Müqəddİmə Bir neçə zəruri xatırlatma



Yüklə 9,34 Mb.
səhifə23/88
tarix22.10.2017
ölçüsü9,34 Mb.
#11316
1   ...   19   20   21   22   23   24   25   26   ...   88

İkinci şərt:

Hərəkətsizlik


Məsələ 805: Əgər namaz qılan şəxsin namaz qılmaq istədiyi yer hərəkətli olarsa, yə’ni həmin şəxs həmin yerdə namazın əməllərini adi qaydada yerinə yetirə bilməzsə, onun namazı batildir. Beləcə, gəmidə, qatarda və bu kimi başqa yerlərdə namazın əməllərini düzgün yerinə yetirmək düzgün olduqda bunun eybi yoxdur. Vaxt darlığından və ya başqa bir zərurətdən gəmi, aftomobil və bu kimi hərəkətli bir yerdə namaz qılmağa məcbur olduqda imkan həddində daim dəyişən qiblə tərəfə dayanmaq lazımdır. Namaz qılan şəxs dəyişən qibləyə doğru hərəkət etdiyi vaxt namazın mətnindən deməməlidir.

Məsələ 806: Arpa, buğda və bu kimi dənli bitkilər xırmanında bir qədər hərəkət olsa da, namazın vacib əməllərini yerinə yetirmək mümkünsə namaz qılmaq olar.

Məsələ 807: Külək, yağış və ya izdihamın sıxıntısı səbəbindən namazın düzgün yerinə yetirilməsinə şübhə yarandıqda, namazı başa vurmaq ümidi ilə başlayıb maneəsiz başa çatdırsa, namaz düzgündür.

Məsələ 808: Əgər bir yerdə dayanmaq haramdırsa (Məsələn, uçmaqda olan bir yerdə) orada namaz qılınmamalıdır. Namaz qılınarsa belə, vacib ehtiyat budur ki, həmin namaz təzələnsin. Eləcə də üzərində dayanmaq və oturmaq haram olan bir yerdə (məsələn, Allahın adı yazılmış xalça üzərində) namaz qılmağın hökmü yuxarıdakı kimidir.

Üçüncü şərt:

Namazın vacib şərtlərini yerinə yetirməyin mümkünlüyü


Məsələ 809: Namaz elə bir yerdə qılınmalıdır ki, onun vacib şərtlərini yerinə yetirmək mümkün olsun. Əgər bir yer alçaq olduğundan ayaq üstə düz dayanmaq mümkün deyilsə və ya rükuya, səcdəyə getmək olmursa, belə bir yerdə namaz batildir.

Məsələ 810: Namaz qılan şəxs ədəbə riayat edərək Peyğəmbər və mə’sum imamların qəbrindən öndə dayanmamalıdır. Əgər onun namazı müqəddəsliklərə hörmətsizlik sayılarsa, haramdır və belə bir namaza irad var. Başqa hallarda isə namaz batil olur.

Dördüncü şərt:

Kişinin qadından öndə dayanması


Məsələ 811: Namazda qadın kişidən arxada dayanmalıdır. Qadının səcdə yeri kişinin səcdə yerindən bir qədər arxada olmalıdır. Əks təqdirdə namaz batildir. Bu hökmdə məhrəm və naməhrəmlər arasında fərq qoyulmur. Amma əgər qadın və kişi arasında divar və ya pərdə olarsa, eləcə də onlar arasındakı məsafə təqribən beş metrə çatarsa, bunun eybi yoxdur.

Məsələ 812: Əgər qadın kişidən öndə dayandığı vəziyyətdə birlikdə namaza başlasalar, hər ikisinin namazı batildir. Amma biri namaza başladıqdan sonra o biri qoşularsa, birincinin namazı düzgündür, ikincinin namazı batildir.

Beşinci şərt:

Səcdə yerinin oturulan yerdən hündür olmaması


Məsələ 813: Namaz qılanın alnını qoyduğu yer onun durduğu yerdən o qədər hündür olmamalıdır ki, səcdə forması pozulsun. Vacib ehtiyat budur ki, səcdə yeri oturulan yerdən dörd bağlı barmaqdan artıq hündür və ya alçaq olmasın.

Məsələ 814: Kişinin naməhrəm qadınla başqalarının daxil ola bilmədiyi xəlvət bir yerdə olmasının eybi var və vacib ehtiyat budur ki, bu hal yaranmasın. Belə bir yerdə namaz qılmağın da eybi var. Eləcə də, şərab içilən, qumar oynanılan, qeybət edilən günah məclisləri kimi yerlərdə namaz qılınmasına irad var.

Məsələ 815: Vacib ehtiyat budur ki, Kə’bə evində (Kə’bənin daxilində) vacib namaz qılınmasın. Amma orada müstəhəb namaz qılmaq olar. Hətta müstəhəbdir ki, Kə’bənin daxilində hər künc qarşısında iki rəkət namaz qılınsın. Kə’bənin üzərində isə həm vacib, həm də müstəhəb namaz qılmağın eybi var.

Namaz qılınması üçün müstəhəb və ya məkruh olan yerlər


Məsələ 816: Namazın məsciddə qılınması müstəhəbdir və bu məsələ xüsusi vurğulanır. Namaz üçün Məscidül-Həram, sonra Məscidün-Nəbi, sonra Kufə məscidi, sonra Beytül-Müqəddəs məscidi, sonra şəhərin Came məscidi, sonra isə məhəllə və bazar məscidi üstün sayılır.

Məsələ 817: Qadınların özlərini naməhrəmdən yetərincə qoruya biləcəyi halda onların məsciddə namaz qılması daha yaxşıdır. Əgər dini məsələləri öyrənmək üçün məscidə getməkdən savayı yol yoxsa, onların məscidə getməsi vacibdir.

Məsələ 818: İmamların hərəmində namaz qılmaq müstəhəbdir. Hətta hədisdə bildirilir ki, Əmirəl-mö’mininin (ə) pak hərəmində qılınan namaz iki yüz min namaza bərabərdir.

Məsələ 819: Namaz qılanı olmayan məscidə getmək müstəhəbdir. Məscidin qonşuları üzürsüz səbəbdən məsciddə namaz qılmağı tərk etməsinlər.

Məsələ 820: Yaxşı olar ki, insan məscidə e’tinasızlıq səbəbindən getməyənlərlə dostluq rabitəsi qurmasın. Onlarla bir süfrəyə əyləşməmək, hər hansı işdə məsləhətləşməmək, onlardan qız almamaq, onlara qız verməmək daha yaxşıdır.

Məsələ 821: Yaxşı olar ki, bir neçə yerdə namaz qılınmasın: Hamam, şoran torpaq, oturmuş və ya dayanmış insanın qarşısında, açıq qapının qarşısında, yollarda, get-gələ mane olacaq təqdirdə küçələrin kənarında. Əgər küçənin kənarında namaz qılınması insanlara əziyyət yaradarsa bu iş haramdır. Eləcə də od qarşısında, çıraq önündə, mətbəxdə, od kürəsi olan yerdə, quyu qarşısında, kanalizasiya axan quyu qabağında, ruhu olan əkslərlə üzbəüz namaz qılmamaq daha yaxşıdır. Amma bu əkslərin önündə pərdə olarsa eybi yoxdur. Namaz qılanla üz bəüz olmasa da əks olan yerdə, qəbirlərin önündə, qəbir üstündə, qəbristanlıqda, cənabətli şəxs olan otaqda namaz qılmamaq yaxşıdır.

Məsələ 822: Əgər insanın namaz qıldığı yerdə onun qarşısında get-gəl olarsa, araya bir şey qoymaq müstəhəbdir. Araya əsa, təsbih, hətta bir ip qoymaq bəs edər.

Məscidin hökmləri


Məsələ 823: Məscidi murdarlamaq haramdır. Məscidin yerinin, tavanının, damının, divarının iç tərəfinin murdarlanması bu qəbildəndir. Vacib ehtiyat budur ki, məscidin divarının çöl tərəfi də murdarlanmasın. Amma əgər divarın çölü vəqfdən sayılmazsa eybi yoxdur.

Məsələ 824: Məscid murdarlandıqda onu təmizləmək həm bir şəxsə kifayi vacibdir. Yə’ni bir nəfər bu işi görərsə, o birilərin öhdəsindən götürülər. Əks təqdirdə hamı günahkardır. Məscidi murdarlayan şəxs bu hökmdə başqalarından fərqlənmir.

Məsələ 825: Məsələn, bir şəxs müsafir olduğundan məscidi təmizləyə bilməsə və ya köməyə ehtiyac olduğu halda köməyi olmasa, vacib ehtiyat budur ki, məscidi paklaya biləcək şəxslərə bu barədə mə’lumat versin.

Məsələ 826: Əgər məscidin elə bir yeri murdarlanarsa ki, oranı qazmadan və ya uçurmadan təmizləmək mümkün olmasın, bu iş görülməlidir. Vacib ehtiyata əsasən, qazılmış yeri doldurmaq, uçurulmuş yeri düzəltmək lazımdır. Yaxşı olar ki, uçurulmuş yeri məscidi murdarlayan şəxs tə’mir etsin. Bu işin xərci olarsa, vacib ehtiyata əsasən, həmin şəxs zamindir.

Məsələ 827: Əgər məscid qəsb olunsa və ya məscid görkəmindən çıxarılsa, hətta ona məscid deyilməsə, yenə də oranı murdarlamaq ehtiyata əsasən haramdır və murdarlanmış yeri paklamaq lazımdır.

Məsələ 828: Peyğəmbər və mə’sum imamların hərəmini bulaşdırmaq hörmətsizlik sayılarsa, bu iş haramdır. Belə bir halda oranı təmizləmək vacibdir. Hətta hörmətsizlik olmazsa, ehtiyat budur ki, həmin yer təmizlənsin.

Məsələ 829: Məscidin xalçasını da murdarlamaq haramdır. Əgər xalça murdarlanarsa, onu paklamaq lazımdır. Bu işin xərci olsa xalçanı murdarlamış şəxs zamindir. (Vacib ehtiyata əsasən.)

Məsələ 830: Məscidə qan və sidik kimi murdar şeylər daxil etmək haramdır. Vacib ehtiyata əsasən, bu iş hörmətsizlik sayılmasa belə yol verilməzdir. Amma bir şəxsin libasında və ya bədənində, eləcə də bir körpənin libasından məscidə daxil edilən cüzi murdarlığın eybi yoxdur. Amma murdarlanmış bir şeyi (Məsələn, libası) hörmətsizlik sayılmayacağı halda, eləcə də məscidin bulaşmasına səbəb olmadığı təqdirdə məscidə daxil etmək haram deyil .

Məsələ 831: Əgər rövzə oxunması, əzadarlıq keçirilməsi, bayram mərasimlərinin qurulması üçün məsciddə çadır qurub qara çəksələr, oraya çay və yemək ləvazimatı aparsalar, bu iş məscidə zərər vurmasa və namaza mane olmasa, eybi yoxdur.

Məsələ 832: Məscidi qızılla bəzəməyin eybi var. Ehtiyat budur ki, insan və heyvan kimi ruhu olan şeylərin əksi məscidə vurulmasın.

Məsələ 833: Əgər məscid dağılsa, onun torpağını satmaq, mülk və yol üçün istifadə etmək olmaz. Məscidin hətta qapı-pəncərələrini satmaq haramdır. Məscid uçulduqda onun müxtəlif ləvazimatlarını özünə sərf etmək lazımdır. Əgər həmin məsciddə ehtiyac duyulmasa, uyğun şeyləri başqa məscidə sərf etmək olar. Əgər başqa məscidlərin də karına gəlməsə, onları satıb pulunu həmin məscidin, ya da başqa məscidin tə’mirinə xərcləmək olar.

Məsələ 834: Məscid tikmək müstəhəbdir. Müsəlmanların daha çox istifadə edə biləcəyi münasib yerdə məscid tikmək daha yaxşıdır. Məscidi tə’mir etmək də müstəhəbdir. Bu iş ən yaxşı işlərdən sayılır. Əgər məscid çox dağılsa və onu tə’mir etmək mümkün olmasa, yeni məscid tikmək olar.

Məsələ 835: Uçulmamış məscidi genişləndirmək lazım gələrsə onu söküb daha yaxşı və daha böyüyünü tikmək olar.

Məsələ 836: Məscidi təmizləmək, işıqlandırmaq, məsciddə zəruri işləri görmək müstəhəbdir. Eləcə də məscidə getmək istəyən şəxsin ətirlənməsi, pak libaslar geyməsi, ayaqqabısının altını təmiz olsun deyə nəzərdən keçirməsi müstəhəbdir. Məscidə sağ ayaqla daxil olub, sol ayaqla çıxmaq, məscidə tez gəlib, məsciddən gec çıxmaq daha yaxşıdır.

Məsələ 837: Məscidə daxil olarkən ehtiram niyyəti ilə iki rəkət namaz qılmaq müstəhəbdir. Başqa vacib və ya müstəhəb namaz qılınsa da bəs edər.

Məsələ 838: Məsciddə yatmaq, dünya işləri barədə danışmaq, nəsihətamiz olmayan şe’rlər oxumaq məkruhdur, bəyənilmir. Eləcə də məscidi ağız, burun və sinə suyu ilə bulamaq, səsi qaldırmaq, hay-küy salmaq, məscidin hörmətinə yaraşmayan işlər görmək məkruhdur.

Məsələ 839: Körpələri və divanələri məscidə buraxmaq məkruhdur. Amma körpələr maneçilik yaratmasalar, onları məscid və namaza həvəsləndirmək üçün oraya gətirmək müstəhəbdir. Bə’zən isə bu vacib olur.

Məsələ 840: Sarımsaq, soğan və bu kimi şeylər yemiş, ağzının qoxusu insanları narahat edəcək şəxsin məscidə getməsi məkruhdur.

Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin