Birinci və ikinci təbiət
İnsanın birinci təbiəti ona yaranışından verilir. Bu, Allah tərəfindən ona bəxş edilmiş «mən», məhz bu bədəndə var olan ruhun həqiqəti, məhz bu ruhla bu bədənin vəhdətinin mahiyyətidir.
İkinci təbiət isə insan öz «mən»ini görəndən, onun barəsində düşünüb onu dərk etməyə başlayandan sonra formalaşmağa başlayır. İnsan birinci təbiətə fitrən malikdir, ikinci təbiəti isə təcrübə ilə qazanır və bu təbiətin xarakteri həmin təcrübədən bilavasitə asılı olur. Əbu Turxan da yazır: «Hər insanda iki insan var. Birincisi, öz təbiətinə, genlərinə, proqramına uyğun olan insan, ikincisi, bu fani dünyada, təsadüfi hadisələr sistemində formalaşmış sosial insan».
Birinci təbiət nüvə, əsas, mahiyyət, ikinci təbiət bu nüvə üzərinə gələn qabıqdır. Birinci təbiət batin, ikinci təbiət zahirdir.
Hər iki təbiət bir-biri ilə sıx bağlıdır, bir-birini tamamlayırlar, daha doğrusu, insanın kamilləşməsi, düzgün inkişaf etməsi üçün tamamlamalıdırlar. Bununla belə, birinci və ikinci təbiət bir-birlərinə uyğun gəldikləri kimi, gəlməyə də bilirlər. S.Xəlilov yazır: «Uşaq taxta parçası deyil ki, onu yonub nə isə düzəldəsən. O hələ ilk yaranışdan proqramlaşdırılmış bir sistemdir. Gələcəkdə nə olacağı, necə olacağı təkcə düşdüyü mühitdən və tərbiyədən yox, həm də onun fitri payından asılıdır». Deyilənlərdən belə bir nəticə də çıxartmaq olar ki, ikinci təbiət birincinin reallaşması, eyni zamanda, tamamlanması üçün bir vasitə, «məkandır».
İlk baxışda deyilənlərdə nə böyük bir ziddiyyət, nə də bir təhlükə var, hər kəsə bəlli həqiqətdir. Lakin məsələyə bir də fərqli prizmadan baxaq: insanın ikinci təbiəti öz «mən»ini dərk etməyə və ya şüurlu şəkildə ətraf mühiti öyrənməyə və özünə də bir obyekt kimi kənardan baxmağa başlayanda formalaşmağa başlayır. Yəni insan «gözünü açıb» bu təbiətini görür, birinci təbiətinin varlığından isə bixəbər qalır və ya anadan belə ağıllı doğulduğunu zənn edir. Hər iki təbiət arasında bir uyğunluq olanda, onlar bir-birini tamamlayanda isə bu zənn əminliyə çevrilir.
Əslində isə, ikinci təbiətini özünün birinci təbiəti hesab etməklə, yəni birincini unutmaqla insanın itirdikləri qazandıqlarından çox olur.
Nə qazanır? Yeni düşüncələr, ideyalar və bunlara müvafiq olaraq daha geniş imkanlar və yollar – yeni şəxsiyyət.
Nə itirir? Birinci təbiətini, deməli, orijinallığını. İkinci nə qədər güclü olsa da, surət, qabıq olaraq qalır.
İnsan ikinci təbiətinin əsl dəyərini dərk etməkdən məhrum qalır, çünki onu birinci sanır, yeniliyi, inkişafı sezmir. Öz-özünə sual vermir: mən «anadangəlmə» beləyəmsə, bəs mənim inkişafım nədədir? Fərqli bir mühitdə də mən bu «mən» olardımmı? Deməli, eyni zamanda ikinci təbiətin verdiyi üstünlüklər də qaranlıq, açılmamış qalır və insanı yüksəltməkdənsə, ona yük olur.
Müvafiq olaraq insan özünün birinci təbiətini də dərk edə bilmir, çünki onun mövcudluğunu qəbul etmək istəmir, ...ancaq qabıqdan ibarət qoz kimi. Deməli, o, ikinci təbiətin məhz nəyi tamamladığını, nəyi qidalandırdığını, öz «mən»inin haradan gəlib, hara getdiyini görmür.
Nəhayət, sonuncu təhlükə: insan ikiüzlülüyə, yəni riyakarlığa, nankorluğa meyllənir, çünki hər kəsi həqiqət olmayan bir şeyə inandırmağa çalışır.
Heyvan
Allahın yaratdıqları arasında tez-tez müqayisələr aparılır, bənzərliklər tapılır. İnsanı da gah gülə-çiçəyə, qoca çinara, düz qamətli sərv ağacına, gah da məğrur qartala, hiyləgər tülküyə və s.-ə oxşadırlar. Bu bənzətmələr əsasən zahirə aid olsa da, bəzən daxili keyfiyyətlərdə də paralellər aparırlar. Bizim dediklərimizlə Çarlz Darvinin insanın əcdadlarının meymun olması haqqında çoxdan iflasa uğramış düşüncələri arasında heç bir əlaqə yoxdur.
Məlum olduğu kimi, hələ orta əsrlərdə insan ruhunu nəbati, heyvani, insani növlərə yaxud müvafiq mərtəbələrə bölmüşlər. Bu, dərin və əsası olan bir hikmətdir. Lakin bizim dediklərimizin onunla da bir əlaqəsi yoxdur.
Bir filosof Darvinin düşüncələrinin puçluğunu göstərmək üçün belə bir fikir söyləmişdi ki, meymun qədər digər heyvanların insanların da əcdad olmaq hüququ var. Məsələn, ola bilsin ki, bəzilərinin əcdadı meymun, bir başqasınınkı ayı, birininki də ceyrandır. Bu zarafatda bir həqiqət var. İnsanların öz heyvani ruhlarının səviyyəsində doğurdan da, fərqli-fərqli heyvanları xatırlatmaqları heç kəsə gizli deyil.
Mən də iki heyvan haqqında bir-iki kəlmə demək istəyirəm: tarakan (ona bənzəyən adamların xatirinə onun həşərat olduğunu unudun) və qoyun.
Tarakanlar. Mətbəxlərin ən üzlü, ən iyrənc, ən tez artan «sakinləri». Bəlkə də onlar başqa yerlərdə də məskunlaşırlar, lakin nədənsə tarakan deyəndə birinci yada düşən mətbəx və qida olur. Tarakanları öldürmək üçün onlara bir kimyəvi maddə verirlər. Maraqlıdır, bəzi tarakanlar ölür, ancaq bəzilərində bu dərmana qarşı nəinki immunitet yaranır, hətta onlar bu dərmanı yeyib kökəlməyə, daha sürətlə artmağa, böyüməyə başlayırlar. Buna elmi dildə mutasiya deyirlər.
Belə insanlar da var. İlk dəfə başına dərd gələn insan sonralar bu dərdlərə, problemlərə elə alışır ki, bu həyat onlar üçün normal hala çevrilir. Hətta onları bu haldan çıxardana belə nifrətlə, acıqla baxırlar, onların «rahatlığını» pozduğuna görə ondan uzaqlaşır, ona düşmən kəsilirlər.
Qoyun. Təmizliyi sevən, sahibinə ən az problem yaradan, ən çox xeyir verən, Allah yolunda qurbanlıq üçün seçilən ev heyvanı. Eyni zamanda. Heyvanlar arasında, mənim bildiyim qədər, yalnız qoyun öz ölümünə rahat-rahat tamaşa edir, hətta altdan yuxarı bayaq yanında otlayan tayının soyulmağını müşahidə edir. Mən bilmirəm o qoyun nə hisslər keçirir, ancaq onun gözlərində nə qorxu görmək mümkündür, nə təlaş.
Bəzi insanlar yoldaşlarının başına gələnləri məhz yoldaşı üçün nəzərdə tutulduğunu zənn edir və heç cür eyni şeyi özünün də yaşayacağını qəbul edə bilmir. Rahat-rahat onun «edam olunmağına» tamaşa edir və özünün də xəbəri olmadan … öz qurbanlıq vaxtını gözləyir.
İnsan bir bioloji varlıqdır və onda heyvani xüsusiyyətlərin olması təbii görünə bilər. Qeyri-təbii, daha doğrusu, dəhşətli olan heyvaniliyin insaniliyi üstələməsi, hətta unutdurmasıdır.
Dostları ilə paylaş: |