Klassik idarəetmə məktəbinin nümayəndələri ilk dəfə olaraq idarəetmə elmini sistemləşdirmiş, onun funksiyalarını, prinsip və metodlarını tədqiq etmişdirlər. Onlar sübut etmişlər ki, idarəetmə fəaliyyəti idarəetmənin həyata keçirilməsindən irəli gələn funksiyaların məcmusundan ibarət olub, müvafiq prinsiplərə əsaslanaraq müəyyən üsullar və mexanizmlər əsasında həyata keçirilir. Anri Fayol “İnzibati idarəetmə nəzəriyyəsi”nin yaradıcısıdır. O, idarəetməni menecerin dünyagörüşü kimi qiymətləndirərək, idarəetmənin əsas funksilyalarını irəli sürmüşdür. Həmin funksiyalar aşağıdakılardır:
planlaşdırma;
təşkiletmə;
motivləşdirmə;
marketinq;
nəzarət;
Onlar idarəetmənin 3 üsulunu təklif edirdilər:
iqtisadi üsul;
inzibati üsul;
sosial-psixoloji üsul.
Klassik idarəetmə məktəbinin təklif etdiyi rəhbərlik üslubları isə aşağıdakılardır:
avtokrat üslub;
liberal üslub;
demokratik üslub.
Anri Fayoldan fərqli olaraq Max Veber isə “Bürokratik idarəetmə nəzəriyyəsinin” yaradıcısıdır. O, bürokratik idarəetməyə qaydalar, təşkilati struktur, əmək bölgüsü, karyera vəzifəsi kimi baxmışdır. Bununla bərabər, bürokratik idarəetmənin mənfi cəhətlərini də qeyd etmişdir ki, bunlar - sərt qaydalar və ləng qərarvermədir.
İnsani münasibətlər məktəbi hər bir işçiyə fərdi qaydada yanaşmanı tələb edir. Onlar qeyd edirdilər ki, əmək prosesində işçilərin fərdi xüsusiyyətləri, tələbat bacarığı, qabiliyyəti, səriştəsi, psixologiyası ayrı-ayrılıqda nəzərə alınmalıdır.
Bu məktəb idarəetmənin və fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə, maddi və mənəvi həvəsləndirməni, idarəetmədə insan amilini, iş şəraitini, ictimai münasibətləri nəzərə almağı zəruri hesab edirdi.
İnsani münasibətlər məktəbinin nümayəndələrindən Meri Follet, Elton Mayo, Abraham Maslou və başqalarını misal göstərmək olar. Meri Follet menecmenti “digərlərinin köməyi ilə işlərin yerinə yetirilməsinin təmin olunması” kimi hesab edirdi. Elton Mayo və Abraham Maslou belə hesab edirdilər ki, əmək məhsuldarlığının artırılmasına nail olmaq üçün təkcə maddi maraq amili şərt deyildir. Bu zaman işçilərin arasındakı münasibətlərin düzgün qurulması və idarə olunması, məsələn işçilərlə məsləhətləşmələr aparmaq, kollektivdə xoş ünsiyyət yaratmaq, onların ehtiyacları, problemləri ilə maraqlanmaq vacibdir.
İnsani münasibətlər məktəbinin nümayəndələri aşağıdakı məsələləri tədqiq etmişlər:
Fərdi davranış.