Nöqtələr
●«Qiymətli yük» dedikdə ehtiyac duyulan bütün şeylərin gəmidə yerləşdirilməsi nəzərdə tutulur. İmam Baqir (ə) həmin gəmini “hərəkətə tam hazır” gəmi kimi vəsf edir. Həzrət Əli (ə) buyurur: “Həmin gəmidə dördayaqlılar üçün 90 yer düzəldilmişdi.”2
Bildirişlər
1. Peyğəmbərlərin və məzlumların duası qəbuldur.
2. Möminlər peyğəmbərlər sayəsində sığortalanmışlar.
3. Peyğəmbərdən uzaqlıq fəlakətə səbəb olur.
4. Nuh (ə) və onun yoldaşlarının xilası, kafir və müxaliflərin batırılması əhvalatı Allahın haqqa yardım və batilin məhvi sünnəsinin bir nümunəsidir.
5. Kafirlərə imkansızlıqdan yox, mərhəmət olaraq möhlət verilir.
Ayə 123-124:
﴿كَذَّبَتْ عَادٌ الْمُرْسَلِينَ إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ هُودٌ أَلَا تَتَّقُونَ﴾
“Ad qövmü (Nuh qövmü kimi) peyğəmbərləri təkzib etdi. Bir vaxt qardaşları Hud onlara dedi: “(Şirk və azğınlıqdan) qorxmursunuz?”
Ayə 125-126:
﴿إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ﴾
“Həqiqətən, mən sizin üçün etibarlı bir peyğəmbərəm. Beləsə, Allahdan qorxun və mənə itaət edin.”
Ayə 127:
﴿وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِيَ إِلَّا عَلَى رَبِّ الْعَالَمِينَ﴾
“Mən risalətim müqabilində sizdən heç bir muzd istəmirəm. (Çünki) mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir.”
Nöqtələr
●“Ad” həzrət Hud qövmünün ulu babasının adıdır. Bu qövm öz babasının adı ilə tanınırdı. Bu tayfa ərəb idi və xoş ab-havalı Yəmən diyarının Əhqaf məntəqəsində, dəniz yaxınlığında yaşayırdı. Onların ölkəsi abad idi, xalq şəhərdə yaşayırdı. Həzrət Nuh məntəqə əhlinin peyğəmbəri idi. Onun adı Quranda 24 dəfə qeyd olunur. Bundan əlavə Quranda “Əhqaf” və “Hud” adlı surələr var.
Bildirişlər
1. Bütün peyğəmbərlərin məqsədi bir olduğundan bir peyğəmbərin təkzibi bütün peyğəmbərlərin təkzibi kimidir.
2. Peyğəmbərlər qardaşcasına dəvət edirdi.
3. Peyğəmbər dəvətinin sərlövhəsi təqvadır.
4. Təqvaya dəvət üçün qardaşlığa ehtiyac var.
5. Peyğəmbərlərin risaləti xalq üzərində hakimiyyət yox, onların tərəqqisi üçündür.
6. Peyğəmbərlər yalnız ilahi bildirişi bəyan etmiş, özlərindən bir söz deməmişlər.
7. Bütün peyğəmbərlərin danışıq tərzi, təbliğ üsulu, bəyan mövzusu və düşüncə xətti müştərək olmuşdur.
8. İlahi təqva rəhbərə itaət üçün zəmin yaradır. İlahi rəhbərlərə itaət ilahi təqvanı möhkəmlədir.
9. İxlas və təmənnasızlıq müvəffəqiyyət rəmzidir.
10. İxlas və təvəkkül təbliğ şərtidir.
11. Varlıq aləmini idarə edən kəs bizim həyatımızı da idarə edəsidir.
12. Varlıq aləmi müxtəlif amillərdən təşkil olunmuşdur, onların hər biri eyni tədbirlə təkamül halındadır.
Ayə 128-129:
﴿أَتَبْنُونَ بِكُلِّ رِيعٍ آيَةً تَعْبَثُونَ وَتَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمْ تَخْلُدُونَ﴾
“(Hud xalqa dedi:) «Hər təpədə nəfs istəkləri üzündən qəsr qurursunuzmu? Əbədi qalmaq ümidi ilə möhkəm saraylar qərar verirsinizmi?»”
Ayə 130-131:
﴿وَإِذَا بَطَشْتُم بَطَشْتُمْ جَبَّارِينَ فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ﴾
“Birini cəzalandırdıqda zalımlar kimi cəzalandırırsınız? Allahdan qorxun və mənə tabe olun.”
Nöqtələr
●“Riin” dedikdə dağ ətəyi və təpə nəzərdə tutulur. Möhkəm və uca qala, eləcə də qəsr “məsaniə” adlanır. Qəhr-qəzəb və güc hesabına almaq “bətş” sözü ilə ifadə olunur.
●Bu ayələrdə Quran dağ ətəklərində tikinti işi aparmaq, qala tikmək və qüdrətli olmağı yox, qeyri-müqəddəs məqsədləri, boş xülyaları və həddi aşmağı tənqid edir.
●Rəvayətlərdə oxuyuruq: “Həzrət Peyğəmbərin (s) yaxınlarından biri evinin damı üzərində qübbə tikmişdi. Həzrət bunu görüb narahat oldu. Ev sahibi həzrətin narahatçılığına görə qübbəni sökdü. Həzrət Peyğəmbər (s) növbəti dəfə qübbəni görməyib soruşdu ki, qübbə nə oldu? Həzrətə bildirildi ki, sizin narahatçılığınızı görən ev sahibi onu sökdü. Həzrət buyurdu: “Ehtiyac duyulmayan istənilən tikinti Qiyamətdə sahibi üçün dərd olacaq.”1
Bildirişlər
1. Uca binaların tarixi Hud (ə) dövrünə gedib çıxır.
2. Hərislik insanı rahat buraxmır.
3. Dünyapərəstlərin gözündə böyük görünən şey övliyaların nəzərində əhəmiyyətsizdir və onlar uyğun işlərə görə xalqı məzəmmət edirlər.
4. Yalançı mədəniyyət və rifah qürur amilidir və haqqın qəbuluna mane olur.
5. Peyğəmbərlər mövcud nizamsızlığı tənqid etmək və yatmış vicdanları sual yolu ilə oyatmaqla işə başlayırlar.
6. Zalımların məqsədi ya özlərini göstərmək, ya əbədilik əldə etmək, ya da xalqın istismarıdır.
7. Hər bir işdə uca məqsəd olmalıdır.
8. Azğınların var-dövlət, sərmayə və uca qəsrlər əldə etməkdə məqsədləri nəfs istəklərini təmin etməkdir.
9. Quran sadəcə tikilini yox, saray və əyyaşlıq ruhiyyəsini tənqid edir. (İstehsal, ixtira, sənət, bütün imkanlar və qüvvələr gerçək ehtiyacların təmininə yönəlməlidir.)
10. Qəsrlər və saraylar insan həyatını əbədiləşdirmir.
11. Hər bir tikilinin dörd bəlası var: hərislik və israf; iftixar və özünü nümayiş; həvəsbazlıq; dünyapərəstlik və qəflət.
12. Cəza qanunları ədalətli olmalıdır. (Quran zalımcasına cəzaları tənqid edir.)
13. Dindarlıq üçün mehvər, rəhbər və nümunəyə ehtiyac var.
14. Dindarlıq həm qəlbən, həm də əməldə itaətdir.
15. Bütün fəsadların səbəbi təqvasızlıqdır. Həzrət Hud (ə) kafirlərin düşüncə və əməllərini məzəmmət etdikdən sonra onları təqvaya çağırdı.
Ayə 132-133:
﴿وَاتَّقُوا الَّذِي أَمَدَّكُم بِمَا تَعْلَمُونَ أَمَدَّكُم بِأَنْعَامٍ وَبَنِينَ﴾
“Sizə nə qədər kömək etdiyini bildiyiniz kəsdən qorxun. O sizə mal-qara və övladlarla yardım etdi.”
Ayə 134-135:
﴿وَجَنَّاتٍ وَعُيُونٍ إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ﴾
“Bağlar və çeşmələr (əta etdi). Mən sizə görə böyük günün əzabından qorxuram.”
Ay 136:
﴿قَالُوا سَوَاء عَلَيْنَا أَوَعَظْتَ أَمْ لَمْ تَكُن مِّنَ الْوَاعِظِينَ﴾
“(Ad qövmü Huda) dedilər: “Öyüd-nəsihət verib-verməməyinin bizim üçün fərqi yoxdur. (Biz səni qəbul etmirik.)”
Dostları ilə paylaş: |