Bildirişlər
1. Bəzən etiraf dəyər sayılır.
2. Zalım qüvvələrdən uzaqlaşma ilahi lütfə çatmaq üçün müqəddimədir.
3. Peyğəmbərlər Allahın xüsusi lütflərindən faydalanır.
4. Nübüvvət (peyğəmbərlik) tarix boyu davam etmiş cərəyandır. Musadan (ə) öncə də bir çox peyğəmbərlər olmuşdur. Demək, Fironun təəccübü yersizdir.
Ayə 22:
﴿وَتِلْكَ نِعْمَةٌ تَمُنُّهَا عَلَيَّ أَنْ عَبَّدتَّ بَنِي إِسْرَائِيلَ﴾
“Bəni-İsraili özünə qul etməyin nemətdirmi ki, ona görə mənə minnət qoyursan? (Nə üçün mən atamın evində boya-başa çatmayım?)”
Ayə 23:
﴿قَالَ فِرْعَوْنُ وَمَا رَبُّ الْعَالَمِينَ﴾
“(Firon) dedi: “Aləmlərin Rəbbi nədir?”
Nöqtələr
●Musa (ə) Firona dedi ki, mən atamın evində yaşamalı ikən atamı qul etdin və mən məcbur qalıb sənin evində yaşadım. Məgər bu, müqabilində şükür olası nemətdir, yoxsa əsarət?! Sənin sarayında rifah olsa da, Bəni-İsrailin düşdüyü çətinlik məni narahat edir.
●Qurandan məlum olur ki, Firon öz daxilində Allahı tanıyırdı.1 Zahirdə isə özünü xalqın Rəbbi sayırdı. Necə ki, bir rəis kimlərəsə hakim, eyni zamanda kiməsə tabedir.2
Bildirişlər
1. Təkəbbür insana çirkinliyi gözəl göstərir.
2. Təkəbbür və minnətə qəti cavab verin.
3. Təkəbbürlü şəxs bəzən taxt-tacını qorumaq üçün özünü nadanlığa vurur.
4. Təkəbbür əhli qürurla və qarşı tərəfi alçaldaraq sual verir. Firon “aləmlərin Rəbbi kimdir?” yox, “aləmlərin rəbbi nədir?” deyə soruşdu. (Ərəb dilində “ma” şəkilçisi cansız cisimdən danışıldıqda işlədilir.)
Ayə 24:
﴿قَالَ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا إن كُنتُم مُّوقِنِينَ﴾
“(Musa) dedi: Əgər inansanız, (O,) göylərin, yerin və onların arasında olanların Rəbbidir.”
Ayə 25:
﴿قَالَ لِمَنْ حَوْلَهُ أَلَا تَسْتَمِعُونَ﴾
“(Firon) öz ətrafındakılara dedi: «Eşidirsinizmi, (o nə danışır)?»”
Ayə 26:
﴿قَالَ رَبُّكُمْ وَرَبُّ آبَائِكُمُ الْأَوَّلِينَ﴾
“(Musa növbəti dəfə) dedi: “O sizin və ata-babalarınızın Rəbbidir.”
Nöqtələr
●Quran buyurur ki, peyğəmbərlər öz müxalifləri ilə Allahın rübubiyyətini, yəni müdiriyyətini qəbul etdirmək üçün vuruşurdu. Müxaliflər Allahı varlıq aləminin yaradıcısı kimi qəbul edirdilər. Bu gün bəziləri “din siyasətdən ayrıdır” deyirlər. Bu sözlər “Allahın varlıq aləmini yaratması bir, idarə etməsi ayrı məsələdir” deyənlərin sözünə oxşayır. Onlar istəyirlər ki, Allahın xəlq etdiyi dünyanı özləri idarə etsinlər. Quran və ağıl əsasında isə yalnız Yaradana itaət olunmalıdır, yalnız O, qanun verə bilər. Əslində hansı qanunun gərəkli olduğunu Yaradan bilir.1
Bəziləri “əgər inanırsınızsa” ifadəsini belə mənalandırır: Musa dedi ki, sizin anlamaq üçün yox, bəhanə üçün sual verdiyinizi bilirəm və əgər həqiqət axtarışındasınızsa varlıq aləminin nizamı haqqında düşünün, Allahın rübubiyyət və birliyini anlayacaqsınız.
Bildirişlər
1. Etiqadla bağlı suallara qəti və aydın cavab verilməlidir.
2. Bütün varlıq aləminin bir Allahı var. (Müşriklər isə çox saylı tanrılara inanırlar.)
3. Bütün varlıq aləmi vahid müdiriyyət və nəzarət altındadır, təkamül hərəkətindədir.
4. Allahın zatını tanımaq mümkünsüzdür, Onu yaratdıqları vasitəsi ilə tanımaq və tanıtdırmaq lazımdır. (Firon Allahın nə olması və necəliyi haqqında soruşdu. Amma Musa (ə) Allahın zatını tanımaq mümkünsüz olduğundan Onun yaratdıqları haqqında danışdı.)
5. Varlıq aləminə müdiriyyətdəki vəhdəti hər kəs dərk edə bilməz. Yəqin əhli göylərin və yerin yaranışını dərindən nəzərdən keçirdikdə ilahi rübubiyyəti dərk edir.
6. Aranı qarışdırmaq, haqqı ört-basdır etmək və başqalarının məntiqli sözlərini kəsmək təkəbbürlü başçıların iş üsuludur.
7. Allah mövcud və gələcək insanları, göyləri və yeri eyni dərəcədə idarə edir.
Ayə 27-28
﴿قَالَ إِنَّ رَسُولَكُمُ الَّذِي أُرْسِلَ إِلَيْكُمْ لَمَجْنُونٌ قَالَ رَبُّ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَمَا بَيْنَهُمَا إِن كُنتُمْ تَعْقِلُونَ﴾
“(Firon) dedi: “Şübhəsiz, sizə doğru göndərilmiş peyğəmbəriniz tamamilə divanədir.” (Musa) dedi: “(O,) əgər düşünsəniz, şərqin, qərbin və onların ikisi arasında olan hər şeyin Rəbbidir.”
Ayə 29-30:
﴿قَالَ لَئِنِ اتَّخَذْتَ إِلَهًا غَيْرِي لَأَجْعَلَنَّكَ مِنَ الْمَسْجُونِينَ قَالَ أَوَلَوْ جِئْتُكَ بِشَيْءٍ مُّبِينٍ﴾
“(Firon) dedi: «(Ey Musa,) əgər məndən başqa məbud seçsən, şübhəsiz, səni zindandakılardan qərar verəcəyəm.» (Musa) dedi: «Əgər sənə aşkar bir nişanə gətirsəm də?»”
Ayə 31:
﴿قَالَ فَأْتِ بِهِ إِن كُنتَ مِنَ الصَّادِقِينَ﴾
“(Firon) dedi: “Əgər doğru deyirsənsə, həmin nişanəni göstər.”
Nöqtələr
●27-ci ayədə görürük ki, Firon öz əskikliyini ört-basdır etmək üçün Musa (ə) ilə ən sərt tərzdə danışır və onun haqqında ən çirkin sözləri işlədir. Ərəb qrammatikasında bir mövzunu təkidlə bəyan etmək üçün müəyyən şəkilçi və sözlərdən istifadə edilir. “İnnə” sözü və “lə məcnun” sözündəki “lam” şəkilçisi, eləcə də cümlənin ismi cümlə olması həqarətli sözlər üzərində təkid nişanəsidir.
Bildirişlər
1. Zalım başçılar haqla üzbəüz gəldikdə yayınırlar. (Musa (ə) hər dəfə dəlil göstərəndə, Firon ona cavab vermək əvəzinə xalqı əldən vermək qorxusu ilə onlara üz tuturdu.)
2. Təkəbbürlü şəxs heç vaxt haqqı qəbul etmir və özünü xalqdan ayırır.
3. Peyğəmbər müxaliflərinin güclü hücumlarından biri qarşı tərəfi divanə adlandırmaqdır. Bəli, dəlil gətirə bilməyən kəs böhtan və təhqirə əl atır.
4. Yerə və göyə, şərqə və qərbə, varlıq aləmindəki bütün mövcudlara hakim qanunların həmahəngliyi və sabit nizamdan məlum olur ki, bu aləm vahid bir müdiriyyətlə idarə olunur.
5. Təbliğatçı və tərbiyəçi söhbətdən yorulmamalı, öz dəlillərini təkrarlamalı və qəlbi geniş olmalıdır.
6. Allahın övliyalarını böhtanlar vasitəsi ilə tutduqları yoldan döndərmək olmaz.
7. Tövhidə çatmaq üçün düşüncəyə ehtiyac var. (Küfr və şirk ağılsızlıq məhsuludur.) (Xalqın düşüncəsinin işləkliyi zalımlar üçün böyük təhlükədir.)
8. Peyğəmbərlər ədəblə danışırlar. (Firon Musanı divanə adlandırdı. Amma Musa “əgər düşünsəniz, sözlərimi anlayarsınız” dedi.)
9. Zalımların bir gedişi də hədə-qorxu gəlməkdir. (Dini rəhbərlər çətinliyə hazır olmalıdırlar.)
10. Zalım rejimlərdə hərbə-zorba və işkəncə hakimdir. Zülmə qarşı səsini qaldıran əksər şəxs zindana düşməli olur.
11. Məntiq təsirsiz olan yerdə möcüzə zəruridir.
12. Öncədən hazırlıq müvəffəqiyyət və düşmənə qələbə şərtidir. Musa (ə) əsanın əjdahaya dönəcəyini, əlinin bəyazıyacağını bildiyindən “sənin üçün aşkar nişanə gətirsəm necə?” deyirdi.
13. Peyğəmbərlərin möcüzəsi həqiqətdir və xalq bunu yaxşı dərk edir.
Ayə 32:
﴿فَأَلْقَى عَصَاهُ فَإِذَا هِيَ ثُعْبَانٌ مُّبِينٌ﴾
“Əsanı yerə atdı və əsa qəfildən aşkar bir əjdaha oldu.”
Ayə 33:
﴿وَنَزَعَ يَدَهُ فَإِذَا هِيَ بَيْضَاء لِلنَّاظِرِينَ﴾
“Əlini (qoynundan) çıxardı və qəfildən onun əli tamaşaçılara bəyaz göründü.”
Dostları ilə paylaş: |