Antifont (480-411) dövrünün görkəmli siyasi xadimi və natiqi kimi fəaliyyət göstərmişdir. 411-ci il dövlət çevrilişində rəhbər mövqe tutanlardan biri olduğu üçün öldürülmüşdür. O, antik natiqlərin ən yaşlısı hesab edilir.
İlk dəfə öz nitqlərini yazdırıb çap etdirən Antifontdur.2 Onun fikrincə, yazıya alınmış nitq buna bənzər işin təhlili zamanı kara gələr və nümunə ola bilər. Ölüm işi ilə əlaqədar söylədiyi on beş nitqi bütöv halda elm aləminə bəllidir.
Lisi. Eramızdan əvvəl təxminən 459-cu ildə Sirakuzda anadan olub. Atası Kefal Periklin dəvəti ilə Afinaya gəlib. Kefal öləndən sonra Lisi 443-cü ildə 16 yaşında olarkən Cənubi İtaliyaya gedir, orada Tisinin rəhbərliyi altında natiqlik sənətini öyrənməyə başlayır. Otuz bir ildən sonra (412-ci ildə) Afinaya qayıdır. Bu zaman onun qırx yeddi yaşı var idi. Atasından çoxlu mal-dövlət qalmışdı. Buna görə də Lisi və qardaşı Polimarxı 404-cü ildə həbs edirlər. Lisi imkan tapıb qaçır, Polimarxı isə öldürürlər. Bütün əmlak qarət edilir.
Bir müddətdən sonra Afinada demokratiya yenidən bərpa olunur. Lisi imkan tapıb qardaşının ölümündə müqəssir olan hökumət üzvünü - Eratosfeni məhkəməyə verir. Bu prosesə ciddi hazırlaşır və maraqlı bir ittiham nitqi söyləyir. Nitq belə adlanır: «Eratosfen əleyhinə». Bu, onun söylədiyi yeganə nitq olub!
Lisi uzun müddət loqoqraf işləyib - məhkəməyə işə düşən vətəndaşlar üçün nitq yazıb, muzd alıb. Bəzi mənbələrdə belə nitqlərin sayı dörd yüz1, bəzilərindən isə iki yüz otuzdan çox olduğu qeyd edilir.2
Radisq qeyd edir ki, həmin nitqlərdən az və ya çox dərəcədə otuz dördü bütöv halda qalmışdır ki, bunlardan da dörd-beşi onun deyildir.3 Həmin nitqləri S.İ.Sobelevski rus dilinə tərcümə etmişdir. Lisinin nitqləri 1933-cü ildə rus dilində çapdan çıxmışdır.4 Buraya onun qırx iki nitqi daxil edilmişdir. Onlardan iyirmi üçü tam haldadır, qalanı yarımçıqdır, fraqmentlərdən ibarətdir. Hər bir nitqdən əvvəl onun yazılması şəraiti və məzmunu barədə yığcam məlumat verilir.
Lisi məhkəmə qaydalarını, hakimlərin xarakterini, çıxış edən adamın ailə vəziyyətini, peşəsini, güzəranını, mədəni səviyyəsini, xasiyyətini, vərdişini öyrənəndən sonra «müdafiə nitqi» yazırdı. Belə nitqlər səmimi olurdu. Onun yazdığı nitqləri dərindən öyrənib məhkəmə prosesində danışan mütəzərrir, iddiaçı, yaxud müttəhim qulaq asanlara xoş təsir bağışlayırdı. Nitq şirin bir nağıla bənzəyirdi - onun təhkiyə və təsvir hissəsi daha maraqlı qurulurdu. Afina vətəndaşlarının adət-ənənəsi, ailə və məişəti, güzəranı həmin nitqlərdə çox dolğun şəkildə öz əksini tapmışdır. Müdafiə nitqinin yaranmasında, təkmilləşməsində, inkişafında Lisinin əməyi təqdirəlayiqdir. Bu görkəmli natiq-loqoqraf eramızdan əvvəl təxminən 380-ci ildə yetmiş doqquz yaşında vəfat etmişdir.
İsey. Həyatı barədə mənbələrdə dəqiq məlumat verilmir. Eramızdan əvvəl dördüncü əsrin ortalarında (təxminən 420-350) yaşamışdır. O, həm Lisi, həm də İsokratın natiqlik təcrübəsindən çox şey öyrənmişdir. Əlliyə yaxın nitqindən on biri qalıb. Bu nitqlərdə vərəsəliklə bağlı olan məsələlərin izahı öz əksini tapıb. Görünür, İsey daha çox vərəsəlik hüququ sahəsində ixtisaslaşıbmış. «Filoktemonun vərəsəliyi haqqında» və «Apollodorun vərəsəliyi barədə»ki nitqləri natiqlik baxımından diqqətəlayiqdir. İsey natiqlikdə Lisiy səviyyəsinə qalxa bilməmişdir.
Andokid. Eramızdan əvvəl təxminən 440-cı ildə anadan olub, 390-cı ildə vəfat etmişdir. Düşdüyü mühit, şərait onun natiq kimi yetişməsinə kömək etmişdir.
Misteriyanı təhqir etdiyi üçün sürgün edilir. Əvvəl yaşadığı yerə qayıtmaq üçün iki dəfə - 411-ci və 407-ci ildə təşəbbüs göstərir. 403-cü ildə amnistiyadan sonra Andokid əvvəl yaşadığı yerə qayıdır, ictimai işlərdə fəal iştirak etmək istəyir. Bu iş baş tutmur. Əvvəlki cinayətdə yenidən təqsirləndirilir. O, böyük bir nitq söyləyir, sui-qəsdləri, siyasi intriqaları, məhkəmə proseslərini kəskin tənqid edir. Adlarını çəkdiyimiz natiqlər içərisində ən zəifi Andokiddir.
İsokrat. Eramızdan əvvəl 436-cı ildə varlı bir ailədə anadan olmuş, mükəmməl təhsil ala bilmişdir. Atasının fleyta hazırlayan emalatxanası ailənin başlıca gəlir mənbəyi olmuşdur.
İsokrat Prodiktin şagirdi olub. Otuzların hakimiyyəti dövründə (Peloponnes müharibəsi qurtarandan sonra) təqibə məruz qaldığı üçün onun var-dövləti əlindən çıxır. Buna görə də loqoqraflığı özünə peşə seçir. Lakin çox keçmir ki, həmin peşə onu qane etmir, siyasi fəaliyyətə - natiqliyə başlayır. Siyasi natiqlik xarakterinə və səs tonuna uyğun gəlmir, ritorika məktəbi açır, natiqlik müəllimi olur. İsokratın həm özü, həm də açdığı məktəb get-gedə məşhurlaşır. Bu məktəbdə deyilən dərslər ictimai xarakter daşıyır, hüquq, tarix, ədəbiyyat, fəlsəfə və s. elmlər şagirdlərə dərindən öyrədilir. Təhsil müddəti 3-4 il davam edir, tədris möhkəm proqrama əsaslanır.
İsokrat oxuduğu mühazirələrlə yanaşı, həm də praktik məşğələlərə ciddi əhəmiyyət verir və onları öz natiqlik təcrübəsi ilə əlaqələndirirmiş. Belə praktik məşğələlərdə şagirdlər bu və ya digər görkəmli natiqin, bəzən də öz müəllimlərinin - İsokratın nitqini müzakirə edirmişlər. İsokrat müzakirələri düzgün istiqamətləndirirmiş. S.İ.Radsiq yazır: «İsokrat məktəbi yunan mədəniyyət tarixində çox mühüm rol oynamışdır. Bu məktəb bir sıra ictimai, siyasi və ədəbi xadimlər, o sıradan Likurq və Hiperid kimi natiqlər, Efor və Feopomp kimi tarixçilər yetişdirmişdir. Ellinizm və sonrakı dövrdə fəaliyyət göstərən ritorika məktəbləri üçün İsokrat məktəbi bir nümunəyə çevrilmişdir. Ritorika məktəbləri mədəniyyət toxumu səpən universitetləri xatırladır».1
İsokrat dövlətlilərin mənafeyini güdür, demokratik quruluşun əleyhdarı kimi hərəkət edirmiş. Görünür, bunun nəticəsidir ki, Makedoniya çarı Filipp ilə dostluq əlaqələri saxlayır, onu bütün Yunanıstanın dövlət başçısı kimi görmək istəyirmiş.
İsokratın iyirmi bir əsəri - altı məhkəmə və on beş təntənəli nitqi, doqquz məktubu gələcək nəsillərə yadigar qalmışdır. Onun məhkəmə nitqlərində daha çox maliyyə mübahisələrinə toxunulur.
İsokrat natiq üçün üç cəhəti - istedadı, təhsil və tərbiyəni, məşqetməni əsas sayırdı. O, səlis nitqi yüksək qiymətləndirirdi.
İsokrat eramızdan əvvəl 338-ci ildə doxsan səkkiz yaşında vəfat etmişdir.
Hiperid (389-322). Əslində olduğu kimi qalmasa da, zəmanəmizə qədər altı nitqi gəlib çıxmışdır. Bunların içərisində həm məhkəmə, həm də siyasi nitqləri vardır. Hiperid istedadlı və hərtərəfli biliyə malik bir şəxsiyyət olub, məişət mənzərələrini, siyasi məsələləri incəliklərinə qədər təhlil etməyi bacarıb. Məslək və əqidəsinə görə həmişə Afina dövlətinin mənafeyini güdüb, xainləri, satqınları - Filipp tərəfdarlarını həmişə ifşa edib, çox vaxt Demosfenin mövqeyində durub. O, Demosfenlə birlikdə 346-cı ildə Filokratı ifşa edib.
Likurq. Təxminən 390-cı ildə anadan olub. Maliyyə işlərinə rəhbərlik sahəsində onun xüsusi xidmətləri vardır. 338-ci ildən 327-ci ilə kimi on bir il Afinanın maliyyə və mədəni quruculuq sahəsinə məhz Likurq başçılıq etmişdir. Demosfenin başçılıq etdiyi vətənpərvər natiqlər dəstəsinin görkəmli üzvlərindən biridir. «Lisokart əleyhinə» adlı nitqi natiqlik baxımından çox qiymətlidir. Likurq 324-cü ildə vəfat etmişdir.
Esxin (390-314). Tarixdə görkəmli natiq və Demosfenin siyasi əleyhdarı, rəqibi kimi tanınır. O, əvvəllər aktyorluq sənəti ilə məşğul olub, sonralar siyasi fəaliyyətə başlayıb. Siyasi fəaliyyətinin ilk dövrlərində Filippə qarşı mübarizə aparıb. Elə ki, 346-cı ildə Makedoniyaya səfir göndərilib, bu mübarizədən əl çəkib, Filippin siyasətini təbliğ etməyə başlayıb. Demosfen onu xəyanətdə ittiham edib (bax: «Cinayətkar səfirlik haqqında» nitqinə). Çox çətiqliklə bu ittihamdan yaxa qurtara bilib. 330-cu ildə bir siyasi rəqib kimi Demosfenlə yenidən üz-üzə gəlib və burada «Ktesifontun əleyhinə» adlı nitq söyləyib. Demosfen onu bu dəfə də məğlub edib. Siyasi fəaliyyətindən əl çəkəndən sonra Rodos ədasına köçüb və orada ritorika məktəbi açıb. Esxin on altı il həmin məktəbdə dərs deyib, ömrünü natiqlər dəstəsi yetişdirməyə sərf edib.
Dinarx. Təxminən 360-cı ildə anadan olub, 290-cı ildə vəfat etmişdir. Makedoniya tərəfdarlarından biridir. 323-cü ildə məhkəmə prosesində Pifey və Dinarx Demosfeni ittiham etmişlər.
Dostları ilə paylaş: |