Məqsədli təyinatından asılı olaraq vergilər iki qrupa bölünür: universal və məqsədli. Konkret istifadə olunma istiqaməti olmayan məcburi, ekvivalentsiz ödənişlər universal vergilər adlanır.
Qeyd etdiymiz kimi hər bir ölkənin vergi sisteminin strukturunda vergilərlə yanaşı rüsum və yığımlarda əhəmiyyətli yer tutur. Məhz həmin yığım və rüsumlar məqsədli vergilər kateqoriyasına aid edilir.
Rüsum - ərizə (bəyanat) verənin maraqları üçün dövlət (bələdiyyə) orqanları tərəfindən həyata keçirilmiş hüquqi fəaliyyətə görə ondan alınan müvafiq məcburi ödənişdir.
Qanunvericiliklə nəzərdə tutulmuş ödənişlərdən biri də dövlət rüsumlarıdır. Dövlət rüsumlarının vergilərlə oxşar cəhəti ondan ibarətdir ki, onlar da məcburi tutulmaqla dövlət büdcəsinə köçürülür. Öz xarakterinə və qarşılıqlı (əvəzli) olmasına görə isə dövlət rüsumları vergilərdən fərqlənir. Qanun dövlət rüsumunu hüquqi əhəmiyyətli əməliyyatların aparılmasına, yaxud hüquqi əhəmiyyət kəsb edən müvafiq sənədlərin müvəkkil orqanlar və onun vəzifəli şəxsləri tərəfindən verilməsinə görə tutulan məcburi ödəniş kimi müəyyən etmişdir.
Dövlət rüsumlarından biri də gömrük rüsumudur. Gömrük rüsumu – gömrük orqanları tərəfindən dövlət gömrük sərhədlərindən keçirilən mallara görə deklarantlardan tutulan haqqdır (pul yığımıdır). Yığım - ödəyici tərəfindən ona göstərilən xidmətə görə dövlətə ödənilən məqsədyönümlü ödənişdir. Bu ödənişlər müvafiq ərazilərin inkişaf etdirilməsi və bələdiyyə proqramlarının maliyyələşdirilməsi üçün yerli (bələdiyyə) büdcəyə köcürülür.
Dostları ilə paylaş: |