrədilməsi məcburi olan fənlər sayılır və tədris proqramlarına daxil edilir.
Tələbələrə MM-nin öyrədilməsi üzrə əsas vəzifələr aşağıdakılardır:
-
fövqəladə hallarda fəaliyyət göstərmək və ali məktəblərdə aldıqları ixtisasa müvafiq olaraq, obyektlərin sabit işinin təmin edilməsi üsullarını öyrənmək;
-
tibbi biliklərin əsaslarına yiyələnmək və fövqəladə hallarda əməli olaraq tibbi yardım göstərməyi bacarmaq;
- ümumtəhsil məktəblərinin 2, 5, 6-cı siniflərində MM və tibbi hazırlıq fənləri üzrə məşğələlər aparmağı bacarmaq.
MM və tibbi biliklərin əsasları üzrə məşğələlər xüsusi fənn olmaqla bütün ali təhsil müəssisələrində bir semestr keçirilir və imtahan verməklə qurtarır.
Ali pedaqoji məktəb tələbələrinə, orta məktəblərdə təcrübə keçən dövrdə MM və tibb hazırlığı fənləri üzrə məşğələlər aparılması da planlaşdırılır.
Ali təhsil müəssisələrində Həyat Fəaliyyətinin Təhlükəsizliyi kafedraları Təhsil nazirliyi rəhbərliyinin əmri ilə yaradılır və ümumi qaydalara müvafiq komplektləşdirilir. Həyat Fəaliyyətinin Təhlükəsizliyi kafedraları müəllimlərinin bilikləri sahə təkmilləşdirmə tədris müəssisələrində, MM kurslarında və müvafiq sazişlərə əsasən digər ölkələrin ixtisaslaşdırılmış tədris müəssisələrində təkmilləşdirilir.
Ümumtəhsil, texniki peşə, orta ixtisas və onlara bərabər tutulan digər məktəblərin 10-11 sinif şagirdlərinə, MM fənni «Gənclərin ibtidai hərbi hazırlıq proqramına» bölmə kimi daxil edilir və proqramda nəzərdə tutulan miqdarda hərbi rəhbər tərəfindən tədris olunur.
MM fənni 2-ci sinifdə – 6 saat, 5-ci sinifdə – 8 saat və 6-cı sinifdə – 8 saat tədris olunur. Saatlar bədən tərbiyəsi fənninin tədris saatlarına daxil edilir və sinif rəhbərləri tərəfindən tədris olunur.
MM tədris edən sinif rəhbərləri tədris ilinin əvvəlində yerli MM qərargahlarının nəzdində 3 günlük kurs keçirlər.
Kadrların ixtisasartırma və yenidən hazırlanması üzrə tədris müəssisələri dinləyicilərinə MM öyrədilməsi.
Kadrların ixtisasartırma və yenidən hazırlanması üzrə tədris müəssisələrində dinləyicilərə MM-n öyrədilməsinin əsasını – fövqəladə hadisələr dövrlərində onların öz əsas işinə və MM üzrə vəzifələrinə müvafiq olaraq mühafizə tədbirlərini həyata keçirmək vərdişlərinin qazanması məqsədilə aparılan əməli məşğələlər təşkil edir.
Obyektlərin rəhbər heyəti və mütəxəssisləri yenidən hazırlanarkən tədris proqramına «Fövqəladə hallarda obyektin idarə olunması və onun sabit işinin təmin edilməsi» kursu, ictimai və humanitar tədris müəssisələrində isə «Mülki Müdafiə» kursu daxil edilir.
Məşğələlər həm bu kursun öyrədilməsi üçün planlaşdırılmış saatlarda, həm digər fənlər ilə kompleks halında, həm də kafedraların tapşırıqlarına əsasən müstəqil hazırlıq saatlarında keçirilir. Mülki Müdafiə kursunun öyrədilməsi – proqram həcmində yoxlama işi (referat) yazmaqla başa çatdırılır. Fövqəladə hallarda müəssisənin (sahənin) idarə edilməsi və onun sabit işinin təmin olunması dinləyicilərin buraxılış işlərinə ayrıca bölmə kimi daxil edilir.
MM tədrisinin planlaşdırılması və uçotu üçün aşağıdakı rəhbər sənədlərdən istifadə olunur:
-
«Mülki müdafiə» haqqında Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 saylı fərmanı;
-
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 193 saylı qərarı;
-
Fövqəladə Hallar Nazirinin əmr və direktivləri;
-
MM üzrə normativ sənədlər;
-
MM tədris proqramları;
-
MM rəhbərinin keçmiş tədris ilinin yekunları və yeni tədris ilinin vəzifələri haqqında əmri;
-
Əlaqədar nazirlik, komitə və müəssisə rəhbərlərinin əmrləri;
-
Keçiriləcək təlimlər haqqında MM planından çıxarış və s.
Obyektlərdə MM tədrisinin planlaşdırılması üçün sənədlər:
-
Obyekt MM rəhbərinin keçmiş tədris ilinin yekunları və yeni tədris ilinin vəzifələri haqqında əmri;
-
Rəhbər, komandir-rəis heyəti, MM qüvvələri və işçilərin MM hazırlığı üzrə planı;
-
Bütün qruplar üçün dərs cədvəlləri;
-
Obyektdə keçiriləcək təlim və məşqlərin mövzuları;
-
Yeni tədris ilində MM kurslarında hazırlıq keçəcək rəhbər və komandir-rəis heyətinin siyahısı;
-
Obyektin tədris-metodik bazasından istifadə edilməsi qrafiki;
-
Obyekt MM qərargahının aylıq iş planı.
Azərbaycan Respublikası Prezidentinin 18 aprel 1998-ci il tarixli 700 və 15 iyul 2000-ci il tarixli 375 saylı Fərmanları ilə Azərbaycan Respublikasının «Mülki müdafiə haqqında» qanununa edilən düzəlişlər nəzərə alınmaqla, qanunun 11-ci maddəsində qeyd olunduğu kimi, “Əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində biliklərin təbliği” mülki müdafiə sisteminə daxil olan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyi və Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkəti həyata keçirirlər.
MM təbliğatının məqsədləri aşağıdakılardır:
1. Mülki müdafiə sistemi və onun rolu barədə əhali arasında düzgün təsəvvürün yaradılması. Ölkənin hər bir vətəndaşı bilməlidir ki, canının və malının mühafizəsi ona konstitusiya ilə verilmiş əsas sosial hüquqlardan biridir və buna dövlət tərəfindən təminat verilir. Dövlətin bütün orqanları mühafizə tədbirlərində fəal iştirak etməklə yanaşı, bunun üçün qanun qarşısında cavabdehdirlər.
2. Əhalinin MM sahəsində aldığı biliklərin möhkəmləndirilməsi. MM biliklərinin təbliği, hərbi vətənpərvərlik tərbiyəsinin ayrılmaz tərkib hissəsi olduğu üçün bunlar kompleks şəkildə təbliğ edildikdə, əhali MM biliklərinə daha yaxşı yiyələnir, düşmənin müasir qırğın silahlarını və onlardan mühafizə üsullarını öyrənə bilir. Buna görə də təbliğat işi elə təşkil edilməlidir ki, MM biliklərinin öyrənilməsi, hərbi vətənpərvərlik tərbiyəsinin təbliği ilə üzvi surətdə vəhdət təşkil etsin.
3. MM tədbirlərinin zəruriliyində, onun xilasedici imkanlarına əhalidə möhkəm inamın yaradılması. Əhali bilməlidir ki, MM mütəxəssisləri tərəfindən müəyyən olunmuş qaydalara dəqiq əməl etməklə, ən mürəkkəb şəraitdə belə itkiləri minimuma endirmək mümkündür.
4. Əhali arasında siyasi sayıqlığın artırılması. İstənilən şəraitdə belə yüksək mütəşəkkilliyin göstərilməsi, təxribatlara və panikaya qarşı sayıq olmağın vacibliyinin hər bir insanın şüuruna çatdırılması.
5. Fövqəladə hadisələrə əhalinin mənəvi-psixoloji cəhətdən hazırlanmasının təmin edilməsi. Mənəvi-psixoloji tərbiyə dedikdə: qorxu hissinə qalib gəlmə bacarığı, təhlükə zonasında müəyyən olunmuş normalara riayət etmək, mütəşəkkillik göstərmək, təmkinli, cəsarətli, fədakar, iradəli və sədaqətli olmaq, insanlar arasında ünsiyyətin möhkəmləndirilməsi, mehribançılığın yaradılması, mənəvi ruhun yüksəldilməsi, qarşılıqlı köməkliyin təşkili və digər müsbət cəhətlərin tərbiyə olunması nəzərdə tutulur.
MM təbliğatının forma, metod və vasitələri
MM biliklərinin təbliğində əsasən təbliğatın 3 formasından:
-
şifahi;
-
mətbuat;
-
əyani formasından istifadə olunur.
Şifahi təbliğat kütləvi izahat işlərində müvəffəqiyyətlə sınaqdan çıxmış ən təsirli formadır. Şifahi təbliğatın üstünlüyü ondadır ki, bu zaman təbliğatçı dinləyicilərlə üzbəüz durur və canlı dialoq yaranır. Belə şəraitdə adamları başa salmaq daha asan olur, mövzu yaxşı qavranılır, aydın olmayan məsələləri sual-cavab yolu ilə aydınlaşdırmaq mümkün olur.
Bu işə həmçinin “Könüllü Hərbi Vətənpərvərlik Texniki- İdman”, “Bilik” və “Qızıl Aypara” cəmiyyətlərində çalışan təcrübəli alimlər və mütəxəssislər cəlb olunmalıdırlar.
Mətbuatın və başqa kütləvi informasiya vasitələrinin rolu MM biliklərinin təbliğində, yayılmasında və öyrənilməsində böyükdür. Respublikadakı hərbi-siyasi vəziyyəti nəzərə alaraq, MM təbliğatını gücləndirmək üçün dövri mətbuatın bütün imkanlarından səmərəli istifadə olunmalıdır. Ərazisində hərbi əməliyyatlar aparılan rayonlarda və ona qonşu olan ərazilərdə bu xüsusilə vacibdir.
Əyani təşviqat da MM biliklərinin təbliğində geniş istifadə edilən formalardan biridir. Bura, MM tədbirləri üzrə çəkilmiş sənədli filmlər, hazırlanmış sərgilər və s. aiddir. Stasionar və səyyar sərgilərdə nümayiş etdirilən fərdi mühafizə vasitələri və MM sistemində istifadə olunan texniki avadanlıqlar, mühafizə qurğularının maketləri və s. insanlarda mühafizə sistemi barədə tam təsəvvür yaradır. MM biliklərinin təbliğində mühafizə məsələlərinə dair çəkilmiş tam və qısametrajlı elmi-kütləvi və sənədli filmlər, kino-jurnallar, habelə tədris filmləri əhalinin MM biliklərinə yiyələnməsində əvəzsiz rol oynayır.
MM biliklərinin təbliğində əyaniliyin ən mükəmməl nümunəsi isə MM üzrə vaxtaşırı keçirilən təlim və məşqlərdir. İdarə və müəssisələrdə, tədris ocaqlarında, eləcə də rayonlarda və şəhərlərdə keçirilən MM təlimləri bütünlükdə mühafizə tədbirlərinə bir növ baxışdır və belə tədbirlərdə çoxlu sayda insan iştirak etdir. Təbii ki, təlim iştirakçıları MM tədbirlərinin necə həyata keçirilməsinin bilavasitə iştirakçısı olduqları üçün təlim suallarını daha yaxşı qavrayır və müəyyən təcrübə qazanırlar.
Deyilənləri yekunlaşdıraraq belə bir qənaətə gəlməliyik ki, MM təbliğatının başlıca vəzifəsi adamları təbii fəlakət, texnogen qəzalar və kütləvi qırğın silahlarının təhlükəsindən qorumaq sahəsində MM tərəfindən işlənib hazırlanan tədbirlərin təbliğindən və insanlarda ona möhkəm inam yaratmaqdan ibarətdir.
Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimi
Dostları ilə paylaş: |