MühaziRƏ MÖvzusu I : İQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu. P L a n


Azərbaycan dünya təsərrüfat sisteminə inteqrasiya və onun



Yüklə 362,16 Kb.
səhifə63/68
tarix05.01.2022
ölçüsü362,16 Kb.
#111242
1   ...   60   61   62   63   64   65   66   67   68
1. Azərbaycan dünya təsərrüfat sisteminə inteqrasiya və onun

gücləndirilməsi

Azərbaycan Respublikasının dünya tətəsərrüfatı sisteminə səmərəli inteqrasiyası üçün ilk növbədə həm sənayedə, həm də kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri həyata keçirmək lazımdır. Bu əslində günün ən aktual problemlərindəndir. Görüləcək işlər iki mərhələdə aparıla bilər. Birinci mərhələ 2005-ci ilə qədər dövrü, ikincisi isə 2005-ci ildən sonrakı dövrü əhatə etməlidir. Məsələyə bu cür yanaşmağın əsasını AMOK-un respublikada fəaliyyəti və bu fəaliyyətin iqtisadiyyata təsir etməsi nöqteyi-nəzərincə təyin olunmuş pillələri təşkil edir. Məlum olduğu kimi AMOK-un (indiki “BP exploration LTD”) fəaliyyətinin genişləndirilməsi proqramı, iqtisadiyyata üçpilləli təsiri nəzərdə tutur. Birinci təsiretmə pilləsi 1994-cü ildən 2000-ci ilə qədər dövrü əhatə edirdi ki, bu pillə artıq arxada qalıb. Bu pillədə əsas investisiya xərclərinə fikir verilib və Azəri-Çıraq-Günəşli yataqlarında neft əməliyyatları üzrə işlərə operativ rəhbərlik etmək üçün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradılıb. Göstərilən neft yataqlarında əməliyyatların həyata keçirilməsinə ümumi şəkildə 1 milyard 300 milyon ABŞ dolları xərclənmişdir. Bu xərc əsasən quyuların qazılmasına, neft terminallarının tikintisinə və s. sərf edilmişdir. Birinci pillədə çıxarılacaq neftin daşınması üçün bir sıra işlər görülmüşdür. Çıraq yatağından ilkin neft şimal kəməri ilə Novorosiyski terminalına və oradan da dünya neft bazarına çatdırılmışdır. Bakı-Supsa neft kəməri tikilib istismara verilmişdir. Bu kəmərlərlə ildə 20 milyon ton neft ixrac etmək mümkündür. Beləliklə, birinci pillədə görülən işlərin həcmi və miqyası imkan verir ki, ikinci pillədə nəzərdə tutulan işlər də müvəfəqiyyətlə həyata keçirilsin. Ilkin neftin daşınması ilə yanaşı bu pillədə xarici investorların qoyduqları kapitalın ödənilməsi prosesi də başlamışdır.

İkinci pillə 2000-ci ildən başlamışdır. Bu pillədə neft ixracının yüksək sürətlə artması və ölkəyə çoxlu miqdarda mənfəət gəlməsi baş verir. Əldə edilən təmiz mənfəətin 70%-dən çoxu, vergilərin və investisiya borclarının ödənilməsinə sərf edilməsi və yalnız 30%-ə qədərinin Azərbaycana verilməsi nəzərdə tutulmuşdur. Əlbəttə, neftdən əldə edilən mənfəətin bu nisbətdə bölünməsi Azərbaycanın iqtisadiyyatını tezliklə yüksəltməyə imkan yarada bilməzdi və keçən dövr bunu bir daha sübut etdi. Bu hal 2005-ci ilə qədər davam edəcək. Lakin nəzərə almaq lazımdır ki, 2000-ci ildən başlayaraq Azərbaycanın öhdəsində qalan mənfəətin məbləği 2005-ci ilə yaxınlaşdıqca ilbəil artaraq və respublikanın iqtisadiyyatını inkişaf etdirmək üçün yeni imkanlar yaranacaq.

Üçüncü pillə 2005-ci ildən başlanacaq. AMOKO fəaliyyətinin genişləndirilməsi proqramına görə bu pillədə neft satışından əldə edilən təmiz mənfəətin 5/6-i Azərbaycanın sərəncamında qalacaq. Bu o deməkdir ki, 2005-ci ildən başlayaraq Respublikanın neft dollarının həcmi bir neçə dəfə artacaqdır.

İnkişafın üçpilləli olması göstərir ki, Azərbaycan Respublikasının iqtisadiyyatını kompleks inkişaf etdirmək istiqamətində əməli texniki, təşkilati iqtisadi tədbirlər hazırlamaq üçün 2-3 il vaxt vardır. Görünür 2005-ci ildən sonrakı dövrdə əldə ediləcək nəticələrin xarakteri məhz bu dövrdə görüləcək işlərdən asılı olacaqdır. Ilk növbədə çalışmaq lazımdır ki, dünya bazarında qeyri-neft ixracının rəqabətə dözümlülük qabiliyyəti artırılsın. Burada sənayenin qeyri-neft sahələrinin və kənd təsərrüfatının məqsədyönlü inkişaf etdirilməsindən və daxili və xarici hazarlarda rəqabətə tab gətirə bilən məhsullar istehsal edilməsindən söhbət gedir. Bunun baş verməsi üçün istər 2005-ci ilə qədər olan dövr və istərsə də ondan sonra neft dolayı ilə bağlı resurslar səfərbər etdiriləcək, respublika iqtisadiyyatının inkişafı üçün münasib maliyyə şəraiti yaradılacaq və sonda bütün bunların hamısı üçüncü pilləyə yaxşı hazırlaşmaq üçün istifadə ediləcəkdir.

Onu da qeyd etmək lazımdır ki, bütün bu qeyd etdiklərimiz neftin çıxarılması və daşınması ilə əlaqədar olan siyasi məsələlərin normal həll edilməsi halında baş verə biləcək. Bununla yanaşı nəzərə almaq lazımdır ki, Xəzər dənizinin resurslarından istifadənin hüquqi əsasına aid olan beynəlxalq məsələ hələlik öz həllini tapmamışdır. Neftin daşınması problemlərinin də həmişə ortaya çıxa biləcəyini nəzərə almaq lazımdır. Əlbəttə, bu cür siyasi məsələlərin həlli ilk növbədə dünya təsərrüfat sistemində gedən proseslərdən və Azərbaycan Respublikasının həyata keçirəcəyi daxili və xarici siyasətin səmərəliliyindən asılı olacaqdır. Bundan başqa, bir məsələ də özünə ciddi diqqət tələb edir. Bu neftdən alınan gəlirin xərclənməsi ilə əlaqədardır. Fikrimizcə, neftdən gələn gəlirin ilbəil artan məbləğinin xərclənməsi kriteriyası “maksimum iş yerləri yaratmaq” olmalıdır. İş yerləri sənayenin bütün sahələrində və respublikanın bütün kənd, rayon, qəsəbə və şəhərlərində yaradılmalıdır.

Keçmiş SSRİ dövründə Azərbaycanın iqtisadiyyatı xarici ölkələrlə nisbətən çox bağlı idi. Xüsusən neftçıxarma avadanlıqlarının istehsalı və satışı üzrə, onlarla xarici ölkələrə daşınacaq dəzgahlar, qazma qurğuları, neftçıxarma avadanlıqları, quyu qazma qurğuları üçün müxtəlif ehtiyat hissələri göndərilirdi. Bu məhsulların istehsalı ilə Azərbaycanda iri bir sənaye sahəsi – neft maşınqayırması məşğul idi. Ümumittifaq əmək bölgüsünə uyğun yaradılmış neft avadanlıqları istehsal edən bu sahənin zavodları SSRİ dağıldıqdan sonra iflic vəziyyətinə düşdülər. Xarici ölkələrin maliyyəsi əsasında bağlanılmış məlum neft kontraktları Azərbaycanda neft və qaz hasilatını artırmağı nəzərdə tutduğu üçün belə bir fikir meydana gəlmişdi ki, neft kontraktları neft maşınqayırmasındakı tənəzzülü aradan qaldıracaq. Lakin çox təəssüflər olsun ki, müxtəlif subyektiv və obyektiv səbəblər üzündən bu baş vermədi. Neftçıxarma sənayesinin neft maşınqayırma məhsullarına olan tələbatı da ixracın hesabına dolduruldu. Nəticədə öz daxili tələbatlarını və keçmiş ittifaq tələbatlarını ödədikdən sonra belə, dünya bazarına neftçıxarma avadanlıqları və onlar üçün ehtiyat hissələri çıxaran Azərbaycan özü bu məhsulları xarici ölkələrdən almaq məcburiyyətində qaldı. Respublikanın dünya təsərrüfat sisteminə qoşulmasına mənfi təsir göstərən bu cür hallar aradan qaldırılır. Qoyulan məsələnin aktuallığı ona görə qalmaqdadır ki, neft kontraktlarının ömrü uzundur və hələ çoxlu miqdarda və müxtəlif növdə neftçıxarma avadanlıqlarına yüksək tələbat həm daxili və həm də xarici bazarlarda qalmaqdadır.

Son illərdə Respublika hökumətinin də bu sahədə müsbət addımlarını nəzərə alsaq 2005-ci ilə qədər və ondan sonrakı dövrdə neft maşınqayırmasının inkişafı üçün yaxşı imkanlar yarandığı haqqında fikir söyləməyə əsas yaranır. Bunun nəticəsində Azərbaycan iqtisadiyyatının dünya təsərrüfat sisteminə məqsədyönlü inteqrasiya olunması prosesi güclənəcəkdir.

Keçmiş SSRİ məkanında Azərbaycan iqtisadiyyatının dünya təsərrüfat sisteminə iqteqrasiyası xalq təsərrüfatının digər sahələri vasitəsi ilə də nisbətən möhkəm idi və onları yada salmağın və xarici iqtisadi əlaqələri yenidən inkişaf etdirməyin çox mühüm əhəmiyyət vardır. Söhbət konkret olaraq sənayenin ağır sahələrinin və xüsusən də metallurgiya və kimya sənayelərinin inkişafından gedir. Azərbaycan Respublikasının metallurgiya sənayesini inkişaf etdirmək üçün böyük potensial imkanları həmişə olub və indi də var. Bu imkanlar mütəxəssis və iqtisadçılara keçən əsrin 30-cu illərindən məlum idi. Azərbaycanın məşhur mühəndisi Ç.İldırım (Azərbaycan Texniki Universitet indi onun adını daşıyır) məhz o illərdə respublikada əsasən yerli xammalla (Daşkəsən filizi) işləyə bilən çox güclü metallurgiya kompleksi yaradılmasının texniki-iqtisadi əsaslandırılmasını vermişdir. Bu imkan indi də qalmaqdadır. 2001-ci ildə Bakıda Yaponiya iş adamları ilə birlikdə istifadəyə verilən və çox keyfiyyətli armatur istehsal edən “Bakı polad kompaniyası” deyilənləri bir daha təsdiq edir. Bu həm də Ümumdünya Bankı əməkdaşlarının guya ağır sənaye məhsullarının rəqabətə tab gətirə bilməyəcəkləri ehtimallarının düzgün olmadığını sübut edir.

Azərbaycan iqtisadiyyatının dünya təsərrüfat sisteminə inteqrasiyasını sənaye və kənd təsərrüfatının səmərəli olan bütün sahələrini inkişaf etdirməklə təşkil etmək olar. Bunun üçün ilk növbədə aqrar-sənaye komplekslərinin optimal tərkibini yaratmaq, kənd təsərrüfatı xammalı əsasında müxtəlif çoxişlənən məhsullar istehsal etmək lazımdır.

İqtisadiyyatın mühüm sahəsi olan kənd təsərrüfatının özündə də həm istehsalı və həm də gəlirləri artırmaq imkanı vardır. Məsələ burasındadır ki, ümumilikdə kənd təsərrüfat istehsalı hələ də 1990-cı illərin səviyyəsinə çatmamışdır. Hər hektardan məhsul istehsalı xeyli aşağı düşmüş, bir çox məhsulların fiziki həcmi isə dəfələrlə azalmışdır. Pambıq və üzüm istehsalı bunlara əyani misaldır. Hamıya məlumdur ki, Azərbaycanda bir milyon tona yaxın pambıq istehsal edilən il də olub, 2,0 milyon tondan da çox üzüm yığılan il də. 1990-cı ilə nisbətən indi kənd təsərrüfatında həm məhsuldarlıq və həm də istehsalın həcmi bir neçə dəfə azalmışdır. Çox da mürəkkəb olmayan hesablamalar göstərir ki, Azərbaycanda iqtisadiyyatın kənd təsərrüfatı bölməsində istehsalın yüksəldilməsi üçün böyük imkanlar mövcuddur. Bu imkanları reallaşdırmaq üçün dövlət yaradıcı iş aparmalıdır ki, kənd təsərrüfatında müvafiq iri, orta və kiçik təsərrüfatlar məhsuldar, gəlirli və mənfəətlə işləyə bilsinlər. İdarəetmə, stimullaşdırma və ən başlıcası isə marketinq fəaliyyəti gücləndirilməli, istehsal diversifikasiyalaşdırılmalıdır.

Kənd təsərrüfatında yaranmış daxili imkanları dövriyyəyə cəlb etmək üçün paralel olaraq maliyyə sahəsinə diqqət artırılmalıdır. Təhlil göstərdi ki, dövlət müstəqilliyi əldə etdikdən sonra istər sənaye və istərsə də kənd təsərrüfatı müəssisələrinin inkişafında maliyyə rıçaqlarından istifadə edilməsi istənilən nəticələrin əldə olunmasına tam səbəb olmur. Məsələn, bank kreditləri adətən qısa müddətlər üçün borc şəklində, yüksək faiz ödənişi şəklində verilir. Bankların özlərinin vəziyyəti də ürəkaçan deyil. Müştərilər öz öhdəliklərini vaxtında, tələb olunan həcmdə ödəyə bilmədikləri üçün bir çox bankların maliyyə vəziyyətləri gərgindir.

Maliyyə sistemi istər sənayedə və istərsə də kənd təsərrüfatında istehsala iki tərəfdən mənfi təsir göstərir. Birincisi, kiçik və orta sahibkarlığa əməli maliyyə dəstəyi verən bank sisteminin yaradılmaması, ikincisi, sahibkarlıq həvəsinə düşüb kredit əldə edən və əldə olunan vəsaitin təyinatına uyğun xərcləməyən subyektlərin meydana gəlməsi. Subyektiv amillər üzrə yaradılmış kiçik və orta maliyyə strukturların əsaslandırılmış yüksək faizlərlə borc verməsi müştərilərin isə əldə etdikləri vəsaiti bəzən hara gəldi, yəni təyinatdan kənar xərcləməyi üstün tutmaları iqtisadiyyata mənfi təsir göstərir. Pul verilir, pul “xərclənir” nəticədə isə istehsal yerində sayır, bank isə müflisləşir. İstehsalı dirçəltmək, bank işini sağlamlaşdırmaq üçün hər iki tərəfin maraqlarını uyğunlaşdırmaq lazımdır. Elə bir təsərrüfat mexanizmi yaratmaq lazımdır ki, bankların fəaliyyəti istehsalçıların fəaliyyətləri ilə və əksinə blokirovkalansın.

Bank fəaliyyəti üzərində və istehsal fəaliyyəti üzərində dövlət nəzarəti gücləndirilməlidir. Üç istiqamətdə iş aparılmalıdır:



  1. kiçik və orta sahibkarlığın inkişafına yönəldiləcək kapital vəsaiti yaratmaq;

  2. marketinq fəaliyyətini gücləndirmək;

  3. qiymət stimulu formalaşdırmaq.

Dövlət öz işini göstərilən bu üç istiqamətdə qurmağı bacarır, nəticədə istehsalda əmək məhsuldarlığı yüksələr və eyni zamanda əməli özəlləşdirmə üçün şərait yaranar. Ən başlıcası isə maraqların uyğunlaşdırılması baş verir. İstehsal iqtisadi yüksəlişin əsas mənbəyi olduğuna görə, dövlət və onun münasib strukturları öz fəaliyyətlərini onun üzərində çalışırlar. Eyni zamanda istehsalı sevən, onun inkişafını təmin edən kollektivlər, sahibkarlar dövlət qayğı və köməyindən istifadə etmək sahəsində üstünlüklərə malik olmalıdırlar.

Beynəlxalq iqtisadi əlaqələrin nəticəsi sonda öz əksini ticarətin genişlənməsində tapır. Lakin bunun üçün ilkin şərt xarici ölkələrə müvafiq saziş və müqavilələrin bağlanmasıdır. Bunu nəzərə alaraq müstəqillik qazandıqdan sonra respublikamız onlarla xarici ölkə ilə ticarət-iqtisadi əməkdaşlıq haqqında saziş və müqavilələr bağlamışdır. Qədim “İpək yolu” haqqında razılaşmalar da Çin, Özəbkistan, Türkmənistan, Gürcüstan, Rumıniya, Almaniya ilə bağlanmış dövlətlərarası sazişlərin bağlanması nəticəsində mümkün olmuşdur. “İpək yolu”nun çox böyük beynəlxalq əhəmiyyəti var və o Azərbaycanı keçmişdə olduğu kimi beynəlxalq Avropa-Qafqaz-Asiya transmilli nəqliyyat dəhlizinin mərkəzinə çevirəcəkdir.

Xarici kompaniyaların köməyi ilə həyata keçirilən Traseka proqramı başa çatdıqdan sonra “İpək yolu” üzrə işlərin reallaşması sürətlənəcək. Bununla yanaşı, BMT-nin Baş Assambleyasının Ticarət və İnkişaf Konfransı (İMSTD) ilə əlaqədar inkişaf etdirilir və bu təşkilatın geniş imkanlarından tranzit daşımalar sahəsində mövcud olan problemlərin həllində səmərəli istifadə olunması qarşıya qoyulmuşdur.

Azərbaycan Respublikası Beynəlxalq İctimai Təşkilatlarla əlaqələrini möhkəmləndirir. Hazırda ölkəmizin Beynəlxalq Valyuta Fondu (BVF), Ümumdünya Ticarət Təşkilatı (ÜTT), Dünya Bakı (DB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), İslam İnkişaf Bankı (İİB) kimi görkəmli təşkilatlarla sıx əlaqələri yaranıb və inkişaf etməkdədir. Bundan başqa, respublikamız bir sıra beynəlxalq saziş və müqavilələrə qoşulub, MDB, İqtisadi Əməkdaşlıq Birliyi, Qaradəniz sahili ölkələr birliyi kimi iqtisadi birliklərə daxil olmuşdur. Ümumqafqaz evi, GUAM kimi yeni iqtisadi birliklər də yaradılmışdır. Ölkə iqtisadiyyatında baş verən liberallaşdırma prosesləri ilə yanaşı göstərdiyimiz beynəlxalq sazişlər, birliklər, təşkilatlar Azərbaycana xarici investisiya əsasən neftçıxarma sənayesinin inkişafına yönəldilir.

Neftçıxarma sənayesinə və onunla bağlı digər sahələrə 30 milyard ABŞ dolları həcmində investisiya qoyulması haqqında dünyanın Böyük Britaniya, ABŞ, Fransa, İtaliya, İran, Yaponiya, Norveç, Türkiyə, Səudiyyə Ərəbistanı, Rusiya və s. kimi aparıcı dövlətlərinin neft şirkətləri ilə kontraktlar bağlanmış və bu iş indi də davam etməkdədir. Məsələ burasındadır ki, Xəzər dənizinin Azərbaycan bölməsi, mütəxəssislərin fikrinə görə dünyanın ən perspektivli neft və qazla zəngin olan hövzələrindən biri sayılır və göstərilir ki, burada neft, qaz və kondensatın ümumi ehtiyatı 8 milyard ton şərti yanacaqdan da çoxdur.

1994-1997-ci illərdə 9 iri beynəlxalq neft kontraktları bağlanmışdır. Onlardan ən irisi “Əsrin kontraktı” adlanır. Bu kontrakt Azəri-Çıraq yataqlarının və Günəşli yatağının dərin su qatlarında yerləşən hissəsinin işlənməsi üçün yeddi xarici ölkələrin neft kompaniyalarını cəlb etməklə 1994-cü il sentyabrın 20-də bağlanmışdır. Ümumi şəkildə bu kontraktda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə yanaşı 11 xarici neft kompaniyası iştirak edir. “Məhsulun pay bölgüsü” tipli bu kontrakta görə 30 il müddətinə yataqlardan 500-600 milyon ton neft və 200 milyard kubmetrdən də çox qaz çıxarılacağı proqnozlaşdırılır (keçən 7-8 il ərzində əldə edilən nəticələr göstərir ki, proqnoz rəqəmlər əldə ediləcək). “Əsrin kontraktı” 7,5 milyard ABŞ dolları məbləğində vəsait tələb edir. Qoyulan şərtlərə görə investisiya xərcləri ilk 8-10 il ərzində ödənilməlidir. Kontkarktdan əldə edilən gəlirin məbləğinin 80 milyard olacağı gözlənilir ki, onun da 50%-i respublikanın sərəncamında qalmalıdır. Biz 1994-1997-ci illərdə bağlanmış 9 iri kontraktın biri haqqında geniş məlumat veririk. Hazırda isə bağlanmış beynəlxalq neft kontraktların sayı 20-ni ötmüşdür.



Yüklə 362,16 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin