Ayə 1, 2:
﴿الم * تَنزِيلُ الْكِتَابِ لَا رَيْبَ فِيهِ مِن رَّبِّ الْعَالَمِينَ﴾
“Əlif, lam, mim; heç bir şəkk-şübhə olmayan bu Kitab aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.”
Nöqtələr
“Bəqərə” surəsi haqqında danışarkən müqəttəə hərflər haqqında geniş məlumat verdik. Bəzi rəvayətlərə əsasən, müqəttəə hərflər yalnız Allah və Onun övliyalarına bəlli olan mütəşabih ayələrdir.1
Sual: Quran müxaliflərinin bu ilahi kitaba qarşı şəkk-şübhələri ayələrdə də təsdiqlənir. Bəs necə olur ki, bu ayədə “şəkk yoxdur” buyurulur?
Cavab: Ayədə buyurulur ki, Quranın həqiqiliyinə, göstərişlərinə və maarifinə şəkk-şübhəyə yer yoxdur. Ayədə konkret kiminsə şübhəsi nəzərdə tutulmur. “Bəqərə” surəsinin 23-cü ayəsində buyurulur ki, əgər şəkkiniz varsa, Quranın surələri kimi bir surə hazırlayın. “Fi zilalil-Quran” təfsirində qeyd olunduğu kimi, süni gül təbii gülün yerini verməz. Təbii gül özü onun təbiiliyinə şübhəni aradan qaldıran şahiddir.
Quranın Allah tərəfindən göndərilməsi ayələrdə dəfələrlə təkrarlanır.1 Bəli, Quranı varlıq aləminə sahib, hakim, yenilməz, rəhim, hikmət sahibi, elm sahibi və həmd olunmuş Allah nazil etmişdir.
Dostları ilə paylaş: |