Axtarış və yaradıcılıq
Gəncliyin xüsusi bir keyfiyyəti kimi yəqin ilk növbədə onun bol enecisi, cəngavər ruhu, qısa müddətdə çox şeyə nail olmaq iddiası vurğulanar. Təsadüfi deyil ki, məhz bu gənclik enerjisi qarşısıalınmaz sel kimi inqilabların, üsyanların aparıcı qüvvəsinə çevrilir. Bu baxımdan, Puşkinin Bayron haqqında dediklərini yəqin ki, bütün gəncliyə aid etmək olar:
Dəniz, o sənin nəğməkarındı,
Üzərində sənin surətin vardı,
O, sənin ruhunla yaradılmışdı,
Sənin kimi: qüdrətli, dərin, zəhmli
Sənin kimi: ipə-sapa yatmayan.1
Lakin bu enerjinin ən neqativ tərəfi onun təsir altına tez düşməsi, kor-koranəliyə, fanatlığa meylli olmasıdır. Həm də təbiətin qəribə bir təzadıdır ki, enerji nə qədər çox olursa, təfəkkür bir o qədər passiv olur, yerini hisslərə daha tez verir. Başqa sözlə desək, bu, nəinki təsadüf deyil, əksinə, az qala qanunauyğunluqdur ki, bir ideyanın reallaşmasında fanatik qüvvəyə ehtiyac yarananda məhz gənclərdən istifadə edirlər. Gəncin təfəkkürü hələ kifayət qədər formalaşmadığına görə, yəni onun gücü, imkanları enerjisindən çox geri qaldığına görə, bu enerji özü üçün şüurlu-şüursuz şəkildə güclü təfəkkür, istiqamətverici qüvvə axtarır. Şellinq dediyi kimi, «fəallaşmış mənlik həyat gücü üçün lazımdır; onsuz yalnız ölüm, xeyirin mürgüləməsi olardı; çünki mübarizə olmayan yerdə həyat da yoxdur».1 Məhz burada cəmiyyətin rolu və əhəmiyyəti özünü göstərir: gənclərin həyat yolunun seçicisi kimi. Nəhəng bir enerjinin quruculuğamı, yaradıcılığamı, yoxsa dağıdıcılığamı yönəlməsi bir bələdçi olaraq cəmiyyətdən çox asılı olur. Burada dağıdıcı deyəndə biz yalnız cəmiyyətə, bəşəriyyətə deyil, həm də gəncin özünə, öz mən-inə yönələn əməllərini, fəaliyyətini nəzərdə tuturuq. Söhbət ondan gedir ki, cəmiyyətin təsiri ilə yalnış yerə istiqamətlənmiş gəncin yüz cür işlərlə məşğul olmasına baxmayaraq, onun əsl potensialı bir növ reallaşmamış, özü olaraq təsdiqlənməmiş qalır, o, öz mən-indən xəbərsiz, özünə yad bir şəxsiyyət kimi yetişir. Ülvinin sözləri ilə desək, gənclər «bütün olmamış» «sökülüb, uçulur» və bunun ilk və başlıca səbəbi cəmiyyət olur.
Bu gün terror qrupların toruna düşən gənclərin sayı hansı isə bir fəlsəfə məktəbinə, ədəbiyyat dərnəyinə gedənlərin sayından qat-qat çoxdur. Kimlərinsə mənafelərinə xərclənən enerjilərin çəkisi, öz mən-inin dərkinə, yaradıcılıq istedadının axtarışına sərf edilən enerjidən tərəziyə gəlməyəcək qədər ağırdır. Bu gün maddi istəklər üçün qalanan od mənəviyyatın nurunu söndürəcək qədər gur yanır.
Gəncliyin keyfiyyətindən biri də onların bütün axtarışlarının, istəklərinin kökündə hisslərin, duyğuların durmasıdır. Yəni onların təqdim etdikləri bütün problemlərdə də, onların həll yollarında da lirika, romantika üstünlük təşkil edir. Bəlkə də elə bu səbəbdəndir ki, onların təqdim etdiyi yol təhlükəli, dəli-dolu olsa da, cazibəli, canlı və al-əlvan olur.
Müəyyən missiya daşıyıcısı olan gənc də bu xüsusiyyətlərinə görə digər həmyaşıdlarından çox elə seçilmir. Lakin onları fərqləndirən, sözün həqiqi mənasında talelərini müəyyənləşdirən, şəxsiyyətlərinin formalaşmasında məhək daşı qədər əhəmiyyətli olan bir cəhətdir – onların reallığı düzgün qiymətləndirmək bacarığı. Əlbəttə, bu, ilk növbədə missiyanın verdiyi bir gözaçıqlığı, zehin aydınlığı, müəyyən mənada da …bədbəxtlikdir. Zahiri parıltıya aldanmayıb hər şeyi öz rəngində görmək «bədbəxtliyi». Onların romantikasını, lirikasını gözəlləşdirən, gücləndirən qüssə, qəm notları acı reallığın təzahürləridir. Bəli, bu gənclər romantikdir, ancaq onlar sərt reallığa göz yummayan, əksinə onu təsvir edə-edə, onun acılarını yaşaya-yaşaya, onun üzərində, bəlkə də elə düz içində öz romantik dünyalarını qururlar. Deməli, Kyerkeqorun dediyi kimi, «mən – münasibət deyil, öz-özünə münasibətə qayıdışdır».1 Maraqlıdır ki, gənc yalnız öz dünyasını düşünəndə, Şellinq kimi, «mən – azadlıqdır»,2 – deyə bilir. Lakin bu, təcrid olunmuş bir aləmdə var olmaq deyil. Hər halda, gənc bu «azadlığı iki kateqoriyanın – mümkün və zərurinin dialektikası»3 kimi dərk etməyi bacarır. Bununla yanaşı, o, öz dünyası ilə real həyatın nisbətini də unutmur və hər birinin hansı gücə və niyyətə sahib olduğunu çox yaxşı anlayır. Bunu nəzərdə tutaraq Kyerkeqor «xəbərdarlıq edir»: «Mən, əlbəttə, dünyanın böyük əhəmiyyət verdiyi bir şey deyil, məhz ona maraq azdır, onun səndə olduğunu göstərmək riskli bir şeydir».1
Gəncliyin bütün bu «nöqsanları» – enerjinin bolluğu, hiss və əqlin tez-tez çarpışması, hissin bir çox hallarda idarəni öz əlinə alması ilə yanaşı, onun böyük bir üstünlüyü də var: gənc cəmiyyətin öz daxili dünyasına yad olduğunu anlayıb axtarışlarını çox tez öz mənəvi dünyasına, öz mən-inə yönəldə bilir. Onun həmsöhbəti də, hökm verib, cəza alanı da öz mən-i olur. Bu, onlara öz ruhları vasitəsilə sonsuzluğa, əbədiyyətə keçməyə, Allahla bilavasitə ünsiyyətdə olmağa imkan yaradır. Lermontov «Mənim evim» şeirində yazır:
Dostları ilə paylaş: |