AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ
“Sənayenin iqtisadiyyatı” kafedrası
AZƏRBAYCAN İQTİSADİYYATI
(mühazirələr)
i.ü.f.d., dosent Zeynalov M.H.
Bakı – 2023 Mövzu 1. “Azərbaycan iqtisadiyyatı” kursuna giriş, kursun predmeti və metodu Azərbaycanı milli müstəqilliyə aparan yol
Azərbaycan iqtisadiyyatı – cəmiyyətin mövcud olub yaşamasının və inkişafının əsasıdır.
Bir elm kimi “Azərbaycan iqtisadiyyatı”nın funksiyaları.
”Azərbaycan iqtisadiyyatı” nəyi öyrənir və onun bilavasitə predmeti nədən ibarətdir?
”Azərbaycan iqtisadiyyatı”nın metodu.
1. Azərbaycanı milli müstəqilliyə aparan yol Müstəqil milli dövlətini yarada bilməyən millət xoşbəxt ola bilməz. Bunu bacarmayan xalq başqa,yad dövlətin müstəmləkəsinə çevrilmək deməkdir. Müstəmləkəçilərin müstəmləkə xalqlarına azadlıq, firavan həyat, sərbəstlik kimi əvəzsiz sərvətlərin verilməsinə bəşəriyyət tarixində rast gəlinməmişdir və ola da bilməz. Əksinə bütün dövrlərdə müstəmləkəçilər müstəmləkə xalqlarına çoxlu problemlər yaratmışlar. Buna görə də hər bir millət özünün müstəqil milli dövlətini yaratmağı arzu etmiş və buna çalışmışlar. Lakin bu çox çətin problem olduğundan çox xalqlarda bu arzu olaraq qalmışdır. Bu baxımdan azərbaycan xalqı xoşbəxt xalqdır. Çünki uzun və çətin mübarizədən sonra Azərbaycan milləti özünün milli müstəqil dövlətini yarada bilmişdir. İqtisadi müstəqilliyin əsasında hər bir dövlətin, o cümlədən Azərbaycanın sağlam milli iqtisadiyyatının formalaşdırılması və inkişaf etdirilməsi durur. Çünki milli iqtisadiyyat hər bir dövlətin bazisidir. Dövlətin siyasəti, diplomatiyası, elmi, təhsili, səhiyyəsi, mədəniyyəti, incəsənəti və üstqurumun digər ünsürləri bunun üzərində yüksəlir. Milli iqtisadiyyatı inkişaf etdirmədən üstqurumda nailiyyətlər qazanmaq qeyri mümkündür. Doğrudur, üstqurum bazisi passiv deyil, dövlətin düzgün, milli mənafeyə uyğun siyasət yeritməsi bazisin inkişafına təkan verən əsas amillərdən biridir. Beləliklə, bazis və üstqurumun bir-birini şərtləndirməsi, birinin digərinə yardım etməsi əsasında hər bir dövlətin, o cümlədən Azərbaycanın sağlam milli iqtisadiyyatı formalaşır və inkişaf edir və iqtisadi müstəqillik üçün şərait yaranır. Hazırda Azərbaycan iqtisadiyyatın inkişaf tempi baxımından MDB məkanında birinci yerdədir. Bu təbii və qanunauyğundur. Ona görə ki, Azərbaycan inzibati amirlik iqtisadi sistemindən bazar iqtisadiyyatına keçməyi qarşısına əsas məqsəd qoymuş və bu sahədə xeyli iş görmüşdür. Bazar iqtisadi sistemi inzibati amirlik sistemindən üstün olduğundan bu öz müsbət nəticəsini verməli idi və bu özünü iqtisadi inkişaf tempinin üstün olmasında göstərdi. Digər tərəfdən Azərbaycanın müstəqil dövlət olması iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərlə iqtisadi inteqrasiyasını genişləndirməyə və beynəlxalq kapitaldan öz sənayesini, ilk növbədə neft sənayesini yenidən qurmaqla inkişaf etdirməyə imkan verdi.
Azərbaycan suveren bir respublika kimi dünya tərəfindən tanınmış, bir sıra beynəlxalq təşkilatlara daxil olmuş və dünyanın bir çox müstəqil dövlətləri ilə siyasi, iqtisadi, mədəni və s. sahələrdə əməkdaşlıq edir. Düvlət müstəqilliyini itirməmək üçün də ölkənin iqtisadi müstəqilliyinə nail olmaq lazımdır. Bu vəzifəni yerinə yetirmək üçün “iqtisadi azadlıq”,”azad iqtisadiyyat” , “iqtisadi müstəqillik” və “müstəqil iqtisadiyyat” anlayışlarından istifadəetməklazımdır.