Bildirişlər
1. İlahi insanlar haqqın qələbəsinə, sehr-cadunun puçluğuna inanır, qorxu yox, arxayınçılıqla danışırlar.
2. Müxaliflərə fürsət verin ki, öz əqidə və məqsədləri yolunda addım atsınlar. Yalnız bundan sonra onlara möhkəm və məntiqi cavab verin.
3. Kafir daxilən təlatümdədir, zahirdə isə şüar deyir. Öz qələbəsinə inanmayan sehrbazlar ötən ayədə “əgər qalib gəlsək” deyirdilər. Amma Fironun hüzurunda yerlərini şirin salaraq onun izzətinə and içirlər. Özlərini qalib göstərir, psixoloji müharibə aparırdılar.
Ayə 45-46:
﴿فَأَلْقَى مُوسَى عَصَاهُ فَإِذَا هِيَ تَلْقَفُ مَا يَأْفِكُونَ فَأُلْقِيَ السَّحَرَةُ سَاجِدِينَ﴾
“Sonra Musa əsasını atdı. (Əsa əjdahaya dönüb) qəfildən onların quramalarını uddu. Sehrbazlar ixtiyarsız olaraq səcdəyə düşdülər.”
Ayə 47-48:
﴿قَالُوا آمَنَّا بِرَبِّ الْعَالَمِينَ رَبِّ مُوسَى وَهَارُونَ﴾
“Dedilər: «Aləmlərin Rəbbinə iman gətirdik - Musanın (ə) və Harunun Rəbbinə!»”
Nöqtələr
●Sehrbazlar əsanın əjdahaya döndüyünü görən kimi iman gətirdilər. Rəvayətlərdə deyilir: Həzrət Mehdi (ə) zühur edən vaxtda şərq və qərbin mütəxəssisləri ona iman gətirəcək. Çünki mütəxəssislər işin əzəmətini başqalarından daha çox dərk edəcəklər.
Bildirişlər
1. Möcüzə tədricən və çalışmalarla yox, ildırım sürəti ilə, ani olaraq baş verir.
2. Batilin haqq qarşısında müqavimət gücü yoxdur.
3. Sehr-cadu həqiqətdən uzaq və əməli bir yalandır.
4. Hazırlıqlı fərdlər haqq qarşısında bəhanə gətirmədən təslim olurlar.
5. Zər qədrini zərgər bilər. (İşində mütəxəssis olan sehrbazlar möcüzəni sehrdən fərqləndirirlər. Möcüzə onlara o qədər təsir etdi ki, ixtiyarsız olaraq səcdəyə düşdülər. Halbuki hadisəyə şahid olan fironçular iman gətirmədilər.)
6. Bir anda mövqeni dəyişmək gücü insanın imtiyazlarındandır.
7. Səcdə haqqpərəstliyin və təslimçiliyin uzun keçmişi olan izharıdır.
8. Bütün varlıq aləmi Allahın tədbiri sayəsində təkamül hərəkətindədir.
9. Sui-istifadənin qarşısı alınmalıdır. Fironçular «Rəbbül-aləmin» təbirini yanlış təfsir etməsinlər deyə sehrbazlar bildirdilər: «Musanın və Harunun Rəbbinə!»
10. Sehrbazlar tövhid, nübüvvət və məad kimi dini əsaslara etiraf etdilər.
Ayə 49:
﴿قَالَ آمَنتُمْ لَهُ قَبْلَ أَنْ آذَنَ لَكُمْ إِنَّهُ لَكَبِيرُكُمُ الَّذِي عَلَّمَكُمُ السِّحْرَ فَلَسَوْفَ تَعْلَمُونَ لَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلَافٍ وَلَأُصَلِّبَنَّكُمْ أَجْمَعِينَ﴾
“(Firon qəzəblənib) dedi: “Mən sizə icazə verməmiş ona iman gətirdiniz? Şübhəsiz, o sizə sehr öyrətmiş böyüyünüzdür. Tezliklə cəzanızı görəcəksiniz, hökmən əllərinizi və ayaqlarınızı çarpaz kəsəcək, hamınızı dardan asacağam.”
Ayə 50:
﴿قَالُوا لَا ضَيْرَ إِنَّا إِلَى رَبِّنَا مُنقَلِبُونَ﴾
“Sehrbazlar dedilər: “Eybi yox, biz öz Rəbbimizə doğru qayıdarıq.”
Ayə 51:
﴿إِنَّا نَطْمَعُ أَن يَغْفِرَ لَنَا رَبُّنَا خَطَايَانَا أَن كُنَّا أَوَّلَ الْمُؤْمِنِينَ﴾
“Ümid edirik ki, Rəbbimiz bizim xətalarımızı bağışlasın. Çünki biz ilk iman gətirənlərik.”
Nöqtələr
●Sehrbazlar Musanın (ə) möcüzəsini görən kimi səcdəyə düşdülər. Firon ətrafdakıları aldatmaq üçün belə izahat verdi: “Bu öncədən qurulmuş bir hiylədir. Siz Musanın (ə) şagirdləri olmusunuz və bu qurğunu məni süquta uğratmaq üçün işə salmısınız.” Halbuki sehrbazlar müxtəlif məntəqələrdən gəlmişdilər və Musanın (ə) yanında deyildilər ki, onun şagirdi olsunlar. Bundan əlavə, onlar Fironun izzətinə and içmişdilər ki, qalib gələcəklər.
●Bəzi təfsirlərdə bildirilir ki, Firon sehrbazların əl-ayağını kəsdi, onları hündür xurma ağaclarından asdı, bu işə görə həzrət Musanın (ə) ağladığı qeyd olunur.
Bildirişlər
1. Zalım rejimlərdə xalqın əqidə azadlığı yoxdur.
2. Zalım qüvvələr hətta insanların düşüncəsinə hakim olmaq istəyirlər.
3. Yalançının yaddaşı olmur.
4. İnsanın qüdrətini və iş qabiliyyətini onun əlindən alan ən pis işkəncə əl-ayağının çarpaz surətdə kəsilməsidir.
5. Zalımlara inanmayın - onlar hər şeyi özlərinə xatir istəyirlər. (Firon az öncə vəd etmişdi ki, sehrbazları özünə yaxınlardan qərar verəcək. Amma sonradan hamısını qətlə yetirməklə hədələdi.)
6. Məada, ölümdən sonrakı həyata iman göstəricilərindən biri zalımlar qarşısında şücaətdir.
7. Məada iman gələcək üçün aydın üfüqdür.
8. Allah yolunda şəhadət zərər və həlakət deyil.
9. İmanı agahlığa əsaslanan insan təlatüm keçirmir. (Möcüzənin nə olduğunu bilən sehrbazlar Fironun hədələri qarşısında möhkəm dayandılar.)
10. Həm sehr, həm də Firon tərəfində dayanmaq günahdır.
11. Maddiyyata tamah mənfi, mənəviyyata maraq müsbətdir.
12. Bağışlamaq ilahi rübubiyyət şənlərindəndir.
13. Bağışlanma arzusu gerçək tövbə ilə müşayiət olunmalıdır.
14. İmanda öncüllük fəzilətdir.
15. Xeyir aqibət ən böyük səadətdir. Ömür boyu azğınlıq içində olanlar bir qığılcımla dəyişib ilkin möminlərdən oldular.
16. Hiylə hiyləgəri rüsvay edir. (Firon Musanı (ə) rüsvay etmək üçün böyük sərmayə qoyub sehrbazları dəvət etdi. Amma sehrbazların iman gətirməsi Fironun özünü rüsvay etdi.)
Ayə 52:
﴿وَأَوْحَيْنَا إِلَى مُوسَى أَنْ أَسْرِ بِعِبَادِي إِنَّكُم مُّتَّبَعُونَ﴾
“Musaya vəhy etdik ki, Mənim bəndələrimi gecə (Misirdən) çıxar. Çünki siz təqib olunacaqsınız.”
Ayə 53:
﴿فَأَرْسَلَ فِرْعَوْنُ فِي الْمَدَائِنِ حَاشِرِينَ﴾
“Firon (bu işdən xəbər tutub) xalqı bir yerə toplamaq üçün şəhərlərə məmurlar göndərdi.”
Nöqtələr
●Həzrət Musanın (ə) işləri 3 qismə bölünür:
1. Fironun dəvəti və möcüzə;
2. Sehrbazların ona qoşulmaları və müxtəlif eniş-yoxuşlar;
3. Tərəfdarların və möminlərin hərəkətə gətirilməsi, Firon tərəfindən onların təqibi ki, bu iş möminlərin dəryadan keçməsi, kafirlərin qərq olması ilə nəticələndi.
●“Həşr” sözündə ayağa qaldırmaq, sövq etmək və toplamaq mənaları var.
●Bəni-İsrailin fironçulara faydası vardı və buna görə Firon onların mühacirətinin qarşısını almaq istəyirdi. Həzrət Musaya (ə) əmr olundu ki, onları gecə Misirdən çıxarsın.
Dostları ilə paylaş: |