Müasir müəllimin pedaqoji prosesdə rəhbər tutacağı bir sıra yolları, qaydaları, prinsipləri, onlara əməl edilməsini zəruri saydığımızdan “ehkam” adlandırırıq. Bu, o demək deyildir ki, “ehkamlar”ın əzbərlənməsi və onlara əməl edilməsi tam uğur qazanmağın qarantıdır. Pedaqoji proses bir çox məlum (və naməlum) obyektiv və subyektiv amillərin təsiri altında olduğundan eyni prinsipin tətbiqi müxtəlif şəraitlərdə fərqli nəticələr verə bilər. Amma hər bir müəllim bu ehkamları, qaydaları rəhbərliyə alıb, onları yaradıcılıqla tətbiq etsə, pedaqoji işin səmərəsini, keyfiyyətini artırmış olar. Həmin ehkamlar bunlardır:
müəllimin öz şagirdlərinin əhval – ruhiyyəsini başa düşməsi (sevinc, kədər və s.);
başqalarının çatışmazlıqları barədə onları məsxərəyə qoymadan, özünü ondan üstün tutub, əxlaq dərsi keçmədən danışmaq bacarığı;
pedaqoji təmkinlilik, müşahidəçilik, başqaları ilə məsafəni gözləyə bilmək, müsahibinin, xüsusilə öz şagirdinin fikirlərinə hörmət etmək;
şagirdinin çatışmazlıqlarını aradan qaldırma cəhdinə səbrlə dözmək, gözləmək bacarığı;
ədalətlilik, hörmət, qarşılıqlı anlaşma, eyni zamanda prinsipial tələbkarlıq;
şagirdlərin fərdi psixi xüsusiyyətlərini öyrənərək, onlarla münasibətdə kinayənin, zarafatın həddini gözləmək;
heç vaxt şagirdə onun fiziki qüsuru haqda danışmamaq, onların mənfi adətləri barədə hamının yanında fikir söyləməmək;
“çətin” uşaqlara qarşı fikrində kin bəsləməmək;
düzgün olmayan hərəkətinə, münasibətinə, səhvinə görə üzr istəməyi bacarmaq.
Müasir müəllimin əməl etməli olduğu etik “ehkamlar”, “Müəllimlərin etik davranış qaydaları”nda, “Etik davranış prinsipləri və onlara uyğun tələblər” başlığı altında bu cür ümumiləşdirilmişdir:
Müəllim peşə fəaliyyətində aşağıdakı etik davranış prinsiplərini gözləməli və müvafiq tələblərə ciddi şəkildə əməl etməlidir:
Qanunun aliliyi – müəllim vəzifə funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan hüquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur.
Vicdanlılıq – müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.