Hakimin bir kişiyə -: «Yolun ortasında əkdiyin tikanlı kolu çıxart!» deməsi hekayəsi
Həmin kişiyə bənzər xoş danışan, sözü bol,
Bir kişi yol üstündə əkmişdi tikanlı kol!
Yoldan ötənlər onu danlayaraq dedilər:
-Kolu çıxart! Çıxartmam dedi, ötüşdü günlər.
Həmin o tikanlı kol, artırırdı budağın,
Toxunub qanadırdı, xalqın əlin, ayağın.
Xalqın libaslarını tikanlar dağıdırdı,
Dərvişlərin ayağın incidir, ağrıdırdı.
Elə ki, hadisədən, xəbərdar oldu hakim,
O xəbisin işindən qəlbi dar oldu hakim.
Onu çağırıb dedi: - Kişi çıxart o kolu!
Dedi: - Sabah çıxarıb təmizləyərəm yolu.
Sabah-sabah söz verib, müddətləri ötürdü,
O tikanlı ağac da yerindəcə oturdu.
Bir gün hakim söylədi: - Sən ey vədəsi yalan,
Gəl ey sözü sürüşkən, yasa gedən, yer altdan.
Dedi: - Sabah ey əmi, o kolu çıxardaram!
Dedi: - Əcəl gözləmir, gün keçir aram-aram.
Sən belə deyəndə ki, «sabah», bunu yaxşı qan!
Hər günün öz işi var, zaman keçir durmadan.
O pis tikanlı ağac cavanlaşdırır özün,
Sən ağac əkən isə, qocalırsan günbəgün.
Tikanlı kol güclənir, böyüyərək dirçəlir,
Kol çıxartmaq istəyən, süstləşərək kiçilir.
Tikanlı kol, hər gündə, hər anda yaşıllaşır,
Kolu çıxardan isə, qocalaraq çallaşır.
O daha cavan olur, sən də qoca, daha da,
Cəld ol, dünyanı dərk et, ömrünü vermə bada.
Hər biri tikanlı kol, sənin pis xasiyyətin,
Dəfələrlə batırar, ayağına xar148 yəqin.
Dəfələrlə pis əməl, səni peşiman edər,
Sonuçda işin sənin peşmançılıqla bitər.
Əgər başqa insanlar yorulub inciyərsə?
Sənin pis əməlindən, xalqa ziyan dəyərsə?
Sən qafilsən, bir an da dəhşətli halına bax!
Qalma biganə işə, dərk et, əhvalına bax!
Ya götür balta ələ, zərbəni vur mərdanə!
Vur Əlitək149 Xeybərin qapısın qır mərdanə!
Yaxud «Faruğ»150 kimi ol, ya da ki, «Siddiq»151 kimi,
Qeyri yol seç, qəbul et, ol dinə sadiq kimi.
Ya gülün qönçəsinə bir tikanı birləşdir,
Ya da atəş nuruyla, bir məkanı birləşdir.
Onun Nuru götürsün,atəşini narını,
Onun vüsalı etsin gül qönçəsi xarını.
Sən bir cəhənnəm kimi, osa bir mömin kimi,
Atəş söndürə bilən, mömin, əhli din kimi.
Nəbi demiş: - Mömini görsə Cəhənnəm əgər,
Mömin şəxsə yalvarar, qorxudan tir-tir əsər.
Deyər: - Uzaqlaş məndən, ey mənim padişahım,
Sənin Nurun aparar odumu, qalxar ahım,
Xülasə od yox olar, möminin nurlarından,
Çünki ziddsiz ziddləri, dəf etmək deyil asan.
Od Nurun ziddi olar axirətin günündə.
O qəhr ilə qarışar, busa ağıl donunda,
Sən odun şərarətin dəf eyləmək istəsən,
Rəhmət suyunu odun köksünə endirəsən.
O rəhmət suyunun da, çeşməsi mömin olmuş,
Həyat suyu təmiz ruh, gözəllik ona qalmış.
Sənin nəfsin qaçardır, bilirsən neçin ondan?
Çunki sən atəşdənsən, osa bulaq suyundan!
Sudan atəş onunçun qaçıban uzaq gedir.
Onun atəş xislətin su dağıdıb yox edir.
Sənin fikrinlə hissin, bil, nardan152 yaranmışdır,
Şeyxin hissiylə fikri, xoş nurdan yaranmışdır.
Onun nurunun suyu, atəşə damsa əgər?
Damcılar oddan çıxıb, sıçrar ətrafa gedər.
Əgər damcılanarsa, sanki ölüm rədd olar,
Sənin cəhənnəm nəfsin, soyuyaraq tam solar.
Əgər o yandırmasa, sənin gülüstanını,
Ədalətin, ehsanın, alçaltmaz ad-sanını.
Əgər bir şərin olsa, minlərlə gülüstanın,
Yox olar, tamam itər, nə ad qalar, nə sanın!
Sonra xoş əməl etsən, işin düz getsə əgər,
Xoş əməl bəhrə verər, açar lalə-süsənlər.
Yenə də doğru yoldan, uzaq keçirik, əbəs,
Qaytar bizi ey Ağam, yolumuz hardadır bəs?!
Demək istəyirik ki, pis əməlli ey «qoçaq»,
Ulağın çox tənbəldir, yolun uzaqdan-uzaq!
Yükün ağırdır sənin, yolunda quyular var,
Əyri getmə, duz yeri, qarşında doğru yol var!
Altmış yaşın yetişdi, tilovunu çəkirlər,
Dəniz yolunu tut sən, taparsan düz fikirlər.
Hər kim ağıllıdırsa, dəniz suyuna çatar,
Tələdən xilas olar, od-alovdan qurtarar,
Çünki zaman gözləmir, fürsətlər ötüb-gedir.
Səhradan sən üz çevir, doğru yol dənizdədir.
Yoxsa «isti qazanda» yanıb, olarsan büryan,
Belə pislik özünə heç kim etməz, bir oyan!
O «üç balıq» halını, həmin o arx məsəlin.153
Bu yerdə demək olar, etibarın bilinsin.
Oyan, ibrət götür sən, kömək istə Tanrıdan!
Səy edib, cəhdin eylə, məqsədinə çatasan!
Il ötdü vaxtsız oldu, əkin zamanı deyil,
Qaraüzlükdən qeyri, bir əməlin yoxdur, bil!
Ağacın gövdəsinə, köklərinə qurd dəymiş,
Onu qazıb çıxartmaq, yandırmaq vaxtı gəlmiş,
Tələs, tələs ey yolçu, vaxt ötüb-keçmək üzrə,
Ömrün günəşi enmiş, quyuya düşmək üzrə!
Bu qısa iki-üç gün, tezcə ötüb-keçəndir,
Comərdliyin yolundan bəs, dönməyin nədəndir?!
Saxladığın toxumun, öyrən sən miqdarını,
Sonuçda görəcəksən, yarpağını, barını.
Nə qədər ki, sönməmiş gövhər dolu çırağın,
Tələs piltə yağı tap, ey oğul, olmaz qayğın!
Elə et, əkin vaxtı tamamilə sönməsin,
Işi sabaha qoyma, sabah, ilə dönməsin!
Dostları ilə paylaş: |