İmam Sadiq (əleyhissəlam) məktəbinin hökumətə qarşı olan etirazının məfhumu
Yuxarıda qeyd etdiklərimizi nəzərə alsaq asanlıqla başa düşərik ki Cəfəri fiqhi İmam Sadiq əleyhissəlamın dövründəki rəsmi fəqihlərə qarşı təkcə sadə bir dini ixtilaf olmamış eyni zamanda hökumətə qarşı iki məzmunu da özündə ehtiva etmişdir. Onların birincisi və eləcə də, ən əsası hökumət orqanlarının lazımi dini məlumatlardan xəbərsiz olmasını və camaatı ideoloji cəhətdən idarə edə bilmədiklərini isbat etmək olmuşdur. Yəni həqiqətdə onların xilafət kürsüsündə oturmağa layiq olmadıqları sübut olunurdu. İkincisi isə hökumətə bağlı olan fəqihlərin fiqhi məsələləri bəyan etmək və onların, hakim dairələrin istəklərini nəzərə alaraq qeyri-İslami məsləhətləri əsasında qurduqları şəriətdə dinin təhrif olunmasını sübuta yetirmək idi. İmam Sadiq (əleyhissəlam) elm ocağını genişləndirib fiqh İslam maarifi Quran təfsirini hökumətə bağlı olan alimlərin dediyindən fərqli bəyan etməsi əməli olaraq hökumətə qarşı atılmış bir addım idi. O Həzrət hamısı bir növ hökumətin əsas hissəsi sayılan rəsmi fiqh və məzhəbi təşkilatların səhvlərini üzə çıxarıb hökumət orqanının şəriətdən kənar olduğunu isbat edirdi.
İmam Sadiq əleyhissəlamın səhabələrinə buyurduğu təlim və müzakirələrində xəlifələrin dini elmlərdən xəbərsiz olduqları məsələsi İslam nöqteyi-nəzərindən onların xəlifəliyə səlahiyyətləri olmadığı açıq-aşkar müşahidə olunur. Yəni İmam Sadiq (əleyhissəlam) öz fiqh və Quran dərslərinin ehtiva etdiyi hökumətlə qarşıdurma məsələsini səhabələri arasında açıq-aşkar müzakirəyə qoyurdu. İmam Sadiq əleyhissəlamdan olan hədisdə oxuyuruq: “Biz o kəslərik ki Allah-taala bizə itaət etməyi camaata vacib buyurmuşdur. Halbuki camaat elə bir şəxsə itaət edir ki sabah onun cahilliyi ucbatından Allah dərgahında üzürlü sayılmayacaqlar1.” Bu o deməkdir ki camaat rəhbər və xəlifələrinin cahilliyi nəticəsində səhvə düçar olub Allah yolundan başqa yola getdiklərinə görə üzürlü sayılıb deyə bilməzlər ki biz öz seçimimizə görə səhv etməmişik. Bizi bu yola sürükləyən bizim cahil rəhbərlərimiz olmuşdur. Bu üzr əsla qəbul olunmayacaq, çünki bu cür rəhbərlərdən itaət etməyin özü səhv bir iş olub sonrakı səhvlərə bəhanə ola bilməz.2