Təqlİd Təqlidin hökmləri
Məsələ 1: Heç bir müsəlman dinin əsaslarına (“Üsuli-din”) e’tiqadda təqlid yolu ilə getməməli, öz səviyyəsinə münasib dəlillər əsasında bu e’tiqadlara yiyələnməlidir. Amma dinin hökmlərinə (“Fürui-din”) münasibətdə ya müctəhid olub (İlahi hökmləri dəlillər əsasında müəyyənləşdirə bilib) öz əqidəsinə əməl etməli, ya da (müctəhid olmadığı halda) müctəhidə təqlid etməlidir. Adətən, insanlar mütəxəssis və mə’lumatlı olmadıqları sahələrdə mütəxəssislərlə və mə’lumatlı insanlara müraciət edir, onların yolunu gedirlər. (İbadət və digər şər’i vəzifələrin yerinə yetirilməsi üçün Qur’an və rəvayatlər baxımından me’yar şər’i-büluğ, yetkinlik həddinə çatmaqdır. Oğlanların qəməri tarixi illə on beş yaşının tamam olması və onların on altı yaşa keçməsi, qızların doqquz yaşının tamam olması və onların on yaşa keçməsi büluğ həddinə çatma nişanələrindən biridir. Hər şəmsi il qəməri ildən on bir gün çoxdur. Bu fərqi hesablayıb miladi ili əsas götürsək, oğlanlar üçün büluğ yaşı on dörd il altı ay iyirmi gün, qızlar üçün büluğ yaşı səkkiz il, səkkiz ay iyirmi beş gün alınar.)
İnsan dini hökmlərin yerinə yetirilməsində üçüncü bir yolu da seçə bilər, o, ehtiyat yolunu tutub elə bir şəkildə addım ata bilər ki, vəzifəsini yerinə yetirdiyinə əmin olsun. Məsələn, əgər müctəhidlərdən bir qrupu bir işi haram, başqa bir qrupu halal sayarsa, həmin işi tərk edər. Əgər bir işi müctəhidlərdən bir qrupu müstəhəb, başqa bir qrupu vacib sayarsa, həmin işi yerinə yetirər. Amma ehtiyat yolunu seçmək bir qədər çətindir. Bu yolu seçmiş insan fiqhi məsələlərdən əhatəli şəkildə xəbərdar olmalıdır. Xalq kütləsi üçün münasib yol müctəhidə müraciət və ona təqlid etməkdir.
Məsələ 2: Hökmlərlə müctəhidə təqlidin mahiyyəti müctəhidin göstərişinə əməli istinad edilməsidir. Yə’ni təqlid edən insan öz əməllərini müctəhidin göstərişləri ilə şərtləndirir.
Məsələ 3: Təqlid edilən müctəhid kişi, həddi-büluğa çatmış, ağıllı, on iki imamçı şiə, halal yolla doğulmuş (halalzadə), həmçinin vacib ehtiyata əsasən, ədalətli və diri olmalıdır. (Daxilindəki Allah qorxusu səbəbindən böyük günahdan çəkinən və kiçik günahları təkrarlamayan şəxs ədalətli sayılır).
Dostları ilə paylaş: |