7
İmam Əli əleyhis-salam (insanın yaradılışının heyrətamizliyi barəsində) buyurmuşdur:
Bu insana (onun yaradılışına) heyrətlənin (onun xilqəti barəsində düşünün ki, onu yaradanın qüdrət və bacarığını dərk edəsiniz. Yaradan onu elə yaradıb) ki, piylə (göz ilə) görür, ətlə (dil ilə) danışır, sümüklə (qulaq ilə) eşidir və dəlikdən (burundan) nəfəs alır!!
8
İmam Əli əleyhis-salam (dünyanın məzəmmətində) buyurmuşdur:
Dünya bir dəstəyə üz tutan zaman başqalarının yaxşılıqlarını müvəqqəti olaraq onlara (nisbət) verər. Onlara arxa çevirəndə isə onların öz yaxşılıqlarını da alar. (Biri imkanlı olanda və bir məqama çatanda dünyapərəstlər onun üçün yaxşılıqlar uydurarlar. Yoxsul və imkansız olanda isə onun öz kamilliklərini də yaddan çıxararlar.)
9
İmam Əli əleyhis-salam (xalqla mehriban davranmağın faydası barəsində) buyurmuşdur:
İnsanlarla elə qaynayıb-qarışın və rəftar edin ki, əgər həmin halda ölsəniz (onlardan ayrıldığınız üçün) sizə ağlasınlar və əgər sağ qalsanız sizinlə ünsiyyətdə olmağa can atsınlar.
10
İmam Əli əleyhis-salam (düşməni bağışlayaraq onun günahlarından keçmək barəsində) buyurmuşdur:
Düşmənini ələ keçirən zaman onu bağışlayaraq günahından keçməyi ondan üstünlük qüdrətinin (bu nemətin) şükrü et.1
11
İmam Əli əleyhis-salam (dostu olmamaq və dostu itirməyin məzəmmətində) buyurmuşdur:
İnsanların ən acizi dost tapmaqda aciz olan kəsdir. Ondan da acizi isə qazandığı dostlardan birini itirən kəsdir. (Çünki dost tapmaq onu qoruyub saxlamaqdan daha asandır.)
12
İmam Əli əleyhis-salam onunla birlikdə (düşmənə qarşı) vuruşmaqdan kənara çəkilmiş şəxslər1 barəsində buyurmuşdur:
Haqq ilə (İmam əleyhis-salamla) yoldaşlıq etmədilər və batilə (Müaviyəyə) kömək göstərmədilər.2
13
İmam Əli əleyhis-salam (Allahın nemətlərinə şükr etməyə həvəsləndirərək) buyurmuşdur:
Nemətlərin nümunələri sizə çatanda şükrün azlığı ilə onun qalan hissəsini uzaqlaşdırmayın.3
14
İmam Əli əleyhis-salam (Allahın köməksizlərə yardım etməsi barəsində) buyurmuşdur:
(Qardaş, əmi, dayı kimi) çox yaxın qohumların tərk etdikləri şəxsə (onun köməyinə) çox uzaq olan yad çatar. (Allah adamlar göndərər ki, onu tək qoymasınlar.)
15
İmam Əli əleyhis-salam (fitnə və bəlaya düçar olmuş kəslər barəsində) buyurmuşdur:
Fitnə və bəlaya düçar olmuş hər bir kəsi məzəmmət etmək olmaz.1
16
İmam Əli əleyhis-salam (tədbir tökməyə və uzaqgörənliyə arxalanmamaq barəsində) buyurmuşdur:
İşlər qəzavü-qədərin hökmlərinə elə ram və tabedir ki, (bəzən) ölüm tədbir tökmək və uzaqgörənlikdə olur.2
17
İmam Əli əleyhis-salamdan (xilafəti zamanında saqqalını rəngləməməsinin səbəbini bu yolla) soruşdular ki, Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) «qocalığı dəyişdirin (saqqalınızı rəngləyin) və özünüzü yəhudilərə oxşatmayın» buyuruğunun mənası nədir? O Həzrət buyurdu:
Peyğəmbər (səlləllahu əleyhi və alih) bu sözü din (əhli) az olan zaman buyurub. Buna görə də (müsəlmanlara əmr etdi ki, saqqallarını rəngləsinlər və yəhudilər kimi olmasınlar. Çünki yəhudilər saqqallarına rəng qoymurdular. Amma) indiki zamanda ki, dinin qayışı genişlənib (İslam hər yerə yayılıb) və öz sinəsini yerə qoyub (qərar tutaraq möhkəmlənib) hər bir kişi öz ixtiyarındadır.1
18
İmam Əli əleyhis-salam (uzun arzuların məzəmmətində) buyurmuşdur:
Hər kim arzusunun dalınca qaçaraq cilovunu buraxsa ölüm onun ayağını sürüşdürər (arzusuna çatmadan ölər. Buna görə də uzun-uzadı arzuların dalınca getməyin və ölümdən qafil olmayın).
19
İmam Əli əleyhis-salam (comərdlər barəsində) buyurmuşdur:
Comərdlərin səhv və xətalarından keçin. Çünki onlardan birinin ayağı sürüşən kimi Allahın (mərhəmət) əli onun əlində olur və onu (həmin sürüşkənlikdən) qaldırır.2
20
İmam Əli əleyhis-salam (qorxu, yersiz utancaqlıq və fürsəti əldən verməyin məzəmmətində) buyurmuşdur:
Qorxu ziyanla yoldaşdır və utancaqlıq ümidsizliyə birləşikdir.1 Fürsət (münasib vaxt) ötəri bulud kimi keçir. Buna görə də gözəl fürsətləri əldən çıxarmayın.
21
İmam Əli əleyhis-salam (xilafətinin qəsb edilməsi barəsində) buyurmuşdur:
Bizim bir haqqımız (xilafətimiz) vardır (ki, onu Həzrət Peyğəmbər müəyyənləşdirib). Buna görə də əgər onu bizə versələr, alacağıq və əgər verməsələr, bu seyr və gecə səfəri uzun olsa da, dəvələrin tərkinə minəcəyik. (Uzun çəksə də, çətinliyi özümüzə asanlaşdıraraq dözümlülüyü əldən verməyəcəyik. Seyyid Rəzi-rəhiməhullah-deyir:)
İmamın bu buyuruğu, diqqət və fikrə dalmaqla başa düşülən dolğun kəlamlardandır və onun mənası budur ki, əgər bizim haqqımızı verməsələr çətinlikdə və xar olacağıq. Səbəb budur ki, arxa tərəfə minən kəs qul, əsir və ya onların dərəcəsində olan adam olur və dəvənin tərkinə belələri minir.1
22
İmam Əli əleyhis-salam (gözəl əməllərə təşviq edərək) buyurmuşdur:
Əməlinin ağırlaşdırdığı (ibadət və bəndəlik etməyərək yaxşı işlər görməyən tənbəl) kəsi məqam və dərəcəsi qoçaqlaşdırmaz.2
23
İmam Əli əleyhis-salam (zülmə məruz qalanları və qəmgin insanları tapşırıb belə) buyurmuşdur:
Zülmə məruz qalanın dadına çatmaq və qəmgini şad etmək böyük günahların kəffarələrindəndir. (Böyük günahların bağışlanmasına səbəb olan amillərdəndir. Çünki günahkar günah etməklə fikirləri qəmləndirib. Buna görə də gərək qəmli qəlbləri sevindirsin ki, Allah onun günahlarından keçsin.)
24
İmam Əli əleyhis-salam (naşükürlər barəsində) buyurmuşdur:
Ey Adəm övladı! Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Rəbbinin ardıcıl olaraq sənə nemətlər əta etməsini, eyni zamanda sənin isə Ona qarşı günah və itaətsizlik etdiyini görən zaman Ondan (əzabından) çəkin. (Çünki nankorluq və naşükürlük intiqam alınmasına və cəzalandırmaya səbəb olur.)
25
İmam Əli əleyhis-salam (sirrin gizlin qalmaması barəsində) buyurmuşdur:
Kim qəlbində bir şey gizlətsə bu mütləq, özünü onun düşünülməmiş sözlərində və sifətinin rəngində biruzə verəcəkdir. (Məsələn, üzün rənginin saralması qorxu əlaməti, qızarması isə xəcalət çəkməyin nişanəsidir.)
26
İmam Əli əleyhis-salam (xəstəliklərə dözmək barəsində) buyurmuşdur:
Nə qədər ki, ağrın səni yola verir (əldən salmayıb), sən də onu yola ver. (Yəni, yüngül xəstəliyə görə yatağa düşmə.)
27
İmam Əli əleyhis-salam (zahidlik barəsində) buyurmuşdur: Zahidliyin ən gözəli onu gizləməkdir.1
28
İmam Əli əleyhis-salam (ölümü yada salmaq barəsində) buyurmuşdur:
Sən (dünyaya) arxa çevirəndə və ölüm (sənə) üz tutanda (səninlə ölüm arasında) görüş və qovuşma necə də tez baş verəcək.
29
İmam Əli əleyhis-salam (günahdan uzaq olmağa təşviq edib) buyurmuşdur:
(İtaətsizlikdən) uzaq olun, uzaq olun. Allaha and olsun, O, (günahları elə) gizlədib ki, sanki (onları) bağışlayıb.2
30
İmam Əli əleyhis-salamdan iman haqqında soruşublar və O Həzrət (imanın və onun ziddi olan küfr və şəkkin əlamət və nişanələri barəsində) belə buyurmuşdur:
İman dörd dirək üzərində möhkəmlənib: Səbr və dözümlülük, yəqinlik və inam, ədalət və insaf, (din yolunda) cihad və çalışqanlıq. Səbr dörd növdür: arzu, qorxu, pərhizkarlıq və intizar çəkmə. Buna görə də cənnət arzusu olan kəs nəfsi istəkləri unudar və onlara göz yumar. Oddan qorxan haram və xoşagəlməz işlərdən uzaqlaşar. Dünyada pərhizkar olan kəs qəm-qüssəni yüngül sayar. Ölüm intizarında olan kəs yaxşı və xeyirxah işlərə tələsər.
Yəqin də dörd növdür: Zirəkcəsinə gözüaçıqlıq, həqiqətlərə çatmaq, başqalarından ibrət götürmək və keçmişlərin yolu. Zirəkcəsinə gözüaçıq olana (elm və əməldə) düz yol aşkar olar. Hikmət və düz yol aşkar olan kimsə müxtəlif hadisələrdən ibrət götürməyi öyrənər. İbrət götürməyi öyrənən kəs keçmişlərin arasında olmuş (onların vəziyyətini görmüş, işlərinin sonunu sınaqdan keçirmiş və nəticədə varlıqların başlanğıcı və sonu barəsində yəqinlik və inama malik) şəxsə bənzəyir.
Ədalət də dörd növdür: Düzgün anlamaq üçün diqqətlilik, elmin həqiqətinə çatmaq, yaxşı hökm çıxarmaq və dözümlülüyü möhkəm saxlamaq. Buna görə də şəxs diqqət edərək düzgün başa düşsə elmin həqiqətini əldə edər. Elmin həqiqətini əldə edən kəs din qaydaları əsasında hökm çıxarar. Səbrli və dözümlü olan kəs isə öz işində səhlənkarlıq etməz və xalq arasında yaxşı adla yaşayar.
Cihad da dörd növdür: Yaxşılıqlara əmr etmək, pisliklərdən çəkindirmək, danışıqda düzlük və pis əməl sahibləri ilə düşmənçilik. Beləliklə, hər kim yaxşı işlərə əmr etsə möminlərə qoşularaq onları gücləndirib. Pis (nalayiq) işləri qadağan edən kəs münafiq və ikiüzlülərin burunlarını torpağa sürtüb. Danışığında düz olan kəs boynunda olan şeyi yerinə yetirib. Kim pis əməl sahibləri ilə düşmənçilik etsə və Allaha görə qəzəblənsə, Allah da ona görə (onlara) qəzəblənər və qiyamət günü onu şad edər (rəhmətindən bəhrələndirər).
Küfr də dörd sütun üzərində dayanıb: (Mənşəyi əsassız şübhə və tərəddüd olan, ağıl və dərrakəndən kənar, yersiz) dərinə getmək, inadkarlıq və çəkişmə etmək (ki, o, ifrat - yəni, haqqı aşmaqdır), haqdan əl çəkmək (ki, o, təfrit - yəni, haqq barəsində başısoyuqluqdur), düşmənçilik və haqqa tabe olmamaq. (Yersiz) dərinə gedən kəs düz yola ayaq basmayıb. Nadanlıq üzündən çox inadkarlıq göstərib çəkişməyə düşən şəxsin haqqa qarşı kor olması həmişəlikdir. Haqdan əl götürən şəxsin yanında yaxşılıq pislik, pislik isə yaxşılıq olar və o, azğınlıq sərxoşluğu ilə məst olar. Düşmənçilik edərək haqqa tabe olmayan kəsin yolları çətinləşər, işi ağırlaşar və (azğınlıq və zəlalətdən) çıxmaq yolu daralar.
Şəkk (və tərəddüd) də dörd növdür: (Boş və nahaq yerə) söz güləşdirmək, (haqqın icrasından) qorxmaq, sərgərdanlıq və (azğınlağa) təslim olmaq (və nicat yolu istiqamətində çalışmamaq). Mübahisə və söz güləşdirməyi özünün adəti etmiş kəsin gecəsi gündüz olmaz (şəkk və tərəddüd zülmətindən yəqinlik və inam işıqlılığına çıxmaz). Qarşısındakı şeyin (cihad və haqq yolunda çalışmağın) qorxutduğu kəs arxaya qayıdar (öz işlərində bir yerə çatmaz). Kim şübhə içərisində avara və sərgərdan qalsa (və özünü yəqinlik və inamın təhlükəsiz və rahat yerinə çatdırmasa) şeytanların ayaqları onu tapdaq edərlər (şeytanlar ona hakim olaraq onu məhv edərlər). Dünya və axirəti məhv etməyə təslim olan kəs, dünya və axirətdə məhv olar. (Seyyid Rəzi-rəhiməhullah- deyir:)
Bundan sonra da söz var idi ki, biz onu söhbətin uzun olması və bu kitabda nəzərdə tutulmuş (ixtisar) qəsdimizdən xaric olmaqdan qorxduğumuz üçün bəyan etmədik.
Dostları ilə paylaş: |