Rəqslər Xalq arasında geniş yayılmış, sevimli mahnı janrı ilə bərabər Azərbaycan xalqının milli folklor
musiqisinin vacib hissəsini rəqs musiqisi təşkil edir. Xalq rəqsləri Azərbaycan milli instrumental
musiqimizin əsasıdır. Rəqslər xalq tərəfindən yaranıb əsrlərdən bəri şifahi halda nəsildən nəslə
keçmişdi. Azərbaycan instrumental xalq rəqs musiqisi üçün melodiya zənginliyi, quruluşunun
simmetrikliyi, diapozon müxtəlifliyi, tədrici inkişaf, təkrar, variasiya və sekvensiya metodu
səciyyəvidir. Rəqslər özünəməxsus lad əsası, metro-ritmik xüsusiyyətləri və rəngarəng formaları
ilə seçilirlər. Xalq mahnılarında olduğu kimi rəqslərdə də xalqın hissləri, duyğuları, xasiyyəti,
temperamenti əks olunmuşdu.Xalq rəqsləri arasında qadın rəqsləri özünün lirikliyi, zərifliyi,
incəliyi ilə seçilirlər, məsələn: "Vağzalı", "Uzundərə". Elə rəqslər var ki, ancaq qadınlar
tərəfindən ifa edilir, "Nəlbəki", "Ceyranı" kimi. Kişi rəqsləri üçün isə coşğun hisslər, cəld ritm,
güc, temperament xasdır. Məsələn, "Qaytağı", "Cəngi", "Qazağı", "Xançobanı" və b.
Xalq arasında kollektiv rəqslər də mövcuddur. Onlardan çoxu əmək prosesini və məişət
mərasimlərini müşayiət edirlər. Məsələn, "Halay" rəqsləri bu qəbildəndir. "Vağzalı" rəqsi isə
adətən toy mərasimini müşayiət edir. Qadınlar və kişilər ilə birgə ifa olunan rəqslərdən "Yordu-
yordu" rəqsidir. Qədim kollektiv rəqslərdən isə ən geniş yayılan "Yallı"dır ki, öz kökü və rişaləri
ilə çox qədim dövrlərə gedib çıxır.
Azərbaycanda xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini
tapmış rəqs səhnələri bunu sübut edir. Əksər dünya xalqlarında olduğu kimi, azərbaycanlılarda
da ilk rəqslər ritual və ov rəqsləri olub.
Erkən orta əsrlərdən başlayaraq əsasən mərasim rəqslərindən müxtəlif növ xalq rəqsləri
formalaşmağa başlamışdır.
Azərbaycan xalq rəqsləri mövzu baxımından rəngarəngdir; onlar bu növlərə bölünür - əmək,
mərasim, məişət, qəhrəmanlıq, idman, xorovod-oyun (məsələn, “Yallı”, “Halay”) və s.
Davametmə müddətinə, rituallarının zənginliyi və rəngarəngliyinə görə toy mərasimi ən
əhəmiyyətlisidir.
Azərbaycan xalq rəqsi, bir qayda olaraq, 3 hissədən ibarətdir: birinci hissə sürətlidir, dairə üzrə
rəqs; ikinci hissə lirikdir, rəqqas sanki yerində donub qalır (“süzür”), korpus qəti və vüqarlı
tərzdə dik tutulur; uçüncü hissədə - yenə dairə üzrə rəqs, sürətli, təntənəli və böyük emosional
coşğunluqla səciyyəvi olur. Qadın və kişi rəqsləri bir-birindən kəskin şəkildə fərqlənir. Qadın
rəqsinin inkişafı kostyumla şərtlənmişdir: uzun yubka ayaqların süzgün hərəkətini
müəyyənləşdirirdi, rəqqasələrin bütün diqqəti əl və korpusun yuxarı hissəsinin (çiyinlər, baş,
üzün mimikası və s.) işlənmiş texnikasına cəmlənir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların
texnikasıdır. Rəqqas çevikliklə barmaqları üzərində dayanır, dizləri üstündə sürətlə yerə enir və
s.
Azərbaycan rəqslərinin musiqi həcmi – 6/8 və 3/4 –dür. Rəqslər adətən xalq çalğı alətlərinin:
zurnaçılar triosu (2 zurna və 1 nağara), sazəndə triosu (tar, kamança, dəf) və s. müşayiəti ilə ifa
olunur.