Diaqnostikanın üsulları.
Avtomobilin, onun aqreqat və mexanizmlərinin texniki vəziyyətini daha dəqiq və düzgün təyin etmək üçün diaqnostikanın müxtəlif üsullarından istifadə olunur.Bunun üçün diaqnostik üsulda elə bir parametr seçilməlidir ki, bu diaqnostik parametrlərin qiyməti obyektin texniki vəziyyətini daha düzgün qiymətləndirməyə imkan versin.
Avtomobilin kompleks şəkildə işləmə qabiliyyətini qiymətləndirmək üçün işçi proseslərin parametrlərinə görə diaqnostika üsulundan istifadə olunur. Məsələn, mühərrik üçün belə parametrlər onun gücü və yanacaq sərfi , tormoz sistemi üçün tormozlama yolu, transmissiyanın aqreqatları üçün mexaniki itgilər , yəni f.i.ə ola bilər.
Birləşmələrin kipliyinə görə diaqnostika üsulundan mühərrikin porşen – silindr qrupunun , soyutma və yağlama sistemlərinin , şinlərin , avtomobilin hidro və pnevmosistemlərinin texniki vəziyyətini təyin edilməsində istifadə edilir.
Həndəsi ölçülərinə görə diaqnostika üsulu reduktorların, sükan idarəsinin , tormoz mexanizminin,yastıqlarının, şkvorenlərin işləmə qabiliyyətinin təyin edilməsində istifadə olunur.
Mühərrikin və transmissiya aqreqatlarının ümumi halda texniki vəziyyətlərinin öyrənilməsi üçün rəqsi proseslərə görə diaqnostika üsulundan istifadə olunur.
Kipliyə görə diaqnostika üsulunda - silindr qrupunun kipliyi kompressometr cihazı ilə ölçülür. Kompressometr silindrlərin alışdırma şamlarının və ya forsunkaların yuvaları vasitəsilə birləşdirilir. Kompressiya silindr – porşen qrupu detallarının texniki vəziyyətindən asılı olduğu kimi klapanların kipliyindən də çox asılıdır.
Karterə keçən qazların miqdarı dinamometrik stendlərdə təyin edilir. Qazların həcmi qaz sayğacı və ya reometr adlanan cihazla ölçülür.
Klapanların bağlı vəziyyətində sıxılmış havanın silindrlərdən uçması klapanların hemetikiliyinin pozulması hesabına baş verir. Klapanların kipliyi fonendoskop vasitəsilə ölçülür.
Karterdə yağın səviyyəsi birləşmələrin kipliyinin pozulması nəticəsində sızmaların hesabına da azala bilər.
Dostları ilə paylaş: |