İlham, vəcd və vəhy
İnsan böyük və həqiqi bir harmoniyanın şahidi olanda ilk anda onu qələmə ala bilmir və ya qələmə aldığı özünə çox cılız və süni görünür. Təbiətin qoynunda nə qədər ilhama gəlsə də, gözəllikdən nə qədər vəcdə gəlsə də, içində hisslər aşıb-daşsa da, bu barədə ən gözəl sözü orada deyə bilmir. Gərək bu möhtəşəmlikdən ayrıla, təkliyə çəkilə. Özü ilə baş-başa qala. O harmoniya fonunda insan da, insanın sözü də bir toz dənəciyi qədər olur. Təklikdə isə insan İnsandır, söz demək qüdrətində olan, Yaradanın yardımı ilə yarada bilən bir könüldür.
Bəlkə buna görə təbiət qoynunda böyümüş şəxsin deməyə sözü də çoxdur, təbi də. Uzun illər təbiət «danışıb», o susub, susmağa məcbur olub. İndi də özü danışmaq, təəccübləndirmək, heyrətləndirmək istəyir, kimləri isə «dinləməyə» məcbur etmək istəyir. Yalnız özünün gördükləri, yalnız ona açılan həqiqətləri hər kəsə mütləq həqiqət kimi çatdırmaq ehtiyacı hiss edir içində. Bu, ilhamdır.
Qəribədir, insanlar öz təfəkkürlərinin, düşüncələrinin həcminə uyğun da harmoniya tapırlar: kimi sonsuz dəniz, uca dağlar, geniş düzənlər, kimi də gecə klubları, barlar, rəqqasələr, içki şüşələri. Onların ruhlarının dərk etdikləri də elə tapdıqları, uyğunlaşdıqları «harmoniya» boydadır.
Elə insanlar da var ki, ruhları nəinki dağa, dənizə, heç bu maddi dünyaya da sığmır. Belələri üçün isə Allah ülvi bir aləmin «qapılarını» açır, bu aləmə aparan yolları, vasitələri ona tanıdır. Bu, artıq ilham deyil, vəcddir.
Belə insanların çatdırmaq istədikləri sonsuz bir aləmdən gəlir və bir-iki nəfər üçün nəzərdə tutulmur. Musiqi, rəsm, heykəl, elmi kəşf, bədii və ya fəlsəfi əsər şəklini alan bu «ilahi xəbərlər» ruhu oyaq, könül gözü açıq, mənəvi dünyası işıqlı olan hər kəs üçündür.
Bunlar yaradılış iyerarxiyasında alt-yuxarı, yəni insandan Allaha uzanan kamillik yolunun vasitələridir. Bir də var Allahdan insana doğru uzanan bir yol. Allah insanı sevə-sevə yaradıb və bunu xatırlaması, öz insanlığını qoruması üçün onun qayğısına qalır. Belə olan hallarda, yəni insanlıq üçün bir təhlükə yarananda Allah özü seçim edir: Onun sözünü insanlara çatdıracaq şəxsi də, deyiləcək xəbəri də. Bu, vəhydir və ya missiyadır. Sonuncu peyğəmbərimizlə (s.) vəhy kəsilsə də, insan öz unutqanlığını unutmayıb. Və Allahın seçimini bu gün sözün ən ülvi mənasında missiya adlandırmaq olar.
Vəhy – Allahın insana vacib sözüdür, nəsihətidir. Bunu əsrlər boyu peyğəmbərlər insanlara çatdırıb. Lakin Allahın sözləri bitməyib. Bunun üçün Allah yenə də təmiz ruhları seçir, bəndələrinə həmin ruhlar vasitəsilə müraciət edir. Missiya –Allahın insanları qəflət yuxusundan ayıldan sözlərinin seçilmiş ruhlar vasitəsilə səslənməsidir.
Şeir
Şeir yazmaq qüdrəti Allahdan verilən bir nemətdir. Bu, aşıb-daşan hisslərin yığcam, lakonik ifadəsidir. Üstəlik burada bir ritm, ahəng, sözlərin bir-biri ilə səsləşib, bir-birini tamamlaması da vacibdir. Şeirin bir gözəl funksiyası da var. Şeirdə sanki sözlər adilikdən çıxır, sirli-tilsimli bir məzmun alır. Nəsrlə deyə bilmədiklərini hətta qafiyəsiz belə «şeirlə» deyəndə, sanki daha rahat olursan. Sanki həm hisslərini gizli saxlayırsan, həm də onları aləmə car çəkirsən, həm susursan, həm də danışırsan. Sanki adi cümlə quruluşunu dəyişməklə, cümləni daha pafosla deməklə çatdırmaq istədiyin hisslərin möhtəşəmliyini, gözəlliyini, ülviliyini də saxlamış olursan.
Bu deyilənlər əsl şeir haqqındadır – ruhdan qopan, səni səndən alıb, səni ilahi aləmə aparıb yenidən özünə qaytaran və «bacarırsan yenə əvvəlki adam ol görüm, necə olursan», – deyə meydan oxuyan duyğuların tərənnümçüsü olan şeir haqqında. Elə şeir yazmaq, ruhunla yerlə göy arasında çarpışmaq hər ruha qismət olan xoşbəxtlik deyil. İllər boyu qazandığın bir adətlə sözləri, ifadələri qafiyələrə salıb «şeir düzəltmək» də şairlik deyil.
Bəzən də olur ki, ruh oxumaq istəyir, amma nə şair deyil, nə bəstəkar. Ən əsası da, istəyir ki, oxuduqları öz könlündən qopsun. Onda başlayır bildiyi bütün gözəl ifadələri, sözləri yan-yana düzməyə və öz aləmində bundan gözəl şedevr tanımır. Həqiqətən də belədir. Çünki bu, onun ən ülvi bir duyğusu haqqında öz könlünün nəğməsidir! Lap bizim bu «şeirimiz» kimi:
Çıxar ürəyindən ağrını ver mənə,
Yerinə könül dolu bir sevgi verim.
Çıxar içindəki sıxıntıları,
Üfüqlərə uzanan bir ümman verim.
Ver nə varsa ürəyini incidən,
Hər döyüntüsünə bir inci – nur verim.
Ürəyin o dar qəfəsdə darıxır,
Ürəyimdən ürəyinə gen yollar verim.
Əlbəttə, bu «şairlik» bir anlıqdır və ona «bu, şeir deyil», – demək artıqdır.
Zəhər
Zəhər deyəndə ilk yada düşən həyatın, şirinliyin ziddi olan bir şey yada düşür. Bəzən acıya da zəhər deyilir, ağrılı-problemli bir həyat da zəhərə bənzədilir; hər kəlməsində ürək qıranların dili də zəhərlə müqayisə edilir. Maraqlıdır, sözün düzünü çəkinmədən söyləyən də acıdil, zəhərdil adlanır. Yəqin günah həqiqətin acı olmasındadır. Amma həyatda elə zəhərlər də var ki, onlar barədə danışmağa dəyər.
Zəhər var dərmandır. Onun adı zəhərdir, özü «şəkər»dir. Arı zəhəri, ilan zəhəri, əqrəb zəhəri, …insan zəhəri. Bu zəhərlər həm ağrıkəsici olur, həm zəhər zərərləşdirici. Həqiqəti söyləyən dillərin zəhəri də belədir. Hamı arıdan, ilandan, əqrəbdən, …həqiqəti deyəndən qorxur. Amma bu zəhərə ehtiyacı olan «xəstələr» var. Əslində, missiyasına uyğun olaraq bu dərmanların qiyməti də baha olmalıdır. Bəzən olur da. Amma necə də ağırdır: həm «zəhər» daşıyıcısı kimi qorxu mənbəyi olmaq, həm də səndən qorxub, səni məhv etməyə çalışanların dərdinə qalmaq, xilasına çalışmaq.
Zəhər var onu könüllü qəbul edirlər. Bunun adı «şəkər»dir, özü zəhər. Əslində, o da bir növ «dərman»dır – dərdi, problemi unutduran bir vasitə. Nikotin, narkotik, alkoqol, …yalan kimi. Özünü cəmiyyətdə tapa bilməyən bu zəhərdə tapır. Özünü bir insan kimi təsdiq edə bilməyən bu zəhərlə təsdiqləyir. Özünün varlığını unutmaq istəyən bu zəhərlə unudur. Necə böyük bir yardım, necə «ali» missiya! Amma necə də ağırdır: sənə inanıb, sənə pənah gətirənləri boş tüstü dumanları ilə, qarabasmalarla aldatmaq, onu yavaş-yavaş məhvə sürükləmək!
Zəhər var hamı onu tanıyır. Bir damcısı belə dəhşət gətirir. Onların müxtəlif kimyəvi adları var, amma yadda qalan bir addır – zəhər. Siçan zəhəri, həşərat zəhəri, Onlar vasitəsilə xoşagəlməz «ünsürlərdən» qurtulurlar. İnsafsızca yeməyə qatıb verirlər, o da yeyib məhv olur. Amma yeməyə qatmaq da şərt deyil, heç bir dəfəyə öldürmək də vacib deyil. Bu zəhəri oxuduğu kitaba da qatmaq olar, dinlədiyi musiqiyə də, aldığı təhsilə də, yaşadığı mühitə də. Onu damcı-damcı verəndə tədricən məhv olur. …Bəzən də məhv olmur, bu zəhərə o qədər alışır ki, ondan yeyib kökəlməyə başlayır. Mutant deyilən bir varlıq alınır. Onun özü artıq bir zəhərə çevrilir. Necə də dəhşətdir: Allahın yaratdığı bir varlığın fitrətini pozub ona fərqli, özünü belə dəhşətə gətirəcək bir həyat vermək, fərqli bir missiya üçün doğulmuşu özünə – zəhərə oxşatmaq.
Zəhər var bircə onu qəbul edəni zəhərləyir. Bir tək canı məhv edir. Zəhər də var ətrafında hərlənən hər kəsi, hətta bir neçə nəsli zəhərləyir. Radiasiya kimi, virus kimi, …rüşvət kimi. Bu zəhərin mənbəyini tapmaq, tapanda təcrid etmək, təcrid edəndə isə məhv etmək çətindir. Bəzən, bəlkə də əksər hallarda, bu zəhər bədənə o qədər hopur ki, ondan qurtarmaq üçün vücudun özünü məhv etmək gərəkir … qalanlarını xilas etmək naminə. Böyük bir ağac təsəvvür edin. Zəhərlə suvarılan bu ağacın alıb-verdiyi hava belə zəhərə dönür. Qollu-budaqlı, geniş kölgəli, bol meyvəli bu ağac ancaq zəhərə xidmət edir. Onun ətrafında güllər əksən ya solar, ya zəhər ətri verər, dibinə bulaq çəksən ya quruyar, ya zəhər qaynadar, dibində dincələnlər ya boğular, ya ciyərləri bu zəhərlə qidalanmağa başlayar, təmiz havada boğulmağa başlayar. Lap Puşkinin «Ançar»ı kimi. Necə də təəssüfləndirici haldır: böyük bir varlıq, orqanizm bir damcı, bir zərrə zəhərin güdazına gedir.
Dəhşətdir, zəhərlə bağlı hər sözümüz ya təəssüflə bitdi, ya qorxu ilə. Xoş sözümüz belə! Deyirlər alışqanlıq ikinci xasiyyətdir. Alışdığından ayrılmaq ağrı verir. Zəhər bu ayrılığı gətirən, ağrıdan şeydir. Fərqi yoxdur, səni nədən ayırır: şirin həyatdanmı, problemdənmi, xəstəlikdənmi, sağlamlıqdanmı. Hətta «rüşvət» adlı zəhəri qəbul edən belə nədənsə ayrılır… və bu ayrılıq ona ağrı verir. Fərq ağrını çəkəndədir: birinin bədəni ağrıyır, birinin vicdanı, birinin könlü. Bu asılıdır zəhərin tipindən, növündən.
Dostları ilə paylaş: |