◘Bu ayədə xalqın birlikdə hərəkətinə göstəriş verildikdən sonra Məkkə əhalisinə xatırladılır ki, Hərəm əhli və ya qüreyşli olmaları onları fərqli hərəkətə sövq etdirməməlidir. Onlara özlərini böyük tutmamaq və ümumi xalq kimi olmaq göstərişi verilir.
Əslində həccin təsir və fəlsəfələrindən biri də puç imtiyazların kənara qoyulmasıdır. Orada insan geyimindən, ev-eşiyindən, ailəsindən keçib damla olur və dəryaya qatılır.
◘Bu ayədə iki dəfə, ötən ayədə bir dəfə “ifazə” sözü işlədilmişdir. Bu söz birlikdə hərəkət mənasını verir. Ayələrdəki təkrarlardan görünür ki, birlikdə hərəkət ibadətlərin icrasından dəyərlidir.
◘İstiğfar və zikr Ərəfat və Məşərin ən üstün əməlidir. Bu məkanlarda yalnız dayanmaq vacib olsa da, uyğun ayələrdə Allah-təala bizi Öz zikrinə, keçmiş günahların yada salınmasına və ötən günahlara görə bağışlanmaq üçün duaya çağırır. Axı Allah övliyalarının göz yaşı axıtdığı bir yerdə necə biganə olasan?
Dostları ilə paylaş: |