Mülki Prosessual hüquq


Mövzunun aktuallığı və tədqiq edilməsi məqsədi—



Yüklə 86,85 Kb.
səhifə2/4
tarix05.01.2022
ölçüsü86,85 Kb.
#111080
1   2   3   4
Mövzunun aktuallığı və tədqiq edilməsi məqsədi—Mülki mühakimə icraatında şahidlik məsələsini nəzərdən keçirmək, Mülki Prosessual məcəllənin müvafiq maddələri ilə əlaqədar şərh vermək və yeri gəldikcə Cinayət Prosessual qanunvericilikdə əksini tapmış müddəalarla müqayisə etmək.
I fəsil. Mülki prosessual hüquqda şahidlik, onların prosessual hüquqları və vəzifələri

1.1. Şahid anlayışı, onların prosessual hüquq və vəzifələri
Şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağırılan şəxsdir1. Şahidin işin nəticəsində marağı olmasa da, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri—xidməti asılılıq, qohumluq, dostluq və s.) ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneə deyildir, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir.

Ümumi qaydaya görə iş üçün əhəmiyyət kəsb edən hər hansı hallar barəsində məlumatı digər şəxslərdən və ya başqa mənbələrdən əldə edən şəxslər də zərurət olduqda şahid kimi dindirilə bilərlər. Şahidin törəmə sübut hesab olunan belə ifadələri ilkin sübutları aşkar etməyə imkan verir. Alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar isə sübut hesab olunmur.

Ətrafda baş verənləri qavraya və sonradan ifadə edə bilən istənilən şəxs şahid ola bilər. Lakin şəxsin şahid kimi prosesə cəlb edilməsi üçün bir sıra formal tələblər də müəyyən olunmuşdur. Həmin tələblər sırasına: 1) şəxsin şahid kimi dindirilməsinə yol verilməyən hallar; 2) şahidlik immuniteti yaradan (yəni şahid qismində ifadə verməyin məcburi olmadığı) hallar aiddir2.

Şahidin işin halları barəsində mülahizələri, gümanları iş üzrə sübut hesab edilmir. Qanun şahidə dindirmə zamanı ona məlum olan hallar barəsində öz fikrini söyləməyi qadağan etmir. Lakin, şahidin şəxsi mülahizəsi və fikri deyil, işin halları barəsində verdiyi məlumat sübut əhəmiyyətinə malikdir. Şahidlərin mülki prosesə cəlbi, onların dindirilməsi, şahid ifadələrinin yoxlanılması MPM-in tələblərinə ciddi riayət etməklə həyata keçirilməlidir.

Mülki Prosessual məcəllədə 105-ci maddə şahidin hüquq və vəzifələri adlanır:

105.1. Şahidin hüquq və vəzifələri bu Məcəllənin 62-ci maddəsi və Azərbay­can Respublikasının digər qanunları ilə müəyyən edilir.

105.2. Şahid xəstəlik, qocalıq, əlillik, sağlamlıq imkanlarının məhdudluğu və ya sair üzrlü səbəblər nəticəsində məhkəmənin çağırışı üzrə gələ bilmədikdə, olduğu yerdə məhkəmə tərəfindən dindirilə bilər.

105.3.Şahid çağırılması ilə əlaqədar çəkdiyi xərcləri və itirdiyi vaxta görə pul əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir.

Məcəllənin özündə də birbaşa göstərildiyi kimi şahid hüquq və vəzifələri 62-ci maddə ilə müəyyən edilir. Burda bir məqam var—şahidin vəzifələri 62-ci maddənin mətnində, hüquqları isə 105-ci maddənin mətnində yer alıb. Maddə 62:

62.2. Şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur.

62.3. Şahid düzgün ifadə verməyə, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına cavab verməyə borcludur.

62.4. Şahid bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə cinayət məsuliyyəti daşıyır.


MPM-in 104.4-cü və 104.5-ci maddələrində göstərilən hallar istisna olmaq­la, məhkəmədə şahidlik etmək hər bir kəsin qanunla müəyyən edilən vəzifəsi­dir. Ona görə də MPM-in 62.2-ci maddəsi şahid qismində çağırılan şəxsin üzəri­nə məhkəməyə gəlmək və iş üzrə ona məlum olan halları bildirmək vəzifəsini qoyur. Şahidin məhkəməyə çağırılması MPM-in 11-ci fəslində müəyyən edilən qaydada həyata keçirilir. Üzrlü səbəblər olmadan məhkəməyə gəlməyən şahid­lərə münasibətdə MPM-in 186-cı maddəsində nəzərdə tutulan sanksiyaların tət­biqi yalnız şahidlərin çağırılmasının qanunla müəyyən edilən qaydasına riayət edildikdə mümkündür.

Şahidin vaxtında məhkəmə iclasına gəlməsini mümkünsüz edən üzrlü səbəblərə aşağıdakılar aid edilə bilər: xəstəlik, qocalıq, əlillik, sağlamlıq imkanının məhdudluğu, bildirişi vaxtında almama, şahidin uzaqda yaşadığı halda nəqliyyat­la bağlı problemlərin olması, şahidi təyin olunmuş vaxtda məhkəməyə gəlmək imkanından məhrum edən digər hallar (təbii fəlakət, ailə üzvlərinin qəflətən xəs­tələnməsi və ya ölməsi və s.) və məhkəmənin üzrlü hesab etdiyi başqa bu kimi hallar. Hər bir halda səbəbin üzrlü olmasını məhkəmə müəyyən edəcəkdir.

Çağırılmış şahid məhkəmə tərəfindən üzrsüz hesab edilən səbəblərə görə məhkəmə iclasına ilk dəfə gəlmədikdə, o, 110 manatadək məbləğdə cərimə edilə bilər. Şahid üzrsüz səbəbdən ikinci dəfə gəlmədikdə məhkəmənin qərar­dadına əsasən məcburi qaydada gətirilə bilər. Şahidin məhkəmə iclasına gəl­məsi mümkün olmadıqda o, imkan daxilində məhkəməni bu barədə xəbərdar et­məlidir. Hər bir halda məhkəmə şahidin gəlməməsinin səbəbini araşdırmalı və bunu üzrlü hesab etdikdə MPM-in 186.1 -ci maddəsini rəhbər tutaraq, onun iş­tirakı olmadan işə baxmağın mümkün olması haqqında işdə iştirak edən şəxslə­rin mülahizəsini dinləməli, həmin şahidin verəcəyi ifadənin iş üçün əhəmiyyətini nəzərə almalı və məhkəmə araşdırmasını davam etdirmək və ya işə baxılma­sını təxirə salmaq haqqında qərardad çıxarmalıdır. Lakin məhkəmə MPM-in 105.2-ci maddəsində göstərilən əsasların mövcud olduğunu və şahidin olduğu yerdə dindirilməsinin zəruri olduğunu aşkar etdikdə, protokola qeyd etməklə şa­hidin olduğu yerdə dindirilməsi barədə qərardad çıxaracaqdır. Məhkəmə belə qərardadı şahidin özünün (onun qanuni nümayəndəsinin) məhkəməyə göndərdiyi xahişi ilə, işdə iştirak edən şəxslərin və ya özünün (məhkəmənin) təşəbbüsü ilə qəbul edə bilər, bu məsələ həll edilərkən işdə işti­rak edən şəxslərin rəyi də nəzərə alınmalıdır. Şahidin olduğu yerdə dindiril­məsi barədə qərardadda yerində dindirməni zəruri edən səbəb, dindiriləcək şahid, habelə dindirmənin dəqiq vaxtı və yeri göstərilməlidir.

Şahidin bilə-bilə yalan ifadə verməsi və ifadə verməkdən imtina etməsi CM-in 297-ci və 298-ci maddələri üzrə cinayət məsuliyyətinin yaranmasına səbəb olur. Ona görə də məhkəmə cinayət məsuliyyətinə cəlb etməyə imkan ve­rən yaşa (16 yaşına) çatmış hər bir şahidi cinayət məsuliyyəti barədə lazımi qay­dada xəbərdar etməlidir. Belə xəbərdarlıqdan məqsəd şahidin ifadə verməli ol­masını və yalnız həqiqəti danışmağa borclu olduğunu ona rəsmi qaydada xatır­latmaqdır (nəzərə almaq lazımdır ki, cinayət qanunu şahidin bilə-bilə yalan ifadə verdiyi və ya ifadə verməkdən imtina etdiyi halda cinayət məsuliyyətinin yaran­ması üçün belə xəbərdarlığın edilmiş olmasını məcburi saymır). Ona görə də xə­bərdar edilməmiş şahidin ifadəsinin mötəbərliyini şübhə altına alan başqa əsas olmadıqda, yalnız həmin prosessual pozuntu məzmunca doğru və obyektiv şa­hid ifadəsini qeyri-mötəbər sübut saymağa əsas olmamalıdır. Şahidin bilə-bilə yalan ifadə verməsi və ifadə verməkdən imtina etməsinə dair əsaslı şübhələr olduqda isə məhkəmə xüsusi qərardad çıxarmaqla həmin şahi­din cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin həlli üçün müvafiq material­ları aidiyyəti üzrə prokurorluq orqanına göndərməlidir.

Şahidin hüquqlarından biri öz ifadəsini bildiyi dildə (ana dilində) verməsi­dir. Ona görə də məhkəmə çağırılmış şahidin məhkəmə icraatının aparıldığı dili bilmədiyini aşkar etdikdə müvafiq tərcüməçinin iştirakı üçün tədbirlər görməlidir. Lal-kar şəxs şahid qismində dindirildikdə onlarla ünsiyyət saxlamağı bacaran mütəxəssisin (surdotərcüməçinin) iştirakı təmin edilməlidir.

MPM-in 196-cı maddəsinə müvafiq olaraq bunun üçün zərurət olduqda şahidin yazılı materiallardan istifadə etmək hüququ vardır.

Yetkinlik yaşına çatmayan şəxsi şahid qismində dindirərkən belə şəxsi din­dirmənin xüsusi qaydalarına ciddi riayət edilməlidir. MPM-in 197-ci maddəsinin mətni birbaşa məhkəmə baxışı gedişində yetkinlik yaşa çatmayanların şahid qismində dindirilməsinin xüsusi qaydalarını müəyyən edir. MPM, Maddə 197.1:

“On dörd yaşına qədər olan şahidin və məhkəmənin mülahizəsi ilə on dörd yaşından on altı yaşına qədər olan şahidlərin dindirilməsi təhsil aldığı müəssisənin nümayəndəsinin iştirakı ilə aparılır. Zəruri halda məhkəməyə yetkinlik yaşına çatmamış şahidin valideynləri, övladlığa götürənlər, qəyyum və ya himayəçi də çağırılır. Göstərilən şəxslər sədrlik edənin icazəsi ilə şahidə suallar verə, habelə şahidin şəxsiyyətinə, verdiyi ifadənin məzmununa münasibətdə öz mülahizələrini söyləyə bilərlər”.

MPM-in 105.2-ci maddəsinə müvafiq olaraq, şahid məhkəmə iclasından kənarda, yəni olduğu yerdə də dindirilə bilər. Həmin normanın tələbinə əsasən, şahidin məhkəmədən kənarda dindirilməsinə yalnız onun məhkəməyə gələ bilmədiyi hallarda yol verilir. Məhkəməyə gələ bilməmənin səbəbləri isə aşağıda­kılar ola bilər: şahidin xəstəliyi; onun qocalığı; onun əlilliyi; onun sağlamlıq imkanlarının məhdudluğu; sair üzrlü səbəblər.

Şəxsin xəstə olması dedikdə, onun məhkəmə iclasına gəlməsini qeyri- mümkün edən və ya çətinləşdirən istənilən xəstəliyi başa düşülməlidir. Xəstəliyə görə məhkəmə iclasına gəlməyin qeyri-mümkün (çətin) olması məsələsi həll edilərkən digər hallarla yanaşı, həkimin müvafiq tövsiyələri (xəstənin yerdəyişməsi­nin yolverilməzliyi barədə və s.), şəxsin xəstəliyinin hansı müddət davam edə bi­ləcəyi ehtimalı da əsas götürülməlidir. Şəxsin təkcə fiziki sağlamlığında olan problemlərə görə yox, həm də psixi sağlamlığında olan pozuntulara görə məh­kəmə iclasına gəlməsi çətin ola bilər (məsələn, psixi pozuntularına görə daimi nəzarət altında olduğuna görə, yaxud məhkəmə iclasına gətiriləcəyi təqdirdə psi­xi pozuntuları səbəbindən normal ifadə verə biləcəyinin mümkün olacağına əsaslı şübhələr olduqda).

Şahidin qocalığına görə olduğu yerdə dindirilməsi o halda zəruri olacaqdır ki, həmin şəxsin hərəkət etmək, uzaq yol getmək imkanının məhdud olması və s. bu kimi səbəblərdən məhkəmə iclasına gəlməsi çətin olsun. Konkret şəxsin qo­ca olduğuna görə yerində dindirilməli olması məsələsi onun təkcə yaşı yox, baş­lıca olaraq məhkəmə iclasına gələ bilmək imkanı əsas götürülməklə həll edilmə­lidir.

«Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» AR-in 25 avqust 1992-ci tarixli, Qanuna müvafiq olaraq, əlil—anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir.

Şahidin sağlamlıq imkanının məhdudluğu dedikdə, onun «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» AR Qanununun 2-ci maddəsinin 2-ci abzasına əsasən, sağlamlıq imkanla­rı məhdud 18 yaşınadək uşaq, yəni orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəa­liyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaq olması ba­şa düşülməlidir.

Adı çəkilən Qanunun 4-1 -ci maddəsinə müvafiq olaraq, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy verilməsi yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi AR Əmək və Əha­linin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilən vəsiqə verilir.

MPM-in 105.2-ci maddəsində sair üzrlü səbəblər dedikdə, şahidin məhkəmə iclasına gəlməsini çətinləşdirən istənilən digər səbəb - şahidin yaşadığı ərazidə karantin rejiminin və ya fövqəladə vəziyyət rejiminin olması, şahidin cəzaçəkmə müəssisəsində olması (qeyd edək ki, cəzaçəkmə müəssisəsində olan şəxsin ifadə vermək üçün nəzarət altında məhkəməyə gətirilməsi həyata keçiri­lir), onun işdən və ya xidmətdən uzun müddətə ayrılmasının işlədiyi (xidmət etdi­yi) təşkilatın (idarənin, müəssisənin) fəaliyyətinə ciddi maneə yarada bilməsi, şa­hidin hamilə vəziyyətdə olması və ya onun körpə uşaqlarının olması və s. bu ki­mi hallar başa düşülə bilər. Konkret vəziyyətin şahidin yerində dindirilməsini zə­ruri edən üzrlü səbəb olduğunu məhkəmə müəyyən edəcəkdir.

Şahidin xəstə, qoca, əlil, sağlamlıq imkanı məhdud olan şəxs olması özlüyündə həmin şəxsin olduğu yerdə dindirilməsinə səbəb olmur. Ona görə də məhkəmə şəxsin olduğu yerdə dindirilməsi məsələsini həll edərkən əsas diqqəti müvafiq şəxsin öz vəziyyətinə və ya digər üzrlü səbəbə görə məhkəmə iclasına gələ bilməməsinə və həmin şəxsin yerində dindirilməsinin iş üzrə həqiqətin müəyyən edilməsinə heç bir zərər yetirməməsinə yönəltməlidir.

Şahidin olduğu yerdə dindirilməsi dedikdə, onun yaşayış yerində, mü­alicə olunduğu tibb müəssisəsində, iş və ya xidmət yerində (məsələn, hərbi qul­luqçunun xidmət etdiyi hərbi hissədə), cəzaçəkmə müəssisəsində (o cümlədən istintaq təcridxanasında), yerləşdirildiyi sosial təminat müəssisəsində (qocalar evində, internat məktəbdə və s.) dindirilməsi başa düşülməlidir.

Şahidin olduğu yerdə dindirilməsinin yeri və vaxtı işdə iştirak edən şəxs­lərə elan edilməlidir. Belə dindirmə məhkəmə iclasında dindirmə ilə eyni qayda­da aparılmalıdır (o cümlədən bilə-bilə yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmaya görə cinayət məsuliyyəti barədə şahidə xəbərdarlıq edilməli­dir). Lakin bu zaman iki məqama diqqət yetirilməlidir: a) dindirmənin keçirildiyi yerdə işdə iştirak edən şəxslərin olmasının mümkünlüyü nəzərə alınmalıdır (mə­sələn, dindirmə şahidin mənzilində aparıldıqda onun icazəsi olmadan kənar şəxslərin ora daxil olmasına yol verilməməlidir, yaxud həkimin əks tövsiyəsi ol­duqda xəstə şəxsin yanına çoxlu sayda kənar şəxslərin buraxılması arzuolunmazdır və s.); b) belə qaydada dindirmə müstəsna hal olduğuna görə işdə iştirak edən şəxslər gəlməsələr də, dindirmə keçirilməlidir.

Şahidin olduğu yerdə dindirilməsi məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi ayrıca protokolla rəsmiləşdirilməli və ifadələr həmin proto­kolda qeyd edilməlidir. Şahidin olduğu yerdə dindirilməsi zamanı MPM-in 195-ci maddəsinin tələblərinə ciddi riayət edilməlidir (şahidin işdə iştirak edən şəxslərlə münasibətlərinin aydınlaşdırılması, onun dindirilməsinin ardıcıllığı və s.). Şahidin olduğu yerdə dindirilməsi zamanı tərtib edilmiş protokol mülki işin materiallarına əlavə olunur və həmin şahidin ifadələri MPM-in 198-ci maddəsinə uyğun olaraq məhkəmə iclasında elan edilir və araşdırılır3.

Şahidin yerində dindirilməsi haqqında məsələ məhkəmə baxışı mərhələ­sində həll edilə bilər. MPM-in 371-ci maddəsində nəzərdə tutulmuş əsaslar və səbəb olduqda şahidin olduğu yerdə dindirilməsini apellyasiya məhkəməsi də həyata keçirə bilər. Şahidin olduğu yerdə dindirilməsi ilə bağlı işə məhkəmədə baxılması (MPM-in 188-ci maddəsinə müvafiq qaydada) təxirə salına bilər.

Şahidin olduğu yerdə dindirilməsini məhkəmə tapşırıqlarının yerinə yetirilməsindən (MPM-in 83-cü maddəsi) və sübutların təmin edilməsindən (MPM-in 85-ci maddəsi) fərqləndirmək lazımdır. İstər məhkəmə tapşırıqlarının yerinə yetirilməsi, istərsə də sübutların təmin edilməsi qaydasında şahidin dindirilməsi şahidin çağırılaraq məhkəmə iclasında (sübutu təmin etməni notarius və ya konsul idarəsinin rəhbəri həyata keçirdikdə isə notariat orqanında və ya kon­sul idarəsində) dindirilməsi yolu ilə həyata keçirilir. Şahidin olduğu yerdə dindiril­məsi isə hər bir halda məhkəmədən kənarda baş verir. Lakin MPM-in 105.2-ci maddəsində göstərilən əsaslar olduqda məhkəmə tapşırığının yerinə yetirilməsi və ya sübutun təmin edilməsi qaydasında şahidin dindirilməsi də onun olduğu yerdə həyata keçirilə bilər.

Şahid məhkəməyə çağırılması ilə əlaqədar çəkdiyi xərclərin (yol xərcləri­nin, yaşayış sahəsinin icarəsi ilə əlaqədar xərclərinin, habelə sutkalıq xərclərin) ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, əmək münasibətlərində olmayan şahidlər adi məşğuliyyətlərindən ayrıldıqlarına görə, faktiki sərf olunmuş vaxt və əməyin ödənilməsi üçün müəyyən edilmiş minimum əmək haq­qının məbləği nəzərə alınmaqla əvəz alırlar. Əmək münasibətlərində olan şahid­lərin isə işdə olmadıqları müddət üçün orta əmək haqları saxlanılır.






    1. Yüklə 86,85 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin