Ayın əvvəlinin sübut olunması yolları
Məsələ 1456: Ayın əvvəli beş yolla sübut olunur:
1-Ayı gözlə görmək, amma cihazlarla ayı görmək kafi deyil;
2-Sözlərindən yəqin hasil olan bir qrup adamın şəhadət verməsi ilə (əgər adil olmasalar belə), həmçinin, yəqin hasil olan hər şeyin vasitəsi ilə;
3-İki adil kişinin şəhadət verməsi ilə; Lakin, bu iki adil şəxs ayın xüsusiyyətlərini bir-birinin əksinə desələr, yaxud xəbər verdikləri nişanələr onların səhv etdiklərini bəyan etdiyi zaman onların dedikləri ilə ayın əvvəli olması sübuta yetmir.
4-Şəban ayının əvvəlindən 30 gün keçmiş olsa; Bunun vasitəsi ilə ramazan ayının əvvəli olması sübuta yetir. Yaxud ramazan ayının əvvəlindən 30 gün keçsə, bu halda şəvval ayının əvvəli sübut olunur. (Bu, bir haldadır i, öncəki ayın əvvəli də bu yolla isbat edilsin).
5-Şəriət hakiminin (hakimi şər’) hökmü ilə; Belə ki, adil müctəhid üçün ayın əvvəli sabit olduqdan sonra ayın əvvəli olmasına hökm versin. Belə olan halda hamının ona itaət etməsi lazımdır və yalnız səhv etməsinə yəqin edən şəxslər ona itaət etməyə bilər.
Məsələ 1457: Ayın əvvəli təqvim və elm əhli olmalarına baxmayaraq, astronomların hesablamalarına əsasən sübuta yetmir. Amma əgər bir şəxs üçün onların dediklərindən yəqin hasil olsa, onlara əməl edə bilər. Habelə, ayın yuxarıda olması və ya gec qürub etməsi keçən gecənin ayın birinci gecəsi olmasına dəlalət etmir.
Məsələ 1458: Əgər bir şəhərdə ayın əvvəli sabit olsa, yaxın və üfüqləri eyni olan uzaq şəhərlər üçün də bu kafidir. Həmçinin, şərq şəhərlərində ay görsənsə, onlara nisbətdə qərbdə yerləşən şəhərlər üçün də bu kafidir. (Məsələn, ayın əvvəli Məşhəd şəhərində isbat olsa, qətiyyətlə Tehran şəhərində olan şəxslər üçün də bu kafidir; lakin, bunun əksi kifayət etmir).
Məsələ 1459: Əgər ramazan ayının əvvəli sübuta yetməsə, oruc vacib deyil. Lakin, sonradan oruc tutmadığı günün ramazan ayının birinci günü olması sübuta yetirilsə, o günün qəzasını tutmalıdır.
Məsələ 1460: İnsan oruc tutduğu günün ramazanın axırı və ya şəvval ayının birinci günü olmasında şəkk etdikdə o günü oruc tutmalıdır. Lakin, gün ərzində şəvval ayının birinci günü olması sübuta yetirilsə, hətta qüruba az qalmasına baxmayaraq, iftar etməlidir.
Məsələ 1461: Zindanda olan şəxs ramazan ayının daxil olmasına yəqin hasil etmədikdə öz gümanına əməl etməli və ən çox ramazan ayı olmasına ehtimal verdiyi ayda oruc tutmalıdır. Lakin, onun üçün heç bir güman hasil olmadığı təqdirdə hər hansı bir ayda oruc tutsa, düzgündür. Vacib ehtiyata əsasən, əgər onun zindanda qalması uzanarsa gələn il də həmin ayda oruc tutmalıdır.
Haram oruclar
Məsələ 1462: Bir ildə iki gün- Fitr (şəvval ayının əvvəli) və Qurban (zilhiccənin onu) bayramları günü oruc tutmaq haramdır.
Məsələ 1463: Əgər qadının (müstəhəb) oruc tutması səbəbilə ərinin haqqı aradan gedərsə, oruc tutması caiz deyil. Hətta ərinin haqqı aradan getməsə belə, vacib ehtiyata əsasən, (oruc tutması) ərinin icazəsi ilə olmalıdır. Həmçinin, övladın müstəhəb oruc tutması ata-ananın əziyyətə düşməsinə səbəb olsa, caiz deyil. Lakin, onlardan icazə almaq lazım deyil.
Məsələ 1464: Oruc tutmağın onun üçün zərərli olmasını bilən bir şəxs oruc tutmamalıdır və əgər oruc tutsa, səhih deyil. Əgər yəqin deyil, oruc tutmağın ona kəskin şəkildə zərər yetirəcəyinə (istər bu, şəxsi təcrübəsindən və istərsə də həkim məsləhətindən) böyük ehtimal verdiyi halda oruc tutmamalıdır.
Məsələ 1465: Əgər həkim oruc tutmağın zərərli olduğunu desə, lakin şəxsi təcrübəsindən oruc tutmağın ona heç bir zərəri olmadığını bilən bir şəxs, oruc tutmalıdır. Zərərin olması mə’lum olmadığı halda bir–iki gün təcrübə edib sonra yuxarıda deyilən hökmlərə əsasən əməl etməlidir.
Məsələ 1466: Oruc tutmağın ona bir zərər yetirməyəcəyini düşünərək oruc tutub qürubdan sonra orucun ona zərər yetirdiyini bildikdə, ehtiyata əsasən, onun qəzasını yerinə yetirməlidir.
Məsələ 1467: Bir şəxs şə’ban ayının axırı və ya ramazan ayının birinci günü olmasında şəkk etsə və bu gündə oruc tutmaq istədisə, şə’ban ayının axırını niyyət etməlidir. Əgər ramazan ayının birinci gününü niyyət etsə, orucu haram və batildir.
Məsələ 1468: Qeyd edilən günlərdən başqa da haram günlər var və o günlər haqqında daha geniş yazılan kitablarda söz açılmışdır.
Məkruh oruclar
Məsələ 1469: “Aşura” gününün, habelə Ərəfə, yaxud Qurban bayramı günü olmasında şəkk olan günün orucu məkruhdur. Qonağın ev sahibinin icazəsi olmasdan oruc tutması da məkruhdur.
Müstəhəb oruclar
Məsələ 1470: Məkruh və haram günlərdən başqa ilin bütün günlərində oruc tutmaq müstəhəbdir. Bə’zi günlərdə isə oruc tutmağa daha çox tə’kid olunmuşdur:
1-Hər ayın birinci və axırıncı cümə axşamı günləri, ayın 10-dan sonra olan birinci çərşənbə; əgər bir şəxs bunları tuta bilməsə, müstəhəbdir ki, qəza etsin.
2-Hər ayın 13, 14, 15-ci günləri;
3-Rəcəb və şə’ban aylarının hamısı. Hamısını tuta bilmədikdə bə’zi günləri, hətta bir gün də belə olsa tutsun;
4-Zil-hiccənin 24-cü və zil-qə’dənin 29-cu günləri;
5- Zil-hiccənin 1-dən 9- na qədər; Əgər zəifliyi ilə əlaqədar oruc tuta bilməsə Ərəfə gününün dualarını oxusun və o günün orucu məkruhdur.
6- “Qədir –xum” bayramında; (18 zil-hiccə)
7- Məhərrəm ayının 1-ci, 3-cü və 7-ci günləri;
8- Peyğəmbərin (s) mövludu günü; (17 rəbiül- əvvəl)
9-Peyğəmbərin (s) besəti günü; (O Həzrətin (s) peyğəmbərliyə seçildiyi gün)
10-Novruz bayramı günü.
Məsələ 1471: Müstəhəb oruc tutan şəxsin orucunu axıra qədər tutması lazım deyil və istədiyi vaxt iftar edə bilər. Hətta, müstəhəbdir ki, mö’min qardaşlardan bir nəfər onu yeməyə də’vət etsə, onun də’vətini qəbul edib iftar etsin.
Oruc tuta bilməyən şəxslər
Məsələ 1472: Altı qrup şəxsin oruc tutması düzgün deyil; baxmayaraq ki, orucu batil edən işlərdən çəkinmələri müstəhəbdir:
1-Səfərdə orucu batil edən işlərdən görüb zöhrdən qabaq vətəninə və ya 10 gün qalmaq istədiyi yerə çatan şəxs;
2- Sonra vətəninə, yaxud 10 gün qalmaq istədiyi yerə çatan müsafir;
3- Zöhrdən qabaq sağalan və orucu batil edən işlərdən birini görən xəstələr;
4-Zöhrdən sonra sağalan xəstələr; baxmayaraq ki, o vaxta qədər heç nə yeməyiblər.
5-Gün ərzində heyz və ya nifas qanından pak olan qadın;
6- Ramazan ayı günlərində zöhrdən sonra İslamı qəbul edən qeyri-müsəlman. Əgər zöhrdən qabaq müsəlman olsa və orucu batil edən işlərdən heç birini etməyibsə vacib ehtiyata görə, oruc tutmalıdır.
Məsələ 1473: Müstəhəbdir ki, oruc tutan şəxs məğrib və işa namazını iftardan qabaq qılsın. Amma hüzuri-qəlb ilə namaz qıla bilməzsə və ya əgər bir şəxs onu gözləyirsə, yaxşı olar ki, əvvəl iftar etsin. Lakin, mümkün olan qədər namazı fəzilətli vaxtında qılsın.
Dostları ilə paylaş: |