Hiss və təfəkkür
yaxud
inam və şübhə
Hisslər (istər nifrət olsun, istər sevgi) – yüngüldür, təfəkkür – ağır. Hisslər – qanaddır, təfəkkür – bu qanadlara taxılan qurğuşun.
İnam əvvəlcə hisslər üzərində qurulur. Bu zaman o, bir növ xammalı xatırladır. Güclü təfəkkürlə istiqamətləndirilən inam isə qüvvədir.
Hər insanın bir zəif anı var. Bu zəif an hər hansı bir fikri yalnış anlamaqdan başlayır, sonra inciklik gəlir, sonra… kiçik bir şübhə onun inamında, etibarında yaranmış kiçik çatdan içəri daxil olur. Əvvəli kiçik olan bu şübhənin nəticəsi böyük olur: səhv yollar sənə yeganə çıxış yolu kimi görünür, inandığın bir şeydən üz döndərirsən, o olmadan da yaşaya biləcəyinə özünü inandırırsan. Ondan daha böyük bir qüvvə axtarırsan və sənə elə gəlir ki, tapırsan (axtaran tapır). Onu itirməyinlə ürəyinin bir hissəsinin öldüyünü hiss edə-edə indiyə qədər ölü olduğuna və indi yaşamağa başladığına əmin olmağa çalışırsan. Amma Əbu Turxanın da yazdığına görə, «müqəddəslik duyğusu bitən yerdə şər ağacı bitər». Müqəddəslik insandakı iman və sevginin vəhdəti, insanı ayaqda saxlayan iki sütunun bərabər gücüdür. Bizim dediklərimiz hələ hisslər səviyyəsində yaranmış çatdan, xaosdan gedir. Bu çat dərinləşib insanın mahiyyətinə yetişəndə, onu bərpa etmək çox çətin olur, sütunlar yıxılır, insan məhv olur.
Bəzi insanlar hisslərinin yüngüllüyündən məmnun qalır və bütünlüklə onların hökmündə ömürlərini başa vururlar. Onların sevgisi də, nifrəti də, sevinci də, kədəri də, həyatlarının mənası da hisslər səviyyəsindən o tərəfə keçmir. Hisslər əsən külək kimidir, gah tez-tez istiqamətini dəyişə, gah sərin meh kimi həzz verə, gah da tufana dönüb qarşısına çıxanları dağıda bilir…
Bəzi insanlar isə külək yox, insan olduqlarını dərk edirlər və yardım axtarırlar. Belə anlarda isə yeganə köməkçi təfəkkürdür – fikirlərin, ideyaların, ifadələrin xaosunda itib-batmış hissləri istiqamətləndirən yeganə qüvvə.
Təfəkkür əvvəlcə bu hisslər xaosunda bir nizam yaradır. Sonra onun mahiyyətindəki həqiqəti axtarır. Bu çətin olur, çünki bəzən həqiqət şübhə bataqlığında tamam görünməz olur. Nəhayət, sonuncu mərhələ inamın çat hissəsinin bərpasıdır. Elə zənn olunmasın ki, bütün bu proseslərdə hisslər sakitcə dayanır, əksinə, sıxılmış hava və ya su daha güclü təzyiq göstərdiyi kimi, onlar da get-gedə daha çox müqavimət göstərirlər. Təfəkkürə isə qüvvə verən iman və sevgidir – insanın ruhunda var olan və Mütləq Varlıqdan alınan qüvvə, etibar, dayaq.
Deyilənlərdə əhəmiyyətli bir an var: şübhəyə düşmüş insanın hisslərini idarə edən və istiqamətləndirən, yenidən ayağa qaldıran təfəkkür insanın özünə məxsus ola bildiyi kimi, kənar bir şəxsə də məxsus ola bilər.
Öz hisslərini idarə edə bilən, ən zəif anında da, şübhələrin içində itib-batanda da, hətta yalnış yolla bir neçə addım atsa da, öz təfəkkürünün gücünə arxalanan, öz təfəkkürünün işığı ilə aydınlanan şəxslər! Məşhur baron Münhauzenin bataqlığa düşəndə öz hörüyündən tutub özünü çıxartdığı kimi. Gülməlidir, inandırıcı görünmür, …amma bu, bir həqiqətdir. Bir çox filosofun, mütəfəkkirin həyat tarixçəsinə baxsaq eyni halın şahidi olarıq: Müqəddəs Avqustin, Əbu Hamid Qəzali və daha kimlər. Dante yazır ki, «şübhə mənə heç də bilikdən az həzz vermir». Və ya Hüseyn Cavid bildirir ki, «mərifət nuru şübhədən parlar». Belə şəxslər üçün şübhə – içindəki bütün ali hisslərin səfərbər olduğu an – həqiqətə aparan bir üslub, kateqoriyaya çevrilir.
Belə məlum olur ki, həmin şəxslərin güc mənbəyi onların imanı olub, yəni onların təfəkkürləri xaosda itib-batmış hisslərdən, hər yeni səbəblərdə yeni nəticələr verən məntiqdən deyil, ruhlarından qidalanıb – dəyişməyən, sabit, Uca Varlıqla daim əlaqəli olan, qidalandırıcı nurunu itirməyən, hərarətini günəşdən yox, Allahdan alan ruhlarından. Əbu Turxanın deyir kimi, «ruhun işıqlanması sahəsində hər bir addım ölməzliyə aparır». Bu, o deməkdir ki, belə şəxslərin təfəkkürləri ilə ruhları arasında vəhdət yaranır və onlar öz insanlıq mahiyyətlərini anlayırlar.
İkinci tip insanların hisslərini öz təfəkkürləri idarə etmək qüdrətində deyil: hisslər güclü, təfəkkür zəifdir. Tarixən, həmçinin bu gün də, elə güclü təfəkkürlər vardır ki, nəinki öz hisslərini idarə etməklə kifayətlənir, həm də yüzlərlə, minlərlə insanların hisslərini də öz itaəti altına alırlar, öz qüdrətlərini artırırlar, bu təfəkkürsüz hissləri öz mənafelərinə yönəldirlər. Bunun mükəmməl nümunələrini təriqətlərin, sektaların, fanatlıq üzərində qurulan terrorçuluğun misalında aydın görmək mümkündür. Yeri gəlmişkən, belə həyat tərzi seçmiş şəxslərin həyat tarixçəsinə baxsaq, hər şeyin kökündə hansı isə bir şübhənin, narazılığın (bu, kiçik, ilk baxışda əhəmiyyətsiz görünən bir məqam da ola bilər) durduğunu görərik: dövlət quruluşundan, cəmiyyətdən, ailədən narazılıqdan tutmuş, sevgililərin, dostların, doğmaların arasında baş vermiş kiçik anlaşılmazlıqlara qədər.
İlk baxışda ikinci tipə dinlərin yaranmasını və yayılmasını da aid etmək olar: bir insan (peyğəmbər) bir ideyanı milyonlarla insanlara təlqin edir. Lakin burada bir neçə əhəmiyyətli amil nəzərə alınmalıdır. Əvvəla, peyğəmbərlər öz ideyalarını deyil, Allahın buyurduqlarını insanlara çatdırırlar. Təbii ki, bu hal ancaq peyğəmbərlərə aiddir və bu dindən öz mənafeyi üçün istifadə edən ikinci bir şəxsə şamil edilə bilməz. İkincisi, bu ideyaların əksəriyyəti bilavasitə ruhlar üçün nəzərdə tutulur, yəni bir növ ruhlardakı imanın oyadılmasına xidmət edir. Üçüncüsü, onlar İNSANın düzgün formalaşmasına, onun öz azadlığını, ucalığını dərk etməsinə yönəldilirlər.
Cəmiyyətdə xoşbəxt hesab edilən şəxslər hisslərinin hökmündə olub, təfəkkürlərinə «əziyyət verməyənlərdir»; qüdrətlilər minlərlə hissi öz təfəkkürləri ilə idarə edənlərdir; müəyyən məqsədlərə aparan yolların «xammalları» bu qüdrətə tabe olanlardır; ən çox əzab çəkənlər isə – təfəkkür və ruhları ilə vəhdət tapanlardır, amma həqiqi İNSANlığın ucalığını, kamilliyini yaşayan da onlardır.
Dostları ilə paylaş: |