İmam Sadiq (əleyhissəlam) və Mənsur
Əbu Cəfər Mənsur Dəvaniqi İmam Sadiq əleyhissəlamın siyasi fəaliyyətindən çox narahat idi. İmam əleyhissəlamın xalq kütlələri tərəfindən sevilməsi və elmi əzəməti Mənsurun bu nigarançılığını daha da artırırdı. Buna görə də, o bir bəhanə düşcək tez İmam Sadiq əleyhissəlamı İraqa3 çağırtdırır və onu qətlə yetirmək üçün bir plan çəkirdi. Ancaq hər dəfə bir vasitə ilə təhlükə İmam əleyhissəlamın müqəddəs vücudundan sovuşurdu.4
Mənsur Mədinə şiələrini bərk nəzarət altına almışdı. Onun Mədinədə bir sıra casusları var idi ki onlar İmam Sadiq əleyhissəlamın dostları ilə əlaqə saxlayan şəxslərin boynunu vururdular.5
İmam Sadiq (əleyhissəlam) öz dostlarını (şiələrini) xilafət mərkəzi ilə həmkarlıq etməkdən çəkindirirdi. Bir gün İmam əleyhissəlamın dostlarından biri soruşur: “Bizlərdən bəzilərimiz elə vaxt olur ki dolanışığı çətinləşir və onlara bunlar (Bəni-Abbas) üçün ev tikib quyu qazıb pul almaq təklifi olunur. Sizin fikrinizcə bu iş necədir?” İmam Sadiq (əleyhissəlam) buyurur: “Mən heç razı deyiləm ki onlar üçün bir düyün belə düyünləyim yaxud bir tuluğun ağzını belə bağlayım. Baxmayaraq ki bu işin müqabilində mənə çoxlu pul verəcəklər. Çünki zalımlara kömək edən şəxsləri Qiyamət günü oddan olan pərdə ilə hasarlanmış bir yerə yığacaqlar və bu zaman Allah onların barəsində hökm verəcək.”6
İmam Sadiq (əleyhissəlam) şiələri mübahisəli məsələləri həll etmək üçün bəni-Abbas xəlifələrinin təyin etdiyi qazıların yanına getməyə qoymayaraq həmin qazılar tərəfindən verilmiş hökmə əməl etməyi vacib bilmirdi. İmam (əleyhissəlam) həmçinin, fəqih və hədisçilərə xəbərdarlıq edirdi ki hökumətə tabe olmasınlar. İmam (əleyhissəlam) onlara buyururdu ki fəqihlər Peyğəmbərin (səlləllahu əleyhi və alih) canişinləridirlər. Əgər görsəniz ki onlar xəlifələrə tərəf üz tutublar (zalımlarla həmkar və əlbir olublar) onlara qarşı pis fikirdə olun onlara inanmayın.7
Bir gün Mənsur Dəvaniqi İmam Sadiq əleyhissəlama məktub yazır ki nə üçün başqaları kimi sən də bizim yanımıza gəlmirsən? İmam Sadiq (əleyhissəlam) onun cavabında yazır: “Bizim (dünyəvi cəhətdən) elə bir şeyimiz yoxdur ki ona görə sənə ümid bəsləyək. Sənin nə elə bir nemətin vardır ki ondan ötrü gəlib səni təbrik edək nə də özünü müsibət və bəla içərisində görmürsən ki gəlib ondan ötrü sənə başsağlığı verək. Daha sənin yanına nəyə gəlim?” Mənsur bu dəfə yazdı: “Gəl bizə nəsihət ver.”
İmam (əleyhissəlam) cavabında yazdı: “Əgər bir nəfər dünya əhli olsa, sənə nəsihət etməz Axirət əhli də olsa, sənin yanına gəlməz.”1
Dostları ilə paylaş: |