Eşq və dəyişən tarix
İnsan yarandığından bu günə kimi çoxmu dəyişib? Gözəlliyin meyarları, ona münasibət, onu duymaq bacarığı dəyişib. Bəs gözəllik özü necə, dəyişibmi? Sevgiyə, eşqə müasibət dəyişib. Bəs sevgi necə, dəyişibmi? Yəqin çoxları deyər ki, bəli, dəyişib, çünki insan inkişaf edib. İnkişaf edən insandırmı, yoxsa yaratdığı ikinci təbiət? Dəyişən ikinci təbiətdir. Birinci təbiətin dəyişməyən harmoniyası, gözəlliyi, ecazkarlığı isə insanları eyni qüvvə ilə sehrləməkdə, ilhama gətirməkdədir. Yox, söhbət nə birinci, nə də ikinci təbiətdən getməyəcək. Söhbət heç bir-birini əvəz edən ictimai formasiyalardan, cəmiyyətlərdən, texnikanın, elmin inkişafından da getməyəcək.
Mövzu eşqdir. Hər zaman varlığına şübhə edilən, buna baxmayaraq, axtarılan, tapıldığı yeri viran qoyan, viranəsi üzərində yüksək sənət əsərləri yaradılan eşq!
Deyilənə görə, böyük fırça ustası Rafael sevdiyi qadının rəsmini yarada bilməyib. Onun şedevrlərində həmin qadının dodaqlarını, əllərini, baxışlarını, saçlarını görmək mümkündür, ancaq qadının bütöv portreti uğursuz rəsm kimi haradasa itib-batıb.
Gözəllərə əvəzsiz təriflər deyən, bir sözündə min bir məna çatdıran Aşıq Ələsgərin sevdiyi qıza yazdığı şeir zəif şeirlərdən sayılır, nə yadda qalıb, nə də sevilib.
Eşq nə rəngə sığır, nə sözə. Onu nə fırça ilə çatdırmaq mümkündür, nə qələmlə. Eşqin bir məkanı var – könül, bir dilmancı var – baxışlar.
Maraqlıdır, könülün və baxışların meyarı necə, tarixlə bərabər dəyişibmi? Kleopatraya baxan Antoninin gözlərindəki eşqlə, Leylaya baxan Məcnunun gözlərindəki eşq nə ilə fərqlənib? Müasir insanların sevgisi nə ilə fərqlənir? Texnikanın, elmi biliklərin sevgiyə təsiri hansıdır? Əbu Turxan deyir: «Müasirlik – mənəviyyatın zamana uyğunlaşmış üst qatılır». Bəli, dəyişən mənəviyyatın üst qatıdır, binasıdır, alt qat isə təməl, bünövrə kimi dəyişməz olaraq qalır. Könül mənəviyyatın alt qatına aid bir məkandır və eşqin baxışları üst qatdan asılı olmayaraq könülün əmr etdiyi kimi baxır.
Heç kim inkar etmir ki, gözə görülən binadır, bünövrə deyil. Böyük bir təməl üzərində möhtəşəm bir saray da, cılız bir bina da tikmək mümkündür. Ən düzgün və möhkəm tikili öz bünövrəsinə uyğun olandır.
Maraqdır, əvvəllər möhkəm özüllər üzərində böyük, min bir naxışlı, hər daşında bir xatirə, hər divarında bir sirr daşıyan tək bir saray tikirdilər. İndi ondan da dərin özüllər qazırlar və üzərində… standart göydələnlər ucaldırlar. Görəsən, bunda eşqə aid bir hikmət varmı?
Rəqslər
Rəqslər müxtəlifdir. Fərqli hisslərdən doğur və fərqli hisslər doğurur. Əbu Turxan: «Rəqs etmək sevdiyinə xəyanətdir, çünki hər şeyi unudub bütün hisslərinlə, vücudunla musiqinin hökmündə olursan», – deyir. Mən deyirəm: «Rəqs var səni ruhunun mənsub olduğu harmoniyadan çıxardır, bədəninin hökmünə düşürsən. Sən xəyanətkara çevrilirsən. Rəqs var mənsub olduğun harmoniyanı artırır, gözəlləşdirir. Sənə xəyanəti unutdurub, vəhdətə sədaqətini öyrədir».
Rəqslərin əksəriyyəti bədənə xidmət edir, onun əzalarını, quruluşunu təqdim və təklif edir. Bunun ən bariz nümunəsini Latın Amerikası rəqslərində görmək olar.
Rəqs var ehtirasları oyadır. Daha dəqiq desək, rəqs edən ehtiraslar da. Tanqo kimi.
Rəqs var təfəkkürü oyadır. Hər hərəkət (pa) dəqiq ölçülür ki, gözəllik və harmoniya itməsin. Balet və yallı kimi.
Rəqs var sevgidən doğur. İki vücud deyil, iki ruh bir-birini duyur, qoruyur, incə-incə toxunur. Vals kimi.
Dostları ilə paylaş: |