İnsan və şeytan
Allah insanı yaratdı, ona bütün adları öyrətdi və bununla onu Özündən sonra ən qüdrətli varlıq etdi. Allah bütün digər yaradılmışlara, hətta mələklərə belə bu qüdrət qarşısında səcdə etməyi buyurdu. Bu səcdə əslində bu qüdrəti yaratmış Qüdrətə səcdə idi. Bunu qəbul edə bilməyən yalnız şeytan oldu. O, qüdrət Sahibinin özünə səcdə etməyi üstün tutdu, maddi bir şeyə boyun əymək istəmədi, yaradılmış, ötəri olan bir varlıq qarşısında öz zəifliyini qəbul etmək istəmədi. Maddi pərdə şeytanın gözünü örtdü, gördüyü ancaq qara torpaq oldu. Allahın insana öyrətdiklərini əhəmiyyətli saymadı, Allahdan insana üflənən, bəxş edilən ruhu görmədi. O dərəcədə kor oldu ki, lənətlənməyi belə qəbul etdi. Şeytan maddiyyata nifrət etdi və bu nifrət ona ruhun gücünü görməyə mane oldu. Lənətlənmiş şeytan insanları yoldan çıxaracağına və nankorluqlarını – maddiyyata uyub öz mahiyyətlərini unudacaqlarını sübut edəcəyinə and içdi. Və o, Allahdan Axirətə qədər möhlət istədi – maddiyyatın yenə bir heç olduğu, bir əhəmiyyət daşımadığı, hər şeyin əsl mahiyyətinin üzə çıxacağı zamana qədər.
Deyilənə görə, şeytanın vasitələri çoxdur və o, insana hər yerdən təsir göstərə bilir, hər yerdə ola bilir: insanın gözlərində, qulaqlarında, dilində, əllərində, ayaqlarında, hətta duruşunda, oturuşunda, gülüşündə, hər şeydə və hər yerdə. Maddi olan hər şeydə! İnsanı maddi dünya ilə əlaqələndirən hər orqanında!
Şeytan Allahı sevir – öz Yaradanı kimi. Mənsur Həllacın dediyi kimi, bu sevgi yolunda hətta cəhənnəm odunda belə yanmağa razı oldu. Şeytan Allahı sevsə də, bu sevginin əvəzini cəhənnəmə döndərən insanı sevmir, insanın ürəyindəki Allah sevgisini qısqanır, onu da cəhənnəm odu ilə mükafatlandırmaq istəyir. Bunu yenə də maddiyyatla edir – insana insan adını qazandıran maddiyyatla. İnsanın Allaha olan sevgisinə, xoş niyyətinə bir damcı maddi istək qatmaqla bütöv bir sevgini məhv edə bilir. Ekxart dediyi kimi, «öz içində yaratdığın ən kiçik məxluqun surəti Allah qədər böyükdür… Çünki o, səndən bütün Allahı alır».
Amma şeytan Allahdan həm də qorxur – Mütləq Qüdrət sahibi kimi. Artıq bütünlüklə onun hökmünə düşmüş, Allahdan üz döndərmiş bir insandan şeytan da üz döndərir: «mən aləmlərin Rəbbi olan Allahdan qorxuram» (Quran 59/16), – deyir. İnsanı onun bütün orqanlarını bürümüş şeytanları ilə baş-başa qoyur. Şeytan insanı edəcəyi günaha qədər müşayiət edir, onu ürəkləndirir. Günaha isə insan tək, yalnız girir. Şeytan isə günahın kandarında dayanıb maddiyyatın çirkabından görünməz olan ruhun əzablarına, bilikləri, elmi əl-qolunun zəncirinə çevrilmiş əqlin zavalı-zavallı vurnuxmasına tamaşa edir. Tamaşa edir, onlarla bərabər əzab çəkmir, o günahın içinə girmir. Şeytan maddiyyata nifrət edir axı! Onun sevgisini cəhənnəmə çevirən maddiyyata!
Yerə göyə sığmayan Allah mömin bəndəsinin qəlbinə sığıb. İnsanın ruhu Allahın bütün gözəl adlarının təzahür məkanıdır. İnsanın ruhu Allahdan aldığı eşqin məkanıdır. İnsanın ruhu Allaha pak imanın məkanıdır. Mövlana deyir: «Şeytan belə aşiq olsa…Cəbrailə çevrilər, şeytanlığı ölər». Şeytan insanın eşqi, sevmək qüdrəti qarşısında acizdi. Bu deyilənlər şeytandan çox uca, çox uzaqdır. Bunu şeytan da bilir və… bu məkana yaxın belə gəlmir. Şeytan insanın Allahdan bəxş edilən ruhundan, onun sevgisindən qorxur.
Şeytan Allahın himayəsində olan şeyə yaxın gəlmir, gələ bilmir, çünki ora yüksələ bilmir. Şeytanın davası maddiyyat çərçivəsindən kənara çıxmır. İnsanın ruhu pak olanda Allahın himayəsindədir. Bədən pak olanda ruhun himayəsindədir. Bunun əksini də demək mümkündür – bədən paklaşdıqca ruhun himayəsi, əslində isə Allahın himayəsi artır. Təbii ki, bu halda nə şeytanın təhlükəsi qalır, nə də onun hiylələri.
Dostları ilə paylaş: |