İ.M.ABBASOV, R.F.SADIQOV
M E N E C M E N T
(Dərs vəsaiti)
Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 18.01.2013-cü il tarixli 54 saylı əmri ilə təsdiq edilmişdir.
Bakı-2013
Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir.
Elmi redaktor: İqtisad elmləri namizədi, dos. Z.M.Məmmədova
Redaktor: İqtisad elmləri namizədi, M. K. Məcidov
Rəyçilər: 1. i.e.n., dos. V.Ə.Kazımov
2. f.e.n., dos. K.Ş.Eyyubov
3. i.e.n., dos. Ə.İ.Əliyev
4. i.e.n., dos. O.A.Yusupova
“Menecment” (dərs vəsaiti) – Bakı Biznes Universitetinin nəşri, 2013. səh. 205.
Məzmunu açıqlamaq məqsədilə on bir fəslə və onun hər biri müəyyən paraqraflara bölünmüşdür.
Dərs vəsaitində menecmentin mahiyyəti açıqlanmış, idarəetmənin tarixi və məktəblər haqqında məlumatlar verilmiş, menecerlərin funksiyalarından bəhs edilmişdir. Kitabda idarəetməyə elmi cəhətdən yanaşılmış, müəssisələrin təşkilati quruluşu, idarəetmə üsulu və üslubu, menecmentin prinsipləri, təsərrüfat subyektlərinin təşkilati – hüquqi formaları və onların idarə olunması haqqında məlumatlar verilir. Menecmentə elmi yanaşma idarəetmə fəaliyyətinə, idarəetmə prosesinə, onun funksiya, metod və prinsiplərinə elmi-nəzəri baxışların məcmusu kimi başa düşülür.
© İ.M.Abbasov, R.F.Sadıqov
© Bakı Biznes Universiteti 2013
GİRİŞ
Bazar münasibətləri şəraitində mikroiqtisadi sferada qarşıda duran ən mühüm vəzifələrdən biri də müəssisələr (təşkilatlar, birliklər) səviyyəsində menecmentin nəzəri və metodoloji problemlərini araşdırmaq və həll etməkdir. Hazırkı dövrdə kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyi sayəsində respublikamızda yeni-yeni təsərrüfat sahələri yaranmaqdadır. Lakin sahibkarlıq sahəsində nəzəri biliklərə malik olmayan sahibkarlar və biznesmenlər təsərrüfatlarını idarə etmək bacarıqlarına malik olmurlar. Ali təhsil müəssisələrində menecment, biznesin idarə edilməsi, marketinq, sənayenin təşkili və idarə olunması ixtisasları üzrə kadr hazırlığı bu sahədə kadr problemlərinin aradan qaldırılmasında böyük əhəmiyyət kəsb edir. Bu nöqteyi nəzərdən, menecment dərs vəsaiti yeni yaranan və fəaliyyətdə olan mövcud sahibkarlıq sahələrinin təşkili və idarə edilməsinə dair nəzəri biliklər toplusunu özündə əks etdirir.
“Menecment” fənni üzrə dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin mövcud dövlət standartlarına, bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan tələblərə uyğun tərtib edilmişdir. Menecment fənlərarası elmi biliklər sahəsi kimi başa düşülür. Çünki elə bir sahə yoxdur ki, orada idarəetməyə ehtiyac olmasın. Məsələn maliyyə iqtisadiyyatın bir sahəsidir və onun menecmenti də vardır. Həmçinin istehsal, marketinq, innovasiya, kommersiya, informasiya və s.
Menecment xalq təsərrüfatının, onun ayrı-ayrı sahələrinin idarə edilməsinin əsasını təşkil edir. Menecment çox məsuliyyətli bir fəaliyyətdir. Bu məqsədlə, idarəetmənin təsirli və məqsədyönlü olması üçün idarə edən şəxslərin bilik və bacarıqlara malik olması vacibdir.
Dərs vəsaitində menecmentin mahiyyəti açıqlanmış, idarəetmənin tarixi və məktəbləri haqqında məlumatlar verilmiş, menecerlərin funksiyalarından bəhs edilmişdir. Kitabda idarəetməyə elmi cəhətdən yanaşılmış, müəssisələrin təşkilati-quruluşu, idarəetmə üsulu və üslubu, menecmentin prinsipləri, təsərrüfat subyektlərinin təşkilati–hüquqi formaları və onların idarə olunması haqqında məlumatlar verilir. Menecmentə elmi yanaşma idarəetmə fəaliyyətinə, idarəetmə prosesinə, onun funksiya, metod və prinsiplərinə elmi-nəzəri baxışların məcmusu kimi başa düşülür.
Dərs vəsaitində menecmentin alt sistemləri elmi cəhətdən şərh olunmuş, idarəetmə prosesinin həyata keçirilməsi texnologiyası izah edilmiş, bu zaman tələb olunan idarəetmə vasitələri və alətlərinin təsviri verilmişdir.
Dostları ilə paylaş: |