Mülki Prosessual hüquq


Şahid ifadələrinin mülki mühakimə icraatındakı yeri



Yüklə 86,85 Kb.
səhifə3/4
tarix05.01.2022
ölçüsü86,85 Kb.
#111080
1   2   3   4
Şahid ifadələrinin mülki mühakimə icraatındakı yeri

MPM-in 104-cü maddəsi bilavasitə şahid ifadələrinin verilməsinin və əsasən onun mötəbərliliyinin təmininin bəzi əsaslarına toxunur. Maddə 104:

104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir.

104.2. Məhkəmənin tələbi ilə şahid öz ifadəsini yazılı tərtib edə bilər.

104.3. Alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir.

104.4. Aşağıdakılar şahid qismində dindirilə bilməzlər:

104.4.1. azyaşlı olduğuna görə, fiziki və ya psixi qüsurları üzündən faktları düzgün qavraya bilməyən və ya faktlar barədə düzgün ifadə verə bilməyən şəxslər;

104.4.2. vəzifələrini icra etməklə əlaqədar olaraq onlara məlum olan hallar barədə—mülki işlər üzrə nümayəndələr və cinayət işləri üzrə müdafiəçilər;

104.4.3. ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məsələlər üzrə—hakim;

104.4.4. dini etiqad ilə əlaqədar olaraq onlara məlum olan məsələlər üzrə—din xadimləri;

104.4.5. peşə borcunu həyata keçirməklə əlaqədar onlara məlum olan hallar barədə—vəkillər.

104.5. Aşağıdakılar məhkəmədə ifadə verməkdən imtina edə bilərlər:

105.5.1. şəxs özünə qarşı;

105.5.2. ər-arvad bir-birinə qarşı, uşaqlar valideynlərinə, valideynlər uşaqlarına qarşı;

104.5.3. qardaş və bacılar bir-birinə qarşı, nənə-baba nəvələrinə, nəvələr baba və nənələrinə qarşı;

104.5.4. vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq onlara məlum olan məlumatlar üzrə Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları.

104.6. Şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının adını və yaşadığı yeri göstərməyə borcludur.
Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxil olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. Burada işin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə, işin halları barədə məlumatlı olan şəxsin işdə iştirak edən şəxs qismində çıxış etməsi başa düşülür. Belə olduqda həmin şəxs şahid ifadəsi yox, işdə iştirak edən şəxs kimi izahat verə bilər.

Mülki iş üzrə şahid qismində çıxış edən şəxs həmin iş üzrə hakim, nümayəndə, məhkəmə iclasının katibi, ekspert, mütəxəssis, tərcüməçi qismində çıxış edə bilməz (o cümlədən şahid kimi dindirildikdən sonra da həmin işdə göstərilən şəxslər qismində iştirak edə bilməz).

Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz (MPM-in 104.4.2-104.4.5-ci maddələrində göstərilən hallar istisna olmaqla), la­kin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır.

Şahid kimi dindirilməli olan şəxslərin məhkəməyə dəvət olunması təşəbbüsünün irəli sürülməsi mülki iş üzrə sübutların təqdim olunması qaydasında həyata keçirilir. MPM-in 77.1 -ci və 78.1-ci maddələrindən çıxış edərək qeyd etmək olar ki, şahidlərin dəvət olunması təşəbbüsü ilə yalnız işdə iştirak edən şəxslər (onların nümayəndələri və qanuni nümayəndələri də daxil olmaqla) çıxış edə bi­lərlər və məhkəmə heç bir halda öz təşəbbüsü ilə şahid dəvət edə bilməz.

Şahidlərin dəvət olunaraq dindirilməsi barədə təşəbbüsü işdə iştirak edən şəxs məhkəməyə etdiyi müraciətdə (iddia ərizəsində, ərizədə), işin məhkəmə­də baxılmağa hazırlanması, birinci instansiya məhkəməsində işə baxılması, ha­belə MPM-in 371-ci maddəsinin tələblərinə əməl olunmaqla apelyasiya instansi­yası məhkəməsində icraat zamanı verdiyi vəsatətdə qaldıra bilər. Şahidlərin dindirilməsi MPM-in 83-cü maddəsində (məhkəmə tapşırıqlarının yerinə yetirilməsi), 85-ci maddəsində (sübutların təmin edilməsi) nəzərdə tutulmuş qaydalarda da həyata keçirilə bilər. Məhkəmədə mülki işin başlanmasından əvvəl sübutların təmin edilməsi qaydasında şahidin dindirilməsini notarius (konsul idarəsinin mü­vafiq vəzifəli şəxsi) da həyata keçirə bilər.

Şahidlərin dindirilmə üçün çağırılması MPM-in 11-ci fəslində nəzərdə tutulmuş qaydada onlara məhkəmə bildirişlərinin göndərilməsi yolu ilə həyata keçirilir.

Şahidlərin dindirilməsi, bir qayda olaraq, məhkəmə iclasında MPM-in 195- 197-ci maddələrinə riayət edilməklə həyata keçirilir. Lakin müvafiq əsaslar və səbəblər olduqda şahidlərin MPM-in 83-cü, 85-ci, 105.2-ci və 189-cu maddələrində nəzərdə tutulan qaydada dindirilməsinə də yol verilir.

Mülki-prosessual qanunvericiliyin ümumi tələbinə müvafiq olaraq, şahid şi­fahi surətdə ifadə verir və onun ifadəsi məhkəmə iclasının protokolunda (sübut­ların təmin edilməsi üzrə fəaliyyəti həyata keçirən notariusun və ya konsul idarəsinin müvafiq vəzifəli şəxsinin «Notariat hərəkətlərinin aparılması qaydaları haq­qında» Təlimatın 195-ci bəndinə uyğun olaraq tərtib etdiyi protokolda) qeyd olu­nur. Lakin MPM-in 104.2-ci maddəsi nəzərdə tutur ki, məhkəmənin tələbi ilə şahid öz ifadəsini yazılı tərtib edə bilər. Hesab edirik ki, qanunvericiliyin həmin müddəası məhdud təfsir edilməli və hər şeydən əvvəl MPM-in 175-ci maddəsinin məhkəmə baxışının bilavasitəliyi və şifahiliyinə dair tələbi rəhbər tutulmalıdır.

Fikrimizcə, məhkəmənin tələbi ilə şahidin öz ifadəsini yazılı tərtib etməsinə aşağıdakı hallarda yol verilə bilər: 1) dindirmənin məhkəmə iclasından kənarda işdə iştirak edən şəxslərin iştirakı olmadan aparıldığı halda (MPM-in 83-cü, 85-ci və 105.2-ci maddələrində nəzərdə tutulmuş qaydada işdə iştirak edən şəxslərin iştirakı olmadan dindirmənin aparılması zamanı); 2) MPM-in 196-cı maddəsində göstərilən səbəbdən (ifadələr hər hansı hesablamalarla və ya yadda çətin saxlanıla bilən digər məlumatlarla əlaqədar olduqda) və ya ifadədə mü­rəkkəb düsturlardan, çoxlu terminlərdən və başqa bu kimi çətin qavranıla bilən məlumatlardan istifadə olunması səbəbindən (belə hallarda həmin məlumatların iclas katibi tərəfindən protokola qeyd edilməsi də xeyli çətin olur) ifadənin yazılı tərtib edilməsinə zərurət olduqda; 3) başqa müstəsna hallarda (məsələn, lal- kar olan, lakin yazmağı bacaran şahidə öz ifadəsini yazılı tərtib etmək üçün im­kanın verilməsi). Şahid ifadəsini yazılı tərtib etsə də, dindirmənin gedişi protokollaşdırılmalı və yazılı ifadə protokola əlavə edilməlidir. Nəzərə almaq lazımdır ki, yazılı tərtib olunmuş şahid ifadəsi də məhkəmə iclasında araşdırılmalıdır və bu zaman ifadəni tərtib etmiş şahidin məhkəmə iclasına gəlməsi mümkündürsə, iş­də iştirak edən şəxslərin ona əlavə suallar verməsi təmin olunmalıdır. Yazılı tər­tib olunmuş şahid ifadəsi iş materiallarına əlavə olunaraq saxlanmalıdır.

Ümumiyyətlə, MPM-in 104.2-ci maddəsi imperativ norma deyildir və məhkəmə tələb etsə də, şahid öz ifadəsini yazılı tərtib etməyə bilər. Belə halda onun ifadəsi adi qaydada protokola qeyd ediləcəkdir.

Konkret şəxsin şahid qismində dəvət olunaraq dindirilməsi zamanı ən mühüm məsələlərdən biri onun verdiyi məlumatların mənbəyinin müəyyən edilməsidir, çünki şahid ifadələrində mənbəyi məlum olmayan məlumatların heç bir sübut əhəmiyyəti yoxdur. Şahidin verdiyi məlumat müvafiq hadisənin, prosesin, əşyanın və ya hər hansı faktın bilavasitə müşahidə edilərək qavranılması nəticəsində formalaşa bilər (ilkin ifadə), yaxud da başqa şəxslərdən, digər mənbələrdən (kütləvi informasiya vasitələri, müxtəlif yazılı mənbələr - şəkillər, vərəqələr və s.) alınmış ola bilər (törəmə ifadə). Əgər şahid onda olan məlumatı başqa mənbədən aldığını bildirirsə (yəni törəmə ifadə verirsə), belə halda həmin mənbələri dəqiq göstərməlidir. Mənbənin dəqiq göstərilməsi dedikdə, şəxsin onda olan məlumatı hansı şəraitdə, hansı mənbədən (əgər başqa şəxsdən almışdırsa, onun barəsində imkan daxilində konkret məlumatlar: məsələn, adı, ünvanı, iş yeri, fəaliyyəti, yaxud özü və ya işdə iştirak edən şəxslərlə münasibəti və s.) aldığını bildirməlidir. Hər bir halda məlumatın mənbəyi haqqında deyilənlər onu fərdiləşdirməyə imkan verməlidir (məsələn, şahidin belə söyləməsi məlumat mənbəyinin aydınlığı üçün kifayətdir: «İddiaçının xalası oğlundan eşitdim ki,. ......» və s.). Qeyri-müəyyən(fərdiləşdirilməsi mümkün olmayan) mənbələrin göstəril­məsi həmin ifadədə verilən məlumatın sübut əhəmiyyətinin olmaması deməkdir.

Ola bilər ki, şahid öz ifadəsində verdiyi məlumatların bir qisminin mənbəyini göstərsin, digərinin mənbəyini isə göstərə bilməsin. Belə olduqda onun ifadəsinin yalnız mənbəyi məlum olan hissəsi sübut kimi qəbul edilməlidir.

Şahid törəmə ifadə verdikdə onun istinad etdiyi məlumat mənbələrinin (məsələn, istinad etdiyi konkret şəxsin) icraata cəlb edilməsinin zəruriliyi məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin diqqətinə çatdırılmalıdır. Onların müva­fiq təşəbbüsü olduqda həmin məlumat mənbələri də icraata cəlb edilməli və mü­vafiq qaydada əldə olunmuş sübut araşdırılmalıdır (məsələn, şahidin istinad etdiyi şəxs şahid qismində dəvət olunaraq dindirilməlidir). Bu yolla həm də törəmə ifadələrin doğruluğu yoxlanmış olacaqdır. Lakin törəmə ifadədə, istinad edilən mənbələrin birbaşa olaraq icraata cəlb edilə bilməməsi (məsəfən, şahidin istinad etdiyi şəxsin ölməsi, uzun müddətə xaricə getməsi və s.) törəmə ifadənin əhəmiyyətsiz hesab edilməsinə əsas ola bilməz və həmin ifadə digər sübutlarla birgə araşdırılaraq qiymətləndirilməlidir.

Qanunvericilik hər hansı bir şəxsin şahid ola bilməməsini onun yaşı, psixi və ya fiziki sağlamlığı, yaxud hər hansı digər əlamətləri ilə əlaqələndirmir. Ona görə də istənilən şəxsin şahid kimi dindirilməsi mümkündür. Lakin MPM-ın 104.4-cü maddəsində şəxsin şahid qismində dindirilməsini istisna edən hal­lar göstərilmişdir. Həmin hallar konkret şəxsin fiziki və ya psixi vəziyyəti, habelə onun peşə fəaliyyəti ilə bağlıdır.







7. Konkret şəxsin hər hansı bir hadisəni, prosesi və s. müşahidə edərək qavraması, daha sonra bunu ifadə edə bilməsi onun yaşı, psixi və fiziki sağlamlığı ilə bağlıdır. Şəxsin azyaşlı olmasına görə faktları düzgün qavraya bilməsi və ya faktlar barədə düzgün ifadə verə bilməsi müəyyən edilərkən müvafiq hadisənin, prosesin və ya faktın mahiyyəti, onun baş vermə şəraiti, bundan sonra keçmiş vaxt, konkret şəxsin yaşı, həmin vaxt onun ətrafında olan şərait, dünyagörüşü və s. hallar nəzərə alınmalıdır. Şahid kimi ifadə verməli olan azyaşlının faktları qav­ramaq və ifadə vermək qabiliyyətinə malik olması şübhə doğurduqda (proses­də iştirak edən şəxslər bunu mübahisələndirdikdə) əvvəlcə onun təhsil aldığı müəssisənin həmin şahidi yaxşı tanıyan nümayəndəsinin (məsələn, sinif rəhbəri­nin) və valideyninin (övladlığa götürəninin, qəyyum və ya himayəçisinin) iştirakı ilə həmin uşağın göstərilən qabiliyyətə malik olması aydınlaşdırılmalıdır. Uşağın belə qabiliyyətə malik olması aydın olduqda o, şahid kimi dindirilməlidir, bunun əksi olduqda isə həmin uşaq, ümumiyyətlə, dindirilməyə bilər və ya müşahidə etdiyi hadisənin və faktın mahiyyəti nəzərə alınaraq dindirilə bilər (lakin sonuncu halda onun ifadəsinin məzmununa diqqətlə yanaşılmalı, bu ifadə daha müfəssəl yoxlanmalıdır). Azyaşlı şəxs faktların bir hissəsini düzgün qavrayaraq ifadə edə bilərsə, o, məhz həmin faktlar barədə dindirilməlidir. Azyaşlının öz ifadəsində verdiyi məlumatların həqiqətə uyğun olması şübhə doğurduqda və bu şübhələr başqa sübutların köməyi ilə aradan qaldırıla bilmədikdə, həmin ifadə mötəbər sübut sayılmamalı və nəzərə alınmamalıdır.

16 yaşı tamam olmamış şəxslərin şahid kimi dindirilməsi zamanı onlara ifadə verməkdən boyun qaçırmaya və bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti haqqında xəbərdarlıq edilmir.

Şəxsdə müəyyən fiziki qüsurların (korluq, lal-karlıq), habelə bəzi psixi qüsurların (o cümlədən qocalma nəticəsində yaddaşın həddən artıq zəifləməsi) olması da onun şahid kimi mötəbər məlumat verəcəyini şübhə altına ala bilər. Lakin insan psixikasında ayrı-ayrı pozuntuların, eləcə də onda fiziki qüsurların (pis görmək, lal-karlıq) olması hələ o demək deyil ki, həmin şəxs məhkəmədə şahid kimi dindirilə bilməz. Pis eşidən şəxs görməklə, eləcə də pis görən şəxs eşitməklə müəyyən informasiya didə edə bilər. Məhkəmə şahid ifadələrinin formalaşma prosesinin aydınlaşdırılmasına xüsusi diqqət yetirməlidir və belə qüsurları olsa da, şəxsin şahid kimi ifadə verə biləcəyinin mümkünlüyünü müəy­yən etdikdə onun çağırılaraq dindirilməsini təmin etməlidir. Psixi xəstəlikdən əziyyət çəkən, eləcə də pis görən və ya eşidən şəxsin şahid ola bilməsinə şüb­hələr varsa və belə şahidin verəcəyi ifadənin işin taleyinə mühüm təsir edə bilə­cəyini ehtimal etmək üçün ciddi əsaslar varsa, onda müvafiq şəxsin şahid kimi ifadə vermək qabiliyyətinə malik olmasının müəyyən edilməsi üçün məhkəmə-psixiatrik və ya məhkəmə tibbi ekspertiza təyin edilə bilməsi məsələsinə MPM-də aydınlıq gətirilməmişdir. Lakin nəzərə almaq lazımdır ki, MPM-in 204.2- ci maddəsinə əsasən, məhkəmə sübutun saxtalığım yoxlamaq üçün eksperti­za təyin edə bilər, habelə tərəflərə başqa sübutlar təqdim etməyi təklif edə bilər. Digər tərəfdən, göstərilən qaydada ekspertiza şahid olacaq şəxslərlə bağlıdır və onlar barəsində mülki iş üzrə məcburi ekspertizanın keçirilə bilməsi nəzərdə tu­tulmadığından belə ekspertizalar yalnız həmin şəxslərin razılığı ilə (könüllü) mümkündür. Beləliklə, MPM-in 204.2-ci maddəsini analogiya üzrə təfsir etməklə hesab edirik ki, son dərəcə zəruri hallarda və şahid olacaq şəxsin razılığı ilə, habelə işdə iştirak edən şəxslərin müvafiq vəsatəti olduqda şəxsin şahid ki­mi ifadə vermək qabiliyyətinə malik olmasının müəyyən edilməsi üçün məhkəmə-psixiatrik və ya məhkəmə-tibbi ekspertizanın təyin edilməsi mümkündür. Hər bir halda buna MPM-də aydınlıq gətirilməsi zəruridir.

Fiziki və ya psixi qüsuruna görə faktları düzgün qavraya bilməsi şübhə doğuran şahid belə ekspertizadan imtina etdikdə və onun ifadəsinin həqiqiliyinə olan şübhələr başqa sübutların köməyi ilə aradan qaldırıla bilmədikdə, bu ifadə sübut kimi qiymətləndirilə və nəzərə alına bilməz.

MPM-in 104.4.2-104.4.5-ci maddələrində göstərilən şəxslərin şahid kimi dindirilməsinin yolverilməzliyi isə müstəsna olaraq onların peşə fəaliyyəti ilə bağlıdır. Lakin bu müddəaların tətbiqi zamanı nəzərə almaq lazımdır ki, həmin şəxslər öz peşə fəaliyyətini həyata keçirərkən müşahidə etdikləri istənilən məsələ barəsində yox, yalnız həmin peşə fəaliyyətinin əhatə etdiyi (yönəldiyi) konkret məsələlər, bu fəaliyyətin mahiyyəti, gedişi, həmin fəaliyyətlə əlaqədar qərarlar qəbul edilməsində bu şəxsin mövqeyinin formalaşması və s. bu kimi məsələlər barədə dindirilə bilməzlər. Məsələn, konkret işə baxılması zamanı məhkəmə iclasında baxılan işə aid olmayan hər hansı bir hadisə baş verərsə (işdə iştirak edən şəxslərdən birinin hamının gözü qarşısında başqa bir şəxsə hər hansı əşyanı verməsi), onda həmin hadisə üzrə hakim də, nümayəndə də, habelə digər proses iştirakçıları da şahid kimi dindirilə bilərlər.

Göstərilən şəxslərin öz peşə fəaliyyətləri ilə bağlı şahid kimi dindirilməsinin yolverilməzliyi həmin şəxslərin öz fəaliyyətlərində müstəqilliyinin, öz peşə sir­rini qoruya bilməsinin, habelə insanların bu şəxslərə daha çox etibar edə bilməsinin təmin edilməsi məqsədinə xidmət edir (məsələn, din xadimi yanına gələrək tövbə etmiş şəxslərin dediklərini şahid kimi məhkəmədə aşkar ifadə et­dikdən sonra həmin din xadiminə heç kəs etibar etməyəcəkdir və ya təmsil etdiyi (müdafiə etdiyi) şəxsin ona bildirdiyi məlumatlarla bağlı ifadə verən nümayəndə­yə (müdafiəçiyə) hüquqi yardım üçün müraciət etməyə dəyməz, yaxud konkret qərarı qəbul edərkən hansı mülahizələrdən çıxış etməsi barədə hakimi dindirmək onun müstəqilliyini əlindən almaq demək olardı və s.). Ona görə də belə şəxslər­dən MPM-in 104.4.2-104.4.5-ci maddələrində göstərilən məsələlərə dair ifadə alınmasına heç bir halda yol verilmir. Həmin şəxslərin könüllü olaraq göstəri­lən məsələlərə dair ifadə verməsi də yolverilməzdir (belə ifadənin heç bir sü­but əhəmiyyəti yoxdur) və qanunvericilikdə nəzərdə tutulmuş halda peşə fəaliy­yəti ilə bağlı müəyyən məlumatları yaymaq qadağan olunduğundan (məsələn, «Məhkəmələr və hakimlər haqqında» AR Qanununun 99-cu maddəsi hakimin müşavirə otağının sirrini qorumaq vəzifəsini nəzərdə tutur; «Vəkillər və vəkillik fəaliyyəti haqqında» AR Qanununun 11-ci maddəsi vəkillik sirrini qorumağı vəkilin vəzifəsi hesab edir) həmin şəxslərin göstərilən məsələlərlə bağlı ifadə vermə­si onların intizam məsuliyyətinə səbəb ola bilər.

MPM-in 104.4.2-104.4.5-ci maddələrinə əsasən dindirilməsinə yol verilməyən şəxslərə istinad edərək həmin maddələrdə göstərilən məsələlər barədə başqa şəxs ifadə verərsə (törəmə ifadə), onun ifadəsi etibarsız hesab edilməli və qeyd-şərtsiz olaraq sübut kimi qəbul edilməməlidir. Başqa sözlə, bu şəxslər göstərilən məsələlərlə bağlı nəinki şahid ola bilməzlər, eləcə də məlumat mən­bəyi kimi onlara istinad edilərək törəmə ifadənin də alınmasına yol verilə bil­məz.

MPM-in 104.4.2-104.4.5-ci maddələrində göstərilmiş şəxslərin dairəsi­nin düzgün müəyyən edilməsi də mühüm əhəmiyyətə malikdir.

MPM-in 104.4.2-ci maddəsində boşluğun olduğu aydın görünür. Belə ki, təkcə mülki işlər üzrə nümayəndələr və cinayət işləri üzrə müdafiəçilər yox, həm də cinayət işləri üzrə nümayəndələr (CPM-in 102-ci, 103-cü və 105-ci maddələri), inzibati məhkəmə icraatı üzrə nümayəndələr (İPM-in 31-ci maddəsi), inzibati xətalara dair işlər üzrə icraatda müdafiəçi və nümayəndə (IXM-in 375-ci maddəsi), habelə xüsusi konstitusiya icraatında maraqlı subyektlərin nümayəndələri («Konstitusiya məhkəməsi haqqında» AR Qanununun 42.2-ci maddəsi) də öz peşə vəzifələrini icra etməklə əlaqədar onlara məlum olan hallar barədə ifadə verə bilməzlər. Ona görə də hesab edirik ki, həmin şəxslər də MPM-in 104.4.2-ci maddəsində sadalanan şəxslər sırasına daxil edilməlidir.

Nümayəndə və ya müdafiəçinin peşəkar vəkil, müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada nümayəndə (müdafiəçi) qismində çıxış edə bilən digər şəxs olmasından asılı olmayaraq MPM-in 104.4.2-ci maddəsinin tələbi onun barəsində tətbiq edilməlidir.

MPM-in 104.4.3-cü maddəsində hakim dedikdə, AR-in istənilən növ və İnstansiya məhkəməsinin hakimi, ha­belə AR Konstitusiya Məhkəməsinin hakimləri başa düşülməlidir. Hakimin istənilən növ icraat (konstitusiya icraatı, cinayət mühakimə icraatı, inzibati məhkəkəmə icraatı, inzibati xətalara dair işlər üzrə icraat, mülki məhkəmə icraatı, o cümlədən sübutların təmin edilməsi və ya məhkəmə tapşırıqlarının yerinə yetirilməsi üzrə icraat) üzrə ədalət mühakiməsini həyata keçirməsi ilə bağlı ona məlum olan hər hansı məsələ üzrə dindirilməsi qadağan edilmişdir. Bu qadağa hakimlərin müstəqilliyi, onların yalnız qanuna tabe olması və ədalət mühakiməsinin bir sıra digər prinsiplərinin təminatlarından biri qismində çıxış edir.

MPM-in 104.4.4-cü maddələrində din xadimi dedikdə, AR Milli Məclisinin «Azerbaycan Respublikası Milli Məclisinə seçkilər haqqında» AR Qanununun bəzi müddəalarının izahı barədə» 14 sentyabr 1995-ci il tarixli, 1107 saylı Qərarının 1-ci bəndinə müvafiq olaraq, dindarların dini tələbatını ödəyən, dini ayinləri icra edən, etiqad təlimlərini öyrədən ruhanilər və ruhani rütbəsi olanlar başa düşülməlidir.

MPM-in 104.4.5-ci maddəsində vəkil dedikdə, «Vəkillər və vəkillik fəaliyyəti haqqında» AR Qanununun 8-ci maddəsinə uyğun olaraq vəkil statusuna malik şəxslər başa düşülür.

Vəkilin peşə fəaliyyəti dedikdə, onun müxtəlif işlər üzrə məhkəmə və digər dövlət orqanlarında nümayəndə və ya müdafiəçi qismində fəaliyyəti, hüquqi və fiziki şəxslərə müxtəlif məsələlərə dair hüquqi yardım göstərməsi, məsləhətlər verməsi və vəkillik fəaliyyətindən irəli gələn digər fəaliyyəti başa düşülməlidir.

Nəzərə almaq lazımdır ki, MPM-in 104.4-cü maddəsinin tələbi mütləqdir və həmin maddədə göstərilən şəxslər öz statusunu itirdikdən sonra da onların həmin normada qeyd olunan məsələlərə dair dindirilməsi yolverilməzdir.

MPM-in 104.5-ci maddəsində şahidlik immuniteti hüququna malik olan, yəni şahid kimi ifadə verməkdən imtina etmək hüququ olan şəxslərin dairəsi müəyyən edilmişdir. Şahidlik immuniteti başlıca olaraq qohumluq münasibəti, habelə nümayəndəli dövlət orqanında təmsilçiliklə bağlıdır.

MPM-in 104.5.1-104.5.3-cü maddələri tətbiq edilərkən nəzərə almaq lazımdır ki, şahidlik immuniteti hüququna malik şəxslər bu immunitetdən həmin normalarda göstərilən şəxsə qarşı ifadə verməmək üçün istifadə edə bilərlər. Lakin on­ların ifadələrinin özlərinə və yaxın qohumlarına heç bir aidiyyəti olmadıqda onlar adi qaydada şahid kimi ifadə verməyə borcludurlar və bundan imtinaya, habelə bilə-bilə yalan ifadə verməyə görə adi qaydada cinayət məsuliyyəti daşıyırlar.

MPM-in 104.5.2-ci və 104.5.3-cü maddələrini tətbiq edərkən nəzərə almaq lazımdır ki, valideyn dedikdə, həm də övladlığa götürənlər, uşaqlar dedikdə, həm də övladlığa götürülənlər, qardaş və bacılar dedikdə isə həm də ögey qardaş və bacılar başa düşülməlidir. Bir sözlə, MPM-in 104.5-ci maddəsinin müddəaları anlayışı MPM-in 19-cu maddəsinin qeydində verilmiş yaxın qohumların hamısı barəsində tətbiq edilməlidir.


Özünə və yaxın qohumlarına qarşı şahidlik immuniteti hüququ olan şəxs­lərlə bağlı bir məsələnin də dəqiqləşdirilməsi zəruridir. Yuxarıda qeyd etdik ki, həmin şəxslərin immunitet hüququ olsa da, onlar müxtəlif əsaslarla (ifadələrinin özlərinə və ya qohumlarına heç bir aidiyyəti olmadığına görə, habelə könüllü ifa­də vermək istədikdə) dindirilə bilərlər. Bu zaman həmin şəxslərə belə immunitet hüququna malik olduqları izah edilməlidir və onların özlərinə və ya yaxın qohumlarına qarşı məlumatlarla bağlı ifadə verməməsi, habelə belə məlumatlarla bağlı suallara cavabdan imtina etməsi normal hesab edilməlidir. Başqa sözlə, şəxsin şahidlik immuniteti hüququndan imtina etməsi, onun icraatın sonrakı gedişində bu hüquqdan istifadə etməsini məhdudlaşdırmır. Lakin könüllü olaraq ifadə vermiş şahidlik immuniteti olan şəxsin sonradan öz ifadələrindən imtina etməsi, adi şahidlərin əvvəlki ifadələrindən imtinası kimi qiymətləndiriləcəkdir.

MPM-in 104.5-ci maddəsinə əsasən şahidlik immuniteti hüququna malik olan şəxslərə istinad edərək həmin maddələrdə göstərilən məsələlər barədə başqa şəxs ifadə verərsə (törəmə ifadə), onun ifadəsi şahidlik immuniteti hüqu­quna malik olan şəxs ifadə verməyə könüllü razı olmaq şərti ilə həmin törə­mə ifadələri təsdiqlədikdə etibarlı hesab edilə bilər. Başqa sözlə, bu şəxslər şahidlik immuniteti hüququndan istifadə etdikdə məlumat mənbəyi kimi onlara istinadən verilən törəmə ifadə mötəbər sübut kimi qəbul oluna bilməz.

MPM-in 104.5.4-cü maddəsində göstərilən şəxslərin şahidlik immuniteti hüququ onların deputat kimi müstəqil fəaliyyətinin, habelə seçicilər arasında nüfuzunun qorunub saxlanmasına xidmət edir. Hesab edirik ki, AR-in İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) fəaliyyəti üçün də müxtəlif hüquqi və fiziki şəxslərdən əldə olunmuş belə məlumatları qorumaq vacibdir. Ona görə də MPM-in 104.5.4-cü maddəsində sadalanan şəxslər sırasına AR-in İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) da əlavə edilməsi yaxşı olardı.

MPM-in 104.6-cı maddəsinin tətbiqi zamanı nəzərə almaq lazımdır ki, şahidin dindirilməsini istəyən şəxs təkcə vəsatət qaldırdıqda yox, həm də məhkəməyə etdiyi müraciətdə (iddia ərizəsində, ərizədə) şahid kimi göstərdiyi şəxsə dair zəruri məlumatları bildirməlidir ki, həmin şəxsi şahid qismində məhkəməyə çağırmaq mümkün olsun. Lakin şəxsdən şahidə dair ətraflı məlumatın alınması­na ehtiyac yoxdur və həmin məlumatların şahidin aşkar edilərək məhkəməyə ça­ğırılmasına imkan verməsi kifayətdir. Şəxs şahid barəsində kifayət qədər məlu­mata malik olmadıqda, məhkəmə ona həmin məlumatları necə əldə etməklə bağlı məsləhət verməlidir.

Şahidin çağırılması barədə vəsatət qaldıran şəxs göstərməlidir ki, şahid iş üçün əhəmiyyət kəsb edən hansı hallar barəsində zəruri məlumat verə bilər. Ha­kim (məhkəmə) həmin şahidin ifadəsinə nə dərəcədə ehtiyacın olduğunu müəy­yən etmək üçün artıq mövcud olan sübutları təhlil etməli, çəkişmə prinsipinə ria­yət etməklə digər işdə iştirak edən şəxslərin münasibətini də aydınlaşdırmalıdır. Bu prosessual qaydanın yaddan çıxarılması prosessual qənaət prinsipinin pozul­masına, xeyli sayda insanın gündəlik əmək fəaliyyətindən ayrılmasına, icraatın lüzumsuz yerə uzanmasına səbəb olur. Lakin hər hansı bir şahidin çağırılaraq dindirilməsindən əsassız olaraq imtinaya yol verilə bilməz. Ona görə də məhkə­mə şahidin çağırılmasından imtinanı əsaslandırmalıdır.




Nəticə

Kurs işi yekun olaraq nələrə aydınlıq gətirib nələri analiz etdi, bunların xülasəsinə baxaq. AR Mülki Prosessual Qanunverciliyində şahidlik ayrı-ayrı normalarla tənzimlənən mühüm yerə malik olan bir məsələdir (şərti olaraq institut da deyə bilərik). Mülki Prosessual məcəllədən də əvvəl normativ hüquqi aktlar iyerarxiyasında ən yüksək hüquqi qüvvəyə malik AR konstitusiyası səviyyəsində bununla bağlı ayrıca müddəa da var ( 66-cı maddə: “Heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir). Doğrudur, burada şahidlik immuniteti anlayışının legal təsbitini görürük və şahidliyin digər prinsipial məsələləri əks olunmur, amma bununla belə yenə də qanunvericiliyin məsələyə nə qədər həssaslıqla yanaşdığını əsas aktda nəzərdə tutması ilə də görürük.



Həm Cinayət həm Mülki mühakimə icraatlarında bununla bağlı tanış olduğumuz müddəalar onu deməyə əsas verir ki, şahidlərin hüquqi status baxımından sadalanan proseslərin digər iştirakçıları kimi qanunla nəzərdə tutulmuş Prosessual hüquq və vəzifələri oldu. Onların vəzifələrini yerinə yetirməməsi isə işin hallarına bağlı olaraq hətta cinayət məsuliyyəti də yaratmaqdadır.


Yüklə 86,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin