Mühazirə müəllimi: Dos. Bəsti Yusif qızı Novruzova MÖvzu kənd təSƏRRÜfati maliyyəsinin ümumi xarakteristikasi



Yüklə 22,41 Kb.
tarix10.10.2022
ölçüsü22,41 Kb.
#118200
növüMühazirə
maliyyə mövzu 1


FƏNN: Kənd təsərrüfatının maliyyəsi
Mühazirə müəllimi: Dos.Bəsti Yusif qızı Novruzova
MÖVZU 1. KƏND TƏSƏRRÜFATI MALIYYƏSININ ÜMUMI XARAKTERISTIKASI

  1. Kənd təsərrüfatı maliyyəsinin predmeti və metodu. Kənd təsərrüfatının maliyyəsi maliyyə sisteminin tərkib hissəsidir.

  2. Kənd təsərrüfatı maliyyəsinin funksiyaları.

3. Kənd təsərrüfatı müəssisələri iqtisadiyyatının möhkəmləndirilməsi
və istehsalın səmərəliliyinin yüksəldilməsində kənd təsərrüfatı
maliyəsinin rolu.
4 . Müxtəlif mülkiyyət formalarına əsaslanan təsərrüfatlarda
müəyyən təşkilatın ümumi və xüsusi cəhətləri.
5. Kənd təsərrüfatı maliyyənin vəzifələri və təşkilinin istiqaməti.

Kənd təsərrüfatı müəssisələrinin maliyyəsinin predmetini və metodunu öyrənməmişdən əvvəl kənd təsərrüfatı xalq təsərrüfatında tutduğu yeri bilmək lazımdır.
Kənd təsərrüfatı xalq təsərrüfatının başlıca sahəsi kimi, cəmiyyətin həyatında əsas rol oynayır. Kənd təsərrüfatı əhalini ərzaq məhsulları ilə və sənayenin bir sıra sahələrini xammalla təmin edir. Xalq təsərrüfatının bir çox sahələrinin inkişafı müəyyən dərəcədə kənd təsərrüfatının inkişaf səviyyəsindən asılıdır. Yeyinti sənayesi müəssisələrinin xammal-material ehtiyaclarının 80%-i yalnız kənd təsərrüfatı məhsulları hesabına ödənilir. Öz növbəsində kənd təsərrüfatı da sənaye sahələrindən maşın və mexanizm, neft məhsulları, elekrik enerjisi, mineral kübrələr və s. almaqla istehsal prosesini daha səmərəli təşkil edir və məhsul istehsalını artırır.
Hazırda ölkədə əhalinin xalq istehlakı mallarına tələbatının 3/4 hissəsi kənd təsərrüfatı hesabına ödənilir. Bu da iqtisadiyyatda onun əhəmiyyətini müəyyən edir. Kənd təsərrüfatı məhsulları istehsalı artdıqda əhalinin həyat səviyyəsi yaxşılaşır, yeyinti məhsullarının tərkibində əhəmiyyətli dəyişiklik baş verir.
Kənd təsərrüfatı ölkənin ümumi daxili məhsulunun formalaşmasında mühüm rol oynayır. Kənd təsərrüfatı istehsalının artırılmasında və onun iqtisadi səmərəsinin yüksəldilməsində kənd təsərrüfatı maliyyəsinin böyük rolu vardır.
Maliyyə dəyər formalarının hərəkəti və dəyişməsi ilə əlaqədar olan pul münasibətlərini ifadə edir. Azərbaycan Respublikasının maliyyə sistemi iki hissədən ibarətdir: ümumdövlət yaxud mərkəzləşdirilmiş maliyyə, müəssisələrin, birliklərin və xalq təsərrüatı sahələrinin maliyyəsi, ümumdövlət maliyyəsinin tərkibinə daxildir: dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət krediti, sığorta fondları, müəssisələrin maliyyəsinin tərkibinə müxtəlif mülkiyyət formasına əsaslanan müəssisələrin maliyyəsi daxildir.
Maliyyə sisteminin bir neçə hissələrə bölünməsi bu hissələrin hər birinin yerinə yetirdiyi vəzifələrin fərqli olmasından, həm də mərkəzləşdirilmiş və qeyri-mərkzləşdirilmiş pul vəsaiti fondlarının təşkili və istifadəsi metodlarının müxtəlifliyindən irəli gəlir. Dövlətin mərkəzləşdirilmiş pul resursları fondları maddi istehsalda yaradılan milli gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsi yolu ilə yaradılır. Dövlət maliyyəsinin tərkibində əsas yeri dövlət büdcəsi tutur.
Dövlətin iqtisadi və sosial sahələrdə yerinə yetirdiyi rolun vacibliyi maliyyə resurslarının mühüm hissəsinin onun əlində mərkəzləşdirilməsini zəruri edir. Bu resurslardan istifadə forması isə dövlətin iqtisadi, siyasi və sosial vəzifələrini yerinə yetirməsi tələbini təmin edən dövlət büdcəsi və büdcədənkənar fondlardır.
Hazırda ölkədə əhalinin xalq istehlakı mallarına tələbatının ¾ hissəsi kənd təsərrüfatı hesabına ödənilir. Bu da iqtisadi inkişafda onun rolunu müəyyən edir. Kənd təsərrüfatı məhsulları istehsalı artdıqda əhalinin həyat səviyyəsi də yaxşılaşır, yeyinti məhsullarının tərkibində əhəmiyyətli dəyişikliklər baş verir. Kənd təsərrüfatı ölkənin ümumi daxili məhsulunun formalaşmasında mühüm rol oynayır. «2008-«2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramında kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına dair qarşıya zəruri vəzifələr qoyulmuşdur. Bu vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi kənd təsərrüfatı müəssisələrinin maliyyə təminatının möhkəmləndirilməsini tələb edir.
Maliyyə sisteminin kredit və sığorta bölmələri pul fondlarının təşkili və istifadəsində digər forma və metodlardan istifadə edirlər.
Maliyyə hissələrinin fəaliyyət dairələrinin yaranma və istifadə formalarının fərqli olmasına baxmayaraq Azərbaycan Respublikasında vahid maliyyə sistemi mövcuddur. Belə ki, maliyyə bölmələrinin resurslarının mənbəyi eynidir.
Vahid maliyyə sisteminin əsası təsərrüfat subyektlərinin maliyyəsidir (müəssisələrin və xalq təsərrüfatı sahələrinin maliyyəsi). Çünki onlar bilavasitə maddi istehsal prosesinin iştirakçısı və yeni dəyərin yaradıcılarıdırlar. Belə ki, dəyər və uyğun olaraq milli gəlir maddi istehsal sferasında yaradılır. Dövlət büdcəsinin və ümumdövlət maliyyəsinin digər bölmələrinin gəlirləri əsasən müəssisələrin və birliklərin maliyyə resursları hesabına formalaşır.
Kənd təsərrüfatı sənaye, tikinti, nəqliyyat və rabitə, təchizat, ticarət, mənzil-kommunal təsərrüfatı ilə birlikdə vahid xalq təsərrüfatı kompleksinin tərkibinə daxildir. Buna uyğun olaraq kənd təsərrüfatının maliyyəsi də müəssisələrin və xalq təsərrüfatı sahələrinin maliyyəsinin tərkib hissəsidir.
Kənd təsərrüfatının maliyyəsi fondların dövriyyəsi, gəlirlərin və pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar olan iqtisadi münasibətlər sistemini ifadə edir. Beləliklə, kənd təsərrüfatının maliyyəsi geniş təkrar istehsal prosesindən gəlirlərin və pul vəsaiti fondlarının yaradılması bölüşdürülməsi və istifadəsini təmin etməlidir. Bu baxımdan kənd təsərrüfatının maliyyəsi müəssisələrin və xalq təsərrüfatı sahələrinin maliyyəsinin tərkib hissəsidir. Bütün sahələrdə maliyyənin təşkilinin əsas prinsipləri eynidir, hansı ki, bazar iqtisadiyyatının ümumi qanunlarına və pulun mahiyyətinə əsaslanır.
Kənd təsərrüfatının maliyyəsi aşağıdakı funksiyaları yerinə yetirir:
1. Geniş təkrar istehsal prosesində gəlirlərin və pul vəsaiti fondlarının yaradılması;
2. Istehsalın inkişafı, işçilərin maddi stimullaşdırılması, büdcə gəlirlərinin formalaşdırılması və digər məqsədlər üçün gəlirlərin və pul vəsaiti fondlarının bölüşdürülməsi və istifadə edilməsi;
3. Istehsala, istehsal edilən məhsulların bölüşdürülməsi və istifadəsinə manatla nəzarət.
Bölgü istehsalla istehlak arasında əlaqə yaradır. Istehlak edilmiş istehsal vasitələrinin dəyərini qaytarmaq, müxtəlif formalarda gəlirlər yaratmaq, həmçinin müəssisədə məqsədli təyinatlı fondlar yaratmaq məqsədilə istehsal prosesinə fəal təsir etməklə bölgü funksiyası təkrar istehsal prosesinə xidmət edir.
Lakin çoxcəhətli olmasına baxmayaraq bölgü funksiyası maliyyənin xüsusiyyətini tam açıqlamır. Bu xüsusiyyət nəzarət funksiyasında öz əksini tapır, hansı ki, maliyyə informasiyaları əsasında həyata keçirilir. Mühasibat, statistika və operativ hesabat göstəriciləri müəssisənin işinin müxtəlif tərəflərini müəyyən etməyə və fəaliyyətin nəticəsini qiymətləndirməyə imkan verir. Belə ki, mənfəətin məbləği, rentabellik səviyyəsi təsərrüfat fəaliyyətinin səmərəli olduğunu göstərir. Zərər və itkilər müəssisənin fəaliyyətinin əsaslı təhlil olunmasını və nöqsanların aradan qaldırılmasına yönəldilən tədbirlərin həyata keçirilməsini tələb edir. Bundan başqa manatla nəzarət vasitəsilə işin səmərəlilik səviyyəsinə təsir edilir. Manatla nəzarət əmtəə istehslçısının başqa müəssisələrlə maliyyə-kredit orqanları ilə qarşılıqlı əlaqələrindən, həmçinin müəssisənin daxilində həyata keçirilir. Nəzarət funksiyası bölüşdürücü funksiya ilə qarşılıqlı əlaqədə həyata keçirilir.
Qeyd etmək lazımdır ki, maliyyənin funksiyaları haqqnıda iqtisadçıların vahid fikri yoxdur. Belə ki, professor P.N.Levtyak maliyyənin funksiyalarını aşağıdakı kimi təsvir etmişdir:

  1. Vəsaitlərin dövriyyəsinə pul vəsaiti ilə xidmət etmək;

  2. Pul gəlirlərini bölüşdürmək;

3. Əmtəə istehsalçılarının təsərrüfat-maliyyə fəaliyyətinə nəzarət etmək.
Professor N.A.Sıçyev maliyyənin funksiyalarını bir qədər başqa cür izah edir:
1.Təsərrüfat fəaliyyəti prosesində gəlirlərin və pul vəsaiti fondlarının yaradılması;
2.Istehsalın inkişafı, maddi stimullaşdırma və büdcə gəlirlərinin formalaşdırılması üçün pul gəlirləri və pul vəsaiti fondlarından istifadə edilməsi;
3.Istehsala, milli və xalis gəlirlər, gəlirlər və pul vəsaiti fondlarının bölüşdürülməsi və istifadəsinə manatla nəzarət.
Sahələrin maliyyəsinin funksiyalarına dair bu mübahisələr dəqiqləşdiril-məlidir.
Yuxarıda qeyd edilən funksiyalar hər hansı sahə üçün xarakterikdir. Lakin aqrar sahənin öz xüsusiyyətləri vardır. Bu da kənd təsərrüfatı istehsalının texniki-iqtisadi xüsusiyyətləri ilə əlaqədardır. Bu həm də bir sıra təbii və sosial amillərin fəaliyyəti ilə müəyən edilir.
1. Kənd təsərrüfatında torpaq əsas istehsal vasitəsidir, hansı ki, ona amortizasiya hesablanmır və buna uyğun olaraq məhsulların maya dəyərinə daxil edilmir. Eyni zamanda torpağın təbii münbitliyinin müxtəlif səviyyədə olması əmtəə istehsalçılarının differensialaşdırılmış gəlir əldə etməsinə kömək edir (renta).
2. Əsas istehsal fondlarının tərkibinə məhsuldar və iş heyvanları da daxildir, hansı ki, onun bərpası təsərrüfatda cavan heyvanların bəslənilməsi olu ilə həyata keçirilir. Məhsuldar heyvanlara amortizasiya hesablanmır və onun dəyəri məhsulların maya dəyərinə daxil edilmir. Iş heyvanlarına amortizasiya hesablanır.
3. Kənd təsərrüfatının xarakterik xüsusiyyətlərindən biri özünü təkrar istehsaldır. Əldə edilən məhsulların bir hissəsi satılmır, təkrar istehsal üçün istifadə edilir: cavan heyvanlar, yemlər, üzvü kübrələr. Onlar əmtəəlik məhsulunun tərkibinə daxil olmur və pul formasını almır. Təsərrüfatdaxili dövriyyədə iştirak edir.
4. Heyvanların bəslənilməsi və bitkilərin yetişdirilməsinin təbii prosesləri vəsaitlərin dövriyyəsinin xüsusiyyətlərini müəyyən edir: kənd təsərrüfatı mövsümü isthsal sahəsi olmaqla istehsal dövrü uzun müddət davam edir, vəsaitlərin dövriyyəsi gec başa çatır, dövriyyə prosesində xərclər tədricən artır, məhsulların çıxımı və satışı ilə eyni vaxtda vəsaitlər dövriyyədən azad olur, xərclərlə məhsul çıxımı vaxtında kənarlaşdırmalar olur.
5. Vəsaitlərin dövriyyəsində olan xüsusiyyətlər kənd təsərrüfatı müəssisələrində maliyyənin təşkilinə təsir edir, xalq təsərrüfatının başqa sahələrində olduğu kimi, öz xərclərini gəlirləri ilə ödəyirlər. Lakin il ərzində xərclərlə gəlirlərin əldə edilməsinin arasında mövsümü kənarlaşma əmələ gəlir. Bu da dövriyyə vəsaitlərinin təşkilinə təsir edir, bank kreditin cəlb edilməsini tələb edir.
Burada xalq təsərrüfatının başqa sahələrinə nisbətən bank kreditinin böyük əhəmiyyəti vardır. Gəlirlər əldə edilənə qədər xərclərin əsas hissəsi bank krediti hesabına ödənilir. Minimum ehtiyatlar, xərclər və hesablaşmalarda olan vəsaitlər xüsusi mənbələr hesabına ödənilir.
Kənd təsərrüfatı istehsalında istehsal prosesi bir neçə ay davam etdiyinə görə fəaliyyətin maliyyə nəticəsi ilin yekununda müəyyən edilir. Buna müvafiq olaraq mənfəət ilin yekununda bölüşdürülür, həmçinin iqtisadi həvəsləndirmə fondları yaradılır.
6. Kənd təsərrüfatı istehsalı təbii şəraitdən asılıdır. Müxtəlif kortəbii və xoşagəlməz hadisələr istehsal prosesinə və əmlaka təsir edir, məhsul itkisinə, zərərlərin əmələ gəlməsinə səbəb olur, maliyyə çətinliyi yaranır. Ona görə də maliyyə çətinliyinin aradan qaldırılması üçün sığorta və ehtiyat fondları yaradılmalıdır.
7. Kənd təsərrüfatında şaxələnmiş maliyyə münasibətləri sistemi mövcuddur: malsatanlarla, kredit və vergi sistemilə, sosial və başqa büdcədənkənar fondlar. Investisiya fondu ilə, işçilərlə və s. bu da öz növbəsində vəsaitlərin dövriyyəsinə və maliyyənin təşkilinə təsir edir.
8. Kənd təsərrüfatı müəssisələrində maliyyənin təşkilinə sosial amillər də təsir edir. Kənd təsərrüfatında müxtəlif mülkiyyət formasına əsaslanan müəssisələr fəaliyyət göstərir: dövlət mülkiyyətində olan, kollektiv mülkiyyət, fermer təsərrüfatları, fərdi kəndli təsərrüfatları. Müxtəlif mülkiyyət formalarının mövcud olması müəyyən nisbətdə maliyyənin təşkilinə də təsir edir.
Kənd təsərrüfatı müəssisələrində müxtəlif pul və maliyyə münasibətləri əmələ gəlir. Bu, qarşılıqlı əlaqələrin əsas kanallarını nəzərdən keçirək. Hər bir təsərrüfatda vəsaitlər fasiləsiz dövr edir: P – Ə --- I --- Ə1 – P1. Bu üç mərhələdən ibətdir: P – Ə - istehsal üçün zəruri olan material qiymətlilərin satın alınması, yaxud təchizat prosesi; Ə --- I --- Ə1 - istehsal prosesi; Ə1 – P1 satış prosesi.
1. Birinci mərhələdə təsərrüfatı müəssisələri istehsal prosesi üçün zəruri olan material qiymətliləri satın alır: neft məhsulları, mineral kübrələr. Ehtiyat hissələri, təmir materalları, toxum, yemlər və s. malsatanlarla bağlanmış müqavilə üzrə əmtəə-material qiymtəlilərin göndərilməsi (alınması), onların ödənilməsi, müəyyən qiymətlərə nəzarət edilməsi, göndərmə və hesablaşma qaydalarına riayət edilməsi üzrə müvafiq qarşılıqlı münasibətlər yaranır. Malsatanlarla hesablaşmalar nağdı və nağdsız qaydada aparılır.
2. Dövriyyənin ikinci mərhələsində əmək prosesində istehsal vasitələrindən məhsuldar istifadə edilir və artan dəyərlə hazır məhsul istehsal edilir. Burada həm bilavasitə istehsalın iştrakçıları, müxtəlif idarələr və təşkilatlarla, həm də dəyərin dəyişməsi ilə əlaqədar olan xüsusi pul və maliyyə münasibətləri əmələ gəlir.
Belə ki, bu mərhələdə əmək ödənişi üzrə fəhlə və qulluqçularla və onunla əlaqədar ödəmələr və tutulmalar, əmək haqqının hesablanması və ödənilməsi, (vergilərin hesablanması və ödənilməsi, sosial sığorta və pensiya fonduna ödəmələrin hesablanması və ödənilməsi, ehtiyat məbləğinin hesablanması, mükafat və müavinətlərin hesablanması və ödənilməsi və s.). Əmək haqqından vergilərin tutulması ilə əlaqədar maliyyə orqanları ilə qarşılıqlı əlaqələr yaranır.
Sosial sığorta və pensiya fondu ilə qarşılıqlı əlaqədə kənd təsərrüfatı müəssisələri ödəmələr verir və bu fonddan işçilərə müavinətlər və pensiyalar verilir.
Istehsal mərhələsində kənd təsərrüfatı müəssisələri sığorta orqanları ilə qarşılıqlı əlaqədə olurlar. Belə ki, əmlakın sığortalanması nəticəsində sığorta orqanlarına sığorta haqqı ödənilir, sığorta orqanlarından sığorta ödənişi alınır.
Istehsal prosesində hər bir təsərrüfatda müxtəlif fondlar və ehtiyatlar yaradılır. Belə ki, istehlak edilmiş istehsal vasitələrini bərpa etmək üçün amortizasiya fondu yaradılır, qeyri-bərabər ödəmələrlə əlaqədar müxtəlif xərcləri təmin etmək qarşıdakı ödəmələr üçün ehtiyat yaradılır, bundan başqa məzuniyyət fondu və s. fondlar yaradılır.
3.Dövriyyənin üçüncü mərhələsində istehsal edilən məhsullar satılır, xərclər ödənilir, yeni yaradılan dəyər bölüşdürülür və təyinatı üzrə istifadə edilir. Burada pul və qarşılıqlı maliyyə münasibətləri yaranır. Belə ki, müxtəlif alıcılarla hesablaşmalar əmələ gəlir.
Müəssisənin fəaliyyətinin yekun nəticəsində maliyyə nəticəsi – gəlir, ümumi gəlir, mənfəət müəyyən edilir. Onlar bölüşdürülür, dövlət büdcəsinə ödəmələr verilir, mükafat fondları yaradılır və istifadə edilir.
Dövlət büdcəsindən kompleks tədbirlərin maliyyələşdirilməsinə: torpaqların meliorasiyasına, əməliyyat xərclərinə vəsait verilə bilər.
Praktiki olaraq dövriyyənin bütün mərhələlərində kənd təsərrüfatı müəssisələrinin bankla qarşılıqlı əlaqələri əmələ gəlir. Bu qarşılıqlı münasibətlər kassa xidməti, nağdsız hesablaşmalar və kredit xidməti istiqamətlərində əmələ gəlir.
Maliyyə iqtisadiyyatın qan damarı, uçot isə onun güzgüsüdür. Maliyyə xalq təsərrüfatının başqa sahələrində olduğu kimi, aqrar bölmədə də iqtisadiyyatın möhkəmləndirilməsi və onun iqtisadi səmərəsinin yüksəldilməsində fəal iştirak edir. Belə ki, hər şeydən əvvəl maliyyənin köməyi ilə istehsal prosesinin həyata keçirilməsi və maliyyə öhdəliklərinin yerinə yetirilməsi üçün tələb edilən maliyyə vəsaitinin həcmi müəyyən edilir. Bu zaman vəsaitə qənat edilməsi və maya dəyərinin aşağı salınması üçün bütün ehtiyatlar aşkara çıxarılır. Bundan başqa maliyyə vəsaitinə tələbatın ödənilməsi mənbələri müəyyn edilir. Gəlirlərin və mənfəətin artırılması, istehsalın rentabelliyinin yüksəldilməsi ehtiyatları aşkara çıxarılır və onlardan istifadə edilir. Bu baxımdan maliyyənin nəzarət funksiyasının böyük rolu vardır. Maliyyənin köməyilə təsərrüfatların mənfəəti bölüşdürülür, istehlak və yığım fondları yaradılır, onlardan təyinatıüzrə və səmərəli istifadə edilməsi təmin edlir. Maliyyə işinin təşkilində olan nöqsanlar aşkara çıxarılır və onlarnı aradan qaldırılması üçün tədbirlər həyata keçirilir. Bütün bu tədbirlərin kənd təsərrüfatı müəssisələrinin iqtisadiyyatının möhkəmləndirilməsi və onun iqtisadi səmərəsinin yüksəldilməsində böyük əhəmiyyəti vardır.
Kənd təsərrüfatı müəssisələrində maliyyənin təşkilinə müxtəlif mülkiyyət formalarının olması da təsir edir. Kənd təsərrüfatında müxtəlif mülkiyyət formaları mövcuddur: dövlət mülkiyyəti; xüsusi mülkiyyət, kollektiv mülkiyyət, səhmdar cəmiyyətləri. Bu mülkiyyət formalarına əsaslanan təsərrüfatlar ilk dəfə yaradılarkən maliyyə resurslarının formalaşma mənbələri fərqlənir. Dövlət mülkiyyətində olan təsərrüfatlarda dövlət vəsaiti xüsusi mülkiyyətə əsaslanan təsərrüfatlarda ayrı-ayrı şəxslərin xüsusi vəsaitləri, kollektiv mülkiyyətə əsaslanan təsərrüfatlarda üzvlərin vəsaitləri hesabına yaradılır. Bundan başqa mənfəətin bölüşdürülməsində də fərqli xüsusiyyətlər vardır. Belə ki, kollektiv mülkiyyət formasında, eləcə də səhmdar cəmiyyətlərində istehsal edilən məhsullar kollektivin üzvlərinə məxsusdur. Səhmdar cəmiyyətlərində mənfəət bölüşdürülən zaman onun bir hissəsi divident formasında səhmdar cəmiyyətinin üzvlərinə verilir. Xüsusi mülkiyyətə və kollektiv mülkiyyətə əsaslanan təsərrüfatlarda maliyyə münasibətləri müvafiq qanunvericiliyə və təsərrüfatın nizamnaməsinə əsaslanır. Dövlət mülkiyyətində isə mövcud qanunvericilik və normativ aktların tələbləri nəzərə alınmaqla maliyyə işi təşkil edilir.
Qeyd edilənlərə baxmayaraq bütün mülkiyyət formalarında maliyyənin təşkili eyni prinsiplərə əsaslanır.
Səhmdar cəmiyyəti – kommersiya təşkilatlarının mürəkkəb təşkilati-hüquqi formasıdır. Bir qayda olaraq, səhmdar cəmiyyəti hüquqi və fiziki şəxsləri birləşdirir. Cəmiyyətin əmlakı səhmlərin açıq (açıq cəmiyyət) satışı hesabına formalaşır.
Səhmdar cəmiyyətinin nizamnamə kapitalı bərabər nominal dəyərli müəyyən miqdar səhmlər formasında rəsmiləşdirilən üzvlük haqqı hesabına yaradılır. Səhmdar cəmiyyəti müəyyən bərabər nominal dəyərli və sahibinə müxtəlif hüquqlar verən adi və güzəştli səhmlər buraxır.
Nizamnamə fonduna vəsait müxtəlif formada – binalar və qurğular, avadanlıqlar, pul vəsaiti, o cümlədən xarici valyuta ilə qoyula bilər.
Səhmdar cəmiyyəti ümumi yığıncağın qərarı ilə nominal dəyərin artırılması və ya əlavə səhmlər buraxmaq yolu ilə kapitalı artıra bilər.
Cəmiyyətin əldə etdiyi mənfəətdən bölgü normasına uyğun olaraq istifadə edilir, o cümlədən dividentlərin verilməsinə. Dividentlər hər rübdə, yarımrübdə və il üzrə ödənilə bilər.
Kənd təsərrüfatı kooperativləri – birgə istehsal və başqa təsərrüfat fəaliyyəti üçün könüllülük əsasında kənd təsərrüfatı əmtəə istehsalçılarının yaratdığı təşkilatdır. Bu təşkilatın yaradılması iştirakçıların maddi və başqa tələbatını ödəmək məqsədilə maddi pay haqlarının birləşdirilməsinə əsaslanır.
Nizamnaməyə uyğun olaraq nizamnamə kapitalı (bölünməz fond) çıxılmaqla kooperativin xüsusi mülkiyyətində olan əmlak pul ifadəsində onun üzvlərinin pay haqlarına bölünür. Xüsusi vəsaitlər əsas fəaliyyətin gəlirləri, bank kreditləri, qiymətli kağızlar və s. mənbələr hesabına formalaşır.
Kooperativin mənfəəti qanunda və nizamnamədə başqa qaydalar nəzərdə tutulmayıbsa əmər fəaliyyətinə uyğun olaraq üzvləri arasında bölüşdürülür.
Kəndli (fermer) təsərrüfatları – ailə yaxud ayrı-ayrı vətəndaşların yaratdıqları müstəqil əmtəə təsərrüfatıdır. Kəndli (fermer) təsərrüfatı torpağa və əmlaka malik olmaqla şəxsi və ailə əməyinə əsaslanır. Onun başçısı dövlət qeydiyyatından keçdiyi vaxtdan sahibkar (fermer) kimi tanınır. Fermerin əsas əmlakına daxildir: torpaq sahəsi, binalar və təsərrüfat qurğuları, meliorasiya və irriqasiya qurğuları, məhsuldar və iş heyvanları, texnika və avadanlıqlar, nəqliyyat vasitələri, inventarlar, təsərrüfat fəaliyyəti üçün zəruri olan başqa əmlak.
Fermer təsərrüfatının əmlakı onun üzvlərinə məxsusdur. Məhsullar və gəlirlər ümumi əmlakdır və təsərrüfat üzvlərinin razılığı ilə istifadə edilir.
Fermer təsərrüfatı özünün maddi tələbatını təmin etmək məqsədilə başqa fiziki və hüquqi şəxsləri könüllü qaydada özünə birləşdirə bilər.

KƏND TƏSƏRRÜFATI MÜƏSSISƏLƏRININ MALIYYƏ RESURSLARI


Hər hansı təşkilati-hüquqi formada olan əmtəə istehsalçısının müvəffəqiyyətli işi üçün maliyyə resursları olmalıdır.


Maliyyə resursları – təsərrüfatçılıq subyektinin sərəncamında olan və öhdəliklərin yerinə yetirilməsinə, geniş təkrar istehsal xərclərinin ödənilməsinə və iqtisadi stimullaşdırmaya yönəldilən pul gəlirləri və daxilolmalarıdır.
Maliyyə resursları xüsusi və ona bərabərləşdirilən vəsaitlər, onların maliyyə bazarında səfərbərliyə alınması və yenidən bölgüsü qaydasında bank sistemindən daxil vəsait hesabına yaradılır.
Müəssisə təsis olunanda maliyyə resursları nizamnamə kapitalında formalaşır.
Təsərrüfat yaradılanda nizamnamə kapitalı normal fəaliyyətin həyata keçirilməsi üçün zəruri olan əsas fondlar və dövriyyə vəsaitəlrinin formalaşmasının mənbəyini təşkil edir.
Satışdan pul gəlirləri – istehsala sərf edilən vəsaitlərin, pul fondlarının və maliyyə ehtiyatlarının (resurslarının) yaradılmasının mənbəyidir. Pul gəlirlərindən tam maya dəyəri çıxıldıqdan sonra mənfəət əldə edilir.
Mənfəət və amortizasiya ayırmaları xüsusi maliyyə resurslarını əmələ gətirir, onlardan təsərrüfat sərbəst istifadə edir.
Cəlb edilən maliyyə resurslarına daxildir:

  1. Qısamüddətli və uzunmüddətli bank kreditləri;

  2. Başqa müəssisələrin vəsaitləri;

  3. Səhmlər və başqa qiymətli kağızlar buraxır və s.

Kənd təsərrüfatı müəssisələrində maliyyənin vəzifələri


Maliyyə işi iqtisadi işlərin mühüm tərkib hissəsidir. Onun əsas məqsədi geniş təkrar istehsal prosesini maliyyə resursları ilə təmin etmək və ayrılan vəsaitlərin düzgün və səmərəli istifadə olunmasına nəzarət etməkdir.


Maliyyə işlərinə aşağıdakı sənədlər daxildir:
1. Maliyyə planlaşdırlıması; gəlirlərin və mənfəətin əldə edilməsi, onların bölüşdürülməsinin planlaşdırılması, zəruri hesablaşmaların planlaşdırılması və maliyyə planı cədvəlinin tərtib edilməsi; kreditə tələbatın, maddi-texniki təchizatın, kapital qoyuluşu və dövriyyə vəsaitləri üzrə plan hesablamalar; operativ maliyyə planlarının tərtib edilməsi; tapşırıq və smetaların tərtib edilməsi və onların icrasına nəzarət.
2. Malsatanlarla hesablaşmalar: tələbnamənin tərtib edilməsi və malsatanlarla müqavilənin bağlanması, təsərrüfatda, bankda sənədlərin rəsmiləşdirilməsi, müqavilə şərtlərinin yerinə yetirilməsinə və hesablaşma əməliyyatlarının aparılması qaydalarına əməl edilməsinə nəzarət, iddiaların təqdim edilməsi.
3. Maliyyə orqanları ilə hesablaşmalar: Dövlət büdcəsinə, sosial sığorta və pensiya fonduna, əmlak sığortasına, ödəmələr üzrə plan üzrə və faktiki haqq hesabların tərtib edlməsi:
4. Dövriyyə vəsaitləri: Dövriyyə vəsaitlərinə tələbatın, xüsusi dövriyyə vəsaitləri normativlərinin və onların ödənilməsi mənbələri üzrə haqq-hesabının tərtib edilməsi; xüsusi dövriyyə vəsaitlərinin faktiki qalığının, normativdən artıq qalığın müəyyən edilməsi; dövriyyə vəsaitlərinin çatışmayan hissəsinin bərpa edilməsi, onlardan istifadənin səmərəsinin yüksəldilməsi və dövriyyənin sürətləndirilməsi üçün tədbirlərin hazırlanması və həyata keçirilməsi; normativlərin artımının ödənilməsi.
5. Kreditləşdirmə – kredit və girov müqavilələrinin bağlanması; qısamüddətli və uzunmüddətli kreditlərə tələbatın hesablanması; qısamüddətli və uzunmüddətli kreditlərin obyektləri üzrə haqq-hesabların tərtib edilməsi; kreditlərin alınması və ödənilməsi üçün zəruri sənədlərin tərtib edilməsi və banka təqdim edilməsi; kreditlərdən istifadə edilməsinə nəzarət.
6. Kapital qoyuluşunun maliyyələşdirilməsi: Kapital qoyuluşunun və onun maliyyələşdirilməsi mənbələrinin planlaşdırılması; layihə-smeta sənədlərinin, titul siyahılarının tərtib edilməsi; podrat təşkilatlarla müqavilələrin bağlanması; bankda kapital qoyuluşunun maliyyələşdirilməsinin açılması və xüsusi vəsaitlərin maliyyələşmə hesabına keçirilməsi; maliyyələşmə hesabından ödəmələr üzrə hesablaşma və ödəmə sənədlərinin tərtib edilməsi; smeta xərclərinə əməl edilməsinə nəzarət, başa çatmış obyektlərin qəbulu aktının tərtib edilməsi.
7. Sair tədbirlərin maliyyələşdirilməsi: məktəbəqədər uşaq müəssisələri, kadrların hazırlanması, əməliyyat xərcləri, mənzil-kommunal təsərrüfatı, elmi-tədqiqat işləri və s. üzrə xərclərin haqq-hesab və smetalarının tərtib edilməsi; məqsədli tədbirlərə ödəmələr üzrə hesablaşma və ödəmə sənədlərinin tərtib edilməsi; məqsədli tədbirlərin maliyyələşdirilməsi üçün vəsaitlərin daxil olmasına nəzarət, vəsaitlərdən istifadə edilməsinə dair maliyyə hesabatlarının tərtib edilməsi; mənzil-kommunal təsərrüfatı üzrə gəlirlərin və xərclərin hərəkətinin sənədləşdirilməsi; mənzil haqqının və məqsədli rüsumların daxil olmasına nəzarət; xüsusi tədbirlər və sosial-məişət ehtiyac-nəzarət, xüsusi tədbirlər və sosial-məişət ehtiyatlarına xərclərin maliyyələşdirilməsi.
8. Xüsusi fondların yaradılması və istifadə edilməsi: Iqtisadi həvəsləndirmə və xüsusi təyinatların yaradılması və istifadə edilməsinin plan haqq-hesabı və smetalarının tərtib edilməsi; fondların faktiki yaradılması və istifadə edilməsi; xüsusi təyinatlı fondların, vəsaitinin kapital qoyuluşunun maliyyələşdirilməsi hesabına keçirilməsi; hesablaşma və ödəmə sənədlərinin tərtib edilməsi; fondların vəsaitindən düzgün istifadə edilməsinə nəzarət.
9. Kassa əməliyyatları: Kassa planının tərtib edilməsi, kassa əməliyyatlarının sənədləşdirilməsi (kassa mədaxil və məxaric orderlərinin, kassa kitabının tərtib edilməsi); kassa əməliyyatlarına əməl edilməsinə nəzarət.
Maliyyə işçisinin əsas vəzifələri:
Gəlirlərin artırılması və rentabelliyin yüksəldilməsi yollarının axtarılması; əsas fəaliyyətin, kapital qoyuluşunun və təsərrüfat fəaliyyətinin digər sahələrinin zəruri maliyyə resursları ilə təmin edilməsi; maliyyə orqanları, bank, malsatanlar, həmçinin işçilər qarşısında öhdəliklərin vaxtında və tam yerinə yetirilməsi; idarə, müəssisə və təşkilatlar hesablaşmaların səmərəli təşkili; dövriyyə vəsaitlərinin saxlanmasının təmin edilməsi və onlardan səmərəli istifadə edilməsi; maliyyə və kassa əməliyyatlarının rəsmiləşdirilməsinin müəyyən edilən qaydalarına əməl edilməsi.
Yüklə 22,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin