8. MÜHAZİRƏ, MƏRUZƏ, ÇIXIŞ
Monoloji nitqin də quruluş sxemi və xüsusiyyətlərinə görə fərqlənən bir neçə növü vardı: mühazirə, məruzə, məlumat, çıxış.
Müəllimlik fəaliyyətində nitqin birinci təşkil olunmuş formasından geniş istifadə edilir. Sinif, auditoriya qarşısında müəllimin izahı, məruzəsi, şübhəsiz, əvvəlcədən öyrənilmiş, planlaşdırılmış fikirlər, məlumatlar əsasında qurulur. Burada ölçülüb-biçilmiş fikirlər aydın və yığcam cümlələrlə ifadə olunur, konkret faktlarla söylənilənlər, dəlillərlə, nümunələrlə əsaslandırılır, lüzumsuz təfərrüata yol verilmir. Təşkil olunmuş danışığı (eləcə də yazını) təkcə monoloji nitqlə əlaqələndirmək düzgün olmaz. Nitqin situasiyasından, təşkili formasından asılı olaraq dialoji nitqə də hazırlıq görülür. Natiq radio və televiziya verilişlərinə, digər rəsmi yerlərə, dəyirmi masalara hər hansı bir mövzu ətrafında fikir mübadiləsi, müzakirə məqsədilə dəvət olunursa, o, qoyulan problemi dərindən öyrənilməli, özünün verəcəyi sualları müəyyənləşdirməli, müsahibinin ehtimal olunan sualları ətrafında fikirləşməli, onlara məntiqi cəhətdən düzgün, məzmunca bitkin cavablar hazırlamalıdır.
Deyildiyi kimi, monoloji nitqin növlərindən biri mühazirədir. Mühazirə ən çox ali məktəblərdə müəyyən fənn üzrə materialın konkret faktlara əsaslanan, geniş nəzəri mühakimə və ümimiləşdirmələrdən ibarət şərhidir. Nitqin bu formasından digər elimi idarələrdə, kütləvi tədbirlərdə və s. yerlərdə də istifadə olunur. Məsələn, ölkənin iqtisadi və siyasi vəziyyətilə bağlı mühazirə, sağlamlığın qorunmasına həsr olunmuş mühazirə və s. Mühazirənin məruzədən bir fərqi ordadır ki, birincidə dioloqa yol verilə bilər. Yəni şərhin gedişində dinləyicilər natiqə sualla müraciət edə bilər. Mühazirəçi oradaca suala cavab verib öz şərhini davam etdirir. “Mühazirə oxumaq” ifadəsi şərti olaraq işlədilir. Mühazirə materialı heç də üzündən oxunmur, o söylənilir. Mühazirəçi ehtiyac olanda mətnə müraciət edə bilər, mətndəki sitatları üzündən oxuya, yaxud digər qeydlərə baxa bilər. Mühazirə də o vaxt effektli şərh üsulu sayılır ki, lektor ona yaxçı hazırlaşsın. Nitq auditoriyanın səviyyəsinə uyğun, səlis və aydın olmalıdır. Məruzəçinin fikrini əsaslandırmaq üçün göstərdiyi sübutlar, faktlar, çıxartdığı nəticələr reallığı əks etdirsin, incə mətləbləri dinləyicilərə çatdırmaq üçün şifahi şərhin bir sıra formalarından ( təsvir, xarakteristika, izah, mühakimə və s.) münasib şəkildə istifadə etsin. Mühazirə idraki əhəmiyyət daşımalı, elmi dərinliyi və məntiqi şərhi ilə fərqlənməlidir. Xüsusən ali məktəb auditoriyalarında edilən məruzələrdə tərbiyə, əxlaq məsələləri, milli ideologiya, elmi dünyagörüşün formalaşması ön plana çəkilməlidir.
Məruzə. Məruzə bir mövzu haqqında əvvəlcədən hazırlanıb söylənilən nitqə deyilir. Məruzə müxtəlif mövzu və şəraitdə aparıla bilər: görülmüş işlərin yekunu ilə bağlı hesabat məruzəsi, elmi-praktik konfranslarda məruzə və s. Mövzu ilə bağlı məruzə qısa və geniş ola bilər. Məsələn, hər hansı bir kriminal vəziyyət ilə bağlı yuxarı təşkilat qarşısında edilən məruzə bir qədər konkret və yığcam olmalıdır. Beynəlxalq vəziyyətə dair, yaxud elmi mövzuda auditoriyada, kütlə qarşısında edilən məruzələr genişliyi və əhəmiyyətilə fərqlənməlidir.
Məruzə giriş, əsas hissə və nəticə olaraq üç hissəyə bölünür. Birinci hissədə bəhs edilən məsələnin əhəmiyyətindən, aktuallığından danışılır, qarşıya qoyulan məqsədə çatmaq üçün hansı yollardan, üsullardan istifadə edildiyi göstərilir. Məruzənin əsas hissəsində isə mətnin məzmunu göstərilir, ona münasibət bildirilir.. Sonda isə araşdırmalara yekun vurulur, müvafiq təkliflər söylənilir.
Məruzənin hazırlanması üçün onun əhatə etdiyi mövzunun həcmi, sərhəddi, mövzuya aid ədəbiyyat əvvəlcədən müəyyənləşdirilməlidir. Bunlardan sonra məruzə hazırlanmalıdır. Məruzə oxunduqdan sonra tənqidi fikirlər varsa, nəzərə alınmalıdır.
Bu mövzuya əlavə olaraq monoloji nitqin növlərindən biri olan məruzə ilə bağlı onu da bimək lazımdır ki, idarə və təşkilatlar arasında məruzənin məktub formasından da istifadə olunur. Məruzə məktubu qısa formada yazılır. Nitqin bu yazılı forması yuxarı vəzifəli şəşslərə yazılır və konkret məsələnin qoyuluşunu ifadə edir. Məruzə məkyublarda çıxarılan nəticələr və irəli sürülən təkliflər də yer alır. Nitqin qısa məzmunundan asılı olaraq məruzə məktubları bir neçə cür, o sıradan informasiya xarakterli olur. Məruzə məktubu müəllifin özünün təşəbbüsü və rəhbər işçinin göstərişi ilə tərtib olunur. Yığıncaqlarda, konfranslarda belə məktub formasından istifadə olunması mümkün deyil. Ümumiyyətlə, məruzə məktub tərtib edənin fikirlərini və təkliflərini özündə ifadə edən və şifahi oxumaq üçün tərtib edilən yazılı sənətdir.
Çıxış. Çıxış-rəsmi və ictimai tədbirlərdə edilən məruzə ətrafında dinləyicilərin öz fikrini, münasibətini bildirməsidir. “Çıxış” sözü bir qədər geniş mənada işlədilir: müzakirə zamanı edilən çıxışlar, təbrik çıxışları, təşviqat xarakterli çıxışlar, matəm çıxışları, məclis çıxışları, radio, televiziya və qəzet vasitəsilə edilən çıxışlar və s. Lakin “çıxış” deyəndə daha çox adamların qarşısında söylənilən nitq nəzərdə tutulur.
Dinləyicilər dinlədikləri məruzə ətrafında çıxış etməli olurlar. Çıxışlar üçün az vaxt tələb olunur. Belə çıxışlar o zaman effektli olur, dinləyiciləri razı salır ki, yığcam olsun, mövzudan kınara çıxılmasın, əvvəl deyilən fikirlər təkrar edilməsin, çıxışda ardıcıllıq və rabitəlilik olsun , sözlər və çümlələır aydın və bir səs tonu ilə tələffüz edilsin, loru, tüfeyli, yad sözlərə, şivə və ləhcələrə tələffüzdə yol verilməsin.
Qeyd olunan məlumatlar monoloji nitqin mühazirə, məruzə, çıxış növlərinin işlədilməsində gözlənilən vacib elementlərdir.
Dostları ilə paylaş: |