15.5.BEYNƏLXALQ MALIYYƏ-KREDIT TƏŞKILATLARI
Beynəlxalq maliyyə münasibətlərinin ən mühüm elementi beynəlxalq və regional valyuta-kredit və maliyyə təşkilatlarıdır. Müxtəlif funksiyalar daşıyan bu təşkilatların sayı çoxdur. Ona görə də bu təşkilatlardan ən mühümlərini nəzərdən keçirək.
1.Beynəlxalq Valyuta Fondu. BVF - valyuta çətinlikləri və tədiyyə balansının kəsirliliyi vaxtı üzv ölkələrə qısa və orta müddətli kreditlər təqdim etməyə yönəldilən və bu ölkələr arasında valyuta münasibətlərini tənzimləmək üçün yaradılmış hökümətlərarası valyuta-kredit təşkilatıdır.
Fond 1944-cü ilin iyulunda ABŞ-ın Bretton-Vuds şəhərində Birləşmiş Millətlərin Beynəlxalq Valyuta-Maliyyə Konfransında 44 ölkənin qəbul etdiyi razılaşma əsasında təşkil edilmişdir. Bu razılaşma 1945-ci ilin 27 dekabrından qüvvəyə minmişdir. 1947-ci ilin martın 1-dən BVF BMT-nin ixtisaslaşdırılmış orqanı kimi fəaliyyətə başlamışdır. Müasir dövrdə Beynəlxalq Valyuta Fondu ən güclü və nüfuzlu beynəlxalq maliyyə təşkilatlarındandır. Fond çox böyük ehtiyatlara malikdir.
Fondun ehtiyatları əsas kapitaldan və yığımlardan formalaşır. Kapital kvotalardan–üzv ölkələrin ayırmalarından təşkil edilir. Kvota iştirakdan irəli gələn ölçüdə olur:
Nizamnamə kapitalında ayırmanın ölçüsü;
İdarəetmə orqanlarında məsələlərin həlli zamanı ölkələrin malik olduğu səslərin sayı;
Fondun ehtiyatlarının istifadə limiti.
Hazırda Beynəlxalq Valyuta Fondunun 180-ə qədər üzvü var ki, bu da təqribən bütün dünya ölkələri deməkdir. Azərbaycan Respublikası 1992-ci ildən bu nüfuzlu beynəlxalq təşkilatın üzvüdür.
Fondun ali, rəhbər orqanı – İdarəetmə Şurasıdır. Şura hər bir üzv dövlət tərəfindən beş il müddətinə təyin olunan idarəçilər və müavinlərdən təşkil edilir və BVF-nun fəaliyyətinin prinsipial məsələlərini həll edir. Idarəçilər Şurasının sessiyası ildə bir dəfə yığılır və burada Fondun fəaliyyəti haqqında illik hesabat təsdiq edilir, yeni üzvlərin qəbulu haqqında ərizələrə baxılır, nizamnamə kapitalında dəyişiklik edilir və s. BVF-nun qərargahı Vaşinqtonda yerləşir. Bundan başqa, Fondun idarəetmə orqanı olan Diroktarat cari işlərlə məşğul olur.
BVF-nun əsas vəzifəsi maliyyə və valyuta çətinlikləri keçirən ölkələrin kreditləşdirilməsidir. Ona görə də Fond çoxlu sayda kredit əməliyyatları həyata keçirir. Fondun Nizamnaməsinə uyğun olaraq üzv ölkələr öz tədiyyə balanslarında müvəqqəti kəsiri aradan qaldırmaq üçün xarici valyutada vəsait ala bilər. Təşkilat kredit əməliyyatlarını ancaq üzv ölkələrin rəsmi orqanları ilə həyata keçirir. Yəni əsasən xəzinədarlıqla, mərkəzi banklarla, valyuta sabitləşdirmə fondları ilə və s. Fondun üzvü olan ölkələr avtomatik olaraq ondan kvotanın 25%-i həcmindən çox olmayan məbləğdə kredit ala bilərlər.
2.Beynılxalq İnkişaf və Yenidənqurma Bankı və onun qrupu.
Beynəlxalq İnkişaf və Yenidənqurma Bankı (BİYB) ilk dövlətlərarası investisiya institutudur. Bu təşkilat demək olar ki, hər yerdə “Dünya Bankı” adlandırılır. Ən böyük beynəlxalq təşkilatlardan olan Dünya bankı 1944-cü ilin iyulunda Bretton-Vudsda, Birləşmiş Millətlərin Beynəlxalq Valyuta-Maliyyə Konfransının qərarı ilə Beynəlxalq Valyuta Fondu ilə bir vaxtda yaradılmışdır. Öz fəaliyyətinə 1946-cı il 25 iyundan başlayan Bank formal olaraq BMT-nin ixtisaslaşdırılmış maliyyə idarəsidir.
BYİB-nın rəhbər orqanları İdarəçilər Şurası və idarəedici orqan olan Direktorluğudur. Şura üzv ölkələrin maliyyə nazirlərindən və ya mərkəzi bankın rəhbərlərindən ibarət olmaqla ildə bir dəfə öz sessiyasına yığılır. Dünya bankına yalnız BVF-yə üzv olan ölkələr üzv ola bilərlər. Bu tələb onunla izah edilir ki, bankın üzvü olan ölkələr öz valyuta-maliyyə siyasətlərini BVF-nun Nizamnaməsinə uyğun olaraq həyata keçirməyə borcludurlar.
Bankın ümumi kapitalının 20%-dən çoxu ABŞ-ın payına düşdüyündən, səslərin də 20%-i təkcə ona məxsusdur və bu qərarların qəbulu bu dövlətin mövqeyindən asılıdır.
Dünya bankının qərargahı Vaşinqtonda yerləşir.
Dünya bankı dünyada ən böyük kredit təşkilatıdır. Bu təşkilatın BVF-dan əsas fərqi ondadır ki, onun kreditləri müxtəlif iqtisadi məqsədlər üçün, o cümlədən əsasən istehsal sahələrində istifadə olunduğu halda fondun kreditləri ancaq ölkənin valyuta-maliyyə vəziyyətinin sabitləşdirilməsinə sərf edilir. Dünya bankının əsas məqsədi inkişafa köməkdir və bu məqsəd əsasən inkişaf etməkdə olan ölkələrdə həyata keçirilir. Bu məqsədlər üzv ölkələrin bank kreditləri üçün verdikləri ərizələrdə əks olunur. Bankın kredit siyasəti çox ciddi olduğundan, vəsaitlərin ayrılması məsələsinin həlli zamanı bank həmin ölkənin iqtisadi və maliyyə vəziyyəti haqqında çox geniş informasiya tələb edir və həmin ölkəyə öz nümayəndə heyətini göndərir. Nümayəndələr, hər şeydən əvvəl, ölkədə xüsusi bölmənin vəziyyətilə maraqlanır və inkişaf imkanlarını təhlil edirlər. Sonra isə təkliflər verilir. Əgər ölkə həmin təklifləri qəbul etməzsə, onda kredit almaq imkanlarını itirmiş olur. Bu təkliflər ölkənin müstəqilliyinə toxunmur və digər maliyyə-kredit təşkilatlarının (BVF) ölkədə fəaliyyətinə uyğunlaşdırılır. Lakin onu da qeyd edək ki, bankın kredit siyasətində həmçinin siyasi motivlər də nəzərə alınır və iri dövlətlərin mövqeləri qorunur.
Dünya bankının kredit siyasətində əsas yeri uzunmüddətli kreditlər tutur ki, bu kreditlər də 20-25 illik müddətə verilir. Ortamüddətli kreditlər bankın kreditləri arasında çox az paya malikdir. Çünki kreditlərin çoxu investisiya qoyuluşları üçün istifadə olunur.
Iri beynəlxalq maliyyə-kredit təşkilatları ilə yanaşı, bir sıra regional banklar və maliyyə təşkilatları da fəaliyyət göstərir. Bu regional təşkilatların yaranmasında əsas səbəblər ondan ibarətdir ki, beynəlxalq təşkilatlar çox zaman regionlarda ölkənin kreditləşdirilməsini lazımi səviyyədə həyata keçirə bilmirlər və regional xüsusiyyətlər tam nəzərə alınmır. Bu problemlər regional maliyyə təşkilatlarının razılığını vacib edir. Ən mühüm regional banklara misal olaraq, İslam İnkişaf Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnkişaf Bankını, Afrika İnkişaf Bankını göstərmək olar. Bu bankların üzvləri əsasən region dövlətləri olur və bankların əsas məqsədi bu region dövlətlərinin sosial-iqtisadi inkişafına kömək etmək və onları lazımi kredit vəsaitləri ilə təmin etməkdir.
Onu da qeyd edək ki, regional bankların üzvü olan ölkələr həm də beynəlxalq mliyyə-kradit təşkilatlarına üzv ola bilərlər. Məsələn, Azərbaycan BVF və Dünya Bankına üzv olmaqla bərabər, regionun müsəlman dövlətlərini birləşdirən İslam İnkişaf Bankının üzvüdür və bu bankın kreditlərindən istifadə edir. Bu kreditlər müsəlman ölkəsi kimi Azərbaycana uzunmüddətə və bəzi güzəştlərlə verilir. Islam İnkişaf Bankı təqribən bütün islam ölkələrini özündə birləşdirir və bu ölkələrin iqtisadi inkişafında çox yaxından iştirak və kömək edir.
Ümumiyyətlə, bütün regional banklar beynəlxalq maliyyə münasibətlərində çox geniş iştirak edirlər və ölkələrarası əlaqələrin genişlənməsində mühüm rol oynayırlar.
Dostları ilə paylaş: |